Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6615/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3629/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhər İcraiyyə Komitəsinin Mənzil-kooperativ təsərrüfat idarəsinin ******* nömrəli hesab üzrə 5 nömrəli qəbzinə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.1991-ci il tarixdə MTK üzvünün 30% həcmində pay ödənişi 8000 rubl ödəniş etmişdir.
2. 198 saylı MTK-nın xx.xx.2006-cı il tarixli 0106-P269-47128 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 4.4-cü bəndinə əsasən müəyyən olunur ki, kooperativin ilkin pay fondu 5500 manat müəyyən edilmişdir və 55 (əlli beş) nəfər payçı (kooperativ üzvü) arasında İddiaçı adı yoxdur..
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 198 saylı MTK tərəfindən iddiaçıya mənzilin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1988-ci il tarixdə kooperativ mənzil alınması üçün cavabdeh 198 saylı MTK-da mənzil növbəsinə durmuşdur. 1990-cı il tarixdə mənzilə görə ilkin ödənişi edərək bundan sonra binanın və mənzilin tikintisini gözləmişdir. Bir qədər keçdikdən sonra binanın tikintisi dayandırılmışdır. Binanın payçıları yığışaraq Bakı şəhər Sovetinə getmişlər. Bakı şəhər Sovetindən onlara bildirilmişdir ki, binanın tikintisi dayandırılmışdır. İddiaçı 1998-ci il tarixdə mənzil növbəsində dayanmaq üçün yenidən sənədlərini təqdim etmişdir, lakin iddiaçıya rədd cavabı gəlmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3629/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim X6).
6. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, 198 saylı MTK-nın xx.xx.2006-cı il tarixli 0106-P269-47128 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 4.4-cü bəndinə əsasən müəyyən olunur ki, kooperativin ilkin pay fondu 5500 manat müəyyən edilmişdir və 55 (əlli beş) nəfər payçı (kooperativ üzvü) arasında İddiaçı adı yoxdur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini iddia tələbinin məzmununa uyğun əsaslandırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi
Maddə 111. Mənzil-tikinti kooperativi üzvlüyünə mənzil-tikinti kooperativinin təşkil edildiyi yaşayış məntəqəsində daimi yaşayan və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan (bu Məcəllənin 29-cu maddəsi ) 18 yaşına çatmış şəxslər qəbul edilə bilərlər. Azərbaycan SSR qanunvericiliyində mənzil-tikinti kooperativi üzvlüyünə qəbulun digər şərtləri və əsasları da nəzərdə tutula bilər. Maddə 112. Mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyəti qaydası SSR İttifaqı qanunvericiliyi, mənzil-tikinti kooperativinin nizamnaməsi və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Mənzil-tikinti kooperativi ona daxil olan şəxslərin ümumi yığıncağında mənzil-tikikti kooperativinin Nümunəvi nizamnaməsinə uyğun olaraq qəbul edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
18. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki 198 saylı MTK-nın xx.xx.2006-cı il tarixli 0106- P269-47128 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 4.4-cü bəndinə əsasən müəyyən olunur ki, kooperativin ilkin pay fondu 5500 manat müəyyən edilmişdir və 55 (əlli beş) nəfər payçı (kooperativ üzvü) arasında İddiaçı adı yoxdur. Eyni zamandan göründüyü kimi, Nizamnamənin qəbul edilməsi də məhz kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Bu baxımdan üzv olmayan şəxs kimi cavabdehin onu hər hansı mənzillə təmin etmək öhdəliyi də olmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, sözügedən mənzilin ödənişi tam yox, qismən həyata keçirilmişdir (30% həddində). Bu baxımdan da cavabdehin üzərinə mənzil verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
19. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3629/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.