Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6606/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mülkə dəymiş ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mülkə dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 374/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Seriyalı RX № ******* saylı, 09 aprel 2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə saat 23:59:00-adək sığorta etdirmiş və bu barədə Daşınmaz əmlakın icbari sığortası barədə RAA********** saylı 26 dekabr 2019-cu il tarixli şəhadətnamə verilmişdir. Sığorta məbləği 15.000 manat, sığorta haqqı 30 manat, azadolma məbləği 150 manat təşkil etmişdir.
2. xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonunun ərazisində yağmış leysan yağışları nəticəsində sığorta edilmiş ev çökərək yararsız hala düşdüyündən, iddiaçı qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC-yə müraciət edərək, hadisə zamanı ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir.
3. "xxxx" ASC-nin 07 aprel 2021-ci il tarixdə iddiaçıya ünvanladığı AS-21/351 saylı məktubda iddiaçının ərizəsinə baxıldığı bildirilərək qeyd olunmuşdur ki, hadisə "xxxx" ASC tərəfindən tam təfsilatı ilə araşdırılmışdır. Hadisə ilə bağlı "xxxx" ASC-yə təqdim edilmiş 18 fevral 2021-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydə fərdi yaşayış evinin köhnə tikili olduğu və çiy kərpicdən inşa edilmə səbəbindən çökdüyü qeyd olunmuşdur. Bildirilmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində sığorta təminatı verilən risklər göstərilmişdir. Bununla da, iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərər, yəni fərdi yaşayış evinin çiy kərpicdən tikilməsi nəticəsində yararsız vəziyyətə düşməsi “İcrabi Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Belə olan halda, iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərərin sığorta təminatına daxil olmadığı bildirilmiş, sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/810 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli 20/J-236 saylı məktubundan xx.xx.2020-ci il tarixdə Xaçmaz hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixin gecə saatlarınadək yağış və leysan xarakterli yağış davam etmişdir. Lakin yaşayış evinin yararsız vəziyyətə düşməsi yağış nəticəsində baş verməsi Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən müəyyən oluna bilər. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi yararsız hala düşmüş və həmin yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 31.020 manat məbləğində müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mülkə dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş 31.020 manat məbləğində zərərin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlamışlar. Həmin sığorta səbəbi ondan ibarətdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Həmin adı gedən mülkiyyəti onlar 5 il öncə 30.000 manata almışlar. Ancaq, təbii fəlakət nəticəsində Xaçmaz rayonunda leysan olduğundan evləri bərbad bir vəziyyətə düşmüşdür. Həmin bu hadisədə 2020-ci ilin noyabr ayında baş vermişdir. Ancaq sığorta şirkəti dəymiş zərəri onlara ödəməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-374/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov), iddia tələbinin qismən təmin edilməsi, 14.850 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, aparılmış tədqiqata görə 100 manatın cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh çökmə halının sığorta hadisəsi olmamasını qeyd etsə də, çökmənin ekzogen proses olmaqla təbii amillər və ya texnogen amillər səbəbindən baş verməsini nəzərə almamışdır.
10. Həm ekspert rəyindən, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli 20/J- 236 saylı, yağıntıların intensivliyi və miqdarı barədə məktubundan göründüyü kimi, çökmə düşən yağışların təsirindən baş vermişdir.
11. Göründüyü kimi çökmə hadisəsi yağış sularının təsirindən təbii amillərdən yaranmışdır. Bu qəbildən olan mübahisələr üzrə məhkəmə təcrübəsindən məlumdur ki, Azərbaycan Respublikasının dağlıq və dağətəyi rayonlarına, o cümlədən Xaçmaz rayonunda müxtəlif vaxtlarda məhz leysan tipli yağışlar yağır ki, bu hal çökmə hadisəsinin (bərkiməmiş çöküntülərin su ilə doyması) baş verməsi ilə birbaşa bağlıdır, yəni hazırki halda çökmə kimi ekzogen proses “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində qeyd olunan sığorta hadisələrinin siyahısında nəzərdə tutulan leysan yağışları ilə birbaşa bağlı olduğundan sığorta hadisəsi hesab olunur.
12. Birinci instansiya məhkəməsi zərər məbləği ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/810 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə iddiaçının tələbini və sığorta məbləğini nəzərə alıb hesab etmişdir ki, 15.000 manat sığorta məbləğindən 150 manat azad olma məbləği çıxılmalı (15.000 manat - 150 manat = 14.850 manat), qalan 14.850 manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 21.1, 883.1, 898.2, 922.1, 922.2, 922.3, 933.1 və 935.1.8-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7, 35.1, 36.1, 38, 39.3 və 41-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilmişdir. a) Apelyasiya şikayətinin dəlilləri
15. Cavabdeh "xxxx" ASC apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
16. Cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətində göstərilmişdir ki, "xxxx" ASC-yə təqdim edilmiş 18 fevral 2021-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydə fərdi yaşayış evinin köhnə tikili olduğu və çiy kərpicdən inşa edilmə səbəbindən çökdüyü qeyd olunmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 36-cı maddəsində sığorta təminatı verilən risklər göstərilmişdir. İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər, yəni fərdi yaşayış evinin çiy kərpicdən tikilməsi nəticəsində yararsız vəziyyətə düşməsi Qanunun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Belə olan halda İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər sığorta təminatına daxil deyildir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
18. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Qətnamədən cavabdeh "xxxx" ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 21.1. Müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
26. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.
27. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
28. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
29. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
30. Maddə 933.1. Sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi olduqda, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd olduqda və qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər olduqda sığorta ödənişi həyata keçirilir.
31. Maddə 935.1.8. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu:
32. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir.
33. Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
34. Qanunun 38-ci maddəsinə əsasən sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.
35. Qanunun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri.
36. Qanunun 39.3-cü maddəsinə əsasən yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri istisna olmaqla digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edilir.
37. Qanunun 41.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, baş vermiş hazırki hadisədə çökmə kimi ekzogen proses “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində qeyd olunan sığorta hadisələrinin siyahısında nəzərdə tutulan leysan yağışları ilə birbaşa bağlı olduğundan sığorta hadisəsi hesab olunur.
48. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus olan və cavabdeh tərəfindən sığortalanmış daşınmaz əmlakın zədələnməsinə səbəb olmuş hallar sığorta hadisəsi hesab olunaraq, cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, "xxxx" ASC-yə təqdim edilmiş 18 fevral 2021-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydə fərdi yaşayış evinin köhnə tikili olduğu və çiy kərpicdən inşa edilmə səbəbindən çökdüyü qeyd olunmuşdur. İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər, yəni fərdi yaşayış evinin çiy kərpicdən tikilməsi nəticəsində yararsız vəziyyətə düşməsi “İcbari Sığortalar haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir.
50. Məhkəmə kollegiyası cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətinin fərdi yaşayış evinin çiy kərpicdən tikilməsi nəticəsində yararsız vəziyyətə düşməsinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil olmaması barədə dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
51. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli 20/J- 236 saylı, yağıntıların intensivliyi və miqdarı barədə məktubundan göründüyü kimi, sığorta hadisəsi baş verən zaman, Xaçmaz rayonu ərazisində xx.xx.2020-ci il tarixdə gündüz saatlarından başlayan müxtəlif intensivlikli yağış və leysan xarakterli yağış 17-si gecə saatlarınadək davam etmişdir. Yağıntının miqdarı 19.00 müşahidə saatında 47,9 mm, 07.00 müşahidə saatında 48,2 mm olmuşdur.
53. İşin faktiki hallarından və işdə olan sübutlardan göründüyü kimi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonunun ərazisində yağmış leysan yağışları nəticəsində çökərək yararsız hala düşmüş və bu hal “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən, (təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi) sığorta hadisəsi hesab olunur.
54. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin çiy kərpicdən tikildiyindən iddiaçıya sığorta ödənişindən imtina edilməsi üçün əsaslar isə “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda sığorta ödənişindən imtinanın əsaslarında nəzərdə tutulmamışdır.
55. Odur ki, məhkənə kollegiyası cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayətinin fərdi yaşayış evinin çiy kərpicdən tikilməsi nəticəsində yararsız vəziyyətə düşməsinin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil olmaması barədə dəlillərini əsassız hesab edir.
56. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
57. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.
58. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
59. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-374/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.