Məhkəmə qərarları › İş №2(103)-6610/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6610/2022

26.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6610/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, cavabdehin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələblərinə dair 2(001)-3036/2022 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı 03 sentyabr 2002-ci ildən Bakı şəhəri 100 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləmiş, həmin məktəbin direktoru tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli 14 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

2. Əmək müqaviləsinin ləğv edilməsi barədə Bakı şəhəri 100 nömrəli orta məktəbin direktoru Gülnarə Məmmədova tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli 14 nömrəli əmrdə qeyd olunmuşdur ki, məktəbin riyaziyyat müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 ”a” bəndinə, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini A.Qubadova 06 fevral 2022-ci il tarixdə məktəbin Həmkarlar Komitəsinin sədrinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizədə məktəbin riyaziyyat müəllimi İddiaçı ona audiosəslər vasitəsilə təhqiredici səslər göndərilməsi göstərilmişdir. A.Qubadova onlayn dərslərə (xx.xx.2021-xx.xx.2022) nəzarət edərkən 8 “a” sinfinin dərslərə qoşulmadığını müşahidə etmişdir. Buna görə 8 ”a” sinfinin qrupuna səs göndərib ki, şagirdlər dərslərə qoşulsunlar. 8 “a” sinfinin rəhbəri riyaziyyat müəllimi İddiaçı bundan əsəbləşərək məktəbin direktor müavini A.Qubadova haqqında 8 “a” sinfinin qrupuna təhqiredici audiosəslər göndərib. Bundan əlavə riyaziyyat müəllimi İddiaçı öz onlayn dərslərini qapalı kamera ilə tədris edib, hətta həmin dərslərdə şagirdlərin də kameraları bağlı olub, lakin müəllim buna əhəmiyyət verməyib. İddiaçı tərəfindən 02 fevral 2022-ci il tarixdə 6 “b” və 8 “a” siniflərində riyaziyyat dərsi tədris olunmayıb. Məktəbin riyaziyyat müəllimi İddiaçı “Müəllimlərin etik davranış Qaydaları”na riayət etmədiyinə və əmək funksiyalarını düzgün yerinə yetirmədiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 fevral 2022-ci il tarixli 14 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müəllimədir, o, 1981-1985-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb, oranı riyaziyyat ixtisası üzrə bitirib. Ötən müddət ərzində o, müəllim adını daima uca tutub, müəllim adına xələl gətirən hər hansı fəaliyyətlə məşğul olmayıb, tədris etdiyi fənni şagirdlərin daha yaxşı mənimsəməsi üçün var gücü ilə çalışıb. Ancaq son illər çalışdığı 100 saylı orta məktəbin direktoru Gülnarə Məmmədova və həmin məktəbin direktor müavini Arzu Qubadova ilə onun arasında münaqişə yaranmışdır. Buna iddiaçının dərs yükünün heç bir qanuni əsas olmadan həftəlik 18 saatdan 15 saata azaldılması və məktəbdə mövcud korrupsiya hallarına iddiaçının sərt etiraz etməsi səbəb olmuşdur. İddiaçı 2020 və 2021-ci illər ərzində dərs yükünün azaldılması ilə bağlı davamlı şəkildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə yazılı şikayətlər etmiş, həmin şikayətlərlə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona xx.xx.2020 və xx.xx.2021-ci il tarixli cavab məktubları göndərilmişdir. 100 nömrəli orta məktəbin direktoru G.Məmmədova iddiaçının nazirliyə şikayət məktublarından sonra ona qarşı daha qərəzli davranaraq, onu vaxtaşırı kollektvin içində təhqir etmiş, təhqiramiz sözlərlə alçaltmışdır. Daha sonra isə bununla kifayətlənməyərək iddiaçıya bir ildə üç dəfə intizam tənbehi vermişdir. Bu kəskin münasibətlərin nəticəsi olaraq iddiaçı ilə cavabdeh qurum arasında bağlanmış əmək müqaviləsi 09 fevral 2022-ci il tarixli 14 saylı əmrlə ləğv edilmişdir. Məktəbin direktoru Gülnarə Məmmədovanın imzaladığı əmrdə müqavilənin ləğvinin səbəbi kimi iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi qeyd edilmiş, əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilmişdir. Əmr belə əsaslandırılıb ki, İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə intizam məsuliyyətinə cəlb edilərək ona sonuncu xəbərdarlıqla töhmət verilmiş, 8 “a” sinfinin şagirdlərinin xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə onlayn dərslərə qoşulmadığına görə iradını bildirən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Qubadovanın ünvanına təhqiredici ifadələr işlətmiş, öz onlayn dərslərini qapalı kamera ilə tədris etmiş, hətta həmin dərslərdə şaqirdlərin də kameraları bağlı olduğu halda, İddiaçı buna əhəmiyyət verməmiş, İddiaçı tərəfindən 02 fevral 2022-ci il tarixdə 6 “b” və 8 “a” siniflərində riyaziyyat dərsi tədris olunmamışdır. İddiaçı hesab edir ki, əmrdə qeyd olunanlar qurama olmaqla həqiqəti əks etdirmir. Mübahisənin mediasiya proseduru çərçivəsində həlli mümkün olmadığına görə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3036/2022 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Günel Abbasova)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinin nə faktiki, nə də hüquqi əsası yoxdur. Belə ki, cavabdeh-işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə göstərilən hallar faktiki olaraq iddiaçının əmək müqaviləsinin ləğv edilməsi üçün süni əsaslar yaradılmasından ibarətdir. Əmrin əsasını təşkil edən hallar Əmək Məcəlləsinin 72ci maddəsinin tələblərinə uyğun deyil və əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni hesab edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 74, 83, 84, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəb apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məktəbdə işlədiyi illər ərzində daim münaqişələr yaratmış, şagirdlərə qarşı kobud davranmış, onları döymüş və bununla bağlı dəfələrlə izahatlar yazılmış, belə hərəkətlər etməyəcəyini bildirsə də, bu hallar davamlı olaraq iddiaçı tərəfindən təkrar olunmuşdur. Son illər çalışdığı məktəbin direktoru və onun müavini ilə əssasız münaqişələr yaratmış, onlar barədə yalan, böhtan dolu şayiələr yaymış, məktəbdə korrupsiya hallarının olmasına dair müəllim və şagird kollektivi arasında onları nüfuzdan salmağa çalışmışdır. İddiaçıya bir ildə üç dəfə intizam tənbehi verilmişdir. Bütün bunlardan nəticə çıxartmadığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsi 09 fevral 2022-ci il tarixli 14 saylı əmrlə ləğv edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən sübutlara yalnız iddiaçının mənafeyi hissəsində qiymət vermiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirmiş və məhkəmənin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdilər. Cavabdehin nümayəndəsi Vəkil1 isə şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir : a) işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir, b) işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, c) işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.

Həmin Məcəllənin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

14. Belə ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında 09 fevral 2022-ci il tarixli əmrdə əmək müqaviləsinə xitam verilməsi aşağıdakı hallarla əsaslandırılmışdır : ---İddiaçı 21 oktyabr 2021-ci il və 14 dekabr 2021-ci il tarixli əmrlərlə intizam tənbehi verilmişdir. ---İddiaçı məktəbin direktor müavini Arzu Qubadovanın ünvanına “WhatsApp” mesencerində məktəbin kollektivi tərəfindən yaradılmış qrupda təhqiredici səsli mesajlar göndərmişdir. Arzu Qubadova bu barədə məktəbin Həmkarlar Komitəsinin sədrinə şikayət ərizəsi ilə müraciət etmişdir. ---İddiaçı öz onlayn dərslərini qapalı kamera ilə tədris etmiş, hətta həmin dərslərdə şagirdlərin də kameraları bağlı olsa da, buna əhəmiyyət verməmişdir. ---02 fevral 2022-ci il tarixində 6 “b” və 8 “a” siniflərində riyaziyyat dərsi tədris olunmamışdır. İş materiallarından görünür ki, mübahisələndirilən əmrdə qeyd olunan hallarla bağlı (direktor müavininin təhqir olunması, dərslərin qapalı kamera ilə tədris olunması, dərs keçilməməsi) məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Direktor müavini Arzu Qubadovanın müəllim İddiaçı tərəfindən təhqir olunması, yəni ünvanına təhqiramiz səsli mesaj göndərilməsinin əks olunduğu iddia olunan fləş karddakı səs yazıları apellyasiya icraatı zamanı məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilərkən İddiaçı tərəfindən Arzu Qubadovanın ünvanına hər hansı təhqiramiz səsli mesaj göndərilməsi müəyyən olunmamışdır. Bundan əlavə, əmrdə İddiaçı tərəfindən konkret olaraq hansı tarixdə və hansı sinifdə dərslərin qapalı kamera ilə tədris olunması qeyd olunmamış, bu barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. 02 fevral 2022-ci il tarixində 6 “b” və 8 “a” siniflərində riyaziyyat dərsinin tədris olunmaması barədə də cavabdeh tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfin onlayn dərslərin tədris olunması barədə “Teams” proqramından çıxarışdan görünür ki, İddiaçı tərəfindən 02 fevral 2022-ci il tarixində 6 “b” və 8 “a” siniflərində riyaziyyat dərsi tədris olunmuşdur.

15. Beləliklə, 09 fevral 2022-ci il tarixli 14 saylı əmrdə İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə qeyd olunan hallar məhkəmə araşdırması zamanı təsdiq olunmadığına görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

16. Apellyasiya şikayətində qeyd olunan İddiaçı əvvəllər il ərzində 3 dəfə intizam məsuliyyətinə cəlb olunması, şagirdlərlə və məktəb kollektivi ilə kobud davranması və sair halların mübahisələndirilən 09 fevral 2022-ci il tarixli 14 saylı əmrlə bağlılığı olmadığından və qeyd olunan intizam xətalarına görə İddiaçı əvvəllər intizam məsuliyyətinə cəlb olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas vermir.

17. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Bakı şəhəri 100 nömrəli Tam Orta Məktəbin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3036/2022 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar