Məhkəmə qərarları › İş №2(103)-6618/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6618/2025

15.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6618/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilə köçürülmə və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli e-2(001) 7274/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mənzilə köçürülmə və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni iddiaçı X2 Abşeron Rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən hazırda Cavabdeh MTK-ya məxsus olan çox mərtəbəli binanın A bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 46 kv.m olan, 1 otaqlı, 65 saylı mənzilə köçürülməsi və Cavabdeh MTK-nın ona, yəni iddiaçı X3 Abşeron Rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən hazırda Cavabdeh MTK-ya məxsus olan çox mərtəbəli binanın A bloku, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 46 kv.m olan, 1 otaqlı, 65 saylı mənzilə köçürülməsinə yaratmış olduğu maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli e-2(001) 7274/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “mənzilə köçürülmə və sair” tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin icraata götürülməklə Binəqədi Rayon Məhkəməsində ərazi aidiyyatı üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsində qeyd olunanlara əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yer üzrə verilir. Məhkəməyə təqdim olunan iddia ərizəsinə əlavə olunan vergi idarəsi tərəfindən təqdim olunan arayışdan göründüyü kimi Cavabdeh MTKnın hüquqi ünvanı AZ1117, ünvan 2dia tələbinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi qanuni və əsaslıdır. Cavabdehin yaşayış yeri bəlli olmadığı halda bu zaman şikayət onun əmlakının yerləşdiyi əraziyə və ya tikilinin olduğu yerin məhkəməsinə verilə bilərdi. O, hesab edir ki, tərəfindən aidiyyat qaydası pozulmamış və bu əsasla qərardad ləğv olunmalı və iddia ərizəsi icraata götürülməklə iddia tələbinə baxılması qanuna uyğundur. Məhkəmə öz qərardadında mülki prosessual qanunvericiliyin 37-ci maddəsinə istinad etmiş, amma həmin normanın mətnində şikayətçi anlayışından söhbət gedir və bu hüquqi faktın müəyyən olunması ilə bağlı iddialara şamil olunan haldır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli e-2(001) 7274/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası şikayətinin dəlillərini araşdırıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələbində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən və hazırda Cavabdeh MTK-ya məxsus olan çoxmərtəbəli binanın A blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 46 kv.m olan bir otaqlı, 65 saylı mənzilə köçürülməsi, onun həmin mənzilə köçürülməsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbinin əsası kimi mübahisəli mənzilin dəyəri tam olaraq ödənilməsinə, eləcə də mənzilin ona təhvil verilməsi barədə qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli məhkəmə aktına istinad etmişdir. Göründüyü kimi iddiaçının tələbinin əsası iddiaçıya təhvil verilməli olan mənzilə köçürülməsi və yaradılmış maneələrin aradan qaldırılması təşkil edir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iddia MPM-nin 39-cu maddəsinin tələbinə uyğun olaraq müstəsna aidiyyatın təsiri altına düşmüşdür. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarında bu maddəyə aşağıdakı kimi şərh verilmişdir:”...Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Həmin qərardada həmçinin göstərilmişdir ki, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı hazırki tələbində iddia edir ki, mübahisəli mənzilə dair tam ödəniş tərəfindən həyata keçirildiyindən və həmin mənzil məhkəmə aktına əsasən ona təhvil verildiyindən, iddiaçı, həmin mənzilə köçürülməklə, yaradılmış maneələr aradan qaldırılmalıdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə istinad etməklə hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, ki, birinci instansiya məhkəməsi ərazi aidiyyəti ilə bağlı qanun normasını düzgün tətbiq və təfsir etmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarına əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması,daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən gəlməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) üzrə mübahisələrə müstəsna aidiyyət qaydası tətbiq edilir ki, hal-hazırki iddia tələblərinə də hər bir halda müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın olduğu yer üzrə Abşeron rayonunda baxılmalı olmasına birinci instansiya məhkəməsi düzgün qiymət vermişdir. Bununla yanaşı Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şikayətində birinci instansiya məhkəməsinin MPM-in 37-ci maddəsinə istinad etməsini bildirsə də, iş materiallarından görünür ki, birinci instansiya məhhkəməsi tərəfindən həmin maddəyə istinad edilməmişdir. Digər tərəfdən iddiaçı şikayətində iddia ərizəsinin cavabdehin, yəni hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməsini bildirsə də, birinci instansiya məhkəməsi iddia ərizəsini həmin əsasla deyil, hazırki iddianın MPM-nin 39-cu maddəsinin tələbinə uyğun olaraq müstəsna aidiyyatın təsiri altına düşməsi əsası ilə geri qaytarmışdır. Çünki Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə qarşı iddia, bir qayda olaraq, həmin hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilməlidir. Lakin qanunla başqa hal nəzərdə tutulmuşdursa, məsələn, Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilən müstəsna aidiyyat halları mövcuddursa, iddia yalnız həmin maddədə göstərilən məhkəməyə verilə bilər və bu halda ümumi aidiyyat qaydası tətbiq edilmir. Birinci instansiya məhkəməsi iddianı məhz müstəsna aidiyyat qaydasına görə geri qaytarmışdır ki, bu da qanuna uyğundur və iddiaçının yalnız hüquqi şəxsin ünvanına istinad etməsi əsassızdır, çünki müstəsna aidiyyat hallarında ümumi qayda tətbiq edilmir. Bu, yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin şərhində də təsdiq olunur ki, ərazi aidiyyəti üzrə ümumi qayda yalnız qanunla başqa hal nəzərdə tutulmadıqda tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılarkən, mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Şikayətin dəlilləri isə qərardadın ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli e-2(001)-7274/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli e-2(001)- 7274/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar