Məhkəmə qərarları › İş №2(103)-6599/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6599/2023

07.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6599/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi- vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti işə cəlb olunmaqla cavabdeh Socar Sosial İnkişaf İdarəsinə qarşı “işdən çıxarılma müavinətindən tutulmuş gəlir vergisinin qaytarılması” tələbinə dair mülki üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2(009)-1253/2023 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh təşkilatda işləmiş İddiaçı 2023-cü ilin aprel ayında təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuş və həmin vaxt İddiaçı ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta əmək haqqının 5 misli məbləğində 3877,50 manat müavinət hesablanmışdır. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən tam şəkildə vergi tutulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyindən ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 3877,5 manat, mediasiya üçün ödənilmiş 60 manat, ümumilikdə 3937,5 manat məbləğində vəsaitin ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, SOCAR Sosial İnkişaf İdarəsinin İqtisadiyyat və X4 uçotu şöbəsinin rəisi vəzifəsində işləmiş və 12 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Ona işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul məbləğinin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, 3877,50 manat gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ ona verilmişdir. İşdən azad ofunması ilə əlaqədar Azərbaycan Respublikası DNŞ-nin və ANQSİHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə saylı əmrinə əsasən ona aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinətdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərdə tutulan gəlir vergisi tutulmuşdur. Qanunla həmin müavinətdən gəlir vergisi tutulması qanunsuz və əsassız olmaqla bu barədə cavabdeh təşkilata müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Hesab edir ki, həmin müavinətdən gəlir vergisi tutulması qanunsuz və əsassız olmaqla ona müavinət tam ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft X9 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-ci il tarixli "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş "ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramından irəli gələn vəzifələrin, xüsusilə də "şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədi ilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra təqaüdə çıxmağı ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarm 4-cü bəndində işçilərlə əmək müqavilələrinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə müraciət etdikdə müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçixma müavinətinin ödənilməsi göstərilmişdir. Müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcələsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan ona ödənilmiş əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Qeyd olunan analoji işlər üzrə baxılmış çoxsaylı işlərdə cavabdeh təşkilat ödənilmiş məbləğin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. Həmçinin bu barədə əmr və qərarlarda da bunun müavinat olduğu təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24 fevral 2014-cü il tarixində 02107Ə (ARDNŞ/14-1000/22/HMM-01- 000102) nömrəli məktubunda qeyd olunmuşdur ki, “Daxil olmuş müraciətlərə əsasən sərbəstləşən şəxslərə ödənilmiş birdəfəlik işdənçıxarma müavinətindən tutulmuş vergilərin geri qaytarılması məsələsinə dair münasibətin öyrənilməsi üçün ARDNŞ Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etmişdir. Müraciətə xx.xx.2014-cü il tarixli **********685300 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Əmək Məcəlbsinin 77 ci maddəsinin 3-cü və 6-cı hissələrinə uyğun olaraq, əmək müqaviləsinin xitamı zamanı kollektiv müqavilələrdə və ya əmək müqaviləsinə əsasən işçilərə orta aylıq əmək haqqından yuxarı məbləğdə ödənilən müavinət gəlir vergisindən azaddır. Yuxanda qeyd olunan əmr-qərarların ARDNŞ və ANQSİHİRK arasında bağlanmış Kollektiv Sazişlə əhatə edilən işçilərin sosial dayanaqlığının möhkəmləndırilməsinə dair münasibətlərin tənzimlənməsi ilə bilavasitə əlaqədar, habelə, Razılaşmanın işçinin əmək müqaviləsinin tərkib hissəsinin olduğunu nəzərə alaraq, müvafiq əmr-qərarın təsir dairəsinə düşən əmək müqavilələrinə xitam verilmiş şəxslərə birdəfəlik işdənçıxarma müavinəti ödənilərkən Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2014-cü il tarixli **********685300 nömrəli məktubuna əsasən ödənilən məbləğdən gəlir vergisi tutulmamalıdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.15-cı maddəsinə əsasən “Tərəflər Şirkətin qurumlarında çalışan işçilərin sosial rifah halının gücləndirilməsi, onların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi istiqamətində aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini zəruri hesab edirlər: Pensiya yaşına çatdıqda, AR ƏM-nin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 (beş) misli həcmində birdəfəlik və ya sosial dayanıqlılığın təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət vermək”. Bundan başqa 30 mart 2023-cü il tarixli Razılaşmanın 1.3-cü bəndində tam əsasız olaraq qeyd edilmişdir ki, "əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən müavinətindən və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını bəyan edir və təsdiqləyir". Göründüyü kimi cavabdeh təşkilat özü də bilir ki, müavinətdən vergi tutulması tam əsasızdır. Bunu sığortalamaq üçün onunla bağladıqları 30 mart 2023-cü il tarixli Razılaşmada da bunu qeyd etmişlər. Bununla da onun gələcəkdə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışlar. Bu isə Azərbaycan Respublikasının qanunlarına ziddir. Qanunvericiliyin tələbinə görə Mülki Məcəllənin tələblərinə zidd olaraq bağlanmış müqavilə etibarsızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2(009)- 1253/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Socar Sosial İnkişaf İdarəsindən 3877,5 (üç min səkkiz yüz yetmiş yeddi manat əlli qəpik) manat və mediasiya üçün ödənilmiş 60 (altmış) manat, ümumilikdə 3937,5 (üç min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4 cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Bundan başqa, cavabdehin təqdim etdiyi iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, cavabdeh təşkilatda işləmiş İddiaçı əmək müqaviləsinə xitam verilən zaman ona hesablanmış orta aylıq əmək haqqının 5 misli miqdarında, yəni 17610 manat kompensasiya məbləğindən 3877,5 manat gəlir vergisi tutulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətin 3877.5 manatı iddiaçıya qaytarılmalıdır. Məhkəmə Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdənçıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş razılaşmada da da işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Qeyd olunan əmr-qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Qeyd olunan qətnamədən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən xx.xx.2023-cü il tarixində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq işçinin öz ərizəsinə əsasən xitam verilmişdir. Bununla əlaqədar ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunsuz hesab edən birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsi Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində qeyd olunan yaşa görə təqaüdə çıxması əsası ilə işçinin özünün təşəbbüsü əsasında xitam verilmiş kimi rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, yəni işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Həmçinin məhkəmə bu faktın materiallara əlavə edilmiş xx.xx.2009cu il tarixli əmr-qərarın və razılaşmanın surəti ilə, tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etmişdir. Məhkəmə gətirdiyi bu dəlillə qanunvericilik normalarının ciddi pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə həmin faktın tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etsə də, tərəflər belə bir fakt haqqında hər hansı izahat verməmişdirlər. O cümlədən məhkəmənin istinad etdiyi xx.xx.2009-cu il tarixli əmr, qərar və razılaşma bu faktı nəinki təsdiq etmir, hətta iddiaçının öz iradəsi ilə işdən çıxdığını və məhz bununla bağlı birdəfəlik müavinətin verilməli olduğunu göstərir. Məhkəmə isə xx.xx.2009-cu il tarixli əmr-qərarın məzmununu və məqsədini təhrif etmiş və həmin əmr qərara əsasən birdəfəlik ödənişi almaq hüququnun yalnız pensiya yaşına çatmış və öz iradələri əsasında işdən çıxmış işçilərə şamil edildiyini nəzərə almamışdır. Məhkəmə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verildiyini bildirməklə iddiaçının birdəfəlik ödənişi almaq hüququnu da istisna etmiş olur ki, bu da xx.xx.2023-cü il tarixli qətnamənin ziddiyyətli mülahizələr əsasında qəbul edildiyini göstərir. Digər tərəfdən isə iddiaçı ərizəsində işdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etməmişdir. Birinci instansiya məhkəməsinin hansı iş materiallarından bu qənaətə gəldiyi aydın deyildir. Belə ki, məhkəmə cavabdeh qismində çıxış edən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən iddiaçının işdən çıxması barədə verdiyi yazılı ərizənin əslini və ya surətini tələb etməmiş, təqdim edildiyi halda onun həqiqiliyini araşdırmamış, tərəflərin heç birindən bu barədə izahatlar almamışdır. Bundan əlavə, məhkəmə həmin mövqeyini əsaslandırmaq məqsədi ilə normativ sənəd olmayan ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək cavabdehin həmin qərarı işçilərin sayını azaltmaq məqsədi ilə qəbul etdiyini və həmin əmr-qərarın 4-cü bəndinə əsasən işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanmasının göstərildiyini və işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsinin göstərildiyini qeyd etmişdir. Halbuki məhkəmənin istinad etdiyi həmin əmr qərarın məhz həmin bəndi əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsini müstəsna hal kimi göstərmiş və onu işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halı ilə şərtləndirmişdir. Başqa sözlə, əgər məhkəmə əmək müqaviləsinə iddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən xitam verildiyinə dair nəticəyə gəlmişdirsə o halda, işçinin ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli, 57/06-19ə nömrəli əmr-qərarında nəzərdə tutulan müavinəti almaq hüququ da yaranmamışdır. Belə olan halda isə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq orta əmək haqqının 1-2 misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Halbuki birinci instansiya məhkəməsi həm qanunvericiliyin bu normasını nəzərdən qaçırmış, həm də hüquqlarının pozulduğunu hesab etdiyi iddiaçının bu barədə olan izahatlarını almamış, onların həqiqiliyini təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə etməmişdir. Nəticədə məhkəmə qətnaməsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verildiyi qənaətinə gəlsə də, bu mülahizəsini hüquqi cəhətdən əsaslandıra bilməmiş və ona ödənilmiş müavinətin hüquqi xarakterinin nədən ibarət olmasına tam aydınlıq gətirməmişdir. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 68 ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən baş vermişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərin təşəbbüsüdür. Başqa sözlə, iş materiallarından aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirilmiş dəlillər əsassızdır. Hazırkı mübahisə çərçivəsində Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən iddiaçıya ödənilmiş məbləğ onun muzdlu işdən gəlirinə aiddir və məlumdur ki, həm Konstitusiyaya, həm də Vergi Məcəlləsinə əsasən hər bir şəxs əldə etdiyi gəlirindən müvafiq vergiləri dövlət büdcəsinə ödəməlidir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin analoji işlər üzrə qəbul edilmiş qətnamələri əsasında birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilərək iddia tələbi rədd edilmişdir. Qeyd olunan qərarlarda məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənilən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Qeyd olunan qətnamələrin işə baxan məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən onlara hər hansı bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi- vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən üçünü şəxsin nümayəndəsi tərəfindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş etdiyindən hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 69-cu maddəsinin 3-cü hissəsinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 77 (6-cı hissə). Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. 77 (7-ci hissə). Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. 175 (1-ci hissə). Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. 175 (4-cü hissə). İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Vergi Məcəlləsi: 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, SOCAR Sosial İnkişaf İdarəsinin 12 aprel 2023-cü il tarixli 14- 2-10/3-1K-37/2023 saylı əmri ilə İqtisadiyyat və X4 uçotu şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 aprel 2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilərək işdən azad edilmiş, SOCAR və Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı maddəsinə əsasən ona orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. Apellyator tərəfindən apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olmadığına görə, ona ARDNŞ-nin və ANYSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində ödənilmiş birdəfəlik müavinətə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi «Azneft» İstehsalat Birliyinin səlahiyyətləri xaricində olmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarında olan əmrdə və iddiaçının əmək kitabçasında onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materialları ilə müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009 cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Beləliklə, cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və ona olan əmək müqaviləinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İş materiallarında olan 1188 nömrəli xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında xx.xx.2023-cü il tarixli Razılaşmadan görünür ki, razılaşmanın 1.3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verildiklən sonra bu Razılaşmaya əsasən ona ödənilən işdənçıxarma müavinətindən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia tələbin olmadığını və ona ödəniləçək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulması razılıq verdiyini bəyan edir və təsdiqləyir. Razılaşmanın 2.1-ci bəndinə əsasən bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında işdənçıxarma müavinəti hesablanmağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir verigisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək və qeyd edilən kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, bu dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya ödənilən müavinət Əmək Məcəlləsində nəzərdə tutulmasa da, bu müavinət Əmək Məcəlləsində müəyyən edilmiş işdən çıxma müavinətinə bərabər tutulur. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir (Əmək Məcəlləsi maddə 2 hissə 2) yəni, Əmək Məcəlləsində müəyyən edilmiş müavinətlər minimumdur, daha artıq əmək müqaviləsində, kollektiv müqavilədə və kollektiv sazişdə müəyyən edilə bilər. İddiaçıya müavinət SOCAR və Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı maddəsinə əsasən ödənilmişdir. SOCAR Sosial İnkişaf İdarəsinin 12 aprel 2023-cü il tarixli 14-2-10/3-1K-37/2023 saylı əmrində iddiaçıya ödənilmiş müavinət «işdən çıxma müavinəti» adlandırılıb. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətin 3877,5 (üç min səkkiz yüz yetmiş yeddi manat əlli qəpik) manat iddiaçıya qaytarılmalı olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsini ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2(009)- 1253/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar