Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6619/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, Cavabeh Cavabdeh iştirakları ilə, İddiaçı cavabeh Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3312/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, İddiaçı məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhər X6 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1963-cü ildə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndiriməsinə aid” Texniki Pasporta əsasən mərhum X3na məxsus olmuşdur.
2. İddiaçı həmçinin qeyd etmişdir ki, o, mübahisəli fərdi yaşayış evinə təmir işlərinə başlamaq niyyəti ilə gəlmiş, orada olarkən məhz razılıq əsasında onun payına düşən hissədə təmir işlərinin aparıldığını görmüş, bununla maraqlandıqda Elşad Hüseynov adlı şəxsin həmin yaşayış hissəsinin hansısa formada bu iş üzrə Cavabdeh istifadəsinə verdiyi məlum olmuşdur O, bu barədə ərazi üzrə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə bildirdikdə, bu mülki məsələdir və məhkəməyə müraciət etməklə mübahisəni həll edə biləcəyini bildirmiş, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabeh Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh zəbt etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhər X6 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1963-cü ildə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndiriməsinə aid” Texniki Pasporta əsasən mərhum X3na məxsus olmuşdur. O, həmin fərdi yaşayış evində doğulmuş, həm valideynlərilə birlikdə, həm də atası vəfat etdikdən sonra orada qeydiyyatda olmaqla yaşamışdır. X3 xx.xx.1975-ci ildə, anası X2 isə xx.xx.1988-ci ildə vəfat etmişdir. Valideynlərinin vəfatından sonra o, hal-hazırda qeydiyyatda olduğu mənzilə köçərək orada yaşamağa başlamış və vaxtaşırı miras əmlak olan mübahisəli fərdi yaşayış evinə gedib-gəlmişdir. Bir müddət sonra ümumi razılıq əsasında atasından qalan fərdi yaşayış evi onlar vərəsələr arasında şərti olaraq bölünmüş və kimin həmin fərdi yaşayış evinin hansı hissəsindən istifadə etməsi müəyyən edilmişdir. O, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi 25b ünvanında yerləşən fərdi yaşayış evinə təmir işlərinə başlamaq niyyəti ilə gəlmişdir. Orada olarkən məhz razılıq əsasında onun payına düşən hissədə təmir işlərinin aparıldığını görmüşdür. Bununla maraqlandıqda Elşad Hüseynov adlı şəxsin həmin yaşayış hissəsinin hansısa formada bu iş üzrə Cavabdeh istifadəsinə verdiyi məlum olmuşdur. Cavabdehlə yaranmış vəziyyəti aydınlaşdırmaq istədikdə o, ona yaxın gəlməyin, o, sizə heç bir izahat verən deyilən deyərək mübahisəyə aydınlıq gətirməkdən imtina etmişdir. O, bu barədə ərazi üzrə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə bildirdikdə, bu mülki məsələdir və məhkəməyə müraciət etməklə mübahisəni həll edə biləcəyini bildirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli fərdi yaşayış evi təqribən 120 il əvvəl inşa olunmuş, həmin fərdi yaşayış evində onun babası, sonradan isə valideynləri yaşamış, ötən əsrin 60-cı illərində bu tip fərdi yaşayış evlərinin sənədləşdirilməsinə başlanmış və göstərilən evə dair “şəxsi mülkiyyət hüququ” ilə 1963-cü ildə mərhum atası-Qulam Şirməmməd oğlunun adına “Texniki Pasport” tərtib edilmişdir. O, ötən il qeyd edilən fərdi yaşayış evinə dair vərəsəliklə bağlı notariat kontoruna müraciət etmiş və vərəsəlik işi açılaraq, notariat kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinə “miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış” verilməsi ilə bağlı məktub ünvanlanmışdır. Cavabdeh ona aid yaşayış sahəsini zəbt etməsi onun hüqularını pozmuşdur. Bunun nəticəsində o, həmin yaşayış sahəsində yaşamaq, orada təmir işləri aparmaq, yaşayəş sahəsi il bağlı bu və ya digər formada cərəncam vermək hüququndan məhrum olmuşam.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-3312/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli), İddiaçı cavabeh Cavabdeh qarşı “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilə və onun yerləşdiyi torpaq sahəsin mülkiyyət hüququnu təsdiq edəcək hər hansı bir sənədi yoxdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, nə qədər ki, iddiaçının mübahisəli evə dair hüquqmüəyyən edici sənədi olmadığından onun, həmin ev ilə bağlı qaldırmış olduğu iddia tələbi iddiaçının subyektiv hüququ olmaması əsası ilə rədd edilməlidir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 139.1, 139.3, 146.1, 146.2, 152.1, 157.1, 157.2 və 157.4cü maddələrinə, Mənzil Məcəllənin (bundan sonra - MM) 30.4-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
10. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişlər.
11. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, onun müəyyən müddət mübahisəli evdə yaşamamağından istifadə edən dələduzlar həmin yaşayış sahəsini hazırkı iş üzrə cavabdehə satmışlar. Bununla onun yaşayış sahəsi ilə bağlı hüquqları məhdudlaşmışdır. Lakin işə baxan məhkəmə fərdi yaşayış evinin 1900-cü ilin tikilisi olmasına, həmin fərdi yaşayış evi barədə “Texniki Pasport”un olmasına, kənar, ailələri ilə bağlılığı olmayan kənar bir şəxsin dələduzluqla həmin yaşayış sahəsini ələ keçirməyə çalışmasına hüquqi qiymət verməmiş, sadəcə olaraq cavabdehin orada yaşamadığı barədə söylədikləri əsasında vermiş olduğum iddianı təmin etməmişdir. Cavabdehin qeyd edilən fərdi yaşayış evinə dələləduzluq yolu ilə girməsi onun həmin əmlakdan sərbəst surətdə istifadə etməyinə, orada müəyyən təmir işləri aparmağına maneçilik yaradır. Məhkəmə ümumiyyətlə əlavə araşdırma aparmağa lüzum bilməyərək, sadəcə olaraq cavabdehin “mən hal-hazırda orada yaşamıram” fikrinə istinad etmişdir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
13. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
19. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
20. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
21. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Birinci instansiya məhkəməsi İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edəcək hər hansı bir sənədinin olmamasını nəzərə alıb hesab etmişdir ki, nə qədər ki, iddiaçının mübahisəli evə dair hüquqmüəyyən edici sənədi olmadığından onun, həmin ev ilə bağlı qaldırmış olduğu iddia tələbi iddiaçının subyektiv hüququ olmaması əsası ilə rədd edilməlidir.
36. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanuni və əsaslıdır. Belə ki, iddiaçının mübahisəli evin üzərində mülkiyyət hüququ mövcud deyildir və bu səbəbdən də onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
37. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. Məhkəmə kollegiyası, qeyd edir ki, yuxarıda göstərilən qanunvericiliyin müddəalarının mənasından görünür ki, mülkiyyət hüququ təbiət etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
39. Birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş İddiaçı apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə fərdi yaşayış evinin 1900-cü ilin tikilisi olmasına, həmin fərdi yaşayış evi barədə “Texniki Pasport”un olmasına, kənar, ailələri ilə bağlılığı olmayan kənar bir şəxsin dələduzluqla həmin yaşayış sahəsini ələ keçirməyə çalışmasına hüquqi qiymət verməmiş, onun müəyyən müddət mübahisəli evdə yaşamamağından istifadə edən dələduzlar həmin yaşayış sahəsini hazırkı iş üzrə cavabdehə satmışlar. Bununla onun yaşayış sahəsi ilə bağlı hüquqları məhdudlaşmışdır. Məhkəmə ümumiyyətlə əlavə araşdırma aparmağa lüzum bilməyərək, sadəcə olaraq cavabdehin “mən hal-hazırda orada yaşamıram” fikrinə istinad etmişdir.
40. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Belə ki, İddiaçı tərəfindən apelyasiya şikayətində göstərilənləri təsdiq edən hər-hansı bir mötəbər sübutlar, yəni ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edəcək hər hansı bir sənədinin olmaması ya birinci instansiya məhkəməsinə, yada ki, apelyasiya məhkəməsinə təqdim olunmamışdır.
41. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir.
42. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir.
44. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
45. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
46. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçıtərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3312/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.