Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6592/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X2 Əziz qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi (vəkili) Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1670/2025 saylı iş üzrə 24 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti ev 89A, mənzil 4 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə tam payla İddiaçı1 adına qeydə alınmışdır və hazırda da onun adına qeydiyyatdadır. Digər İddiaçı2 İddiaçı1 atasıdır.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2(005)- 848/2022 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilərək, cavabdehlərin və onların ailə üzvlərinin iddiaçıya məxsus mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(103)- 3179/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayət təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-848/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçının cavabdehlərə qarşı “mənzildən məcburi çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
3. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 92, 4 saylı mənzil 2V-953 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydə alınmışdır. Cavabdeh2 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onlara qoyulmuş məhdudiyyətin qadağan olunması və iddiaçıların ünvan 2 ünvanında yerləşən mənzilə köçürülmələri və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, cavabdehlər mənzili qanunsuz şəkildə istismar edir, onları evə buraxmırlar. Kirayədə yaşamaq məcburiyyətində qalır və kirayə ödənişlərini çatdırıb ödəyə bilmirlər.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1670/2025 saylı iş üzrə 24 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia təmin edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı tələb üzrə İddiaçı1 mübahisəli mənzilə dair mülkiyyət hüququ olduğundan həmin mənzildən istifadə ilə bağlı subyektiv hüququ vardır. Bununla belə hüquqi nəticə etibarı ilə iddiaçının mülkiyyətində olan evdən maneəsiz istifadə və ona sahiblik etmək imkanı bu mənzildə yaşayan və istifadə hüquqları olan cavabdehlərin hüquqa zidd hərəkətləri ilə məhdudlaşdırılmış, bununla da iddiaçının öz əmlakından maneəsiz istifadəsinə və sahibliyinə müdaxilə baş vermiş, nəticədə iddiaçı mülkiyyətçi olaraq bu əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququndan məhrum edilmişdir. İddiaçı həmin əmlaka sahibliyini itirmiş mülkiyyətçidir, sahiblikdən məhrum edilmişdir və ona məxsus mənzil hazırda faktiki olaraq cavabdehlərin istifadəsindədir. Bu səbəbdən iddiaçının mülkiyyətçi olaraq pozulmuş hüquqları bərpa edilməli, onun evə köçürülməsinə dair iddiası təmin edilərək, İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti ev 89A, mənzil 4 ünvanında yerləşən mənzilə köçürülməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 148.2, 152.1, 152.5, 157.2, 158.2, 164.1, 165.1, 178.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən cavabdehlərin izahatlarını, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını, müvafiq əsaslandırmanı nəzərə almamışdır. Baxmayaraq ki, iş materiallarında hazırkı iş üzrə cavabdehlərin mübahisəli mənzildən çıxarılmalarına dair iddiaçının iddiası təmin edilməmiş, bununla bağlı məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmişdir. Belə ki, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ olsa da, cavabdehlərin də həmin mənzilə istifadə hüquqları mövcuddur. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. Dəfələrlə məhkəmə iclaslarında iddiaçı tərəfə hazırkı mübahisənin cavabdehlərə kompensasiya ödənilməklə mənzildən çıxarılması təklif olunsa da iddiaçı bu təklifi qəbul etməmişdir. Eyni zamanda mənzilin ümumi sahəsi 37 kv m təşkil edir. Hazırda cavabdehlər övladları ilə həmin mənzildə yaşamaları davam etdiyindən, sonradan 2 nəfər şəxsin də həmin mənzilə köçürülməsi düzgün deyildir. Eyni zamanda ümumiyyətlə hazırkı mənzilin iddiaçının sənədləşdirilməsi ilə bağlı da mübahisə vardır. Bununla əlaqədar olaraq, ayrcı məhkəmə icraatı aparılaraq araşdırılacaqdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları 12.Cavabdehlər və onların nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. 13.İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
Apellyasiya baxışının hədləri
15.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 16.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17.Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. 18.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 19.Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5.). 20.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 21.Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apelyatorun onların iddiaçı ilə bərabər bir evdə yaşamalarının qeyir-mümkün olması barədə dəlilləri iddiaçının mülkiyyətində olan evə köçürülməsinə maneə kimi qiymətləndirilə bilməz. 22.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 23.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 24 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.