Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6615/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılması və mənzilin boşaldılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun özünün, onun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia haqqında məlumat
1. İddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən 224 nömrəli mənzilə dair satıcı olaraq onunla alıcı olaraq cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “İlkin alğı-satqı müqaviləsinə” xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona (iddiaçıya) təhvil verilməsi, onun mənzil üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, cavabdehin mənzildə yaşadığı dövrdə yaranmış 908 manat (sudan istifadəyə görə 831 manat, elektrik enerjisindən istifadəyə görə 77 manat) məbləğində xərcin, mənzilin yerləşdiyi binaya xidmət göstərən "xxxx" MTK-ya binanın saxlanması üçün cavabdehin mənzildə yaşadığı dövrdə görə yaranmış 1.080 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsi, “İlkin müqaviləsinə” xitam verilənə və iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququ (sahiblik və istifadə) bərpa edildiyi günə qədər mənzildən faktiki istifadəyə görə banka yaranmış borc və gecikmə faizlərin, həmçinin iddiaçının kredit tarixçəsinin əhəmiyyətli dərəcədə korlanmasının qarşılığında 50.000 manat məbləğində dəymiş zərərin, həmçinin iddiaçı tərəfindən ödənilmiş 245,96 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrində” verilmiş xx.xx.2018-ci il tarixli “Çıxarışdan” görünür ki, mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi iddiaçının adına qeydiyyata alınmışdır. Mənzil iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 20-İP-AİF- 1-0-302-18 saylı alğı-satqı müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Satıcı olaraq iddiaçı ilə alıcı olaraq cavabdeh arasında xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alğı-satqısına dair “İlkin müqavilə” bağlanmışdır. “İlkin müqaviləyə” əsasən, mənzilin dəyəri 227.819 manat müəyyən edilmişdir. Müqaviləyə əsasən müəyyən edilmişdir ki, “Alıcı” əmlakın dəyərinin 87.000 manatını “Satıcıya” ödəməli və əmlak dəyərinin qalan 140.819 manatını isə "xxxx" ASC-yə ödəniş etməyi öhdəsinə götürür. “Alıcı” ilkin müqavilə üzrə nəzərdə tutulmuş əmlak dəyərinin ödənişini yerinə yetirdikdən sonra əsas alğı-satqı müqaviləsinin bağlanması və “Daşınmaz əmlakın dövlət reyestrində” rəsmi qaydada mənzilin “Alıcının” mülkiyyətinə keçirilməsi üçün “Satıcı” tərəfindən müvafiq sənədlər hazırlanaraq təqdim edilməsi razılaşdırılmışdır. “Satıcı” mənzili “Alıcıya” ilkin alğı-satqı müqaviləsinin imzalanmasından sonra, yəni xx.xx.2020-ci il tarixdən sonra 30 gün müddətində təhvil verməyi öhdəsinə götürür. “Satıcı” daşınmaz əmlakı ilkin müqavilə bağlanandan sonra 30 gün ərzində “Alıcıya” təhvil verməsinə, yəni “Alıcının” sahibliyinə və istifadəsinə verməsinə baxmayaraq, “Alıcı” ilkin müqavilə üzrə əmlak dəyərinin qalan hissəsinin borc məbləğini 140.819 manat hər ay ipoteka məbləği olaraq Banka ödəməsinə baxmayaraq, həmin məbləğin tam şəkildə ödənilməsini təmin etməmişdir. Baxmayaraq ki, “Satıcı” 5 il ərzində alıcını mütəmadi olaraq bununla bağlı xəbərdar etmişdir. “Satıcı” xx.xx.2025-ci il tarixdə rəsmi yazılı xəbərdarlıq məktubu göndərərək “Alıcının” 2025-ci ilin fevral ayının sonunadək öhdəliklərini tam yerinə yetirməsini tələb etmiş, lakin buna baxmayaraq, “Alıcı” hər hansı hüquqi və ya faktiki tədbir görməmiş, öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. Mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, hazırda həmin mənzildə cavabdeh yaşayır. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, mənzil cavabdeh tərəfindən boşaldılaraq mənzil ona (iddiaçıya təhvil) verməli, cavabdehin mənzildə yaşadığı dövrdə yaranmış və iddia ərizəsində qeyd edilən xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, bu yaxınlarda iddiaçının pula ehtiyacı yaranmış və o, bir neçə banka müraciət edərək, ona kredit verilməsini xahiş etmiş, lakin həmin banklar, iddiaçının adına olan kredit üzrə "xxxx" ASC-yə ödənişlərin edilməməsini əsas gətirərək, iddiaçıya kredit verməmişlər. Buna görə də, cavabdehin hərəkəti nəticəsində iddiaçının kredit tarixçəsinin əhəmiyyətli dərəcədə korlanmasının qarşılığında və iddiaçının yaranmış maddi ehtiyaclarının qarşılanması üçün 50.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. b) iş üzrə tərəflərin məhkəmə baxışı iclaslarında iştirakları və iclasda iştirak etmiş şəxslərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar haqqında məlumat
3. İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil məhkəmə baxışı iclaslarında iştirak edərək, iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişlər.
4. Məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını Rayon Məhkəməsində xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazın əsası kimi pulu olmadığı üçün mənzili qeyd edilən şərtlər əsasında iddiaçıdan almasını və 5 il ərzində müəyyən gecikmələr olsa da əmlak dəyərinin qalan hissəsinin borc məbləğini hər ay ipoteka məbləği olaraq "xxxx" ASC-yə ödəməsini, hazırda isə ödənişlərdə heç bir problem olmamasını göstərmişdir. Müqavilədə qeyd edilən şərtlər onu qane etdiyi üçün mənzili bu qaydada satın almışdır. Onun mənzilinin dəyəri qədər pulu olsa idi, pulu dərhal ödəyər və bu problemlər yaranmazdı.
5. Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC məhkəmə baxışı iclaslarının yeri və vaxtı haqqında Rayon Məhkəməsi tərəfindən xəbərdar edilsə də, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair yazılı mülahizəsini Rayon Məhkəməsinə təqdim etməmiş və bunların səbəbi haqqında məlumat verməmişdir. Buna görə də, Rayon Məhkəməsi işə Bankın nümayəndəsinin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 5-ci maddəsinə görə, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Nəzərə alınmalıdır ki, hər bir öhdəlikdə borclu - pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor - borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Rayon Məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ilkin alqı-satqı müqaviləsinə xitam verilməli ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmçinin mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən göründüyü kimi, tərəflər arasında ilkin alğı-satqı müqaviləsi müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı müqavilədə göstərilən mənzilin dəyərinin 87.000 manat pul məbləğini cavabdehdən alaraq mənzilin ona təhvil vermiş, cavabdeh isə müqavilə üzrə öhdəliyi olan əmlak dəyərinin qalan 140.819 manatını isə "xxxx" ASC-yə ödəniş etməyi öhdəsinə götürmüşdür. Beləliklə də, cavabdehin iddiaçı qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlikləri icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə hesab edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Həmçinin, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh xx.xx.2020-ci ildən etibarən daşınmaz əmlakdan faktiki istifadə etməsi iddiaçının razılığı və aralarında bağlanmış xx.xx.2020-ci il tarixdə daşınmaz əmlak ilə bağlı ilkin alqı-satqı müqaviləsinə əsasən baş vermişdir. İddiaçının tələbinin əsas qayəsi ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə öhdəliyi olan əmlak dəyərinin qalan 140.819 manatını isə "xxxx" ASCyə ödəniş etməsinə dair öhdəsinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyi üçün o digər banklardan kredit götürə bilmir. Məhkəmə hesab edir ki, iş materiallarında iddiaçıya həqiqətən də kredit tarixçəsi qənaətbəxş olmaması səbəbindən kredit ayrılması məqsədəuyğun hesab edilməməsini təsdiq edən müxtəlif Bankların məktubları olsa da, bu tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli ilkin Alqı-Satqı müqaviləsinin ləğvi üçün əsas deyildir. Belə ki, cavabdeh əvvəllər ödənişlərdə müəyyən gecikmələrə yol verməsini etiraf etsə də, müəyyən edilmişdir ki, hazırki vaxtda həmin ödənişlərin həyata keçirilməsi davam edir. İddiaçı ilkin müqavilədə əsas müqavilənin bağlanması üçün konkret müddət göstərilməməsinə istinad etsə də, müəyyən edilmişdir ki, iddiaçının "xxxx" ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli, 20-İP-AİF-1-0-302-18 saylı kredit müqaviləsinə əsasən ona 143.200 manat məbləğində 25 il müddətinə 7 faiz dərəcəsi ilə kredit verilmişdir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin 2.2 bəndinə əsasən isə cavabdeh qalan pul məbləğini 140819 manatını "xxxx" ASC-yə ödəniş etməyi öhdəsinə götürür. Başqa sözlə, cavabdeh iddiaçının 25 il müddətinə 7 faiz dərəcəsi ilə götürdüyü kredit borcu ilə bağlı müəyyən qrafik üzrə aybaay ödənişlər etməsini həyata keçirməlidir. Yalnız bundan sonra ilkin müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən mənzilə dair hüquqmüəyyənedici sənədləri hazırladıqdan sonra həmin mənzil girovda qala-qala alğı-satqı müqaviləsinin rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdehin də məhkəmə iclasında verdiyi izahatından görünür ki, məhz bu şərtlər onu qane etdiyi üçün mənzili bu qaydada satın almışdır. Onun mənzilinin dəyəri qədər pulu olsa idi, pulu dərhal ödəyər və bu problemlər yaranmazdı. Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehlə bağladığı müqaviləyə əsasən özünün xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 25 il müddətinə 7 faiz dərəcəsi ilə krediti borcunu ödəməyi iddiaçı ilə razılaşdırdığı və yalnız bu borc cavabdeh tərəfindən tam ödənilmək yolu ilə bağlandıqdan sonra mənzili onun adına keçirməyi şərtləndirdiyi üçün sonuncunun bu ödənişlərlə müəyyən gecikmələr etməsi aralarında bağlanmış xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin xitamı üçün hüquqi əsas yaratmır. Rayon Məhkəmə həmçinin qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin 4.2-ci bəndində tərəflərin üzərində götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyi halda müqavilənin xitam deyil, onun dəyişdirilməsi və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququnun olması şərtləndirilmişdir. Müqavilənin 4.3 bəndində göstərilmişdir ki, tərəflərin üzərində götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etməyin onların iradəsində asılı olmayan səbəblərdən mümkün olmadığı halda “Satıcı” “Alıcıdan” aldıqları vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. Rayon Məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbində bağlanmış ilkin müqavilənin sözügedən bəndi üzrə cavabdehdən aldığı və onun Banka ödədiyi pulların geri qaytarılması barədə heç nə göstərməmiş və araşdırma zamanı cavabdehin üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməməsinin onun iradəsindən asılı olmayan səbəblər üzündən baş verməsi müəyyən edilməmişdir. Əksinə məlum olmuşdur ki, cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi üçün cəhdlər olunur və reallaşdırılır. Belə olan halda iddia tələbinin xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə xitam verilməsi hissəsini əsassız olduğu üçün təmin edilə bilməz. Rayon Məhkəməsi iddianın iddiaçının kredit tarixçəsinin əhəmiyyətli dərəcədə korlanmasının qarşılığında 50.000 manat məbləğində dəymiş zərərin tutulması hissəsi üzrə qeyd etmişdir ki, cavabdehin ödənişlərdə müəyyən gecikmələrə yol verməsi halında iddiaçının kredit tarixçəsinin əhəmiyyətli dərəcədə korlanması halı müəyyən edilsə iddia bu hissədə də təmin edilə bilməz. Belə ki, iddiaçıya kredit tarixçəsi qənaətbəxş olmaması səbəbindən kredit ayrılması məqsədəuyğun hesab edilməməsinə dair müxtəlif banklar imtina etmələri faktı olsa da, iddiaçı həmin banklardan hansı məbləğdə kredit götürməsinə dair sübutlar təqdim etmədiyi, başqa sözlə, iddiaçının kredit tarixçəsinin əhəmiyyətli dərəcədə korlanmasının qarşılığında məhz 50.000 manat məbləğində zərər dəyməsini əsaslandıra bilməmişdir. Rayon Məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Rayon Məhkəməsi digər tələblər olan mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçının daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, cavabdeh tərəfindən daşınmaz əmlakdan istifadə müddətində yaranmış 908 manat məbləğində kommunal haqqı, daşınmaz əmlakdan istifadə müddətində "xxxx" MTK-ya binanın saxlanması üçün yaranmış 1.080 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsi, ilkin alğı-satqı müqaviləsinə xitam verilənə və iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququ (sahiblik və istifadə) bərpa edildiyi günə qədər daşınmaz əmlakdan faktiki istifadəyə görə banka yaranmış borc və gecikmə faizlərin, həmçinin iddiaçı tərəfindən ödənilmiş 245,96 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissələrinin əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. Apellyator – iddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər.
11. İş üzrə Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
13. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2018-ci il tarixli “Çıxarışdan” görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Reyestrdə” iddiaçının adına qeydiyyata alınmışdır.
14. Bakı Şəhəri 23 saylı Notariat Ofisində “Satıcı” olaraq iddiaçı ilə “Alıcı” olaraq cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “İlkin alğı-satqı müqaviləsindən” görünür ki, müqavilənin predmeti olan mənzilin qiyməti 227.819 manatdır. “Alıcı” həmin mənzilin qiymətinin 87.000 manatını “Satıcıya”, qalan 140.819 manatını isə ipoteka saxlayan "xxxx" ASC-yə ödəniş etməyi öhdəsinə götürür. “Satıcı” tərəfindən mənzilə dair hüquqmüəyyənedici sənədləri hazırladıqdan sonra həmin mənzil girovda qala-qala alğısatqı müqaviləsinin rəsmiləşdirməyi öhdəsinə götürür. “Satıcı”, bu müqavilə bağlandığı andan 30 gün müddətində mənzili cavabdehə təhvil verməlidir.
15. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, həmin məktubda iddiaçı cavabdehə bildirmişdir ki, 5 ildən artıq müddət keçməsinə baxmayaraq müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmiş, həmçinin mənzil üzrə ipoteka ödənişlərini dəfələrlə gecikdirməsi onun (iddiaçının) kredit tarixçəsinə mənfi təsir göstərmişdir. Buna görə də, o, cavabdehdən tələb etmişdir ki, cavabdeh, xx.xx.2025-ci il tarixinədək öhdəliyi icra etsin, əks halda o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyətində qalacaq.
16. "xxxx" ASC-nin iddiaçıya ünvanladığı 23.05.025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixli, 20-İP-AİF-1-0-302-18 saylı “Kredit müqaviləsinə” əsasən iddiaçıya 143.200 manat məbləğində 25 il müddətinə illik 7 faiz dərəcəsi ilə kredit verilmişdir. Həmin “Kredit müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixinə üzrə iddiaçının Banka 126.618,39 manat məbləğində borcu yaranmışdır.
17. "xxxx" ASC-nin Sahil filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, onun xx.xx.2025-ci il tarixli kredit müraciətinə əsasən bildirilir ki, kredit tarixçəsi qənaətbəxş olmaması səbəbindən kredit müraciətinə imtina edilmiş və kredit ayrılması məqsədəuyğun hesab edilməmişdir.
18. "xxxx" ASC-nin Azadlıq filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, onun xx.xx.2025 il tarixli kredit ayrılması ilə bağlı müraciətinə əsasən bildirilir ki, kredit tarixçəsi qənaətbəxş olmaması səbəbindən kredit ayrılması məqsədəuyğun hesab edilməmişdir.
19. İpoteka və Zəmanət Fondunun təqdim etdiyi ödənişlərin audit cədvəlində təqdim olunan məlumatlardan aydın olur ki: (1) xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilə qədər, yəni iddiaçının əmlakdan faktiki istifadə dövründə ipoteka müqaviləsinin şərtlərinə uyğun olaraq hər ayın ilk 5 günü ərzində ödənişi tam və səliqəli şəkildə həyata keçirmişdir; (2) xx.xx.2020-ci ildən etibarən, yəni “İlkin alğı-satqı müqaviləsinin” bağlandığı gündən sonrakı dövr ərzində 2020-ci ildə sıra nömrəsi 3-cü və 4-cü bəndlərdə ödənişlər arasında gün fərqi bir ay – 30 gün təşkil etməli olduğu halda, 227 gün, sıra nömrəsi 12 və 13-cü bəndlərdə gün fərqi 42 gün olmuşdur; (3) 2020-ci ilin son ödəniş tarixi xx.xx.2020-ci il tarixdə, 2021-ci ilin ilk ödənişi isə xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Bu isə 82 gün fərq deməkdir; (4) 2021 və 2022-ci ilin audit cədvəlinə diqqət yetirilsə, hər ayın 5-nə qədər ödənilməli olan ödənişlərin hansı tezliklə və davamlılıqla gecikdirildiyini müəyyən edilir; (5) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə audit cədvəlində heç bir ödəniş qeydiyyata alınmamışdır. Bu isə bir fərq və ödəniş gecikməsi deməkdir; (6) Həmçinin, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər də heç bir ödəniş qeydiyyatı olmayıb; (7) Mütəmadi gecikmələr 2024-cü ildə də davam edib və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər yenə ödəniş qeydiyyatı olmayıb; (8) Həmçinin, xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər heç bir ödəniş qeydiyyatı olmayıb. (9) 2025-ci ildə də hər ayın 5-nə qədər ödənilməli olan aylıq ödəniş heç bir halda ayın 5-nə qədər ödənilməyib.
20. İpoteka və Zəmanət Fondunun iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının Fonda ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətinə baxılmış və bildirilir ki, ona "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixli, 20-İP- AİF-1-0-302-18 saylı kredit müqaviləsinə əsasən 143.200 manat məbləğində, illik 7 faiz dərəcəsi ilə 300 ay müddətinə adi ipoteka krediti verilmiş və xx.xx.2024-cü il tarixdə Fond tərəfindən yenidən maliyyələşdirilmişdir. Nəzərinizə çatdırılmışdır ki, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 6.1.1-ci bəndinə əsasən borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə, Fond müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edə bilər. Qeyd olunan ipoteka krediti üzrə əsas və faiz borcunun icrasında baş vermiş gecikmələr səbəbindən, Fond tərəfindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli 13-3/2-5091/2024 saylı bildiriş ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, hazırda sistemdə ona verilmiş kredit üzrə əsas və faiz borcu 2005.64 manat olmaqla gecikdirilmiş borc öhdəliyi mövcuddur. Əlavə olaraq bildiririk ki, kredit öhdəliyi ilə bağlı məlumatları “Elektron ipoteka və kredit zəmanəti” sistemində mövcud olan şəxsi kabinetindən də əldə edə bilər.
21. Həmin Fond tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubdan görünür ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə əsas və faiz borcu ödənişləri aylıq annuitet şəklində həyata keçirilməlidir. Lakin son aylar ərzində aşağıda qeyd olunan ipoteka krediti üzrə ödənişlər borcalan tərəfindən vaxtında həyata keçirilməmişdir. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 6.1.1-ci bəndinə əsasən borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə, Fond müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edə bilər. Qeyd olunanları nəzərə alaraq, aşağıda göstərilən ipoteka krediti üzrə tələb hüquqlarının geri alınmasını və ödəniş gününə hesablanacaq faizlərin 5 iş günü ərzində Fondun hesabına köçürülməsini təmin etmələri xahiş olunur: borcalan (iddiaçı) İddiaçı; kredit üzrə əsas borc qalığı 128.879,59 manat təşkil edir.
22. Göstərilənlərə əsasən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, “Satıcı” olaraq iddiaçı ilə “Alıcı” olaraq cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və 23 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeyd alınmış “İlkin alğısatqı müqaviləsinə” əsasən, müqavilə tərəfləri razılığa gəlmişlər ki, “Satıcının” mülkiyyətində olan iddia ərizəsində qeyd edilən ünvanda yerləşən mənzili qiyməti 227.819 manatdır. “Alıcı” həmin mənzilin qiymətinin 87.000 manatını “Satıcıya”, qalan 140.819 manatını isə ipoteka saxlayan "xxxx" ASC-yə ödəniş etməyi öhdəsinə götürür. “Satıcı” tərəfindən mənzilə dair hüquqmüəyyənedici sənədləri hazırladıqdan sonra həmin mənzil girovda qala-qala alğı-satqı müqaviləsinin rəsmiləşdirməyi öhdəsinə götürür. “Satıcı”, bu müqavilə bağlandığı andan 30 gün müddətində mənzili cavabdehə təhvil verməlidir.
23. İddiaçı bildirir ki, “Alıcı” olan cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetriməmişdir.
24. Cavabdeh isə bildirir ki, o, 5 il ərzində müəyyən gecikmələr olsa da əmlak dəyərinin qalan hissəsinin borc məbləğini hər ay ipoteka məbləği olaraq "xxxx" ASC-yə ödəməmişdir və hazırda ödənişlərdə heç bir problem yoxdur.
25. İddiaçı isə həmçinin bildirir ki, ödənişlərin cavabdeh tərəfindən gecikdiriləməsi cavabdehin özü tərəfindən etiraf edilir, həm də, İpoteka və Zəmanət Fondu, habelə müxtəlif Banklar tərəfindən verilmiş məktublar ilə təsdiq edilir. Buna görə də müqaviləyə xitam verilməlidir.
26. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Rayon Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə əsassızdır. Çünki Rayon Məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış “İlkin alğısatqı müqaviləsinə” xitam verilməsi üçün əsasların olub-olmamasını araşdırmalıdır.
27. Həmin müqavilədə nəzərdə tutulmuş ödənişlərin cavabdeh tərəfindən gecikdiriləməsi cavabdehin özü tərəfindən etiraf edilir, həm də, İpoteka və Zəmanət Fondu, habelə müxtəlif Banklar tərəfindən verilmiş məktublar ilə təsdiq edilir. Göründüyü kimi cavabdeh həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Belə olan halda, cavabdeh, üzərinə götürdüyü öhdəliyin pozulmasına görə mülki məsuliyyət daşımalıdır. Çünki Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.)
28. Lakin buna baxmayaraq Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış həmin “İlkin müqaviləyə” məhkəmə qaydasında xitam verilə bilməz. Çünki həmin müqavilədən görünür ki, müqavilədə tərəflərin əsas müqavilənin bağlanmasının müddəti müəyyənləşdirilməyib.
29. Mülki Məcəllənin tələblərinə görə isə, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (maddə 402.1.). İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (maddə 402.2.). İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir (maddə 402.3.). İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır (maddə 402.4.). Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir (maddə 402.5.).
30. Qeyd edilən maddi hüquq normalarının tələblərindən iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “İlkin müqavilədə” əsas müqavilənin bağlanmasının müddətinin göstərilməməsinə yanaşdıqda müəyyən edilir ki, həmin müqavilə 1 il müddətinə bağlanmış müqavilə hesab edilir və onların arasında əsas müqavilə bağlanmadığı üçün müqaviləyə xx.xx.2021-ci il tarixdə artıq xitam verilmişdir.
31. Odur ki, gösətərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin “iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin alğı-satqı müqaviləsinə xitam verilməsi haqqında” tələbin əsassız olmasına görə rədd edilməsi barədə hissəsi ləğv edilməli, lakin həmin tələbin yuxarıda qeyd edilən əsasla təmin edilməməsi haqqında iş üzrə yeni qətnamə qəbul edilməlidir.
32. Belə olan halda müəyyən edilir ki, cavabdehin həmin mənzildə yaşamasının və mənzildən istifadə etməsinin hüququ əsası yoxdur, çünki onunla iddiaçı arasında bağlanmış ilkin müqavilə artıq mövcud deyil. Buna görə də, iddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını, mənzilin boşaldılaraq ona (iddiaçıya) təhvil verilməsini tələb etməkdə haqlıdır. Çünki Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).
33. Odur ki, gösətərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin “cavabdehin mübahisəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında” tələbin əsassız olmasına görə rədd edilməsi barədə hissəsi ləğv edilməli və qeyd edilən bu tələbin təmin edilməsi haqqında iş üzrə yeni qətnamə qəbul edilməlidir.
34. İddiaçının cavabdehə qarşı irəli sürdüyü daha bir tələb “onun (iddiaçının) mənzil üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə” tələbdir.
35. Rayon Məhkəməsi yuxarıda qeyd edilən “cavabdehin mübahisəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında” tələblərin əsassız olmasına söykənərək bu tələbi də, eyni əsasla rədd etmişdir.
36. Məhkəmə isə hesab edir ki, Rayon Məhkəməsinin bu yanaşması səhv olduğundan qətnamə bu tələbin rədd edilməsi hissəsində ləğv edilməli, lakin bu tələbin başqa əsas təmin edilməməsi haqqında iş üzrə yeni qətnamə qəbul edilməlidir. Çünki Məhkəmənin yuxarıda qeyd edilən mövqeyi ondan ibarətdir ki, cavabdehin mübahisəli mənzildən çıxarılmalı və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bu isə özü özlüyündə o deməkdir ki, iddiaçının mənzil üzərində sahiblik və istifadə hüququnun bərpa edilir. Belə olan halda bu tələblərin ayrıca olaraq təmin edilməsi üçün əsas qalmır.
37. İddiaçı tərəfindən təqdim edilmiş “Ödəniş qəbzlərindən” görünür ki, iddiaçı, cavabdehin mübahisəli mənzildə yaşadığı dövrə mənzildə istifadə edilmiş suya görə yaranmış 831 manat məbləğində borcu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3, mənzildə istifadə edilmiş elektrik enerjisindən istifadəyə görə yaranmış 77 manat məbləğində borcu "xxxx" ASC-yə ödəmişdir.
38. Göründüyü kimi, cavabdeh, mübahisəli mənzildə yaşadığı dövrdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ və "xxxx" ASC tərəfindən ona göstərilmiş xidmətlərdən istifadə etsə də, həmin xidmətlərin əvəzini ödəməmiş, onun həmin qurumlar qarısında icra edilməmiş öhdəli iddiaçı tərəfindən icra edilmişdir.
39. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir (maddə 431.1.). Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir (maddə 432.3.).
40. Odur ki, gösətərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının müzakirə edilən bu tələbi əsaslıdır. Buna görə də, Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməsinin bu tələbin rədd edilməsi barədə hissəsi ləğv edilməli və qeyd edilən bu tələbin təmin edilməsi haqqında iş üzrə yeni qətnamə qəbul edilməlidir.
41. İddiaçın başqa bir tələbi “mübahisəli mənzilin yerləşdiyi binaya xidmət göstərən "xxxx" MTK-ya binanın saxlanması üçün cavabdehin mənzildə yaşadığı dövrdə görə yaranmış 1.080 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsi barədə” tələbdir.
42. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir bu tələb yuxarıda qeyd edilən və onun tərəfindən rədd edilmiş tələblərdən törəmə tələbidir. Belə olan halda tərəmə tələb də təmin edilməməlidir.
43. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməsinin bu tələbin rədd edilməsi barədə hissəsi ləğv edilməli və qeyd edilən bu tələbin başqa əsasla təmin edilməsi haqqında iş üzrə yeni qətnamə qəbul edilməlidir. Çünki işin hallarında görünür ki, mübahisəli mənzilin yerləşdiyi binaya kommunal xidmət "xxxx" MTK tərəfindən göstərilir və iddiaçı cavabdehin əvəzində həmin xədmətlə bağlı borcu MTK-ya ödəməmişdir. Belə olan halda qəbul edilməlidir ki, iddiaçının həmin borcun ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil.
44. İddiaçının daha bir tələbi “cavabdehin etdiyi hərəkətlərə görə onun (iddiaçının) kredit tarixçəsinin əhəmiyyətli dərəcədə korlanmasının qarşılığında 50.000 manat məbləğində dəymiş zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə” tələbdir.
45. İddiaçı bu tələbi onunla əsaslandırmışdır ki, bu yaxınlarda onun pula ehtiyacı yaranmış və o, bir neçə banka müraciət edərək, ona kredit verilməsini xahiş etmiş, lakin həmin banklar, onun adına olan kredit üzrə "xxxx" ASC-yə ödənişlərin edilməməsini əsas gətirərək, ona kredit verməmişlər. Buna görə də, cavabdehin hərəkəti nəticəsində onun kredit tarixçəsinin əhəmiyyətli dərəcədə korlanmasının qarşılığında və onun yaranmış maddi ehtiyaclarının qarşılanması üçün 50.000 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır.
46. Bu tələbi təmin etməmiş Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin ödənişlərdə müəyyən gecikmələrə yol verməsi halında iddiaçının kredit tarixçəsinin əhəmiyyətli dərəcədə korlanması halı müəyyən edilsə iddia bu hissədə də təmin edilə bilməz. Çünki iddiaçıya kredit tarixçəsi qənaətbəxş olmaması səbəbindən kredit ayrılması məqsədəuyğun hesab edilməməsinə dair müxtəlif banklar imtina etmələri faktı olsa da, iddiaçı həmin banklardan hansı məbləğdə kredit götürməsinə dair sübutlar təqdim etmədiyi, başqa sözlə, iddiaçının kredit tarixçəsinin əhəmiyyətli dərəcədə korlanmasının qarşılığında məhz 50.000 manat məbləğində zərər dəyməsini əsaslandıra bilməmişdir.
47. Məhkəmə, Rayon Məhkəməsinin bu kimi mövqeyin əsaslandırılması ilə razılaşmır. Çünki cavabdehin ödənişlərdə müəyyən gecikmələrə yol verməsi halında iddiaçının kredit tarixçəsinin əhəmiyyətli dərəcədə korlanması işin mübahisəsiz halıdır. Lakin iddiaçı bu kimi hala görə cavabdehdən onun xeyrinə “maddi zərərin” əvəzinin tutulması ilə bağlı deyil, vurulmuş “mənəvi zərərin” əvəzinin tutulması ilə bağlı iddia irəli sürməli idi.
48. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməsinin bu tələbin rədd edilməsi barədə hissəsi ləğv edilməli və qeyd edilən bu tələbin başqa, yəni yuxarıda qeyd edilən əsasla təmin edilməsi haqqında iş üzrə yeni qətnamə qəbul edilməlidir. g) apellyasiya baxışının nəticəsi
49. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh tərəfindən mənzildən istifadəyə görə yaranmış 908 manat məbləğində kommunal haqqı və iddiaçı tərəfindən ödənilmiş 245,96 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə tərəflər hazırki qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər.