Məhkəmə qərarları › İş №2(103)-661/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-661/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-661/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7565/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdeh X1 125 000 ABŞ dolları əsas, 100 000 ABŞ dolları əldən çıxmış fayda, 30 000 manat mənəvi ziyan, 11.5 manat etibarnamə üçün verilmiş, 30.40 manat dövlət rüsumu, vəkilə verilmiş 400 manat pulun alınıb verilməsinə, X2 barəsində cinayət tərkibinin olmasını nəzərə alaraq, xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7565/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X1 125 000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 1000 manat mənəvi zərərə görə pulun alınaraq, iddiaçı İddiaçı2 xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçılar qətnamə ilə razılaşmış, onu mübahisələndirməmiş, qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, hazırda iddiaçıların ona qarşı irəli sürdüyü iddia tələbi tamamilə şər və böhtandır. O, heç kimi aldatmamışdır. Belə ki, o, İddiaçı1 ilə ümumiyyətlə görüşməmiş, 8 torpaq sahəsinin satılması ilə əlaqədar digər İddiaçı2 iki torpaq sahəsi üçün 15.000 ABŞ dolları, sonra bir torpaq sahəsi üçün 15.500 ABŞ dolları, daha sonra isə beş torpaq sahəsi üçün 16.000 ABŞ dolları, cəmi 125.500 ABŞ dolları məbləğində pul almışdır. Lakin həmin torpaq sahələrini bilavasitə o, özü satmamış, sadəcə İddiaçı2 ilə dostluq münasibətlərində olduğundan vasitəçilik edərək aldığı pulları torpaqları satan şəxslərə ödəmişdir. Belə ki, İddiaçı2 torpaq satan şəxsləri tanımadığı üçün pulları ona vermiş, o da torpaq satan şəxsə verərə torpaq sahələrini almış, daha sonra həmin torpaq sahələrini rəsmi sənədləri ilə birlikdə təhvil vermişdir. Onun əməllərində heç bir aldatma, qanunsuz hərəkətlər olmamışdır. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki işdə olan 38245 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 saylı qərarı ilə Abşeron rayonu, Buzovna qəsəbəsi, M.Nağıyev küçəsi, dalan 15, 27 nömrəli ev İddiaçı2 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Xəzər RPİ-nin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarların məzmunundan müəyyən edilir ki, İddiaçı2 X4 ümumilikdə 125 000 ABŞ dolları pul vəsaitini hərəsi 10 sot olmaqla 8 torpaq sahəsinin alınması üçün pul vermişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Arxivdən çıxarışından görünür ki, Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan,Buzovna qəsəbəsində yerləşən Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara MaştağaBuzovna yolunun şimalından, BAİB-nə gedən asfaltın qərbindən BAİB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0.10 ha hesabı ilə 50 ailəyə 5 ha həyətyanı torpaq fondu ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş 3490 inventar- 38429 reyestr nömrəli qeydiyyat vəsiqəsinə dair məlumatlar arxivdə olmadığı və elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin isə Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə kollegiyasının iclasında cavabdeh həmin pulu alıb torpaq sahəsi almaq üçün başqa şəxslərə verdiyini qeyd etsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7565/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar