Məhkəmə qərarları › İş №2(103)-6608/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6608/2021

27.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6608/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(005)-909/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 6 nömrəli Bakı Peşə Məktəbinin 02.12.2019-cu il tarixli 70 №-li əmrinin qanunsuz hesab edilməsi, onun 6 nömrəli Bakı Peşə Məktəbində istehsalat təlim ustası vəzifəsinə keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələblərinə əlavə təqdim edərək, 70 nömrəli 02.12.2019-cu il tarixli xəbərdarlıqdan yaranan 11.02.2020-ci il tarixli 8 nömrəli əmrin icrasından narazı olduğundan, əmrin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01.02.2017-ci il tarixində 6 nömrəli Bakı Peşə Məktəbində istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilmiş, həmin vəzifədə çalışdığı vaxt işinə məsuliyyətli olmuş və ixtisasına uyğun sertifikat verilmişdir. 02.12.2019cu il tarixində 6 nömrəli Bakı Peşə Məktəbin direktoru 70 №-li əmr verərək ixtisarla bağlı onu xəbərdarlıq etmişdir. Lakin, onun əsaslı şikayətlərindən sonra məlum olmuşdur ki, köhnə ştat cədvəlində hər hansı ixtisar olmamışdır. Çoxsaylı şikayətləri nəzərə alınaraq 11.02.2020-ci il tarixində 8 №-li ƏMR əsasında əmək müqaviləsilə 11.02.2021-ci il tarixə qədər fəhlə vəzifəsinə keçirilmişdir. Cavabdeh təşkilat ixtisarla bağlı əmr verən vaxt o məzuniyyətdə olmuşdur və ona qanuna müvafiq qaydada xəbərdarlıq edilməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın bu hərəkəti qanunsuz olmuş və əmək qanunvericiliyinə zidd olmuşdur. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən Azərbaycan Respublikası ƏM-nin 71-ci maddəsinin tələblərinə uyğun tədbirlər görülməli idi. Cavabdeh təşkilat qanunla müəyyən edilən halların heç birinə əməl etməmiş və ona qarşı qanun pozuntusu edərək tutduğu vəzifədən azad etmiş və müvəqqəti olaraq fəhlə vəzifəsinə keçirməklə törətdiyi qanun pozuntusuna pərdə çəkmək istəmişdir. Qeyd edilənləri və Əmək Qanunvericiliyinə istinadən hesab edir ki, cavabdeh 6 nömrəli Bakı Peşə Məktəbinin 02.12.2019-cu il tarixli 70 №-li əmri qnunsuz sayılmalı və ləğv edilməlidir. Bu barədə cavabdeh “Peşə Təhsili Üzrə Dövlət Agentiliyi’"nə müraciət etsə də müraciəti bu günə kimi cavabsız qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(005)- 909/2021 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 6 nömrəli Bakı Peşə Məktəbinin 01.02.2017-ci il tarixli, 20 №-li əmrinə əsasən, İddiaçı 01.02.2017-ci il tarixindən əmək müqaviləsinə əsasən məktəbin nəqliyyat vasitələrinin sürücülük üzrə istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilməsi, əmək haqqı ştat cədvəli üzrə ödənilməsi əmr edilmişdir. İşdə olan 6 nömrəli Bakı Peşə Məktəbinin 02.12.2019-cu il tarixli, 70 №-li əmrinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli 64 №-li qərarı («Peşə Məktəblərinin və Peşə Liseylərinin nümunəvi ştatları» 17-ci bənd nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası - avtomobil nəqliyyatı, avtomobil yolları və şəhər elektrik nəqliyyatı təşkilatlarına fəhlə kadrları hazırladıqda, hər ustaya 1500 saat həcmində tədris yükü olduqda») əsaslanaraq, sürücülük üzrə tədris qruplarında 2019/2020-ci tədris ilinin yekununa 1268 saat dərs yükü qaldığı üçün 2 (iki) sürücülük üzrə istehsalat təlim ustası vəzifə ştatının birinin saxlanılması (birinin ixtisarı) nəzərdə tutulmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndini və 77-ci maddənin 1-ci bəndini rəhbər tutaraq 02.12.2019-cu il tarixdən nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası İddiaçı vəzifə ştatının ixtisar olunması haqqında xəbərdarlıq edilsin. İşdə olan 6 nömrəli Bakı Peşə Məktəbinin 11.02.2020-ci il tarixli, 08 №-li əmrinə əsasən, Avtomobil nəqliyyatı vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilsin və ərizəsi nəzərə alınaraq müddətli əmək müqaviləsi ilə (11.02.2021- ci il tarixədək) bina, avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinə keçirilsin. Əmək haqqı ştat cədvəli üzrə ödənilsin. İşdə olan Bakı Peşə Təhsil Mərkəzinin direktoru Yəhya Səfərova həmin məktəbin həmkarlar təşkilatı təftiş komissiyasının 02.12.2019-cu ildə çağırılmış yığıncağının 5 nömrəli protokolundan çıxarışdan görünür ki, X4 müharibə veteranı, şəhid ailəsi, köçkün və uzun illər qüsursuz sürücülük üzrə istehsalat təlim ustası işlədiyinə görə işdə qalmağının məsləhət olması, İddiaçı 1 ay vaxt verilməklə ixtisara düşməsinə etiraz edilməməsi qərara alınmışdır. İşdə olan Bakı Peşə Təhsil Mərkəzinin direktoru Yəhya Səfərova Tİİ üzrə direktor müavini Fərhad İsmayılov tərəfindən ünvanlanmış 02.12.2019-cu il tarixli məlumatın surətindən görünür ki, hal-hazırda məktəbdə təhsil alan tələbələrdən yalnıziki qrupda sürücü peşəsi vardır (17 və 20 nömrəli qrup) Həmin qruplarda təhsil alan tələbələrin sayı isə 34 nəfərdir. Avtomobildə hərtələbəyə sürmə təlimi üçün ayrılan vaxt 50 saaatdır. Ondan hər tələbə 4 saat simulyatorda qalan saatlar isə yük və minik avtomobilində yerinə yetirilir. Bu günə qədər tələbələr simulyator dərslərini bitiriblər. Cəmi avtomobil üzrə qalan dərs saatlarının miqdarı isə 1564 saat təşkiledir. 2019-2020-ci tədris ilində qeyd olunan dərs saatının 782 saatı 2020-ci ilin aprel ayına, 480 saatı iyun ayının sonuna qədər keçirilməlidir. Qalan 302 saatın keçirilməsi isə 2020-2021-ci tədris ilində nəzərdə tutulur. İşdə olan Cavabdeh2 direktoru Yəhya Səfərova həmin məktəbin Nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat Təlim ustası İddiaçı tərəfindən yazılı ərizənin surətindən görünür ki, o, 11.02.2020-ci il tarixindən etibarən Bina avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinə keçirilməsini xahiş etmişdir. İşdə olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə Məktəbinə ünvanlanmış məktubunun surətindən görünür ki, 1 ştat vahidi bina, avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinin məktəbin ştat cədvəlinə daxil edilməsinə etiraz edilmir. Cavabdeh2 22.07.2019-cu il tarixli 49 nömrəli əmək məzuniyyəti barədə Əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən (Qurban bayramı ilə əlaqədar 12-13 avqust) 2gün məzuniyyəy müddətinə əlavə edilməklə işə qayıtması vaxtı 29.08.2019-cu il tarixi müəyyən edilmişdir. İşdə olan Cavabdeh2 direktoru Yəhya Səfərova həmin məktəbin Nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat Təlim ustası İddiaçı tərəfindən yazılı ərizənin surətindən görünür ki, o, 22.07.2019-cu il tarixindən növbəti məzuniyyətə çıxmağa icazə verilməsini xahiş etmişdir. İşdə olan Bakı Dövlət Peşə Təhsil Mərkəzi üzrə 02.12.2019-cu il tarixli Aktın surətindən görünür ki, məktəbin Nəqliyyat vasitələrinin sürücülük istehsalat təlim ustası İddiaçı 02.12.2019-cu il tarixli 70 nömrəli xəbərdarlıq əmri haqqında məlumatlandırılmış, lakin imza etməkdən imtina etmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – İddiaçı 01.02.2017-ci ildən Cavabdeh2ndə məktəbin nəqliyyat vasitələrinin sürücülük üzrə istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh2ndə tədris yükünün azalması ilə əlaqədar olaraq, müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alınmış, Cavabdeh2 Həmkarlar İttifaqının razılığı ilə, işçi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ixtisar olunmuş, ərizəsi nəzərə alınaraq müddətli əmək müqaviləsi ilə (11.02.2021-ci il tarixədək) bina, avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinə keçirilmişdir. Onunla bağlanmış əmək müqaviləsi 6 nömrəli Bakı Peşə Məktəbinin 11.02.2020-ci il tarixli, 08 №-li əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh2 İddiaçı 02 dekabr 2019-cu il tarixli xəbərdarlıq məktubu ilə müraciət etmiş, «Peşə Məktəblərinin və Peşə Liseylərinin nümunəvi ştatları» 17-ci bənd nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası-avtomobil nəqliyyatı, avtomobil yolları və şəhər elektrik nəqliyyatı təşkilatlarına fəhlə kadrları hazırladıqda, hər ustaya 1500 saat həcmində tədris yükü olduqda») əsaslanaraq, sürücülük üzrə tədris qruplarında 2019/2020-ci tədris ilinin yekununa 1268 saat dərs yükü qaldığı üçün 2 (iki) sürücülük üzrə istehsalat təlim ustası vəzifə ştatının birinin saxlanılması (birinin ixtisarı) nəzərdə tutulması ilə əlaqədar olaraq, müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alınmış, ərizəsi nəzərə alınaraq müddətli əmək müqaviləsi ilə (11.02.2021-ci il tarixədək) bina, avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinə keçirilmişdir. Eyni zamanda, İddiaçı Cavabdeh2 Həmkarlar İttifaqının razılığı ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ixtisar olunmuşdur. Onun cəmiyyətdə əmək stajı 2 ildən çox olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən dörd təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Qeyd olunmuşdur ki, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv ediləcəkdir. İddia ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmasına, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, qanunverici işəgötürənə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçiləri işdə saxlamaq hüququnu vermişdir. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən özü müəyyən edir. İşdə olan sübutlardan (əmr, qərar və s.) və tərəflərin izahatların aydın olur ki, iddiaçı məktəbin nəqliyyat vasitələrinin sürücülük üzrə istehsalat təlim ustası vəzifəsinə 01 fevral 2017-ci il tarixli, 20 nömrəli əmrlə işə qəbul edilmiş, 6 nömrəli Bakı Peşə Məktəbinin 02 dekabr 2019-cu il tarixli, 70 №-li əmrinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli 64 №-li qərarına («Peşə Məktəblərinin və Peşə Liseylərinin nümunəvi ştatları» 17-ci bənd nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlim ustası-avtomobil nəqliyyatı, avtomobil yolları və şəhər elektrik nəqliyyatı təşkilatlarına fəhlə kadrları hazırladıqda, hər ustaya 1500 saat həcmində tədris yükü olduqda») əsaslanaraq, sürücülük üzrə tədris qruplarında 2019/2020-ci tədris ilinin yekununa 1268 saat dərs yükü qaldığı üçün 2 (iki) sürücülük üzrə istehsalat təlim ustası vəzifə ştatının birinin saxlanılması (birinin ixtisarı) nəzərdə tutulmuşdur. Bununla əlaqədar iddiaçıya xəbərdarlıq edilmiş, iddiaçı etiraz etməmiş, əksinə yazılı ərizə ilə müraciət edərək, 11 fevral 2020-ci il tarixindən etibarən bina avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinə keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də 6 nömrəli Bakı Peşə Məktəbinin 11 fevral 2020-ci il tarixli, 08 №-li əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmiş, eyni zamanda onun ərizəsi nəzərə alınaraq müddətli əmək müqaviləsi ilə (11.02.2021-ci il tarixədək) bina, avadanlıq və qurğuların cari təmiri və xidməti üzrə fəhlə vəzifəsinə keçirilmişdir. İddiaçı həmin vəzifədə işləməyə davam etmiş, əmri mübahisələndirməmiş, yalnız üzərindən 10 ay müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməy zəruri hesab edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Yəni, qanunverici bu sahədə işəgötürənə qiymətləndirmə azadlığı tanımışdır. İddiaçı isə bu istiqamətdə cavabdehin qanunsuz hərəkəti ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, işdə olan sübutlardan (ixtisar barədə xəbərdarlın bildirişi və s.) görünür ki, iddiaçıya qanunla müəyyən edilmiş müddət nəzərə alınmaqla xəbərdarlıq bildirişi təqdim olunmuşdur. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı bu vəziyyətlə razılaşmış, başqa işə keçirilməsi barədə ərizə vermiş, bu səbəbdən də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ixtisarla bağlı xitam verilmiş, eyni zamanda iddiaçının başqa işə keçirilməsi barədə yeni əmək müqaviləsi bağlanmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla iddiaçının işdən azad olunması ilə bağlı əmrin qanunsuzluğuna əsas olan hər hansı qanuni hal müəyyən olunmamışdır. İddia qeyd edilən tələblə bağlı hissədə əsassız olduğundan, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi hissəsində də təmin oluna bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. ƏM-nin 11-ci maddəsinin «b» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. İddiaçı isə iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edəbilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı artıq cavabdehin başqa əmri ilə (11 fevral 2021-ci il tarixli, 9 nömrəli) əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə ƏM-nin 68.2-ci maddəsinin «b» bəndinə əsasən işdən azad olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, tədqiq olunmuş sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(005)-909/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(005)-909/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar