Məhkəmə qərarları › İş №2(103)-6605/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6605/2025

21.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6605/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X7 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X15 katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində 4 saylı Bakı Asan Xidmət X10 cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-2505/2025 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları

1. 1 saylı Bakı Asan Xidmət X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum haqqında arayışa əsasən müəyyən olunur ki, X8 xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuşdur. Anası Ərizəçi, atası X4r.

2. 36 saylı şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1997-ci il təvəllüdlü X8 36 saylı Şəhər Poliklinikasında qeydiyyatda olmuşdur. Bakı şəhərində vəfat etməsinə baxmayaraq ölüm haqqında tibbi şəhadətnamə forma 106 verilməmişdir.

3. 4 saylı Bakı Asan Xidmət X5 ərizəçiyə ünvanlanmış məktubunda qeyd olunmuşdur ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi maraqlı şəxs qismində 4 saylı Bakı Asan Xidmət X10 cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, X8 ərizəçinin qızıdır. O, Bakı şəhərində vəfat etmişdir. Ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün 36 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. 4 saylı Bakı Asan Xidmət X6 müraciət etsələr də, tibb müəssisəsinin müvafiq sənədi olmadığından ona ölüm haqqında şəhadətnamə verilə bilməmişdir.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 2505/2025 nömrəli qətnaməsi ilə (hakim A.A.Paşayeva) ərizə təmin edilmiş, xx.xx.1997-ci təvəllüdlü X3 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi qət edilmişdir.

7. Bundan sonra Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qətnamədə Aytacın təvəllüdü xx.xx.1997-ci il göstərilmiş, ölüm tarixi isə xx.xx.1995-ci il kimi müəyyən edilmişdir. Əslində isə qızı - X8 xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olub, 7 ay sonra xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

8. Daha sonra ərizəçi məhkəməyə əlavə qətnamənin çıxarılması barədə ərizə ilə müraciət edərək, mərhum qızı xx.xx.1997-ci il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2505/2025 saylı xx.xx.2025-cı il tarixli qətnaməsinə əlavə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 2505/2025 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qızı xx.xx.1997-ci il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə ərizə təmin olunsa da, daha sonra həmin qətnamədə uşağımın ölüm tarixinin doğum tarixindən əvvələ yazıldığının şahidi olmuşdur. Hazırda uşağı - xx.xx.1997-ci təvəllüdlü X3 ölüm haqqında şəhadətnaməsini ala bilmir. Çünki qətnamədə 1997-ci ildə doğulan uşağın 1995-ci ildə vəfat etməsi qeyd edilmişdir. Bu da qətnamənin uyğunsuz və icra olunmasını mümkünsüz hala salmışdır. Göründüyü kimi, ərizəçi olaraq ərizəsində texniki səhv etdiyinə görə, hakim onun texniki səhvini araşdırmadan, icrası mümkün olmayan qətnamə qət etmişdir. Bu səbəbdən də hesab edir ki, həmin qətnamə ləğv edilməli, uşağının doğum və ölüm tarixləri düzgün yazılmaqla yeni qətnamə çıxarılmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Ərizəçi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq yeni işə qəbul olunduğu üçün işdən çıxa bilmədiyini, üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 259.0.12. Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarı Bənd 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-2505/2025 nömrəli qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır.

16. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən ərizəçi ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğu göstərilməlidir. Belə məlumatlar ərizədə olmadıqda məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.

17. İşdən görünür ki, ərizəçi xx.xx.1997-ci il təvəllüdlü X3 bir neçə ay sonra vəfat etməsi faktının müəyyən edilməsini xahiş etsə də, uzun müddət keçdikdən sonra bunun nə məqsəd üçün ona lazım olduğunu dəqiq göstərməmişdir. Ərizəçi bunun ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün lazım olduğunu bildirsə də, həmin faktın müəyyən edilməsi ilə pensiyanın təyin edilməsi arasında səbəbli əlaqəni əsaslandıra bilməmişdir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 2505/2025 nömrəli qətnaməsi ləğv edilsin və ərizə baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar