Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6598/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əvəz oğlunun Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: mənzilin naturada bölgüsü, əvəzləşdirmə və əmlakın açıq hərracda satılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X4 Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X13 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzili (yeni qaydalarla: ünvan 2) xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2024-cü il tarixdə ½ hissədə Cavabdeh, xx.xx.2024-cü il tarixdə ½ hissədə İddiaçı məxsusdur.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh, X11, X3, X7, X8 ünvan 1, 199 saylı mənzildə qeydiyyatdadır.
3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2019-cü il tarixdən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2019-cü il tarixdən xx.xx.2019cu il tarixinədək, xx.xx.2019-cü il tarixdən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021- ci il tarixinədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək ünvan 1, 199 saylı mənzilində olduğu yer üzrə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3777 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzilin (yeni qaydalarla: ünvan 2) İnşaat Norma və qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü və 2.9-cu bəndlərində göstərilənlərə və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada ½ paylar üzrə təcrid mənzillər şəklində naturada bölünməsi texniki cəhətdən mümkün deyildir.
5. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli, qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzilin (yeni qaydalarla: ünvan 2) hazırki dəyəri 289.000 manat təşkil edir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-906/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçılar İddiaçı və X2, xx.xx.2014cü il təvəllüdlü X7 və xx.xx.2016- cı il təvəllüdlü X5 ilə birlikdə ünvan 1, mənzil 199; Yeni qaydalarla: AZ 1060, ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-1010/2022 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs və müdafiəçisi tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmünün zərərçəkmiş şəxs və müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi, X12 üzərində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən E.Ə.Abıyevin 26 iyul 2021-ci il tarixdən 14 dekabr 2021-ci il tarixədək həbsdə qaldığı 4 ay 18 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 7 ay 12 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, X12 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında dərhal həbsə alınması, X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 16 iyun 2022-ci il tarixdən hesablanması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Əvəz oğlu Cavabdeh qarşı “mənzilin naturada bölgüsü, əvəzləşdirmə və əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 199 saylı mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması, naturada ayrılma mümkün olmadığı təqdirdə payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi, Cavabdeh payın dəyərinə uyğun kompensasiya vermək imkanı olmadıqda və ya vermək istəmədikdə, ünvan 1, 199 saylı mənzilin açıq hərracda satılaraq pulun paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, 199 saylı mənzilin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mübahisəli mənzilə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmaqla (reyestr nömrəsi: **********53-05301-093135) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində Çıxarışla rəsmiləşdirilmişdir. Həyat yoldaşı və övladları ünvan 1, 199 saylı mənzildə qeydiyyatdadır və müəyyən müddət həmin mənzildə yaşamışlar. Mənzildə anası və qardaşı ilə birlikdə yaşamağı demək olar ki mümkün deyildir. Belə ki, onun qardaşı onu bıçaqla vuraraq öldürməyə cəhd etdikdən sonra, qardaşı cəzasını çəkib qayıtmış və yenidən həmin mənzildə yaşayır ki, bu da onun və ailəsinin həmin mənzildə yaşayış imkanlarını mümkünsüz edir. Hər zaman narahatlıq, sözsöhbət və mübahisənin alovlanması halı baş verə bilər ki, bu da onun və ailəsinin həyatı üçün olduqca təhlükəlidir. Bu səbəbdən, ünvan 1, 199 saylı mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması, naturada ayrılma mümkün olmadığı təqdirdə əvəzləşdirmə bu da mümkün olmadığı təqdirdə mənzilin açıq hərracda satılması zərurəti yaranmışdır. 10.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1653/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia tələbinin qismən təmin olunması, İddiaçı Əvəz oğlu və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzilin (yeni qaydalarla: ünvan 2) ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılması, satış pulunun tərəflərin paylarına uyğun bölünməsi, mənzilin ilkin satış qiymətinin 289.000 (iki yüz səksən doqquz min) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mülki iş üzrə paylı mülkiyyətdə olan əmlakın iki mülkiyyətçisi olduğundan və onlardan birinin payının bölünməsi əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 12.Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 221-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri 13.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın baxılmamış saxlanılması və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosessual hüquqlarımızı pozmuşdur. Belə ki, məhkəmə hazırlıq iclası zamanı şahidlərin dəvət edilməsi ilə bağlı vəsatətimizi təmin etmiş olsa da şahidlərin üzürlü səbəbdən başqa vaxt gəlmələri ilə bağlı birinci baxış iclasının təxirə alınması ilə bağlı vəsatətmizi təmin etməyərək və eyni zamanda vəkil sorğusu ilə notariat işi tələb edildiyindən və sorğuya Notariat tərəfindən cavablandırılmaması səbəbindən işin təxirə alınmaması və bizsiz qətnamə qəbul etməsi də hesab edirik, qanunsuz olmuş və tərəflərin bərabərliyi və çəkişmə prinsipinə zidd olmuşdur. Məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15.Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 17.İddiaçının nümayəndəsi (vəkili) isə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Apellyasiya baxışının hədləri
19.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 20.Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verdiyindən və iddia qismən təmin edildiyindən məhkəmə qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21.Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. 22.Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. 23.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024, 06 dekabr 2024-cü il tarixli qərardadında qeyd olunur ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221ci maddəsi ilə tənzimlənir. Həmin qərarda qeyd olunur ki, məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. 24.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mülki iş üzrə paylı mülkiyyətdə olan əmlakın iki mülkiyyətçisi olduğundan və onlardan birinin payının bölünməsi əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 25.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024, 06 dekabr 2024-cü il tarixli qərardadında qeyd olunur ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. 26.Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmış və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzilini (yeni qaydalarla: ünvan 2) ½ paylar üzrə təcrid mənzillər şəklində naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə olan halda tərəflərin ümumi paylı mülkiyyətdə olan mənzilin naturada (fiziki) bölgüsü ekspert rəyinə əsasən mümkün olmadığından, həmin daşınmaz əmlak məhkəmə qərarı ilə hərracdan satılmalıdır. Belə ki, qanunvericiliyə əsasən əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçının tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın hərracdan satılmasını tələb etmədiyi halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. 27.Hazırkı mülki iş üzrə iddiaçı əmlakın naturada bölgüsü mümkün olmadığından mənzilin hərracdan satılaraq satış pulunun payına uyğun hissəsinin ödənilməsi tələbini irəli sürmüşdür. 28.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad olunan Qərardadında ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. 29.Birinci instansiya məhkəmə iclasında iştirak edən cavabdeh tərəf mübahisəli mənzili satmaq niyyətində olduqlarını bildirmişdir. 30.Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan mənzil ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalı olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 31.Kollegiya cavabdeh tərəfin irəli sürdüyü “Ali Məhkəmənin Plenum qərarına əsasən iddiaçı tərəf cavabdehə pretenziya verməli olması, həm bölünmə, həm də ayrılma prosedurlarında razılıq olub-olmamasının müəyyən edilməsi, ondan sonra məhkəməyə müraciət edilməli olması” apellyasiya şikayəti dəlillinə münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfin qarşı tərəfə pretenziya göndərməsinə zərurət yoxdur. Belə ki, məhkəmə kollegiyası iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsini cavabdeh ilə razılıq əldə etməməsi, aralarında mübahisənin olması kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 906/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)- 1010/2022 saylı qərarı ilə də tərəflərin arasında mübahisəli mənzil və digər məsələlər ilə bağlı mübahisə olması öz təsdiqini tapmışdır. Hansı ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024, 06 dekabr 2024- cü il tarixli qərardadında qeyd edilmişdir ki, hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur. (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Göründüyü kimi qanunvericilikdə tərəflərin razılığının olması nəzərdə tutulmuş, bununla bağlı yazılı pretenziyanın olması şərti göstərilməmişdir. Bununla da Kollegiya bildirir ki, cavabdeh tərəfin arasında razılığın mövcud olmadığı tərəflərin izahatları ilə də müəyyən olunmuş, buna görə də iddiaçı məhəkəməyə hazırki iddia tələbi ilə müraciət etmək məcburiyyətində olmuşdur. 32.MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 33.Məhkəmə kollegiyası yuxarıda ifadə edilmiş mövqelərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. 34.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 03 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.