Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-663/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X5, Cavabdeh1 nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-8685/2018 saylı qətnaməsindən Cavabdeh2 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 17930 ABŞ dolları məbləğində borcun, əldən çıxmış fayda kimi 2000 manat, mənəvi zərər kimi 3000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanışları Cavabdeh1 və Cavabdeh2 pul lazım olduğu üçün onların xahişi əsasında “xxxx” QSC-dən öz adına kredit rəsmiləşdirərək, 13000 ABŞ dolları məbləğində pul götürmüşdür. Razılaşmışlar ki, həmin pulu cavabdehlər hər ay 885 ABŞ dolları olmaqla özləri ödəyəcəklər. Notariat kontoruna gedərək bu razılaşmanı təsdiqlətmişlər. Lakin bir müddət sonra bank əməkdaşı ona zəng vuraraq borcun ödənilmədiyi barədə məlumat vermiş, o, cavabdehlərdən bu barədə maraqlandıqda, onlar borcu ödəyəcəklərini bildirmişlər. xx.xx.2017-ci il tarixdə cavabdehlər yenidən yanına gələrək uşaqlarının vəziyyətinin pis olduğunu, bu səbəbdən də onlara 1000 ABŞ dolları məbləğində pul lazım olduğunu demişlər, o da uşağın sağalması üçün 1000 ABŞ dolları pulu onlara vermişdir. Onlar pulu aldıqları barədə ona yazılı kağız vermiş və imzalamışlar. Təxminən 1 ay sonra cavabdehlər yenə onun yanına gələrək, malların karqodan çıxarılması üçün 1000 ABŞ dolları lazım olduğunu bildirmişlər, o da həmin məbləği vermişdir, cavabdehlər pulu götürmələri barədə ona qəbz yazıb vermişlər. Lakin bu günədək cavabdehlər nə banka olan borcu, nə də ondan aldıqları 2000 ABŞ dollarını qaytarmamışlar, hər dəfə müxtəlif vədlər verərək, vaxtı uzadırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-8685/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 15000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı məbləğində pulun müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosesual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, onun əri Cavabdeh1 Almaniyadan maşın gətirib Azərbaycanda satmaqla məşğul olmuşdur, həmin vaxt iddiaçıyla tanış olmuş, iddiaçı ona Almaniyadan iki maşın gətirmək lazım olduğunu demiş, Cavabdeh1 də, əgər özü gedə bilmirsə, o, maşın gətirə biləcəyini demiş, iddiaçı da onu 2014-cü ildə dostunun oğlu ilə maşın almaq üçün göndərmiş, onlar Almaniyadan iki ədəd “Ford Connet” markalı yük maşını alıb gətirmiş, həmin ildə iddiaçı bir maşını satmış, lakin o birini isə sata bilməmiş, bu vaxt əri Cavabdeh1 iddiaçıya təklif etmişdir ki, həmin maşını 13000 ABŞ dollarına ona kreditlə satsın. İddiaçının həmin vaxt banka 30000 ABŞ dolları borcu olmuş və onlar belə razılaşdılar ki, iddiaçının banka olan 30000 ABŞ dolları borcunun 13000 ABŞ dollarını hər ay 885 ABŞ dolları olmaqla Cavabdeh1 ödəyəcək, daha sonra isə maşın ərinin adına rəsmiləşəcək. Əri hər ay pulu ödəmiş, devalvasiya olanda iddiaçı pulun tam şəkildə ödənilməsini tələb etmiş, əri isə ona bildirmişdir ki, aralarında notarial razılaşma var və həmin pulu yalnız bu formada ödəyə bilər. Təxminən 2-3 ay sonra iddiaçı maşını Fariz adlı şəxsə satdığını bildirmiş, əri ödədiyi pulları istədikdə, bildirmişdir ki, Farizin qardaşı pulu göndərən kimi onların pulunu verəcəkdir. Bir müddət sonra iddiaçı Farizin maşını Gürcüstana qaçırdığını bildirmiş, əri də 102 qaynar xəttə zəng edib məlumat vermiş, sonra iddiaçı zəng edərək Farizi tapdığını, onun Gürcüstanda olduğunu bildirmişdir. İddiaçı ərini və onun oğlunu götürüb Qırmızı körpüyə getmiş, orada onlara bildirmişdir ki, burada gözləyin Gürcüstana keçib Farizlə danışım, 7-8 saatdan sonra Farizi tapdığını və onun 3000 ABŞ dolları istədiyini, verməsə ya maşını benzin töküb yandıracağını, ya da metalloma verəcəyini bildirmişdir. Bakıya qayıtdıqdan sonra iddiaçı yenə onun ərinə sənəd imzalatdırıb, 2000 ABŞ dolları borclandırmışdır. Sonra iddiaçı zəng edib, maşının Gəncədə olduğunu bildirmiş, əri də maşını götürməyə getmiş, maşın nasaz vəziyyətdə olduğu üçün 2000 ABŞ dolları verərək onu təmir eetdirmişlər. Təxminən, 2015ci ilin əvvəllərində onlar iddiaçıdan pulu istəmiş, bu vaxt iddiaçı da onlara maşını sürməyi və pulu həmin qaydada ödəməyə davam etmələrini, maşın satıldıqdan sonra haqq-hesab edəcəklərini bildirmiş, 20-25 gün sonra müştəri olduğunu və maşını satıb banka olan borcu ödəyən kimi onların pulunu da verəcəyini demişdir. Bundan 3-4 ay sonra iddiaçı onları çağırıb maşını alan qohumunun 4-5 ay pulu ödədikdən sonra həmin maşını başqa bir adama satdığını, bu səbəbdən maşınla əlaqədar banditizmə şikayət olduğunu, onları da çağırsalar getməmələrini xahiş etmiş, onlar pullarını tələb etdikdə isə qudasından alıb pulu verəcəyini bildirmişdir. Beləcə iddiaçı onlara 7100 ABŞ dolları borclu olduğu halda, onlara qarşı borc tələbi ilə hazırkı iddianı qaldırmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13188/19 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-4018/2020 saylı Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-13188/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili digər cavabdehin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, 2015-ci ilin fevral ayında baş vermiş devalivasiyadan sonra da avtomobilə görə banka ödəniş etməkdə davam etmiş, may ayınadək pul ödəmişdir. Avtomaşını iddiaçı ondan məcbur almış, bu barədə DİN-in 102 zəng-çağrı mərkəzinə və 34-cü polis bölməsinə şikayət etmişdir. Polis avtomaşını tapa bilməmiş, lakin iddiaçı Gürcüstan Respublikasına keçdikdən sonra ona avtomaşının dəqiq yerini demiş, o da gedib maşını götürmüş, Bakıya gəlmiş və iddiaçıdan 1000 ABŞ dolları alıb kreditə ödəmişdir. Qalan pulun üstünə əlavə edib avtomaşının təmirinə xərcləmiş, avtomaşına görə 102 xidmətinə məlumat verdiyinə görə avtomaşın DYP-nin Yevlax postunda saxlanılmış, 1 gün orada qaldıqdan sonra Bakı şəhərinə gəlmiş, avtomaşının ondan alınıb qaytarılması 25 gün çəkmişdir. İddiaçı 1000 ABŞ dollanı məbləğində pulu borc olaraq ona vermiş, 885 ABŞ dollarını kreditə ödəmiş, 600 ABŞ dolları təmirə xərcləmişdir. 1000 ABŞ dolları iddiaçının təqsirindən işləyə bilmədiyi üçün sonuncu ona vermişdir. xx.xx.2015-ci ildə iddiaçı ona ikinci dəfə 1000 ABŞ dolları borc vermiş, razılaşmışlar ki, iddiaçı avtomaşını sataraq banka olan borcu ödəyəcək, sonra isə ona olan borcu qaytaracaq. İddiaçı sonra avtomaşını onun iştirakı olmadan başqa şəxsə satmışdır. Aralarında bir neçə dəfə danışıqlar olmuş, iddiaçı borcu qaytaracağını bildirmiş, lakin sonradan onu məhkəməyə vermişdir. Onun hesablamalarına görə iddiaçının ona 3700 ABŞ dolları borcu var. O, iddiaçının banka olan borcunu hər ay vaxtında ödəmiş, həmin vaxt iddiaçının banka 30000 ABŞ dolları borcu olmuş, avtomaşını 13000 ABŞ dollarına razılaşmışlar, avtomaşını Almaniyadan iddiaçının pulu ilə gətirmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, Cavabdeh1 ilə Almaniyada tanış olmuş, həmin vaxt sonuncunun pulu qutarmış və o, 200 Avro borc pul vermişdir. Sonra Almaniyadan 2 avtomaşın gətirmiş, digər avtomaşını satmış, mübahisəli avtomaşını yaşadığı evin qarşısında satılması üçün saxlamışdır. Bu vaxt cavabdeh arvadı ilə birlikdə ona avtomaşın barədə müraciət etmiş, “xxxxa” borca görə gecikmə olduğundan kredit götürə bilmədiklərini bildirmiş və xahiş etmişlər ki, o, öz adına kredit götürüb özündə saxlasın, kredit borcunu da onlar ödəsinlər. Avtomobilin qiymətini 12.500 ABŞ dollarına razılaşmış, habelə cavabdehlər 500 ABŞ dəyərindən ondan başqa mallar da almışlar. Bundan başqa cavabdehlərin ona əlavə 2000 ABŞ dolları da borcu olmuş, buna görə də ümumi borc 15.000 ABŞ dolları təşkil etmişdir. O, xx.xx.2014-cü il tarixdə “xxxx” ASC-dən öz adına 15000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirib, həmin pulu avtomobilin dəyəri də daxil olmaqla ümumi borc hesabına özündə saxlamışdır. Avtomobili rəsmiləşdirib öz adına qeydiyyat şəhadətnaməsi aldıqdan sonra isə xx.xx.2014-cü il tarixdə Cavabdeh1 avtomobili idarə etmək üçün sadə etibarnamə vermişdir. Cavabdehlər isə elə həmin tarixdə notariat qaydada təsdiq olunmuş ərizə verərək, avtomobilin dəyəri olaraq onun tərəfindən “xxxx” ASC-dən götürülmüş 13.000 ABŞ dolları kredit borcunu 18 ay müddətində hər ay 885 ABŞ dolları olmaqla banka ödəmələri barədə öhdəlik götürmüşlər. Cavabdehlər 3 ay banka ödənişləri vaxtında ödəmişlər. 2015-ci ilin may ayında Şahin onu çağıraraq Fariz adlı şəxsin avtomaşını götürüb qaçdığını bildirmiş, bu barədə 102 zəng-çağrı mərkəzinə məlumat vermiş, Farizlə Gürcüstan ərazisində görüşmüş, ondan 2000 ABŞ dolları istəmişlər, 1700 ABŞ dolları verdikdən sonra Fariz avtomaşının yerini demişdir. Avtomobil Farizdən geri qaytarıldıqdan sonra da Şahində qalmış, sonuncu tərəfindən istismar olunmuşdur. xx.xx.2015-ci il tarixdə cavabdehlər övladlarının əməliyyatına görə ondan 1 aya qaytarmaq şərtilə 1000 ABŞ dolları borc istəmiş, o da etiraz etməyərək vermiş və bu barədə qəbz almışdır. 2014-cü il iyulun 10-da cavabdehlər mağazalarına mal almaq üçün ondan ikinci dəfə 1000 ABŞ dolları istəmiş, o da həmin məbləği verərək qəbz almışdır. Hər iki borcun avtomobil alverinə aidiyyəti olmamışdır. Sonra cavabdeh əlilliyi ilə bağlı pensiya düzəltmək üçün pul lazım olduğunu bildirmiş və 800 manat istəmişdir. Sonradan Şahin ona avtomaşını müştərək işlətməyə adam tapdığını və ona etibarnamə verməyini xahiş etmiş, o, həmin adamları tanımamış, Nərimanov rayonu ərazisində notariat ofisinə getmiş, Elçin və Fərhad adlı şəxslər onu gözləmiş və o, maşına görə banka kredit borcunun ödənilməli olduğunu bildirmiş, bütün danışıqları həmin şəxslərlə Şahin danışıb razılaşmışdır. Kredit borcunun ödənilməyəcəyi təqdirdə onlara avtomaşını geri alacağını bildirmişdir. O, yenidən Almaniyada olanda ailə üzvləri bankdan zəng olunduğunu və ödənişlərin edilmədiyini bildirmiş və onun tarşırığı ilə ailə üzvləri bankın pulunu ödəmişlər. Sonradan ona məlum olmuşdur ki, Şahin avtomaşını Elçin adlı şəxsə nisyə satmış, lakin aldığı puldan banka ödəniş etməmişdir. Buna görə də o, təxminən 2015-ci ilin sonlarında və ya 2016-cı ilin əvəlində avtomaşını Elçin və Şahindən geri götürmüş və internet resurslarında elan verməklə, təxminən 2016-cı ilin aprel ayında tanımadığı şəxsə 3000 ABŞ dollarına satmışdır. Avtomaşının ucuz satılmasının səbəbi isə istismar nəticəsində yararsız hala salınması olmuşdur, yəni avtomaşının mühərriki və hərəkət hissəsi sıradan çıxmış, ətrafı əzilmiş vəziyyətdə olmuşdur. Cavabdehlər tərəfindən banka cəmi 2800 ABŞ dolları ödənilmişdir. 2800 ABŞ dollarından başqa bütün ödənişləri özü etmişdir. 2500 ABŞ dolları malların dəyəri kimi hesablamışdır. Cavabdehin təqsirindən banka 22.000 ABŞ dollarından artıq pul ödəmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir: “Mən tərəfləri əvvəllər tanımamışam. 2016-cı ilin mart-aprel aylarında avtomaşını internetdə elan saytında tapmışam və 3000 ABŞ dollarına iddiaçıdan almışam. Avtomaşını əzik vəziyyətdə, mühərriki nasaz, ümumi vəziyyəti isə çox bərbad vəziyyətdə olduğundan ucuz almışam. Tərəflər arasında narazılıq barədə məlumatım olmamışdır.” Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X12 göstərmişdir: “Tərəfləri, Ford Connect markalı avtomaşın alarkən, Fərhad adlı qohumum vasitəsi ilə tanımışam. Təxminən 2015-ci ilin may ayında Fərhad Şahinlə danışdı və o, maşını Nərimanov rayonuna gətirdi. Avtomaşına görə cəmi 6500 ABŞ dolları pul vermişəm. İlkin olaraq mənim iştirakımla Fərhad 4000 ABŞ dolları Şahinə verdi. Sonra isə hər ay 450 ABŞ dolları olmaqla ödədim, axırda Şahinə 600 manat pul verdim. Şahin mənə ödədiyim pulları qaytaracağını söz versə də, bu günədək pulumu qaytarmamışdır. Fərhad, mən və əmim Şahinin evinə getdik, o, pulu düzəldib verəcəyini bildirsə də, bu günə kimi heç bir ödəniş etməmişdir. 450 ABŞ dolları olmaqla ödədim, təxminən avtomaşını 6 ay sürdüm. İddiaçını əvvəllər tanımamışam. İlk öncə Şahini tanımışam. Əhmədli-Hövsan qəsəbəsinə taksi fəaliyyəti ilə məşğul olurdum. Şahin etibarnamə vermək üçün Mehmanı çağırdı. İşləyib pulu vaxtında Şahinə verirdim. Bir neçə dəfə pulu X15 paltar mağazasına da vermişəm. Mən avtomaşını alanda 1 ABŞ dolları 1.05 manat təşkil edirdi. Avtomaşını alarkən bizi bank məsələnə görə iddiaçı xəbərdar etdi. Həmçinin pulu ödəməsək maşını geri alacağını bildirdi. Avtomaşın bankda deyildi, amma bank məsələsi olduğunu dedilər. Şahinə 4000 ABŞ dolları vermişəm. İlkin ödənişi edəndə notariat ofisinin qarşısında cavabdeh arvadı ilə gəlmişdi. Mənim cavabdehə 4000 ABŞ dolları ödəməyim barədə iddiaçının məlumatlı olub-olmamasını bilmirəm. Avtomaşını geri qaytarmaq üçün Şahin mənə zəng edib Ukrayna dairəsinə çağırdı. Bu hadisə 2016-cı ildə olmuşdur. Dəqiq tarixi xatırlamıram. Avtomaşını ustaya apardıq, xərc qoymaq lazım olduğu məlum oldu. Avtomaşının sag tərəfi əzik idi. 500 ABŞ dolları avtomaşının xərcinə çıxaraq, mənə 6000 ABŞ dolları qaytarmasını Şahindən istədim. Şahin razılaşdı pulu qaytarmağa, lakin sonra boyun qaçırdı. 12500 manata avtomaşının qiymətini razılaşmışdıq. Dəqiq xatırlamasam da, 2015-ci ilin may ayı olmalıydı. Avtomaşını məndən Şahin istəmişdir. Ustanın yanında Şahinlə Mehman da mənimlə bir yerdə olublar.” Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, “Tərəfləri tanıyıram. İlk olaraq Şahini tanımışam. Mən də Şahin kimi eyni istiqamətdə - Hövsan-Əhmədli yolunda taksi fəaliyyəti ilə məşğul olmuşam. Şahin bildirdi ki, satdıq maşın var. İlkin olaraq 4000 ABŞ dolları, aylıq 400 manat ödəməklə, cəmi 12000 manata razılaşmışdıq. Maşını Elçinlə birgə işləmək üçün alırdıq. Notariat ofisində iddiaçı bizə etibarnamə verdi. İddiaçı bizə banka ödənişin gecikəcəyi təqdirdə maşını geri alacağını bildirmişdir. Biz 400 manatı Şahinə verməli, o isə pulun üstünü düzəldib banka ödəniş etməli idi. Bir müddətdən sonra iddiaçı ödəniş olunmadığını bildirdi. Şahin bizim pulumuzu qaytaracağını bildirsə də, heç bir ödəniş etməmişdir. 4000 ABŞ dollarını Əhmədli qəsəbəsində notariat ofisində verdim. Pulu Şahinə şəxsən mən özüm vermişəm. Banka ödənişlərlə bağlı gecikmənin olduğunu avtomaşın bizdən alınanda bilmişəm. Avtomaşının sonradan iddiaçının mülkiyyətində olduğunu bildim. Avtomaşınla bağlı bütün ödənişləri Şahinə vermişik. İddiaçı sonradan bilmişdir ki, avtomaşına görə 4000 ABŞ dolları ödəmişəm. Mehmanın bizə şərt qoyması və pulun Şahinə ödəməyimlə bağlı tərəflərdən heç nə soruşmamışam. Mən əvvəldən maşını Şahində görmüşəm. Maşınının sahibi kimi Şahini bilmişəm. Şahin hər hansı problemin olmadığını və özünün məsuliyyət daşıdığını bildirmişdi. Təxminən 5-6 ay Elçin ödənişləri aparıb Şahinə vermişdir. Şahinin evinin yaxınlığında mağazasında pulu verib. Belə aydın olur ki, Şahin bankın ödənişlərini etməmişdir. Şahin maşını satıb 4000 ABŞ dollar pulu qaytaracağını da bildirmişdir. Bizə olan borca görə cavabdeh barəsində hüquq mühafizə orqanlarına müraciət etməmişəm. Şahin mənə dedi ki, məhkəməyə getmə, borcu qaytaracam.” Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X16 göstərmişdir: “Cavabdehi tanıyıram. Hövsan qəsəbəsində qonşu olmuşuq. Şahin Gümüşü rəngli Ford markalı avtomaşınla Hövsan-Əhmədli yolunda sərnişindaşıma ilə məşğul olurdu. Öz aralarında olan razılaşma ilə hissə-hissə maşının pulunu ödədiyini bildirmişdir. Ödəniş və şərtlər barədə məlumatım yoxdur. Bir müddətdən sonra Şahini maşınsız görüdüm, dedi ki, maşını sahibinə qaytarmışam. Mənim yanımda heç bir pul söhbəti və ya sövdələşmə olmamışdır. İddiaçını ümumiyyətlə tanımıram. Heç bir sövdələşmə və ya danışıqlarda iştirak etməmişəm. Mənin cavabdehin mənə danışdıqlarından məlumatım var.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin ləğv edilmiş hissədə işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Hazırkı işin hallarından görünür ki, tərəflər öz aralarında olan öhdəlikləri üç dəfə tərtib edilmiş borcun etirafına dair sənədlərlə rəsmiləşdirmişlər. Cavabdehlərin 13000 ABŞ dolları məbləğində borcu tanımaları notarial qaydada, ayrı-ayrı vaxtlarda hər dəfə 1000 ABŞ dolları olmaqla, əlavə 2000 ABŞ dolları borcu etiraf etmələri isə sadə yazılı şəkildə rəsmiləşdirilmişdir. Həmin öhdəliklərin yaranma əsasları ilə bağlı hər hansı məcburi forma şərti pozulmadığından sözügedən borc sənədləri etibarlı sayılır. Beləliklə, cavabdehlərin borcun tanınmasına və etirafına dair yazılı sənədlərdə ödəyəcəkləri pulu və müddəti təsdiq etmələri, iddiaçını cavabdehlərlə arasında etibarlı borc münasibətlərinin və onlardan qeyd edilən məbləğlərdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, mövcud hüquqi vəziyyətə görə cavabdehin maşın alqı-satqısına dair əvvəlki mübahisəli hallara və əslində borcun olmamasına istinadı qəbuledilməzdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar nəzərə alınmadığı və hüquq normaları düzgün tətbiq edilmədiyi üçün qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.” Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, qətnamə mübahisələndirilən hissədə qismən - cavabdehlərdən müştərək qaydada 13000 ABŞ dollarının tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. İşin müəyyən edilmiş halları aşağıdakılardır. Cavabdeh1 və X8 tərəfindən yazılmış və notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, onlar xx.xx.2014-cü il tarixdə avtomobil almaq üçün İddiaçı 13000 ABŞ dolları məbləğində borc pul almışlar. İddiaçı pulu “xxxx” QSC-dən kredit götürmüşdür. Onlar həmin pulu İddiaçı adına 18 ay müddətinə hər ay 885 ABŞ dolları olmaqla “xxxx” QSC-yə ödəməyi öhdələrinə götürürlər. Cavabdeh1 və X8 tərəfindən yazılmış əlyazma qəbzdən görünür ki, onlar xx.xx.2015-ci il tarixdə Məmmədov Mehman Yusif oğlundan bir ay müddətinə qaytarmaq şərti ilə 1000 ABŞ dolları məbləğində borc pul almışlar. Cavabdeh1 və X8 tərəfindən yazılmış xx.xx.2015-ci il tarixli əlyazma qəbzdən görünür ki, onlar xx.xx.2015-ci il tarixdə İddiaçı bir ay müddətinə qaytarmaq şərti ilə 1000 ABŞ dolları məbləğində borc pul almışlar. “xxxx” QSC-dən İddiaçı ünvanlanmış 1038 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, onun xx.xx.2014-cü il tarixdə götürdüyü 15000 ABŞ dolları məbləğli kredit tam ödənmişdir, hazırda heç bir borcu yoxdur. Xətai RPİ İŞ-nin müstəntiqi İ.Həbibzadənin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarından məlum olur ki, Cavabdeh2 İddiaçı barəsində onlara maşın satmaq adı ilə 7100 ABŞ dolları məbləğində pul vəsaitini aldadaraq ələ keçirməsinə dair şikayətinə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanması məsələnin mülki xarakterli olması səbəbindən rədd olunmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsi tərəfindən verilmiş «X17» markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkəti barədə məlumatların kompüter çıxarışından görünür ki, həmin avtomobil xx.xx.2014-cü il tarixdə İddiaçı alına ilkin qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixdə sonuncu Cavabdeh1, xx.xx.2015-ci il tarixdə X11 etibarnamə vermiş, xx.xx.2016-cı il tarixdə isə avtomobili X1. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, tərəflər arasında 13.000 ABŞ dolları ilə bağlı borc münasibətləri olmamışdır, tərəflər iddiaçının satdığı avtomobilin 13.000 ABŞ dollarına alqı-satqısı barədə razılığa gəlmiş, lakin cavabdehlərin avtomobilin dəyərini nağd ödəmək üçün pulları olmadığından, iddiaçı öz adına kredit rəsmiləşdirərək 13.000 ABŞ dollarını avtomobilin dəyəri kimi özünə götürmüş, cavabdehlər isə həmin vəsaiti hər ay 885 ABŞ dolları olmaqla 18 ay müddətində banka ödəmək barədə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçının istinad etdiyi xx.xx.2014-cü il tarixli «Ərizə» də borc müqaviləsi yox, avtomobilin alqı-satqısı ilə bağlı iddiaçının kredit öhdəliyinin cavabdehlər tərəfindən icra edilməsi barədə öhdəliyi ehtiva edir. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında avtomobilin nisyə alqı-satqısı barədə razılıq olmuş və cavabdehlər iddiaçının kredit borcunu annuitet qaydada bağlamaqla avtomobilin dəyərini hissə-hissə ödəmək barədə razılaşmışlar. Belə olan təqdirdə, xx.xx.2014-cü il tarixli «Ərizə» nə borc, nə də mövcud borcun etirafı kimi qiymətləndirilə bilməz. Hazırda iddiaçı xx.xx.2014-cü il tarixli ərizəyə əsaslanaraq, cavabdehlərdən 13.000 ABŞ dollarını borc şəklində tələb edir (iddia ərizəsində həmin məbləğ faizi ilə birlikdə 15930 ABŞ dolları göstərilmişdir (885x18)). Kollegiya hesab edir ki, bu hissədə iddia tələbi əsassızdır. Belə ki, istinad edilən əqd (ərizə) forma və məzmununa görə etibarsız əqddir və belə əqdə əsaslanaraq iddiaçının cavabdehdən pul tələb eməsinin əsassı yoxdur. Avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya hesab olunduğundan, mülki qanunvericiyilin tələbinə görə, onunla bağlı alqı-satqı müqaviləsi (o cümlədən nisyə alqısatqı müqaviləsi) də notariat qaydada rəsmiləşdirməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Baxılan iş üzrə etibarsız hesab edilən əqdin etibarsızlığından irəli gələn nəticələri hazırki işin icraatı çərçivəsində həll etmək mümkün deyildir. Belə ki, tərəflər arasında olan həqiqi münasibətlər onların arasında avtomobilin alğı-satqısı ilə bağlı yaranmışdır. Lakin işin hallarından müəyyən edilir ki, iddiaçı bu məqsədlə 13000 ABŞ dolları kredit götürüb özündə saxlamış, həmin pulun bir hissəsi cavabdehlər tərəfindən ödənilmiş, avtomobil sonradan iddiaçıya qaytarılmış, hazırda isə başqa şəxsə satılmışdır. Kollegiya qeyd edir ki, iddiaçı avtomobilə vurulmuş zərərlə, cavabdehlər isə avtomobilə görə apardıqları ödənişlərlə bağlı müstəqil iddia qaldıra bilərlər. Beləliklə müəyyən olunur ki, iddiaçının istinad etdiyi xx.xx.2014-cü il tarixli əqd (ərizə) həm məzmun, həm də forma baxımından qanunvericiyin tələblərinə uyğun olmadığından, həmin əqd etibarsızdır və onun bu əqdə əsaslanaraq cavabdehlərdən borc şəklində pul tələb etməsinin əsası yoxdur və belə tələb təmin edilə bilməz. İddia tələbinin sonradan ayrı-ayrı vaxtlarda alınmış 2000 ABŞ dollarının (1000+1000) qaytarılması hissəsində Kolegiya hesab edir ki, məhkəmə bu hissədə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdehlər tərəfindən yazılmış əlyazma qəbzlərdən görünür ki, onlar xx.xx.2015ci il tarixdə Məmmədov Mehman Yusif oğlundan bir ay müddətinə qaytarmaq şərti ilə 1000 ABŞ dolları məbləğində borc pul almışlar. xx.xx.2015-ci il tarixli əlyazma qəbzdən də görünür ki, onlar xx.xx.2015-ci il tarixdə İddiaçı bir ay müddətinə qaytarmaq şərti ilə daha 1000 ABŞ dolları məbləğində borc pul almışlar. Bu halı cavabdehlər özləri də kollegiya iclasında etiraf etmişlər. Belə olan halda, Kollegiya hesab edir ki, həmin pul məbləği cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-8685/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən – ödəniş gününə qüvvədə olan məzənnə ilə 13000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə (ödəniş gününə qüvvədə olan məzənnə ilə 2000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-663/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-663/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver