Məhkəmə qərarları › İş №2(103)-6617/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6617/2023

23.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6617/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6187/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsi (hazırkı X3 qəsəbəsi), Cəfər Cabbarlı küçəsi, ev 7B ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum X2 ilə X1 arasında evdəyişmə müqaviləsinin bağlanması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6187/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, ərizəçiyə hazırki, tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndində göstərilmişdir ki, .... məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. 01 sentyabr 2000-ci il tarixdən qüvvədən olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Eyni zamanda, 01 mart 1965-ci il tarixdə qüvvəyə minmiş əvvəlki Mülki Məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Həmin Məcəllənin 244-cü maddəsinə görə, dəyişmə müqaviləsinə, alğı-satqı müqaviləsinə dair müvafiq qaydalar tətbiq edilir. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları o zaman müəyyən edə bilər ki, həmin faktların qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmasın. Lakin, mülki qanunvericilikdə dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi nəzərdə tutulduğundan, ərizəçinin xahişinə əsasən daşınmaz əmlaka dair evdəyişdirmə müqaviləsinin bağlanmasının hüquqi əhəmiyyəti olan fakt kimi tanınması yolverilməzdir. Qərardaddan Ərizəçi (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə göstərilib ki, məhkəmə ev dəyişdirmə müqaviləsinin bağlanması faktının müəyyən edilməsi barədə ərizəni icraata qəbul etməkdən imtina edərkən ərizəçinin qeyd edilən faktın müəyyən edilməsi barədə dəlillərinin heç birinə münasibət bildirməmişdir. Belə ki, ərizədə belə bir dəlillər irəli sürülmüşdür ki, dəyişdirmə müqaviləsini tərəflər qismən icra etmiş, yalnız əqdi formal şəkildə rəsmiləşdirməmişlər, əqd imzalanmasa da, tərəflərin vicdanlılığı və sonrakı davranışları əqdin bağlanması barədə iradə ifadəsinin olması barədə nəticəyə gəlməyə əsas verir. Eyni zamanda, hazırda hüquq haqqında mübahisə yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6187/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi həm ərizəni geri qaytararkən, həm də şikayətə baxarkən qəbul etdiyi qərardadlarda ərizəçiyə hazırki ərizəyə xüsusi icraat qaydasında baxılmasının yolverilməzliyinin səbəbini qanunvericiliyə istinad etməklə tam, hərtərəfli və aydın şəkildə izah etmişdir. Lakin ərizəçi bununla razılaşmır və ərizəsinə məhz xüsusi icraat qaydasında baxılmasını israr edir. Əlbətdə ki, həm qanunvericiliyin tələbi, həm də Ali Məhkəmənin Plenumunun sözügedən qərarında formalaşan hüquqi mövqe imkan vermir ki, hazırki ərizəyə məhz xüsusi icraat qaydasında baxılsın. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6187/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6187/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar