Məhkəmə qərarları › İş №2(103)-6598/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6598/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6598/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh, mütəxəssis X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinədair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-4577/2019 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2800 (iki min səkkiz yüz) manat pulun və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 maşın alveri ilə məşğuldur. xx xxxxxx 2018-ci il tarixdə ona məxsus “Nissan” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili 1 il 6 ay müddətinə hər ay 400 (dörd yüz) manat ödəmək şərti ilə cəmi 7.200 (yeddi min iki yüz) manat pul ödəyəndən sonra alqı-satqı edəcəklərinə razılaşmışlar. O, cavabdeh X5 inanmış və ona etibar etmişdir. Cavabdeh heç bir kredit müqaviləsi bağlanmasına imkan verməmişdir. Sonradan başa düşmüşdür ki, o, etibarından suiistifadə edərək onu aldatmışdır. Belə ki, cavabdeh Vüqar Əbdürəhimov notarial qaydada ona Bakı şəhəri 15 saylı notariat kontorunda xx xxxxxx 2018-ci il tarixli nəqliyyat vasitəsinin xx.xx.2019-cu ilədək istifadə edilməsi haqqında etibarnamə vermişdir. Aralarında olan şifahi razılıq əsasında “Nissan” markalı avtomaşına görə o, 7 (yeddi ay) müddətinə hər ay cavabdeh Vüqar Əbdürəhimova terminal, bank və poçt vasitəsi ilə köçürmə yolu ilə 400 manat, cəmi 2800 manat pul ödəmişdir. Vüqar Əbdürəhimov həmin pulları özünə məxsus kartla, bank və poçt vasitəsi ilə götürmüşdür. Səkkizinci ayda 400 manat verilməsində bir neçə gün gecikmə olduğu üçün Vüqar Əbdürəhimov onu aldadaraq özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edərək ona çox şirin dillər tökərək maşının pulunu ödənilməsində çətinlik varsa maşını gətirməsini və satdıqdan sonra onun pulunu qaytaracağı və öz pulunu da götürəcəyini bildirmişdir. O, işləmək üçün Rusiya Federasiyasına getmək fikrinə düşdüyündən və cavabdehə inandığından avtomaşını Elçin adlı tanışı ilə Gəncədən Bakı şəhərinə aparıb ona təhvil vermişdir. Cavabdeh söz vermişdir ki, maşını satıb 2800 manat pulunu ödəyəcəkdir. Hətta, cavabdeh Vüqar Əbdürəhimov bir neçə dəfə telefonla da ona bu barədə bildirmişdir. Ancaq maşını satdıqdan sonra da, bu günə kimi pulunu qaytarmadığından məcbur olub onun hərəkətlərindən polisə ərizə ilə şikayət etmişdir. İşə baxan Bakı şəhəri Nizami Rayon 23-cü Polis Bölməsinin baş təhqiqatşısı, polis kapitanı X8 cavabdehin əməllərində cinayət tərkibi olmamasını və iş mülki xarakterli olduğuna görə xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarla cinayət işinin başlanmasını rədd etmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)- 4577/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, Məhkəmə hazırkı iş üzrə mübahisəyə əsassız olaraq Mülki Məcəllənin 739.1-ci və 740-cı maddələrini tətbiq etmiş, həmçinin həmin məcəllənin 385.1-ci maddəsini düzgün tətbiq etməmiş və bunun nəticəsində qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı tanışı Elvin vasitəsilə tanımışdır. Aralarında şifahi bağlanmış lizinq müqaviləsinə əsasən mülkiyyətində olan “Nissan Primera” Minik markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2018-ci il tarixdə gündəlik 20 manat olmaqla aylıq 625 manat olmaq şərti ilə avtomaşının ümumi dəyəri 7500 manat olmaqla 1 il müddətinə İddiaçı istifadəsinə vermişdir. Ona görə də, İddiaçı 15 saylı notariat kontorunda 7 ay müddətinə xx.xx.2018-ci il tarixədək avtomaşını yalnız idarə etmək üçün etibarnamə vermişdir. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək ilk aydan 400 manat məbləğində ödəniş etmişdir. Ödədiyi aylıq ödənişin az olmasını Vüsala irad bildirəndə isə, əvəzində may ayında Türkiyəyə gedəcəyini və bu müddət ərzində yaranmış 1000 manat fərqi bir dəfəyə ödəyiciyini bildirmişdir. Lakin may ayında İddiaçı nəinki söz verdiyi 1000 manatı ödədi, hətta ödədiyi 400 manatı belə gecikdirməyə başladı. Həmin müddətdən sonra Vüsal noyabr ayına qədər avtomaşını ondan gizlətdi. O da İddiaçı tanışı Elvin vasitəsilə tanıdığını və onun sözünə görə avtomaşını verdiyin əsas gətirərək, əmlakını artıq məcbur qalıb Elvindən tələb etdi. Müəyən müddətdən sonra qeydiyyatda olduğu ünvana gələn inzibati protokollardan məlum oldu ki, avtomaşın Gəncə şəhərində idarə olunur. Bundan sonra tanışı Elvin vasitəsilə avtomaşını Gəncə şəhərindən gətizdirərək xx.xx.2019-cu il tarixdə nasaz vəziyyətdə geri alaraq, üzərinə 800 manat xərc çəkdikdən sonra 4200 manata satmışdır. İşin faktiki hallarından göründüyü kimi onların arasında borc münasibəti deyil, lizinq münasibəti olmuşdur. Məhkəmə qətnamə çıxararkən, ümumilikdə ödənilmiş 2800 manat məbləği avtomaşının 9 ay Vüsalın istafədəsində olması, ödənməmiş inzibati protokolların olması və avtomaşını geri verərkən nasaz olması ilə əvəzləşdirərək, iddia tələbini rədd etməli idi. Məhkəmə iddianı təmin edərək, İddiaçı əsassız varlanması üçün şərait yaratmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-13208/2019 saylı qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-4577/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1769/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək baxılması üçün yenidə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsin barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis Vüsal Həsənov iş üzrə verilmiş ekspert rəyini təsdiq edərək bildirmişdir ki, avtomobilin iddiaçıda olan müddət ərzində istifadə olunmasına görə ümumi dəyəri 14% amortizasiyaya uğramışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, “...tərəflər həqiqətən də mübahisə predmeti olan avtomobilə dair alqısatqı münasibətləri ilə bağlı niyyətləri olduğu halda buna dair nisyə alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etməli və bu daşınar əşyanın dövlət reyestrində qeydə alınmalı idi. Lakin bu hallar baş verməmiş, o cümlədən avtomobilin qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri hansısa yazılı müqavilədə öz əksini tapmamışdır. Lakin tərəflər arasında hər hansı müqavilə bağlanmasa da, faktiki olaraq cavabdehin əməllərində əsassız varlanma hallarının mövcud olmamasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır. Kollegiya qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. İşin materiallarından görünür ki, iddiaçı tələbinin maddi hüquqi əsası kimi borc münasibətlərinə dair hüquq normalarına istinad etsə də, iddiasının mahiyyətini əslində cavabdehin iddiaçının hesabına əsassız varlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, yaranmış vəziyyətdə cavabdeh iddiaçının hesabına əsassız varlanmamışdır. Belə ki, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Yəni, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmçinin də iddiaçı qeyd olunan avtomobilə görə cavabdehə 2800 manat ödəsə də, bunun əvəzində 9 aya yaxın müddətdə cavabdehin mülkiyyətində olan avtomobildən istifadə etmiş və bundan yararlanmışdır. Əlbəttə ki, bu müddət ərzində avtomobilin istismar edilməsi nəticəsində onun dəyərdən düşməsi, yararsız hala salınması labüddür. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının x xxxx 2800 manat ödəməsini etiraf etməsinə baxmayaraq iddiaçının 9 aya yaxın cavabdehin mülkiyyətində olan avtomobildən istifadə etməsi və bundan yararlanması (istismar edilməsi) nəticəsində onun dəyərdən düşməsi, yararsız hala salınmasının labüd olmasına dair nəticələrinə hansı mötəbər sübutlar əsasında gəlməsini əsaslandırmamışdır. Bununla bağlı iş materiallarında yalnız cavabdehin izahatları vardır ki, təkcə bu izahatlara istinad etməklə gəlinən nəticəni məhkəmə kollegiyası qanuni və əsaslı saymır.”.. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, “Nissan Primera” minik markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh həmin nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı etibar etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cəmi 2800 manat məbləğində pul İddiaçı tərəfindən göndərilmiş, Cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarda Cavabdeh izahatında qeyd edilmişdir ki, “Nissan” markalı ** FV *** dövlət qeydiyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomaşını dostu Elvinin tanışı olan İddiaçı yalnız sürmə hüququnun özündə əks etdirən etibarnamə əsasında vermiş, aralarında olan razılaşmaya əsasən 1 il müddətində hər ay 580 manat olmaqla pul ödəməli olmasını və avtomaşına görə 7 ay ümumilikdə İddiaçı 2800 manat pul ödəmişdir. İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Prokurorluğunun xx xxxx 2019cu il tarixli məktubundan görünür ki, toplanmış materialları üzrə öyrənilmiş və Nizami RPİnin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı Pərviz Məmmədov tərəfindən xx.xx.2019cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş, audio diskdən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh avtomaşının dəyərindən 2800 manat məbləğində pul ödənilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya qeyd edir ki, tərəflər həqiqətən də mübahisə predmeti olan avtomobilə dair alqı-satqı münasibətləri ilə bağlı niyyətləri olduğu halda buna dair nisyə alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etməli və bu daşınar əşyanın dövlət reyestrində qeydə alınmalı idi. Lakin bu hallar baş verməmiş, o cümlədən avtomobilin qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri hansısa yazılı müqavilədə öz əksini tapmamışdır. Lakin tərəflər arasında hər hansı müqavilə bağlanmasa da, faktiki olaraq cavabdehin əməllərində əsassız varlanma halları mövcuddur. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən, Cəfərov X3 Vüqar Əli oğluna sonuncunun mülkiyyətində olan “NİSSAN PRİMERA MİNİK” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomaşının alınması məqsədi ilə 2800 manat məbləğində pul vermişdir. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərlə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, həmçinin cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlarla öz təsdiqini tapır. Bununla belə kollegiya cavabdehdən iddiaçının xeyrinə “NİSSAN PRİMERA MİNİK” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomaşının alınması məqsədi ilə ödənilmiş 2800 manatın tam olaraq tutulmasını ədalətli hesab etmir. Belə ki, təkrar apellyasiya baxışı zamanı kollegiya avtomobilin iddiaçının istismarında olduğu müddətdə aşınma səviyyəsini müəyyən etməkdən ötrü mütəxəssis dəvət etmiş, “X12” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arayışda qeyd edilmişdir ki, “NİSSAN PRİMERA MİNİK” markalı, **- FV-*** dövlət nömrə nişanlı avtomaşının 2018-ci ilin yanvar ayından avqust ayınadək amortizasiya norması 14% (6000 manat - 14% = 5160) təşkil edir. Kollegiya mübahisəli avtomobilin 7 ay ərzində iddiaçının istifadəsində olmasını və həmin müddətdə aşınma dərəcəsi nəzərə alınaraq hesab edir ki, iddiaçının ödədiyini tərəflərin mübahisələndirmədiyi 2800 manatdan amortizasiya məbləği çıxılaraq arada qalan fərq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş 2800 manatdan avtomobilin istismar edildiyi dövrdə amortizasiya məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ (6000 manat - 14% = 5160; 2800 – 840 = 1960 manat) 1960 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X4 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)- 4577/2019 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 1960 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə verilsin. Mütəxəssis tədqiqqatına görə 50,0 manat xərc tərəflərdən müştərək qaydada tutularaq “X12” MMC-nin hesabına (VÖEN **********, hesab nömrə AZN: AZ69ATAZ**********1000240060, Bank ATABANK ASC DOSTLUQ FİLİALİ, VÖEN **********, müxbir hesab AZ 50NABZ ********************, kod 512811, SVİFT ATAZAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar