Məhkəmə qərarları › İş №2(103)-6600/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6600/2022

10.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6600/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-503/2022 saylı işi üzrə 09 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-503/2022 saylı işi üzrə 09 mart 2022ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, İddiaçı və onunla birgə yaşayan yetkinlik yaşına çatmayan övladı - X2 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB Y/S, ev 48, 19 saylı mənzildən (yardımçı sahələri daxil olmaqla) istifadə hüququ tanınması, iddiaçının yetkinlik yaşına çatmayan övladı X5 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir.

2. Qətnamə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1,70-ci maddələrinə, "Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasina dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli Qərarına; "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5, 12-ci maddələrinə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012- ci il tarixli Qərarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2lə 2013-cü il tarixində nikaha daxil olduqdan sonra ailə üzvü kimi mübahisəli mənzilə köçürülmüş, iddiaçı mənzilin kirayəçisinin ailə üzvü olmuşdur. Belə ki, iddiaçı mübahisəli mənzilə köçdüyü vaxtdan daimi əsaslarla həmin mübahisəli mənzildə yaşamış və hal-hazırda orada qeydiyyatdadır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Buna görə də iddiaçı özəlləşdirmə nəticəsində yaranan ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik olmuşdur. Lakin iş materiallatından müəyyən olunur ki, həmin evin cavabdehin adına özəlləşdirilməsi üçün müraciət olunsa da, bunun üçün iddiaçının razılığı alınmamışdır. İddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün "qanuni gözləntisi” vardır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : -Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 ilə X3 arasında nikah xx.xx.2013-cü il tarixdə bağlanmışdır; -Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhdətnaməyə əsasən, X5 xx.xx.2014-cü ildə anadan olmuşdur;-Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 ilə İddiaçı arasında nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir;Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışınına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB y/s, ev 48, mənzil 19-da İddiaçı, Cavabdeh1, X5 qeydiyyatdadırlar; - RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, ev 21, mənzil 23 Cavabdeh2 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2249 nömrəli reyestr kitabının 209290 nömrəli vərəqində qeydiyyata alınmışdır; -089259 saylı xx.xx.1989-cu il tarixli dəyişmə orderinə əsasən X4 Bakı şəhəri, Günəşli qəsəbəsi, A və B yaşayış sahəsi, 119 saylı evin iki otaqlı 1 №-li mənzili N.A.Qasımovanın Bakı şəhəri, Günəşli qəsəbəsi, A və B yaşayış sahəsi, 48 saylı üç otaqlı 19 saylı mənzili ilə dəyişmişdir; (iş səh.8, 11, 18, 20, 21-24, 40-42, 44, 60). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnaməsini tam ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 33; Azərbaycan Respublikasının Konstitusiyasının 43; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Qanunsuz və əsassız olaraq İddiaçı və onunla birgə yaşayan yetkinlik yaşına çatmayan övladı - X2 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB Y/S, ev 48, 19 saylı mənzildən (yardımçı sahələri daxil olmaqla) istifadə hüququ tanınması, iddiaçı yetkinlik yaşına çatmayan övladı X5 ilə birlikdə həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməklə Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş mülkiyyətin toxunulmazlığı hüququnu kobud şəkildə pozulmuşdur. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, oğlu Cavabdeh2 xx.xx.2013- cü il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikah dövründə bir övladı dünyaya gəlmişdir. Bir ildən sonra oğlu Cavabdeh2 xx.xx.2014-cü il tarixində ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı mənzil almışdır. Onun oğlu Cavabdeh2 “N" saylı hərbi hissədə xidməti zamanı ailəsi ilə telefon əlaqəsi saxlamış və səhhəti ilə bağlı ailəsinin yanında olmasının vacibliyini öz həyat yoldaşı İddiaçı bildirmişdir. Lakin İddiaçı isə öz növbəsində həyat yoldaşının, yəni oğlunun xidmət etdiyi yerə getməyəcəyini qəti şəkildə bildirmişdir. İddiaçı 2021-ci ilin iyul ayında oğlu ilə nikahın pozulması üçün Suraxanı rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iddianı xx.xx.2021-ci il tarixdə təmin etmiş, azyaşlı övladı anasının himayəsinə vermiş, oğlunun əmək haqqısının dörddə bir hissəsini aliment qismində təyin etmişdir. 2021-ci ilin sentyabr ayında iddiaçının vəkili Vəkil1 və iddiaçının valideynlərinin iştirakı ilə iddiaçıya aid cehizləri və şəxsi əşyaları həyat yoldaşının tam mülkiyyətində olan ünvan 2 ünvanında olan 2 otaqlı mənzilə köçürülərək 1 ən böyük otaqdan, mətbəxdən, hamamdan, dəhlizdən və sanitar qovşaqdan istifadəsinə icazə verilərək iddiaçının və onun övladının yaşamaq hüququ tam təmin olunmuşdur. Nəvəsinin böyüməsi, sağlamlığı və təlim tərbiyəsinin yüksək təşkil olunması üçün ünvan 3 ünvanındakı oğlunun tam mülkiyyətində olan ünvandan istifadə edə bilərlər və hal-hazırda da iddiaçıya və onun övladına məxsus cehiz və digər şəxsi əşyalar həmin ünvanda yerləşir. İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh2 birgə nikah dövründə əldə olunan və sonuncunun mülkiyyətində olan mənzildə yaşayır, bundan əlavə keçmiş qaynanasının, yəni Cavabdeh1 məxsus olan mənzilə “yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə" tələbinin hüquqi əsası yoxdur. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB Y/S, ev 48, 19 saylı mənzilə dair Cavabdeh1 adına çıxarış verilmişdir.Çıxarış qətnamə çıxarılandan sonra alındığı üçün Suraxanı Rayon Məhkəməsinə təqdim edilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verməklə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin tərəfindən verilmiş çıxarışı təqdim edərək, mənizilin Cavabdeh1 məxsus olduğunu, iddiaçının Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş, əmlak payı olan mənzildə övladları ilə birlikdə maneəsiz yaşadığını, iddiaçının istifadə hüququ tanınarsa Cavabdeh1 mülkiyyət hüququnun pozulacağını, barışıq yolu ilə mübahisənin həll edilə bilməyəcəyini bildirmişdir.

6. İddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, iddiaçının 2013-cü ildə nikaha daxil olduqdan hal-hazırkı dövrə qədər həmin ünvanda övladı ilə birlikdə qeydiyyatda olduğunu, nikaha xitam verildiyi ana qədər həmin ünvanda yaşadığını, mənzilə dair istifadə hüququnun olduğunu, onun razılığı olmadan order əsasında iddiaçının rəhmətə getmiş qaynatasına məxsus mübahisəli mənzilə dair Cavabdeh1 adına çıxarış alındığını, bununla da iddiaçının hüquqlarının pozulduğunu, hal hazırda iddiaçının atasının evində yaşadığını bildirmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67; 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 8, 53, 123-cü maddəsinə;(münasibətlər davam edən olduğundan) qüvvədə olan Mənzil Məcəlləsinin 30, Mülki Məcəllənin 6, 11.1; 139-146, 152-164, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə təmin edilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. Qeyd edilməlidir ki, iddiaçının irəli sürdüyü dəlilləri onun 2013-ci ildən qaynatasına məxsus evə köçərək iddia edilən ünvanda əri ilə yaşaması olmuşdur ki, iddiaçının həmin ünvanda qeydiyyatda olması və mənzilə mülkiyyət hüququnun tanınması üçün "qanuni gözləntisi” nin olması əsas icarədarı onun ailə üzvü olmayan şəxsə münasibətdə istifadə hüquqlarının təmin edilməsi üçün əsas ola bilməz. Bundan əlavə, məhkəmə tələbdən kənara çıxaraq özəlləşdirməni mübahisələndirməyən iddiaçının bu prosedurda iştirak etməməsini pozuntu kimi qiymətləndirmiş, sübutların mötəbərliyin şübhə altına almışdır, iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər həddində aparmamış və işin faktiki hallarına müvafiq əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8 və 139-1.1.11-ci maddələrinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

11. Hazırki iş üzrə iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərə sahib olmamış, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orderində və ya mənzil kirayəsi müqaviləsində onun adının qeyd edilməsi sübuta yetirilməmiş, əksinə birgə nikah dövründə başqa mənzilin əldə edilməsi müəyyən edilmişdir.

12. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-503/2022 saylı işi üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar