Məhkəmə qərarları › İş №2(103)-6627/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6627/2021

11.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6627/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, maraqlı şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı (X4 maraqlı şəxs qismində cəlb edilməklə) “protokolların, maliyyə arayışının etibarsız hesab ediməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-644/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.H.Naxçıvani küçəsində yerləşən 15 saylı evin 212 saylı mənzilinin Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair 18 mart 2006-cı il tarixli ümumi yığıncağın 11 saylı protokolunun və 22 yanvar 2007-ci il tarixli ümumi yığıncağın 13 saylı protokolunun Cavabdeh2 aid olan hissədə etibarsız hesab edilməsi, 25 yanvar 2007-ci il 04 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilin sənədləşməsinin əvvəlki vəziyyətə qaytararaq İddiaçı adına 14 iyun 2005-ci il tarixdə bağlanmış müqavilənin bərpa edilməsi və kooperativ pay haqqının ödənilməsinə dair onun adına maliyyə arayışının verilməsini Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə, eyni zamanda sənədlər əsasında mübahisəli mənzilə dair Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli 27.07.2016-cı il tarixli çıxarışın DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-cı ilin iyun ayında Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Yasamal rayonu, B.Məmmədov küçəsi, 13 ünvanında tikilməkdə olan çoxmərtəbəli binanın 3-cü mərtəbəsində 3 otaqlı mənzilin 63000 ABŞ dolları məbləğinə alınmasına dair razılığa gəlmiş, 17 iyun 2005-ci ildə Cavabdeh1 Mənzil Tikinti Kooperativi (bundan sonra Kooperativ) ilə müqavilə bağlayıb imzalamış və həmin gün payçı kimi 31 000ABŞ dollarını nağd ödəyərək, mənzilin dəyərinin qalan hissəsini isə 10 ay ərzində hissə-hissə ödəyib payçı kimi üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş və Kooperativ yuxarıda qeyd olunan ünvanda çoxmərtəbəli evi inşa edərək müqavilədə nəzərdə tutulmuş mənzili ona təhvil vermişdir. Mənzil təhvil veriləndən sonra Bakı şəhər İcra Hakimiyyətindən orderin alınması üçün müvafiq sənədlər tələb olundu və həmin vaxt o, Kooperativə müraciət edərək mənzili qızı - Cavabdeh2 bağışladığını bildirərək, bağışlamanın rəsmiləşdirilməsini və orderin birbaşa onun adına verilməsini xahiş etmişdir. Kooperativin rəhbərliyi bununla bağlı yazılı ərizəsini ondan qəbul edərək bir müddət sonra Cavabdeh2 adına olan Bakı şəhəri, M.H.Naxçıvani küçəsi, 15 saylı evin 3 otaqlı yaşayış sahəsi 73,3 kv.m. olan 212 saylı mənzilinə dair 017477 saylı 21.02.2007-ci il tarixli orderi ona təqdim etmişdir. İş üzrə cavabdeh olan qızını Cavabdeh2 2003-cü il tarixdən ailəsi ilə birlikdə Səudiyyə Ərəbistan ölkəsinə getmiş və Azərbaycana 2013-cü ildə qayıtmışdır. 2019-cu ilin may ayında Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 nikahı ləğv edilmiş, onunla keçmiş həyat yoldaşı arasında əmlak bölgüsü mübahisəsi başlamış və ona məxsus olan mənzilin ona bağışlanmasına dair sənədləri əldə etmək üçün Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə sorğu ilə müraciət edəndən sonra 2020-ci ilin sentyabr ayında məlum olmuşdur ki, güya Cavabdeh2 14 fevral 2006-cı ildə Kooperativə müraciət edərək Cavabdeh1 MTK-ya payçı qəbul edilməsini xahiş etmiş, Kooperativ üzvlərinin 18 mart 2006-cı il umümi yığıncağın 11 saylı protokoldan çıxarışa əsasən Cavabdeh2 Cavabdeh1 MTK-ya üzv qəbul edilmiş, Kooperativ payçılarının 22.01.2007-ci il tarixində keçirilmiş ümumi yığıncağının 13 saylı protokolundan çıxarışa əsasən guya Cavabdeh2 M.H.Naxçıvani küçəsi 15 saylı evin 212 saylı mənzilində yaşayır, 18.03.2006-cı il tarixli qərarla mənzil alanların siyahısına daxil edilmiş, pay haqqını ödəmişdir və Cavabdeh2 həmin mənzilə köçmək üçün order verilməsi qərara alınmışdır. Daha sonra mübahisəli mənzilin pay haqqının guya Cavabdeh2 tərəfindən ödənilməsi barədə 25.01.2007-ci il tarixli maliyyə arayışı verilmiş və bu qeyd olunan sənədlər əsasında Cavabdeh2 adına 017477 saylı 21.02.2007-ci il tarixli order verilmişdir. Daha sonra Kooperativin 12 may 2016-cı il tarixli 4 saylı protokolundan çıxarışa və maliyyə arayışına əsasən Cavabdeh2 mübahisəli mənzilin payçısı olduğu və mənzilin pay haqqının tam ödənilməsi təsdiq edilmiş və həmin sənədlər əsasında ona DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********** nömrəli 27.07.2016- cı il tarixli Çıxarış verilmişdir. Kooperativ mübahisəli mənzilin sənədlərinin rəsmiləşdirilməsində yanlışlıqlara yol vermiş, kooperativ mənzilin pay dəyəri tam şəkildə iddiaçı tərəfindən ödənildiyi halda, müqavilə onun tərəfindən bağlanılıb imzalandığı halda, sənədlərdə payçı kimi səhvən Cavabdeh2 göstərilmişdir. Digər tərəfdən, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında küçələrin adı dəyişdirilmiş və Bakı şəhəri, B.Məmmədov küçəçi ev 13 ünvanı dəyişdirilərək M.H.ünvan 1 bağlanmış 17 iyun 2005-ci il tarixli müqavilədə əldə etdiyi mənzilin ünvanı ünvan 3ı, B.Məmmədov küçəsi ev 13, mənzil 135), göstərilmişdir. Qeyd olunan Bakı şəhəri, M.H.Naxçıvani küçəsi 15 saylı evin 212 saylı mənzilinin yeganə payçısı iddiaçı olduğu halda həmin mənzilə dair Cavabdeh2 adına səhvən verilmiş Kooperativin ümumi yığıncağının protokoldan çıxarışları və maliyyə arayışı etibarsız hesab edilməli, Kooperativin payçısı iddiaçı olduğu halda mənzilin sənədləşməsi əvvəlki vəziyyətə qaytarılmalı və kooperativin pay dəyəri onun tərəfindən ödənildiyindən, maliyyə arayışı onun adına verilməli, Cavabdeh2 adına verilmiş protokollar və Çıxarış ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-644/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğvini və iddia tələbinin təmin olunmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı bütün məhkəmə iclaslarında iştirak etsə də, iddiasının əsasları barədə sübutlar təqdim edə bilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi mənzil maraqlı şəxsə məxsus mənzillə eyni deyil, fərqli mənzillərdir. Buna görə də iddia tələbi təmin edilə bilməz İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış cavabdehlər (nümayəndələri) səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, ümumiyyətlə maddi hüquq normasına istinad etmədən iddiaya qiymət vermişdir. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 17.06.2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Məmmədov küçəsi, 13, mərtəbə 3, mənzil 135 X1 və ona maliyyə arayışı verilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağı barədə 04 nömrəli protokolun surətindən görünür ki, Cavabdeh2 kooperativə üzv qəbul olunmaqla, Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi 15, M 3, m 1 saylı mənzilin payçısı olması təsdiq edilmiş və ona maliyyə arayışı verilmişdir. RX seriyalı ******* nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi 15, M 3, m 1 saylı mənzil Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh1 MTK tərəfindən verilmiş 21.02.2020-ci il tarixli, 01 saylı arayışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X6 ünvan 5 ünvanı ünvan 6rbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05.10.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında keçmiş Bülbül Məmmədov (6-cı paralel) küçəsinin adı dəyişdirilərək X6 Naxçıvani küçəsi adlandırılmışdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Göründüyü kimi, iddiaçının iddia etdiyi mənzillə Cavabdeh2 məxsus mənzillərin eyni olması halında belə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia əsassızdır. Çünki, mübahisəli mənzilin məhz iddiaçının adından qızı Cavabdeh2 adına keçməsi, onlar arasında hər-hansı bir bağışlama müqaviləsinin olması və ya birinin digərinin xeyrinə mənzildən imtina edilməsi rəsmi sənədlərlə müəyyən edilmir. Əksinə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin 17.05.2019-cu il, 10.06.2019-cu il, 27.11.2019-cu il, 25.09.2020-ci il tarixli məktublarından, 27.06.2016-cı il tarixli çıxarışdan və mənzilin özəlləşdirilməsinə dair sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu X6 Naxçıvani küçəsindəki 15 nömrəli evin 4-cü girişində, 3-cü mərtəbədəki ümumi sahəsi 137,5 kv.m, yaşayış sahəsi 73,3 kv.m olan 3 otaqlı 212 nömrəli mənzili Cavabdeh2 adına verilmiş 21.02.2007-ci il tarixli 017477 nömrəli orderə, Cavabdeh1 MTK-nın ümumi yığıncağının 12.05.2016-cı il tarixli 04 nömrəli protokolundan çıxarışa, 14.05.2016-cı il tarixli 15 nömrəli forma 2 arayışına və 14.05.2016-cı il tarixli 16 nömrəli maliyyə arayışına (mənzilin pay haqqı 55.000 manat göstərilib) və X3 razılıq ərizəsinə əsasən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət keçməklə 27.06.2016-cı il tarixdə qeydiyyata alınmışdır və hazırda Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı Ərazi İdarəsinin verdiyi 27.07.2016-cı il tarixli RX ******* seriyalı çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu X6 Naxçıvani küçəsindəki 15 nömrəli evin ümumi sahəsi 135,8 kv.m olan 212 nömrəli mənzili (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu X6 Naxçıvani küçəsi ev 15, M3, m1) Cavabdeh2 adına tam mülkiyyət hüququ üzrə 27.07.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Sənədlərdən müəyyən edilir ki, Cavabdeh2 14.02.2006-cı il tarixli ərizə ilə Cavabdeh1 MTK-ya müraciət edərək, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu X6 Naxçıvani küçəsindəki 15 ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının 3-cü məntəbəsində 3 otaqlı 73,3 kv.m olan mənzilə təlabatını nəzərə alaraq, onu kooperativə payçı qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MTK üzvlərinin 18.03.2006cı il tarixli ümumi yığıncağının 11 nömrəli protokoldan çıxarışı ilə Cavabdeh2 Cavabdeh1 MTK-ya üzv qəbul edilmiş və 3 otaqların siyahısına salınmışdır. 1976-cı il təvəllüdlü Cavabdeh2 öz razılığı ilə Cavabdeh1 MTK-nın binasında Bakı şəhəri Yasamal rayonu X6 Naxçıvani küçəsindəki 15 nömrəli evin 4-cü girişində, 3-cü mərtəbədə yaşayış sahəsi 73,3 kv.m olan 3 otaqlı 212 nömrəli mənzilə düşməsi təsdiq edilmişdir. Cavabdeh1 MTK payçılarının 22.01.2007-ci il tarixdə keçirilmiş ümumi yığıncağının Cavabdeh2 haqqında 13 nömrəli protokoldan çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 1 nəfər ailə tərkibində Bakı şəhəri Yasamal rayonu X6 Naxçıvani küçəsindəki 15 nömrəli evin 4-cü girişində, 3-cü mərtəbədə yaşayış sahəsi 73,3 kv.m olan 3 otaqlı 212 nömrəli mənzilində yaşayır. Cavabdeh1 MTK üzvlərinin 18.03.2006-cı il tarixli 11 nömrəli ümumi yığıncağının qərarı ilə həmin MTK-da 3 otaqlı mənzil alanların siyahısına daxil edilmişdir. Cavabdeh2 pay haqqını tam ödəmişdir. Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu X6 Naxçıvani küçəsindəki 15 nömrəli evin 4-cü girişində, 3-cü mərtəbədə yaşayış sahəsi 73,3 kv.m olan 3 otaqlı 212 nömrəli mənzilinə köçmək üçün order verilməsi qərara alınmışdır. Cavabdeh1 MTK tərəfindən verilmiş 25.01.2007-ci il tarixli 04 nömrəli maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh2 Cavabdeh1 MTK-nın inşa etdiyi Bakı şəhəri Yasamal rayonu X6 Naxçıvani küçəsindəki 15 nömrəli evin 4-cü girişində, 3-cü mərtəbədə yaşayış sahəsi 73,3 kv.m olan 3 otaqlı 212 nömrəli mənzilinin sahibidir. Pay haqqını tam ödəmişdir. Kooperativə borcu yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 09.02.2007-ci il tarixli 47 nömrəli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil məsələləri üzrə komissiyanın iclasının 06.02.2007-ci il tarixli 2-B nömrəli protokolu ilə Cavabdeh1 MTK üzvlərinin 22.01.2007-ci il tarixli 13 nömrəli ümumi yığıncağında Cavabdeh2 1 nəfər ailə tərkibində Cavabdeh1 MTK-ya üzv qəbul olunması və ona MTK-nın inşa etdiyi Bakı şəhəri Yasamal rayonu X6 Naxçıvani küçəsindəki 15 nömrəli evin 4-cü girişində, 3-cü mərtəbədə yaşayış sahəsi 73,3 kv.m olan 3 otaqlı 212 nömrəli mənzilinin verilməsi qərara alınmışdır. Həmin mənzilə dair 1 nəfər ailə tərkibində Cavabdeh2 adına order verilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ən əsası da, məhkəmə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İş materiallarından görünür ki, mübahisəli mənzilə dair iddiaçı 18 mart 2006-cı il tarixli ümumi yığıncağın 11 saylı protokolunun və 22 yanvar 2007-ci il tarixli ümumi yığıncağın 13 saylı protokolunun Cavabdeh2 aid olan hissədə etibarsız hesab edilməsi, 25 yanvar 2007-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsini 15.10.2020-ci il tarixdə (təxminən 13 il sonra) məhkəməyə müraciət edərək tələb etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Beləliklə, yuxarıda şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığı üçün təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-644/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı (X4 maraqlı şəxs qismində cəlb edilməklə) “protokolların, maliyyə arayışının etibarsız hesab ediməsi, çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar