Məhkəmə qərarları › İş №2(103)-661/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-661/2024

30.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-661/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı mülki iş üzrə (Açar sözlər: məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Sadıkova Yuliya Asimovnanın, cavabdehin nümayəndəsi Nümayəndə Həsənli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1268/2023 saylı 5 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2010-cu ildə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına işə qəbul edilmiş, həmçinin İddiaçı ilə 3-cü dərəcəli kran operatoru vəzifəsi üzrə bağlanmış xx.xx.2010-cu il tarixli müddətsiz əmək müqaviləsinə müvafiq qaydada əmək müqaviləsinin mərkəzləşdirilmiş elektron informasiya sistemində xx.xx.2014-cü il, xx.xx.2016-cı il, xx.xx.2018-ci, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində - aldığı əmək haqqı məbləğində və tutduğu vəzifədə dəyişiklik edilməsi qeydiyyata alınmışdır. Dəyişiklik edilən müqavilə - xx.xx.2010-cu il tarixli əmək müqaviləsi olmuşdur. İddiaçı tərəf olduğu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli KS/087 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.850 manat məbləğində məzuniyyət pulunun və 55 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 27 iyul 2010cu il tarixli əmək müqaviləsi mövcud olmuşdur. O, 3-cü dərəcəli kran-operator (maşinistmexanik) vəzifəsinə işə qəbul olunmuş və işçiyə 21 gün əsas əmək məzuniyyəti təyin edilmişdir. xx.xx.2011-ci il tarixdən onun vəzifəsi 3-cü dərəcəli kran operatoru/təlimçi, xx.xx.2018-ci il tarixdən isə 3-cü dərəcəli kran operatoru/koordinatoru/təlimçi/qiymətləndirici kimi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 2011-ci ildən 2022-ci ilədək iddiaçının əsas iş vəzifəsi cavabdehin işçilərinin istehsalat təlimi olmuşdur. Lakin onun vəzifəsinin dəyişdirilməsinə baxmayaraq, onun məzuniyyət müddəti eyni olaraq 21 təqvim günü saxlanılmışdır. 2011-2022-ci illər ərzində, o, ona verilməli olan 30 gün məzuniyyətdən yalnız 21 gün almış və hər iş ili üçün onun əsas məzuniyyətindən 9 təqvim günü kəsilmişdir. Beləliklə, o, 11 il ərzində cavabdehin ucbatından məzuniyyətdən 99 təqvim günü istifadə edə bilməmişdir. 2011-ci ildən başlayaraq işçinin günlük orta əmək haqqı 150 manat civarında olmuşdur.

4. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının 2011-2022-ci illər ərzində çalışdığı peşənin adında dəyişiklik edilsə də o fəhlə kateqoriyasına aid edilən peşədə çalışmışdır. Ümumiyyətlə, normativ hüquqi akt hesab edilən kitabçalara əsasən işçilər 4 kateqoriyaya bölünürlər: 1) Rəhbərlər 2) Mütəxəssislər 3) Texniki icraçılar (digər qulluqçular) və 4) Fəhlələr. Qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 09 avqust 2006-cı il tarixli 10-2 №-li qərarı ilə təsdiq edilmiş bütün sahələr üçün ümumi olan “Fəhlə peşələri və işlərin Vahid X1”nda (bundan sonra - Kitabça) əməyinin ödəniş dərəcəsi 2-6-cı dərəcələr diapazonunda tarifləşdirilən “Kran maşinisti” peşəsi nəzərdə tutulmuşdur ki, iddiaçının 2011-2022-ci illər ərzində çalışdığı peşələr mahiyyət etibarı ilə bu peşəyə uyğun olmuşdur. Ümumiyyətlə yuxarıda qeyd edilən kitabçalarda əməyin ödənilməsinin 1-6 dərəcələri fəhlə və ya texniki icraçılar (digər qulluqçular) kateqoriyasına, 7-13-cü dərəcələri mütəxəssis, 14-19-cu dərəcələri isə rəhbər kateqoriyasına aid edilən işçilərə aid edilmişdir. Göründüyü kimi iddiaçının əməyinin ödəniş dərəcəsi 3-cü dərəcə olmuşdur ki, bu da onun fəhlə kateqoriyasına aid edilən peşədə çalışdığını sübut edir. Yuxarıda qeyd edilən 09 avqust 2006-cı il tarixli 10-2 №-li qərarla təsdiq edilmiş Kitabçanın “Ümumi müddəalar” hissəsinin onuncu abzasına əsasən “aşağı dərəcəli peşələrin ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrıayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir. Bu baxımdan əmək müqaviləsindəki əmək funksiyasının xarakterinə görə İddiaçı əmək funksiyasında göstərilən “yeni kran operatorlarının iş bacarıqlarının təkmilləşdirmək üçün təlim keçmək” funksiyası onun peşəsinin mütəxəssis kateqoriyasına aid edilən təlimçi və ya usta vəzifələri anlamına gəlmir. İddiaçı əmək müqaviləsində göstərilən “Kran operatoru/ təlimçi/qiymətləndirici” peşəsinin adı və əmək funksiyası yuxarıda qeyd edilən sorğu kitabçasındakı “Kran maşinisti” peşəsinin adına uyğundur ki, əmək funksiyasında təlim keçməsi ilə bağlı bəzi funksiyalar nəzərə alınmaqla peşənin adına işin profilini göstərən sözlər əlavə edilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinə istinad edərək qeyd edir ki, bu maddəyə əsasən təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. İddiaçının neft və qazın hasilatı ilə bağlı sahələrdə fəaliyyət göstərən “EnerMech” şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışan 3-cü dərəcəli kran-operator (maşinist-mexanik), 3-cü dərəcəli kran-operatoru/təlimçi və kran operatoru/koordinatoru/təlimçi/qiymətiəndirici peşələrinin Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinin ç) bəndində nəzərdə tutulmuş təhsil müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçılar, kitabxanaçılar, laborantlar, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçilər, bədii rəhbərlər kimi peşələrlə də eyniləşdirməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, əvvəla onun peşəsinin adında Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinin ç) bəndində nəzərdə tutulan vəzifə adları yoxdur. İkincisi, onun əmək funksiyasında müəyyən edilmiş “yeni kran operatorlarının iş bacarıqlarının təkmilləşdirmək üçün təlim keçmək” funksiyası yuxarıda qeyd edildiyi kimi kitabçada nəzərdə tutulan fəhlə peşəsi üzrə ayrı-ayrı işlərin yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilməsi, yüksək dərəcəli fəhlənin daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməsi hallarından irəli gələn funksiyadır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1268/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən 30 gün əmək məzuniyyəti məhz təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə verilir. Lakin iddiaçı təhsil müəssisəsində təlimçi vəzifəsində çalışmadığından o, qanunla 30 gün əmək məzuniyyəti verilməli olan işçilərin təsir dairəsinə düşmür. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iş materiallarında olan İddiaçı vəzifə təlimatından görünür ki, yeni işçiləri öyrətmək və inkişaf etdirmək, kranın təhlükəsiz idarə edilməsini izah etmək iddiaçı ilə əmək müqaviləsi bağlanarkən onun vəzifə təlimatında nəzərdə tutulmuşdur. Bu səbəbdən, iddiaçının yeni işçilərə öz vəzifəsi ilə bağlı təlimlər keçməsi onun iş yerində istehsalat təlimi ilə məşğul olması anlamına gəlməməlidir. Belə ki, o, sadəcə öz vəzifə təlimatında nəzərdə tutulmuş işlə məşğul olmuşdur və bu iddiaçının təlimçi qismində cavabdeh tərəfindən işə cəlb olunması kimi qiymətləndirilməməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2, 2.1, 43.2, 59, 144.2, 144.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1268/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi xx.xx.2010-cü il tarixli vəzifə təlimatı xx.xx.2010-cü il tarixli əmək müqaviləsinə aiddir. Həmin müqavilədə və vəzifə təlimatında onun vəzifəsi 3-cü dərəcəli kran operatoru kimi qeyd edilmiş, lakin kran-operatorun vəzifə təlimatları hal-hazırda mübahisələndirilmir. xx.xx.2011-ci il tarixdə isə tərəflər arasında yeni müqavilə imzalandıqdan, xx.xx.2010-cü il tarixli müqavilənin və ona dair vəzifə təlimatının artıq hər hansı bir hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, iddiaçıya başqa vəzifə üzrə yeni əmək funksiyalarının yerinə yetirilməsinin həvalə edilməsi üçün, tərəflər Əmək Məcəlləsinin 59-cü maddəsinə əsasən yeni əmək müqaviləsi bağlamışdırlar. Həmin müqavilənin 9-cü maddəsinə əsasən, bu əmək müqaviləsi 18 fevral 2011-ci il tarixdən qüvvəyə minir və müddətsiz bağlanır. Bu əmək müqaviləsi işçi ilə kompaniya arasında bağlanmış istənilən digər əmək müqavilələri, sazişlər və ya məktublardan üstün tutulur. Lakin işə baxan məhkəmə hazırki mübahisənin və tərəflər arasında olan əmək münasibətlərinin əsası olan müqaviləyə hər hansı bir hüquqi qiymət verməyərək, öz qərarı heç bir hüquqi qüvvəyə malik olmayan sənədlərlə əsaslandırmışdır. Məhkəməyə təqdim edilmiş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında çalışan işçilərin (İlyas Məmmədov, Mehdi Hamidov və dig.) sertifikatlarından görünür ki, o, 3-cü dərəcəli kran operatoru vəzifəsində çalışan işçilərə həmin vəzifəyə uyğun olub-olmamasını müəyyən edən kursu (təlimin) keçirdərək, kursun təlimatçı kimi işçilərə qeyd olunan vəzifədə çalışmağa icazə verən sertifikatları imzalanmışdır. Bundan əlavə, işdə olan qiymətləndirmə cədvəllərinə əsasən, o, 3-cü dərəcəli kran operatoru vəzifəsində çalışan İlyas Məmmədovun təlimatı keçirdərək, onun öz iş vəzifələrinin hansı səviyyədə yerinə yetirilməsinə qiymət vermişdir. Göründüyü kimi, o, yüksək dərəcəli fəhlə kimi daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik yox, məhz təlimçi/qiymətləndirici kimi özü ilə eyni dərəcədə olan işçilərə sərbəst təlimçi kimi təlim keçirdib onların həmin iş vəzifəsinə yararlı olub-olmamasını müəyyən edirdi. Onun təlimçi qismində cavabdeh tərəfindən işə cəlb edilməsi xx.xx.2011-ci il tarixli müqaviləsi ilə tam sübuta yetirilir. Həmin müqaviləyə əsasən, 2011-ci ildən vəzifəsi 3-cü dərəcəli kran operatoru/təlimçi, xx.xx.2018-ci il tarixdən isə - 3-cü dərəcəli kran operatoru/kordinatoru/təlimçi/qiymətləndirici kimi müəyyən edilmişdir. Lakin məhkəmə qətnaməsində yuxarıda göstərilən sənədlər və sübutlar öz əksini tapmamış və onlara hər hansı bir hüquqi qiymət verilməmişdir. Hazırki iş üzrə qəbul edilmiş qətnaməsində məhkəmənin istinad etdiyi xx.xx.2010-cü il tarixli əmək müqaviləsinin və ona dair vəzifə təlimatının isə onun tələbinə hər hansı bir aidiyyəti yoxdur. Tərəfindən mübahisələndirilən məsələlər 2011-ci ildən sonra bağlanmış müqavilədən irəli gəlir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan dilində qiymətləndirici vəzifəsi yoxdur. Onun vəzifəsinə yaxın olan vəzifə təlim ustasıdır. Təlim ustasına 9 gün əlavə məzuniyyət düşür. Əmək Məcəlləsində bu barədə qeyd olunmuşdur. BP-nin qaydalarında kran operator və qiymətləndirici eyni vəzifə deyildir. Lakin sorğu kitabçasında vəzifə borclarına görə həmin vəzifəyə uyğun təlim ustasıdır. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir. Hal-hazırda kran operator mexanik işləyir. O, 4 vəzifə yerinə yetirir. İşə 3-cü dərəcə ilə qəbul olunub. Onlar BP-nin qaydaları ilə işləyirlər. Hər dəfə yeni krançı yetişdirmək üçün şirkət həmin işçini İngiltərəyə göndərməli idi və bu onların şirkət üçün artıq xərc idi. Ona görə də şirkət qərara gəldi ki, iki nəfər işçiyə qiymətləndirici sertifikatı verilsin və onlar da həmin qiymətləndirici fəaliyyəti Azərbaycanda göstərsinlər. OPİTO və British standartları ilə işləyir, cavabdeh şirkət bunu təsdiqləyir. Əgər onlar Cavabdeh standartları ilə işləyirsə Cavabdeh prosedurlarının özündə stage 1, stage 2 krançılar yazılır. Krançılar tam krançılar deyillər, onlar şagirddirlər, onların tam krançı kimi yetişdirilməsi üçün qiymətləndirici olmalıldır. Mütəxəssis şəxs adi krançı ola bilməz, mütəxəssis olmaq üçün mütləq bu sertifikatdan olmalıdır. Cavabdeh 65 nəfər krançı vardır və onların yalnız 2-3 nəfər qiymətləndiricidir, hansı ki onların bu sertifikatları vardır. Bunlar avtomatik mütəxəssisdirlər. O, kran-opetaror, daha sonra kran-mexanik, daha sonra təlimçi, 4-cü isə imtahan qəbul etmə ilə məşğul olurdu. Onun dərəcəsinə uyğun olaraq 21 gün əsas məzuniyyət verilməlidir. Səviyyəsindən asılı olaraq dərəcənin dəyişdirilməsi ilə bağlı tərəfindən müraciət olunmuş, lakin nəticə əldə olunmamışdır. Bu barədə cavabdeh şirkət araşdırma aparacağını bildirmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil Asimovna apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Əmək Məcəlləsinin 59cu maddəsi ilə əsaslandırılır. Orada göstərilmişdir ki, tərəflər arasında olan 2010-cu il tarixində bağlanılmış əmək müqaviləsinə əsasən və ona dair tərtib edilmiş vəzifə təlimatına əsasən şirkətin başqa işçilərinə təlimlər keçmək və onları öyrətmək, inkişaf etdirmək iddiaçının iş vəzifəsi olmuşdur. Hal-hazırda 27 iyul 2010-cu il tarixli əmək müqaviləsi və ondan irəli gələn hər-hansı hüquq və vəzifələri ümumiyyətlə mübahisələndirmirlər. Burada əsas məsələ 2011-ci ilin fevral ayında tərəflər arasında bağlanmış yeni müqavilə ilə əlaqədardır. Həmin müqavilə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bağlanmışdır, çünki əvvəl iddiaçı işə qəbul olarkən kran-operator vəzifəsinə təyin olunmuş, daha sonra 2011-ci ildə onun vəzifəsi dəyişdirilərək başqa vəzifə əlavə olunmuşdur. Müqaviləyə məhkəmə qiymət verməmiş və istinad etməmişdir, halbuki həmin müqaviləni mübahisələndirirlər, mübahisənin kökü 2011-ci il tarixində bağlanmış müqavilədir. Cavabdeh tərəf Bakı şəhəri Səbail Rayon Məhkəməsində bildirir ki, 2010-cu il tarixli müqavilə qüvvədədir, halbuki 2011-ci il tarixində bağlanmış müqavilənin 9-cu maddəsinə əsasən müqavilə hər iki tərəf tərəfdən imzalanmış və təsdiq olunmuşdur. İddiaçı bu yaxınlarda sadəcə bilmişdir ki, onun 21 gün yox, 30 günlük məzuniyyət hüququ vardır. Cavabdeh Şirkəti BP-nin standartları, qaydaları ilə işləyir. Cavabdeh Şirkətinin daxili qaydalarında göstərilmişdir ki, təlimçi işləmək üçün BP-tərəfindən təşkil olunan hansı təlimlərdə iştirak etmək və hansı sertifikatları əldə etmək lazımdır. İddiaçının sertifikatlarında leveli göstərilmişdir. Onun leveli 8-dir. Cavabdeh Şirkəti Azərbaycanda olan daxili qaydalarla deyil, BP-nin standartları ilə hesablanır. Oranın 8-ci leveli buranın 3cü dərəcə kran operatoru kimi nəzərə alınır. Burada hər şey vahid sorğu kitabçasına əsasən qurulmuşdur. İddiaçı özü ilə eyni dərəcədə olan fəhlələri, işçiləri təlimatlandırmış, onların işə uyğun olub-olmamasını müəyyən etmişdir. İşçilər aşağı dərəcədə olmamışdır. Sertifikatlar işçilərə verilən zaman orada birbaşa İddiaçı təlimçi olduğu qeyd edilmişdir. İddiaçıya illər ərzində 33 gün məzuniyyət verilmişdir. İddiaçı özündən aşağı dərəcəli işçiləri deyil, özü ilə eyni dərəcəli işçiləri öyrətmişdir. 2011-ci il tarixli Əmək müqaviləsində göstərilmişdir ki, bu əmək müqaviləsi 18 fevral 2011-ci il tarixindən qüvvəyə minir və müddətsiz olaraq bağlanmışdır. Bu əmək müqaviləsi işçi ilə kompaniya arasında bağlanan istənilən digər müqavilə, saziş və məktublardan üstün tutulur. İddiaçı ilə 2010-cu il tarixində birinci əmək müqaviləsi, 2011-ci il tarixində ikinci əmək müqaviləsi bağlanmışdır. Əgər hər hansı sənəddə tərəfin imzası və möhür vardırsa artıq bu sənəd məcburidir. 2011-ci il tarixində bağlanmış əmək müqaviləsinin 9-cu maddəsində birbaşa olaraq qeyd olunmuşdur ki, bu müqavilədən əvvəl bağlanmış bütün müqavilələr, sazişlər və məktublar öz hüquqi qüvvəsini itirir. 2011-ci il tarixində bağlanmış əmək müqaviləsində vəzifə dəyişikliyi olmuşdur. Socar 2017-ci il tarixindən başlayaraq OPİTO standartları ilə işləyir. Artıq sorğu kitabçası ilə heç kim işləmir, sorğu kitabçası Sovet dövründən qalmış bir qaydadır. Bu yaxın zamanda ləğv olunacaqdır. Socarın təlim, tədris və sertifikatlaşdırma idarəsi vardır. Təlimləri həyata keçirən beynəlxalq şirkətlər tərəfindən iddiaçıya sertifikatlar verilmişdir. Həmin sertifikata uyğun olaraq təlimçi 8-ci səviyyəyə malik olan mütəxəssisdir. Fəhlə özü ilə eyni dərəcədə olan fəhləni öyrədə bilməz. Bu sertifikatlar fəhlənin dərəcəsinin dəyişdirilməsi üçün əsasdır. Sertifikat təhsil deməkdir. İddiaçı həmin bu kursu keçdikdən sonra vəzifəsi dəyişdirilmişdir. 3-cü dərəcəli kran operator bir vəzifə, qiymətləndirici isə digər vəzifədir. İddiaçı kran operator kimi fəhlə, qiymətləndirci kimi mütəxəssisdir.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə Həsənli oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Neft hasilatı pay bölgüsü sahələri içərisində fəaliyyət göstərən müəssisələr əsasən Neft hasilatı pay bölgüsü sazişi çərçivəsində fəaliyyət göstərirlər. Neft hasilatı pay bölgüsü sazişi çərçivəsində fəaliyyət göstərən müəssisələrdə elə bir öhdəlik yoxdur ki, dərəcələndirən zaman hər hansı bir beynəlxalq hüquq normasına istinad etsin. Bu səbəbdən Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur. İlkin müqaviləyə xitam verilməmişdir, sadəcə Əmək Məcəlləsinin 59-cu maddəsi başqa işə keçirməni nəzərdə tutur və əmək müqaviləsi üzrə öhdəlik bir az dəyişdiyindən əlavə və dəyişiklik formasında tərəflər razılığa gələrək müqaviləni imzalayıblar. İddiaçının istinad etdiyi maddə təhsil müəssisələrinin metodistlərinə onlara 13-cü dərəcə, baş ustalar 11-ci dərəcə, istehsalat təlimi ustalarına 9-cu dərəcə tələb olunur. İddiaçının əmək kitabçasında qeyd olunmuşdur ki, onun 3-cü dərəcəli kran-maşinist sertifikatı vardır və bu 3-cü dərəcəli fəhlə olaraq işə qəbul olunmuşdur, iddiaçı yalnız texniki iş icraçısıdır. Bütün fəhlə peşələri üzrə tarif X3nın özündə müəyyənləşdirilmişdir ki, kitabçada bir neçə ixtisas nəzərdə tutulduqda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Ona görə də aşağı ixtisaslı dərəcələrin tarif ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlər yüksək dərəcəli tarif ixtisas xüsusiyyətlərində öz əksini tapmamışdır. Aşağı dərəcəli peşələrin ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətlərindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ayrı-ayrı işlər daha aşağı dərəcəli fəhlələrin işlərinə rəhbərlik etməyi bacarmalıdır. Şirkətdə 30 günlük əmək məzuniyyəti yalnız idarəetmə və mütəxəssislərə verilir. İddiaçıya əlavə məzuniyyət verilib. Ümumilikdə 33 gün məzuniyyət vermişdir. X5 Bölgüsü Sazişi haqqında qanun vardır. Həmin qanunun 6 və 7-ci bəndlərinə əsasən subpodratçı podratçı şirkətlərin işəgötürənləri məhz əmək müqaviləsinin şərtlərini müəyyən edirlər. Bu həmçinin Əmək Məcəlləsinin 44-cü maddəsi ilə uyğunluq təşkil edir. Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsinin iki tərəfi vardır, işçi və işəgötürən. Üçüncü şəxs əmək müqaviləsinin şərtlərinə müdaxilə edə bilməz. Əmək müqaviləsi bildirişi ƏMASA daxil edilən zaman məşğulluq təsnifatı üzrə özləri vəzifəsi müəyyənləşdiriblər. Məşğulluq təsnifatında respublikada mövcud olan peşə, vəzifə kateqoriyalarıdır. Əmək müqaviləsində isə onların həmin təsnifata uyğun müəyyən etdikləri peşə vəzifədir. Digər halda ƏMAS onu qəbul etmir, dərhal imtina verir və digər etapa keçmir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

18.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 19.3.5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 20.9-cu maddəsinin “x” bəndinin tələblərinə görə işçinin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək kimi əmək hüququ vardır. 21.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. 22.42.1, 45.1, 45.2 və 47.1-ci hissəsinin f) bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlana bilər. 23.83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 24.113.1-ci və 113.3-cü maddələrinə əsasən, əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. 25.114.3-cü maddəsinin “ç” bəndinə əsasən, təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. 26.135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

27. 143.2-ci maddəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 28.144.2-ci maddələrinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 29.156.2-ci maddələrinə əsasən, yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. 30.172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 31.195-ci maddəsinin d bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 32.296.4 və 296.6-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

33.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 34.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 35.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 37.İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı xx.xx.2010-cu ildə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına işə qəbul edilmiş, həmçinin İddiaçı ilə 3-cü dərəcəli kran operatoru vəzifəsi üzrə bağlanmış xx.xx.2010-cu il tarixli müddətsiz əmək müqaviləsinə müvafiq qaydada əmək müqaviləsinin mərkəzləşdirilmiş elektron informasiya sistemində xx.xx.2014-cü il, xx.xx.2016-cı il, xx.xx.2018-ci, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində - aldığı əmək haqqı məbləğində və tutduğu vəzifədə dəyişiklik edilməsi qeydiyyata alınmışdır. Dəyişiklik edilən müqavilə - xx.xx.2010-cu il tarixli əmək müqaviləsi olmuşdur. İddiaçı tərəf olduğu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli KS/087 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 38.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin bağlanması barədə əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə göndərilmədiyi, nəticədə həmin bildirişin elektron qaydada bu sistemdə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Halbuki işçi ilə işəgötürən arasında əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra qüvvədən düşür və ya yaranır. Beləliklə də xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin hüquqi mövcudluğu müəyyən edilmədiyindən bu müqavilə məhkəmə kollegiyası tərəfindən nəzərə alınmır. 39.İş materiallarından göründüyü kimi iddiaçı şirkətdə çalışdığı xx.xx.2010-cu ildən xx.xx.2022-ci ilədək olan dövrü əhatə edən illər üçün əsas əmək məzuniyyətinin düzgün hesablanmadığına, Əmək Məcəlləsinin 114.2-ci maddəsinin “ç” bəndinin təsir dairəsinə düşdüyünə, vəzifəsinin 3-cü dərəcəli kran operatoru/koordinatoru/təlimçi/qiymətləndirici kimi müəyyən edildiyinə, belə olan halda ona ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində hesablanmalı olduğuna istinad etmişdir. 40.Cavabdeh isə iddiaya etiraz edərək iddiaçıya əsas məzuniyyətin onun əmək müqaviləsində göstərilmiş vəzifəsinə (fəhlə kateqoriyasına) uyğun olaraq verildiyini, həmçinin əmək şəraitinə görə - 6 gün, əmək stajına görə - 6 gün əlavə məzuniyyət hesablandığını, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilərkən son haqq-hesabının düzgün aparıldığını qeyd etmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 09 avqust 2006-cı il tarixli 10-2 №-li qərarı ilə təsdiq edilmiş bütün sahələr üçün ümumi olan “Fəhlə peşələri və işlərin Vahid X1”na istinadən həmçinin qeyd etmişdir ki, Kitabçada əməyinin ödəniş dərəcəsi 2-6-cı dərəcələr diapazonunda tarifləşdirilən “Kran maşinisti” peşəsi nəzərdə tutulmuşdur ki, iddiaçının 2011-2022-ci illər ərzində çalışdığı peşələr mahiyyət etibarı ilə bu peşəyə uyğun olmuşdur. Bundan başqa yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalı, texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir. Bu baxımdan əmək müqaviləsindəki əmək funksiyasının xarakterinə görə iddiaçının müqaviləsində göstərilən “yeni kran operatorlarının iş bacarıqlarının təkmilləşdirmək üçün təlim keçmək” funksiyası onun peşəsinin “mütəxəssis” kateqoriyasına aid edilən təlimçi və ya usta vəzifələri anlamına gəlmir. 41.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Əmək Məcəlləsinin 114-cü maddəsində işçi kateqoriyalarına müvafiq olaraq, hər iş ili üçün verilən ödənişli əsas əmək məzuniyyətinin minimum müddəti müəyyən edilmişdir. Belə ki, minimum müddəti 21 təqvim günündən az olmayan ödənişli əsas məzuniyyətlər ixtisassız peşələrdə işləyən fəhlə kateqoriyalarına və ya kiçik xidmətçi, yaxud texniki peşə və vəzifələrdə çalışan işçilərə verilir. 42.Qeyd edilməlidir ki, iddiaçıya hesablanan ödənişli əsas əmək məzuniyyətinin minimum müddəti onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsində dəqiq şəkildə tənzimlənmişdir. Bundan başqa iddiaçının istinad etdiyi maddənin üçüncü hissəsinin “ç” bəndinə görə də hər iş ili 30 təqvim günü müddətində ödənişli əsas məzuniyyət təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə verilir, onun da işçisi olduğu qurumun təhsil müəssisələrinə hər hansı aidiyyəti yoxdur. 43.İddiaçının qəbul edildiyi vəzifə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 09 avqust 2006-cı il tarixli 10-2 №-li qərarı ilə təsdiq edilmiş bütün sahələr üçün ümumi olan “Fəhlə peşələri və işlərin Vahid X1”nda əməyinin ödəniş dərəcəsi 2-6-cı dərəcələr diapazonunda tarifləşdirilən “Kran maşinisti” peşəsinə uyğun olmuşdur. 3-cü dərəcəli kran operatoruna aid vəzifə təlimatında da yeni işçiləri öyrətmək və inkişaf etdirmək, kranın təhlükəsiz idarə edilməsini izah etmək vəzifələri nəzərdə tutulmuşdur. 44.“Fəhlə peşələri və işlərin Vahid X1”nda həmçinin qeyd edilmişdir ki, bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu zamanda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Aşağı dərəcəli peşələrin ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir 45.Göründüyü kimi, iddiaçının əmək müqaviləsi üzrə vəzifəsinin kran operatoru/kordinatoru/təlimçi/qiymətləndirici kimi müəyyən edilməsi iddiaçıya daha yüksək tarif dərəcəsinin verilməsi və ya başqa vəzifəyə aid əmək funksiyalarının yerinə yetirilməsinin həvalə edilməsi anlamına gəlmir. Belə ki, yuxarıda göstərildiyi kimi yeni işçiləri öyrətmək və inkişaf etdirmək, kranın təhlükəsiz idarə edilməsini izah etmək vəzifəsi onun tutduğu vəzifə ilə uyğunluq təşkil edirdi. Fəhləyə hər hansı bir tarif dərəcəsinin verilməsi və ya artırılması məsələsinə onun ərizəsi və müvafiq bölmənin rəhbərlərinin təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır. Bunun üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilirlər. Halbuki iş materiallarında iddiaçının daha yüksək tarif dərəcəsinə uyğun hesab edilməsini şərtləndirən prosedurdan keçdiyini təsdiq edən hər hansı sənəd mövcud deyildir. 46.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 47.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 48.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1268/2023 saylı, 5 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar