Məhkəmə qərarları › İş №2(103)-6607/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6607/2021

29.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6607/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Ziya Fərziyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə maneəsiz girişin təmin olunması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(005)- 869/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə maneəsiz girişin təmin olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oglu tərəfindən mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ, yəni sahiblik və istifadə hüququna qarşı yaradılan məhdudiyyətlərin aradan qaldırılması və mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə sərbəst giriş çıxışının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.04.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh “Cavabdeh nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(005)-4512/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyini, həmin işin hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edəcəyini, bu səbəbdən də həmin iş üzrə yekun qərar çıxanadək mülki iş üzrə icraatın dayandırılmasını xahiş etdi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(005)- 869/2021 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)- 4512/2019 saylı mülki işi üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mənzilə maneəsiz girişin təmin olunması tələbinə dair” 2(005)-869/2021 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(005)-869/2021 nömrəli qərardadının ləğv olunmasını və 2(005)-869/2021 saylı iş üzrə icraatımn təzələnməsi barədə qərardada qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı icraatın dayandırılması ilə bağlı məsələnin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir, ona görə ki, məhkəmə ədalətinə güvənirdi və hesab edirdi ki, məhkəmə cavabdehin ərizəsini qəbul etməyəcək. Çünki cavabdehin icraatın dayandırılması ilə bağlı ərizəsi təmamilə əsassızdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(005)- 4512/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi hazırkı işin icraatının həyata keçirilməsinə mane deyil. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-4512/2019 saylı iş üzrə ərizəçi Cavabdeh sağlığında mərhumə Bənövşə İsgəndərova ilə faktiki nikah münasibətlərində olmasını iddia etmişdir. Lakin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi ərizəçi Cavabdeh bu tələbini təmin etməmişdir. Cavabdeh tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(005)-4512/2019 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi və hətta bu iş üzrə şikayətin təmin edilməsi ehtimalı (buna heç bir əsas yoxdur, çünki mərhumə X2 Rizayevi tanıdığı kifayət qədər uzun müddət ərzində nikaha daxil olmamışdır. Yəni, mərhumə X2 Rizayevlə nikah münasibətlərinə daxil olmasından vaz keçmişdir) belə Telli Xanovanın qanun üzrə vərəsəsi olma faktını inkar edə bilməz. Bənövşə Xanovanın yeganə qanuni vərəsəsi X1r. Telli Xanova da bacısından ona miras qalmış ünvan 3 ünvanında yerləşən mənzili qızı İddiaçı bağışlamışdır. Göründüyü kimi, İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin yeganə mülkiyyətçisi olması faktı danılmazdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(005)-4512/2019 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olması faktını aradan qaldırmır. Belə ki, İddiaçı Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildə yaşamasını mübahisələndirmir. O, qanuni sahibliyində olan mənzilə maneəsiz girişin təmin olunmasını və Cavabdeh tərəfindən yaradılan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Hesab edirik ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-869/2021 saylı iş üzrə icraatın dayandırılması mübahisənin araşdırılmasının əsassız uzanmasına səbəb olur və bu hal İddiaçı ədalətli məhkəmə araşdırması hüququnu və mülkiyyət hüququnu məhdudlaşdırır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(005)-968/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1, 254.1.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Birinci instansiya məhkəməsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4512/2019 saylı iş üzrə 05.11.2019-cu il tarixli qətnaməsinin hazırkı mülki işin nəticəsinə bilavasitə təsir etməsini qeyd etsə də bunun nədən ibarət olmasını, hazırkı mülki işə baxılmasını qeyri mümkün etməsini əsaslandıra bilməmiş və nəticədə işin icraatının dayandırılması barədə əsassız qərardad qəbul etmişdir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(005)- 869/2021 saylı qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar