Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6612/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçıiştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)- 2630/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 1170 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş №2(008)-2630/20) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2016-cı ilin noyabr ayında tanış olmuş, söhbət zamanı cavabdeh uşağının xəstə olduğunu lakin, onu müalicə etdirmək üçün pulunun olmadığını bildirərək ondan borc məqsədi ilə pul istəmiş və 2016cı ilin dekabr ayından 2019-cu ilin fevral ayına qədər olan müddətdə o, cavabdehə uşağı xəstə olduğu üçün borca pul vermişdir. İddiaçı həmin pulun müəyyən hissəsini cavabdehə məxsus Kapital Bankda açılmış hesabdan çıxarsa da, sonradan cavabdeh həmin kartı bloklamışdır. Daha sonra görüşmək istəsə də, cavabdeh müəyyən bəhanələr gətirərək görüşməkdən yayınmışdır. Telefon yazışmalarında cavabdeh borcu olduğunu etiraf etmişdir. Daha sonra cavabdehlə əlaqə saxlamağa çalışsa da cavabdeh zənglərə cavab verməmişdir. İddiaçı qeyd olunanları nəzərə alaraq Cavabdeh 1170 manat borc məbləğinin, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunaraq iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən şahid və sübutların təqdim edilməsini nəzərə almadan məhkəmə iclası keçirmiş, bununla da qətnamə qəbul etmişdir. Əgər məhkəmə baxışı zamanı hakim onun gətirdiyi sübut və şahidi qəbul etsəydi qətnamə tam əks məzmunda çıxarılmış olardı. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşdən göründüyü kimi, iddiaçı cavabdehə 1170 manat borc pul verdiyini və bunun telefon danışıqları ilə təsdiq olunduğunu iddia edir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 739, 740-cı və s. maddələrinə istinad etmişdir. İddia ərizəsinə əlavə edilmiş Nəsimi RPİ-nin 22 saylı Polis Şöbəsinin cavab məktubundan məlum olur ki, İddiaçı həmin polis idarəsinə mübahisə ilə bağlı şikayət vermiş, lakin mübahisə mülki xarakter daşıdığından cinayət işinin başlanılması rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçı öz tələbinin faktiki əsası kimi cavabdehin ondan uşağının müalicəsi ilə əlaqədar 1170 manat məbləğində borc aldığına istinad etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi və X3 Məhkəməsinin "X1rşı” qərarı ilə əsaslandırmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. İddiaçı apelyasiya şikayətində iddiaçı tərəfindən şahid və sübutların təqdim edilməsini nəzərə almadan məhkəmə iclası keçirməsinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi sübutetmə yükünə görə məhz iddiaçının özünün üzərinə düşür. İddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı ərizəsi əsasında toplanmış rədd materialını məhkəmə kollegiyasının iclasında tədqiq etsə də, həmin materiallarda iddiaçının cavabdehə 1170 manat borc verməsini və cavabdehin bunu etiraf etməsini təsdiq edən hər hansı mötəbər sübut müəyyən edilmədi. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6612/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6612/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver