Məhkəmə qərarları › İş №2(103)-6614/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6614/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6614/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair 2(008)-1339/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 mənzil 0082 ünvanına əsassız hesablanmış 330 manat borcun silinməsinin və ona dəymiş 500 manat maddi ziyanın ödənilməsinin “xxxxxxxx” ASC-nin Sabunçu rayon Elektrik satışı və Təchizatı İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 oğlu İddiaçı1 adına Sabunçu rayonu, Savalan qəsəbəsi ərazisində torpaq sahəsi alıb ev tikdirmişdir. Həmin evdə əsasən yay vaxtları yaşayırlar. Evin elektrik xəttinin kəsilməsi və birfazalı sayğacın qoyulması üçün Sabunçu rayon elektrik şəbəkəsinin Maştağa ərazi elektrik satışı və təchizatı sahəsinə müraciət etmiş, onlar onun evinə elektrik xətti çəkmiş və sayğac qoymuşlar. Orada yaşadıqları müddətdə hər aylıq enerji sərfiyyatı 25-30 manat arasında olurdu. Ödənişləri isə vaxtlı-vaxtında ödəmişlər. 2016-cı ilin payız aylarında Maştağa elektrik satışı təchizatı sahəsinin işçiləri onlar evdə olmadığı müddətdə sayğacı söküb aparmışlar, bir neçə gündən sonra o, xəbər bilib müraciət etmiş, ona 50 manat borcu olduğunu söyləmişlər və həmin pulu ödədikdən sonra sayğacı gətirib yerinə qoymuşlar. Bundan bir necə müddət sonra, təxminən oktyabr ayının əvvəllərində yenidən orada yaşamadıqları müddətdə bağ evinə gedərkən qapıda qəbz görmüşdür. Həmin qəbzdə həmin 107 manat borcu olduğunu bildirilmişdir. O, yenidən həmin ərazinin elektrik şəbəkəsinə müraciət etmiş, yaşamadıqları müddətdə borcun haradan yarandığını öyrənmək istəmiş, amma ona heç bir məlumat verilmişdir. 2016-cı ilin dekabr ayında o, müraciət edərək sayğacının dəyişdirilərək üçfazalı sayğac qoyulmasını istəmiş, o, sayğacın pulunu ödədikdən sonra, onların ünvanına dekabr ayının 14-də yeni sayğac quraşdırılmışdır. Dekabr ayının 16-da isə o, bağa gedərkən qapıda qəbz görmüş, həmin qəbzdə ona təzə sayğacının üstündə 236 manat 86 qəpik borcu olduğu bildirilmiş, iki günlük sayğacın üzərindəki göstərici 3298 kilovat idi. O, yenidən Maştağa enerji satışı şöbəsi, «Azərişığın» Bakı şəhər şöbəsinə müraciət etmiş, ancaq heç bir nəticəsi olmamışdır. Onlara heç cür sübut edə bilməmişdir ki, iki gün ərzində 230 manat dəyərində enerjinin böyük müəssisələr belə işlədə bilməz. Onlar yenidən onun evinin enerji təchizatı ayırdılar, 15 günlük uzun mübahisələrdən sonra ona 150 manat pul ödətdirərək enerjisini bərpa etdilər və şərt qoydular ki, hər ayda əlavə 50 manat ödəməlidir. Ona 2017-ci ilin birinci ayından, 9-cu ayınadək hər ay 50 manat işıq pulu ödətdirmişlər. Bu müddət ərzində elektrik şəbəkəsinin işçiləri dəfələrlə onların elektrik xəttini ayırmış və həmin ayırmalar nəticəsində sayğacdan evə elektrik xəttinin getməsi üçün öz şəxsi pulu ilə aldığı elektrik avtomatlarını bir neçə dəfələrlə söküb aparmışlar. O, həmin avtomatların birini 40-50 manat dəyərində almışdır, həmçinin elektrik birləşdirici sıxıcılarını da söküb aparırdılar, həmin sıxıcıların da hər birinin qiyməti 10 manatdır. Bu sıxıcıları da dəfələrlə öz şəxsi pulu ilə mağazadan almışdır. Yazılanlardan da görünür ki, 2014-cü ildən bəri Sabunçu Rayon Elektrik Satışı və Təchizatı İdarəsi tərəfindən ondan məcburi şəkildə istifadə etmədiyi enerjiyə görə artıq pul alınmışdır və ona təxminən 500 manata qədər (elektrik avtomatları, kabel və sıxıcılarına görə) maddi ziyan vurulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, «xxxxxxxx» ASC-nin İddiaçı1 (**********90082 saylı abunə koduna) elektrik enerjisinin sərfiyyatına görə tələb etdiyi 330 manatın silinməsi vəzifəsinin «xxxxxxxx» ASC-yə həvalə edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 adına olan **********90082 nömrəli abunə haqqında məlumatın təhlili zamanı ünvan 2 mənzil 0082 ünvanına xx.xx.2019-cu il tarixdə **********2M1262586 nömrəli PAUD-MP-306(3FAZ) tipli elektrik sayğacının quraşdırıldığı, sayğac quraşdırma tarixinə 359,43 manat borcun olduğu, sayğac quraşdırıldıqdan sonra 681 manat ödəniş aparıldığı və hesablanmış 330 manat borcdan 279 manat məbləğində ödənişin aparıldığı, qalıq borcun 80,43 manat təşkil etdiyi müəyyən edilmişdir (borc elektrik enerjisinin limitdən artıq sərfiyyatı ilə bağlıdır). Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazrıkı iş üzrə qətnamənin iddianın təmin olumuş hissəsində qanuniliyi və əsaslı olması yoxlanılır. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı tərəf mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, İddiaçı1 adına olan **********90082 saylı abunə koduna dair “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş çıxarışlara əsasən, xx.xx.2013-cü il tarixdə, xx.xx.2016-cı il tarixdə və xx.xx.2019-cu il tarixlərdə ünvan 3 mənzil 0082 ünvanında sayğac dəyişdirilmələri həyata keçirilmişdir. İddiaçı1 adına olan **********90082 saylı abunə koduna dair “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin verdiyi çıxarışa əsasən, İddiaçı1 ünvan 4 mənzil 0082 ünvanında elektrik enerjisindən istifadə nəticəsində mütəmadi ödənişlər etmişdir. Lakin İddiaçı1 adına olan **********90082 saylı abunə koduna xx xxxxxxx 2016-cı il tarixə 107,17 manat, xx xxxxxx 2016-cı il tarixə elektrik enerjisindən istifadəyə görə olan borcu 0 manat, xx xxxxxx 2016-cı il tarixə isə 230,86 manat hesablanmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına «Elektroenergetika haqqında» xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsini, «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndini, 17-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6, 8.2, 8.4, 8.16, 8.17, 8.32, 8.33, 9.1 və 9.10-cu bəndlərini tətbiq etməklə tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, «Elektroenergetika haqqında» xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qeyd olunan Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydalann 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.16-cı maddəsinin tələblərinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunan Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularınınn texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə görə istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının mülkiyyətində olan ünvan 1 mənzil 0082 ünvanı üzrə istehlak edilmiş elektrik enerjisi üçün mütəmadi ödənişlər etməsinə baxmayaraq, abonent İddiaçı1 adına olan **********90082 saylı abunə koduna cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iki gün ərzində xx xxxxxx 2016-cı il tarixindən xx xxxxxx 2016-cı il tarixinədək iki gün üçün 230,86 manat borcun hesablanmasının əsaslılığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bundan başqa, İddiaçı1 adına olan **********90082 saylı abunə kodu üzrə 2016-cı ilin aylarına nisbətdə mütəmadi olaraq ödənişlər edilsə də, bir aya görə 107,17 manat məbləğində elektrik enerjisindən istifadəyə görə borc hesablanmamış, lakin xx xxxxxxx 2016-cı il tarixinə 107,17 manat məbləğində borc hesablanmışdır və ümumilikdə tələb olunan borcun yaranma səbəbləri qeyri-müəyyəndir. Qeyd edilənlərə əsasən, 330 manat borcun silinməsinə dair hissədə İddiaçı1 tələbinin təmin edilməsinə dair qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxxxxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1339/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia ərizəsinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar