Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6620/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)-1583/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə (bundan sonra, cavabdeh) qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Yasamal Bələdiyyəsində İcra Aparatı Vergi ödənişlər şöbəsinə müdür müavini vəzifəsinə bərpa edilməsi, 2020-ci ilin sentyabr ayından, 2021-ci ilin yanvar ayınadək (iddia verilən günədək) alınmamış 2970 manat əmək haqqının kompensasiyası və ödənilən 20 manat dövlət rüsumunun, ümumilikdə 2990 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması, 2021-ci ilin yanvar ayından (iddia verilən gündən) məhkəmə qətnaməsi qəbul edilən günə qədər hər aya 550 manat hesablanmaqla əldən çıxmış faydanın, o cümlədən İşçiyə qanunla nəzərdə tutulmuş qaydada ödəniləcək bayram pullarının da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Yasamal Bələdiyyəsində 01.12.2018-ci il tarixdən Vergi və Ödənişlər Şöbəsində baş mütəxəssis vəzifəsində, 23.11.2019-cu il tarixdən isə Yasamal rayon Bələdiyyəsində İcra Aparatı Vergi və ödənişlər şöbəsində müdir müavini vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində nizam-intizamlı, məsuliyyətli olmuş, işində heç bir nöqsana yol verməmiş, iş kollektivi ilə mehriban münasibətdə olmuş, rəhbərliyin verdiyi tapşırıqları vaxtında və operativ icra etmiş, bu günə qədər barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Buna baxmayaraq saxtakarlıq və aldatma yolu ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Belə ki, Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 sədr seçildikdən sonra onu otağına dəvət edərək, tarixsiz və imzasız «səhhəti ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilmə» ərizəsini yazmasını tələb etmiş, əks təqdirdə problem yaşayacağını bildirmişdir. Yeni rəhbərliklə problemin olmasından ehtiyat etdiyi üçün o, 2020-ci ilin yanvar ayında həmin tarixsiz və imzasız ərizəni yazıb ona vermişdir. 2020-ci ilin avqust ayının əvvəlində sədrin ona verdiyi tapşırığın icrasını tabeçiliyində olan Yasamal Bələdiyyəsində böyük mütəxəssis vəzifəsində işləyən X6 tapşırmış və 18 avqust 2020-ci il tarixdə tapşırığı qəsdən icra etmədiyinə görə X10 ilə söz mübahisələri yaranmışdır. Həmin gün, yəni 18 avqust 2020-ci il tarixdə Yasamal Bələdiyyəsinin sədr müavini Emin Muxtarov onun iş otağına gələrək yanvar ayında ona yazdırılan tarixsiz və imzasız ərizəyə imza atmasını tələb etmişdir. İddiaçı ona öz etirazını bildirmiş və imza atmaqdan imtina etmiş, lakin yoldaşlıq münasibətində olduğu və inandığı «Vergi ödənişlər» şöbəsinin müdiri ona yaxınlaşaraq bir dost kimi onun xatirinə imza atmasını xahiş etmiş, bu səbəbdən də məcburi yazdırılan tarixsiz və imzasız ərizəyə tarix qoymuş və imza etmişdir. 18.08.2020-ci ilin iş gününün sonunda sədr müavini Emin Muxtarov yenidən ona yaxınlaşaraq demişdir ki, sədrin göstərişidir və yaranmış daxili vəziyyətlə əlaqədar müvəqqəti işə gəlməsin. O, mübahisə yaranmaması səbəbindən və rəhbərliklə münasibətinin pozulmaması məqsədi ilə razılaşmış, işə çıxmamışdır. Nəhayət əmək haqqının kəsilməsindən və ona verilən yalan vədlərdən şübhələnmiş, rəsmi olaraq 30.09.2020-ci il tarixdə Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 ərizə ilə müraciət edərək, onun işə qayıtmağında qanunsuz və əsassız məhdudiyyətlərə son qoyaraq, yenidən işə başlamasının təmin edilməsini və həmin günə qədər almadığı əmək haqqının da ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Təqdim etdiyi 30.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq ona 06 oktyabr 2020-ci il tarixli cavab məktubu göndərilmiş, məktubda qeyd edilmişdir ki, o, tutduğu vəzifədən azad edilmiş və onun əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilsə də ona əmək müqaviləsi verilməmiş, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr verilməmiş, əmək kitabçası verilməmişdir. Bu səbəbdən də pozulmuş əmək hüququnun bərpası məqsədi ilə məhkəməyə müraciət etmək üçün 22.10.2020-ci il tarixli şikayət ərizəsi ilə X7 rəsmi ərizə ilə müraciət etmiş, araşdırılma aparılmış və Yasamal rayon Bələdiyyəsinin rəhbərliyinin qanun pozuntusu aşkar edilmişdir. Yasamal Bələdiyyə rəhbərliyinə İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda qeyd edilənlər tam olaraq sübuta yetirir ki, aldatma yolu ilə o, işdən azad edilmişdir və saxtakarlıq yolu ilə əmək müqaviləsinə xitam verilmişdir. Aldadılaraq iki ay onu işə buraxmamaq səbəbi isə, sonradan məlum olmuşdur ki, ərizənin geri götürülmə müddəti ötürülsün. O ki, qaldı əmək müqaviləsinə qanunsuz xitam verilməsi səbəbindən iddiaçıya dəymiş maddi zərərə, X12 Xidmətinin Bakı Ərazi İdarəsinin 06 yanvar 2021 -ci il tarixli **********8 saylı məktubundan da sübuta yetirilir ki, qanunsuz olaraq işdən azad edilmişdir və artıq 5 aydır ki, işəgötürənin qanunsuz hərəkətlərinə görə işləmir. Yəni 2020-ci ilin avqust ayı ona qarşı haqsızlıq olmasaydı, yanvar ayına qədər 5 ayın əmək haqqısını ala bilərdi, yəni yanvar ayına qədər 2970 manat qazancdan məhrum olmuşdur. (əldən çıxmış fayda) 550 x 5 aya= 2750+220=2970manat. 550 aylıq maaş, 220 manat 12 günün qalığı. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)- 1583/2021 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq, izahatında göstərmişdir ki, iddiaçının müraciəti üzrə tərəflərindən araşdırma aparılmış, araşdırma zamanı Bakı şəhəri Yasamal Bələdiyyəsinin rəhbərliyi tərəfindən X12 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 18.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilərkən və son haqq-hesab ödənilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla bağlı Bakı şəhəri Yasamal Bələdiyyəsinin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, həmin qərar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qərarı ilə ləğv olunmuş, Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 61 nömrəli, 01.12.2018-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı 01.12.2018-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 51-ci maddəsinə əsasən Yasamal Bələdiyyəsi icra aparatı Vergi və ödənişlər şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İşdə olan 57 nömrəli, 23.11.2019-cu il tarixli əmrin surətindən görünür ki, İddiaçı 23.11.2019-cu il tarixdən Yasamal Bələdiyyəsi icra aparatı Vergi və ödənişlər şöbəsinin baş mütəxəssisi vəzifəsindən azad edilmiş, Vergi və ödənişlər şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. İşdə olan İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədrinə ünvanlanmış 18.08.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İşdə olan 35 nömrəli, 18.08.2020-ci il tarixli əmrin surətindən görünür ki, Yasamal Bələdiyyəsi icra aparatı Vergi və ödənişlər şöbəsinin müdir müavini İddiaçı Azərbaycan Respublikası ƏM-nin 68.2 (a) maddəsinə əsasən (öz xahişi ilə) 18.08.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, son haqqı-hesabın hesablanaraq ödənilməsi əmr edilmişdir. İşdə olan Yasamal Bələdiyyəsi tərəfindən tərtib edilmiş 20.08.2020-ci il tarixli avqust ayı üzrə əmək haqqı və son haqq-hesab sənədinin surətindən görünür ki, İddiaçı məxsus ******************** nömrəli hesaba 1144,96 manat köçürülmüşdür. İşdə olan 49 nömrəli, 05 oktyabr 2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, X3 05 oktyabr 2020-ci il tarixdən Yasamal Bələdiyyəsi İcra Aparatı Mühasibatlıq şöbəsinin mühasibi vəzifəsindən azad edilməsi, Vergi və ödənişlər şöbəsinə müdir müavini vəzifəsinə təyin edilməsi əmr edilmişdir. İşdə olan Yasamal rayonu 19 saylı poliklinika Ambulator kitabçasından çıxarışdan görünür ki, 1984-cü il təvəllüdlü İddiaçı son 5 il ərzində Poliklinikaya xəstəliklə əlaqədar müraciəti olmamışdır. İşdə olan İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Bələdiyyəsinə ünvanlanmış 30.09.2020-ci il tarixli ərizəsindən görünür ki, hansı yaranmış vəziyyətlə bağlı iddiaçının işə çıxmağına tərəfindən süni məhdudiyyətlərin qoyulması haqqında qanunvericilikdə müəyyən edilmiş müddətdə və qaydada 15 gün ərzində rəsmi olaraq poçt vasitəsi ilə ona əsaslı cavab verilməsi və ən əsası da onun yenidən işə qayıtmağında qanunsuz və əsassız məhdudiyyətlərə son qoyaraq, yenidən işə başlamasının təmin edilməsi və bugünə qədər almadığı əmək haqqının da ona ödənilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. İşdə olan Bakı şəhəri X2 Vüqar Əzizağa oğluna ünvanlanmış 06.10.2020-ci il tarixli 926 nömrəli cavab məktubundan görünür ki, iddiaçının 30 sentyabr 2020-ci il tarixli 800 nömrəli ərizənizə cavab olaraq bildirilmişdir ki, 01.12.2018-ci il tarixində Yasamal Bələdiyyəsi İcra aparatı Vergi və ödənişlər şöbəsinə baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 23.11.2019-cu il tarixində Yasamal Bələdiyyənin ştat cədvəlində struktur dəyişikliklərinə uyğun olaraq Vergi və ödənişlər şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. Ştat cədvəlinə uyğun olaraq əmək haqqı 550 (beş yüz əlli) manat təşkil etmişdir. 18.08.2020-ci il tarixində səhhəti ilə əlaqədar olaraq öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Qanunvericiliyə uyğun olaraq son haqqı hesab hesablanmış və əmək haqqı kartına köçürülmüşdir. Bununla əlaqədar Yasamal Bələdiyyəsində araşdırılma aparılmış və heç bir əmək hüquqlarının pozulması faktları qeydə alınmamışdır. İşdə olan Yasamal Bələdiyyəsinin sədr müavini E.Muxtarov, Yasamal Bələdiyyəsi İcra aparatının Bələdiyyə Mülkiyyətinə Nəzarət şöbəsinin müdir müavini E.İsmayılov, Humanitar şöbənin müdiri S.Mirzəyev, İnsan resuslarının idarə edilməsi və sənədlərin qəbulu şöbəsinin müdiri Ə.Sadıxov, Hüquqşünas Nümayəndə2 tərəfindən tərtib edilmiş və imzalanmış 18.08.2020-ci il tarixli aktdan görünür ki, X4 və ödənişlər şöbəsinin müdir müavini İddiaçı işdən çıxması ilə əlaqədar olaraq 18.08.2020-ci il tarixdə əmək kitabçası təqdim edilsədə o, əmək kitabçasını götürməkdən imtina etmişdir. İşdə olan İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanlanmış 22 oktyabr 2020-ci il tarixli şikayət ərizəsindən görünür ki, ərizənin tam və obyektiv araşdırılması məqsədi ilə Yasamal rayon Bələdiyyəsində yerində yoxlama keçirilməsi, Yasamal Bələdiyyəsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinin pozub-pozulmaması haqqında ərizəçiyə məlumat verilməsi araşdırma nəticəsində Bələdiyyə sədrinin (işəgötürənin) mənə qarşı hərəkətləri və hərəkətsizliyində qanun pozuntusu aşkar edildiyi təqdirdə, Yasamal Bələdiyyəsini qanunla müəyyən edilmiş qaydada cərimə edilməsi, qanun pozuntusu aşkar olunduğu təqdirdə Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 intizam məsuliyyətinə və ya cinayət məsuliyyətinə cəib olunması ilə bağlı aidiyyatı orqanına məlumat verilməsi, qanunsuz olaraq işdən azad olunduğu üçün yenidən tutduğu vəzifəyə bərpa edilməsi, tutduğu vəzifəyə bərpa olunması nəticəsində mümkün olmadıqda Azərbaycan Respublikası ƏMnın 83.2-ci maddəsinin tələblərində qeyd edilən, lakin bugunə qədər ona təqdim edilməyən sənədlərin ərizəçiyə rəsmi təqdim olunmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. İşdə olan Yasamal Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 16 noyabr 2020-ci il tarixli 1073 nömrəli cavab məktubundan görünür ki, 22 oktyabr 2020-ci il tarixli şikayət məktubuna baxılmışdır. O, Yasamal Bələdiyyəsi İcra aparatı Vergi və ödənişlər şöbəsinə baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 23.11.2019-cu il tarixindən X9 və ödənişlər şöbəsində müdir müavini vəzifəsində çalışmışdır və 18.08.2020-ci il tarixli ərizəsinə əsasən, səhhəti ilə əlaqədar olaraq öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin surəti, işdən azad olunma barədə əmrin surəti, mühasibatlığın hesab çıxarışı məktuba əlavə edilməklə ona göndərildiyi bildirilmiş, əmək kitabçasını isə X5 Resurslarının İdarə edilməsi və sənədlərin qəbul şöbəsindən götürülməsi təklif edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış 06 yanvar 2021-ci il tarixli **********8 nömrəli cavab məktubundan görünür ki, iddiaçının Bakı şəhəri Yasamal Bələdiyyəsində əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanladığı müraciətinə X12 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Bakı şəhəri Yasamal Bələdiyyəsinin rəhbərliyi tərəfindən X12 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən onunla bağlanmış əmək müqaviləsinə 18.08.2020-Ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilərkən və son haqq-hesab ödənilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla bağlı Bakı şəhəri Yasamal Bələdiyyəsinin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-623/2021 saylı 09.03.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 şikayətinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin 24 dekabr 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi, Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 may 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-623/2021 saylı 09.03.2021-ci il tarixli qərarından X12 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət pozulmaqla verildiyindən iş materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən – iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsinə, həmçinin iddia müddətinin keçməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, ƏM-nin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçi öz təşəbbüsü ilə əmək müqaviləsini ləğv etmək hüququna malikdir. İddiaçı da bu istiqamətdə (ƏM-nin 69-cu maddəsinə əsasən) ərizəsində öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və ərizədə konkret günü qeyd etmişdir. İddiaçı ərizəni özü yazdığını bildirsə də, bunun könüllü iradə ifadəsi olmamasını, aldadılmasını, ona təsir olunmasını və s. göstərmiş, lakin tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Bununla yanaşı, iddiaçı tələbinin əsası kimi - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş 14.12.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tərtib edilmiş 24.12.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsaslanmışdır. Qeyd edilən sənədlərə əsasən cavabdeh bələdiyyənin sədri İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə üzrə təqsirli bilinərək 1500 manat cərimə məbləğində cərimə edilmişdir. Lakin, işdə olan məhkəmə qərarlarından (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin 06.05.2021-ci il tarixli qərarı və s.) görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 24.12.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir. Yuxarıda qeyd edilənlər iddianın əsassız olması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı əmrin mübahisələndirilməsi üçün məhkəməyə müracit müddətini də ötürmüşdür. Belə ki, ƏM-nin 296-cı maddəsinin 2-ci bəndinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. ƏM-nin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşdə olan sənədlərdən (əmr, akt, məktublar və s.) görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 18 avqust 2020-ci il tarixdə özünün ərizəsinə əsasən xitam verilmiş, həmin günü iddiaçı əmək kitabçasını götürməkdən imtina etmiş (bu barədə müvafiq akt tərtib olunmuşdur), 20 avqust 2020-ci il tarixli arayışa əsasən əmək haqqı və son haqq-hesab köçürülmüş, bundan sonra tərəflər arasında yazışmalar aparılmış, iddiaçı 18 oktyabr 2020-ci il tarixdə işdən azad olunması barədə cavabdeh tərəfindən müvafiq məktub almış (iddiaçının özü də bu halları təsdiq edir), iddiaçı 22 oktyabr 2020-ci il tarixdə işdən çıxarılması ilə bağlı X7 ərizə və şikayətlər yazmış, ərizədə ən azı oktyabr ayından işdən azad olunmasının ona məlum olmasını göstərmiş, lakin iddiaçı həmin vaxtdan sonra da qanunla nəzərdə tutulmuş 1 ay müddət ərzində məhkəməyə müraciət etməmiş, hazırki iddia ərizəsi yalnız 19 yanvar 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuş, bununla da müddəti ötürülmüşdür. İddiaçının özü də birinci instansiya məhkəməsinə əlavə ərizə ilə müraciət edərək buraxılmış iddia müddətinin üzrlü sayılaraq bərpa olunmasını xahiş etmiş, ərizəsində 2020-ci ilin 18 oktyabr ayında ona işdən çıxarılmasının məlum olmasını, 09 dekabr 2020-ci il tarixdə isə poçt vasitəsilə işdən çıxarılması ilə bağıl sənədlərin surətlərini almasını, lakin Covid-19 pandemiyası ilə bağlı vaxtında məhkəməyə müraciət edə bilməməsini göstərmişdir. Göründüyü kimi iddiaçının özü də iddia müddətinin ötürülməsini təsdiq etmiş, lakin bu istiqamətdə (ƏM-nin 296-cı maddəsinin 6-cı bəndinə əsasən müddətin üzrlü olaraq ötürülməsi) məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı Covid-19 pandemiyasını üzrlü səbəb kimi göstərsə də, məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Çünki, iddiaçı poçt vasitəsilə iddia ərizəsini vaxtında məhkəməyə təqdim etmək imkanında olmuşdur. Bununla yanaşı, məhkəmələr 2020-ci ilin avqustnoyabr ayarı tam fəaliyyət göstərmiş, iddiaçının özü isə 2020-ci ilin sentyabr–noyabr aylarında poçt vasitəsilə istər cavabdeh, istərsə də X12 ilə yazışmalar aparmış, ərizə və şikayətlər göndərmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsini vaxtında məhkəməyə təqdim etmək imkanından məhrum olması işdə olan sübutlarla müəyyən olunmamışdır. Beləliklə, qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri çərçivəsində xitam verilmiş, iddia isə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, həmçinin əmri mübahisələndirməkdə müddəti ötürmüşdür. Qeyd edilən hallar isə iddianın tam rədd olunması üçün qanuni əsas təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)-1583/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)- 1583/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6620/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6620/2021
13.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver