Məhkəmə qərarları › İş №2(103)-6635/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6635/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6635/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzildən istifadə hüququnun müvəqqəti saxlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçılarntərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh x İlham qızına qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x İlham qızının Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 17, 16 saylı mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzildən öz əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh Cəbiyeva (Tahirova) Sona İlham qızı onun keçmiş gəlinidir. Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə oğlu İddiaçı2 və cavabdeh x İlham qızı arasında olan nikah pozulmuşdur. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 17, 16 saylı mənzil paylı mülkiyyət olaraq ona və oğluna məxsusdur və oğlunun nikahından əvvəl əldə edilmişdir. Həmin mənzil ilk əvvəl mərhum həyat yoldaşına məxsus olmuş, sonradan vərəsəliklə onlara keçmişdir. Toydan sonra x İlham qızı həmin mənzilə qeydiyyata düşmüşdür. Hazırda nikah münasibətləri pozulmasına baxmayaraq cvabdeh ona məxsus olan mənzildə yaşamağa davam edir. Ona mənzili könüllü surətdə tərk etməsini bildirsə də bu günə qədər müraciəti cavabsız qalmışdır. Cavabdehin onun mülkiyyətində (mənzilində) qeydiyyatda olması nəticəsində hüquqları pozulmuş olur. Bundan başqa, o, hər ay cavabdehin əvəzinə kommunal xərcləri ödəməli olur, çünki bu şəxs onun mülkiyyətində olan mənzildə qeydiyytadadır. İddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzildən istifadə hüququnun müvəqqəti saxlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlərə ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan üç otaqlı, ünvan 1 ünvanında yerləşən mənzilin cavabdeh İddiaçı2 məxsus 1/2 pay hissəsinə istifadə hüququnun tanınması, həmin mənzildən istifadə hüququnun, azyaşlı uşaqları yetkinlik yaşına çatana qədər, yəni 2034cü ilədək müvəqqəti saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı2 ilə o, xx xxxxxxx 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Rəsmi nikahdan iki azyaşlı övladları var: X8 - xx xxxxxx 2014-cü il təvəllüdlü və X9 - xx xxxx 2016-cı il təvəllüdlü. Cavabdeh İddiaçı2 iddiası ilə nikahları Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və azyaşlı uşaqlarının onun himayəsində saxlanılması qət edilmişdir. O, nikaha daxil oduğu vaxtdan cavabdeh İddiaçı2 və onun anası, yəni ikinci cavabdeh İddiaçı1 Glimurad qızına ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən üç otaqlı mənzilə gəlin köçərək orada yaşamış və hazırda da, həmin ünvanda pasport qeydiyyatında olmaqla iki azyaşlı uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdehlər isə tamamilə ayrı ünvanda özlərinə məxsus olan başqa evdə yaşayırlar. Cavabdehlər ona qarşı “Mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və öz əşyaları ilə birlikdə mənzildən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, cavabdeh İddiaçı2la 2011-ci ildə ailə qurduğuna görə onların mənzil hüquq münasibətlərinə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Qanunun tələbinə əsasən o, cavabdeh İddiaçı2 və onun anası İddiaçı1 ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan mənzilə ailə üzvü kimi istifadə hüququ əldə etmişdir. O, həkim işləyir və aldığı əmək haqqı ilə mübahisəli mənzilin bütün kommunal xərclərini ödəyir, lakin aldığı əmək haqqı ilə onun mənzil alması ümumiyyətlə mümkün deyildir. Himayəsində iki azyaşlı uşağının olması isə ümumiyyətlə, onun gələcəkdə də mənzil almasını istisna edir. Yəni hazırki vəziyyətlə maddi imkansızlıq üzündən onun ev alması və ya kirayədə qalması mümkün deyildir. Yaşamağa isə başqa yeri yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-651/2020 saylı qətnaməsi ilə ilkin iddianın və qarşılıqlı iddianın qismən təmin edilməsi, x İlham qızının Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsində yerləşən, 17 saylı evin 16 saylı mənzilindən istifadə hüququnun bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 2 (iki) il ərzində saxlanılması, həmin müddət başa çatdıqdan sonra x İlham qızının həmin mənzilə istifadə hüququ itirilməklə, onun öz əşyaları ilə birlikdə bu mənzildən çıxarılması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddianın təmin edilən hissəsində, yəni cavabdeh x İlham qızının mübahisəli mənzildən istifadə hüququnun qətnamə qanuni qüvvəyə mindikdən sonra 2 il ərzində saxlanılması hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın tamamilə rədd edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etmişlər. İlkin iddia üzrə iddiaçılar apelyasiya şikayətini iddia ərizəsində qeyd olunan dəlillərə istinad etməklə onunla əsaslandırmışlar ki, məhkəmə cavabdehin mənzildən istifadə hüququnun qətnamənin qüvvəyə mindiyi vaxtdan 2 il ərzində saxlanılması barədə mövqeyini əsaslandıra bilməmişdir. Cavabdehin iddia ərizəsindən və məhkəmə prosesi zamanı verdiyi izahatlarından görünür ki, cavabdeh bildirir ki, onun ümumiyyətlə hər hansı bir vaxtdan sonra belə mənzil almaq üçün maddi imkanı yoxdur və gələcəkdə olması da gözlənilmir. Belə olan halda, cavabdehə məhz 2 il müddətin verilməsinin və daha 2 il müddətində mülkiyyətçi kimi iddiaçıların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının zərurəti məhkəmə tərəfindən açıqlanmamışdır. Məsələ azyaşlı uşaqların mənafeyinin gözlənməsindən ibarət idisə, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən İddiaçı2 tərəfindən aliment ödənilməkdədir və ata olaraq uşaqların maddi təminatlarının maksimum şəkildə ödənilməsi həyata keçirilir. Məhkəmə iclasında İddiaçı2 və onun nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı2 ilə Cavabdeh xx xxxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2014-cü il təvəllüdlü X8 və xx xxxx 2016-cı il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı2 ilə Tahirova (Cəbiyeva) Sona İlham qızı arasında xx xxxxxxx 2011-ci il tarixdə «Bakı Nikah evi»ndə bağlanmış və 1971 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 07 iyıl 2016-cı il təvəllüdlü X9 və xx xxxxxx 2014-cü il təvəllüdlü X8 anaları X6 himayəsində saxlanılması, İddiaçı2 xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxxx 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda alimentin X6 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh nikaha daxil olduqdan sonra paylı mülkiyyət hüququ üzrə İddiaçı2 və onun anası İddiaçı1 məxsus olan ünvan 2 ünvanda yerləşən mənzilə köçərək orada yaşamış və hazırda da həmin ünvanda pasport qeydiyyatında olmaqla iki azyaşlı uşağı ilə yaşayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən xx xxxxxxx 2009-cu il tarixədək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki iş üzrə mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2011-ci ilin oktyabr ayından etibarən yarandığından mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı2 ailə üzvü olmuş və mübahisəli yaşayış sahəsinə köçürülmüşdür. Lakin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd edilən şərh baxımından Cavabdeh digər mülkiyyətçi İddiaçı1 keçmiş gəlini kimi onun “digər qohumları” dairəsinə aid deyildir və ona münasibətdə ailə üzvü hesab edilmir. Deməli, həmin iddiaçıının payına münasibətdə qarşılıqlı iddiaçı Cavabdeh mənzildən istifadə hüququ yaranmamışdır. Buna baxmayaraq, Mənzil Məcəlləsinin göstərilən normaları baxımından qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı2 ilə nikaha daxil olduğu xx xxxxxxx 2011-ci il tarixdən mübahisəli mənzildə onun payına münasibətdə istifadə hüququ yaranmışdır və yalnız xx xxxxx 2019-cu il tarixdə nikahları ləğv olunduğundan və tərəflər arasında başqa razılaşma olmadığından həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbindən göründüyü kimi, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər. Kollegiya hesab edir ki, mənzil qanunvericiliyinin normaları baxımından iddiaçılardan birinə münasibətdə qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yarandığı, digər iddiaçıya münasibətdə isə həmin mənzildən istifadə hüququ yaranmadığı müəyyən edilsə də, paylı mülkiyyətçilərin mübahisəli əmlakdakı payları naturada bölünmədiyindən, qarşılıqlı iddiaçı mübahisəli mənzildə müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbi ilə hər iki mülkiyyətçiyə qarşı iddia irəli sürməkdə haqlı olmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçı Cavabdeh həkim işləyir və aylıq qazancı sərbəst şəkildə özünün mənzil tələbatını ödəməyə imkan vermir, onun başqa yaşayış yeri də yoxdur. Üstəlik, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşağın boşanmadan sonra ananın yanında qalması qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh valideynlərinə məxsus 5 otaqlı mənzilin olması, buna görə də onun başqa yaşayış yerinin olmaması ilə bağlı dediklərinin həqiqətə uyğun olmamasına dair apelyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, qarşılıqlı iddiaçı ailə həyatı qurmaqla valideynlərinə məxsus yaşyış evini daimi olaraq tərk edib başqa yaşayış yerinə köçmüş, həmin ünvanda əri və uşağı ilə birlikdə birgə təsərrüfat aparmışdır. Sonradan əri ilə ailə münasibətlərinə xitam verilməsi onun valideynlərinə məxsus mənzilə münasibətdə nikahdan əvvəlki hüquqlarının avtomatik olaraq bərpa edilməsi anlamına gəlmir. Bu səbəbdən də, məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Qarşılıqlı iddiaçının mənzildən müvəqqəti istifadə hüququnun saxlanılmasının müddəti ilə bağlı kollegiya qeyd edir ki, hazırkı işin faktiki halları baxımından, həmçinin iddiaçıların mülkiyyət hüquqlarının və qarşılıqlı iddiaçının istifadə hüququnun təmin edilməsində tarazlığa nail olunması baxımından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iki il müddət ədalətli və ağlabatan hesab edilməlidir. Bununla bağlı məhkəmə kollegiası izah edir ki, istifadə hüququnun müvəqqəti saxlanılması üçün bu hüququ saxlanılan şəxs, hazırkı apellyasiya şikayətində qeyd edildiyi kimi, həmin müddətdən sonra özünə yaşayış sahəsi əldə edəcəyini sübut etməli deyildir. Müvəqqəti xarakter daşıyan bu hüququn saxlanması yaşayış sahəsindən istifadə hüququnu itirən şəxsin özünü yeni yaşayış sahəsi ilə təmin etmək məqsədi ilə tədbirlər görməsi üçün ona imkan yaradılmasından ibarətdir. Yəni, bu tədbirləri gördüyü müddətdə şəxs yaşayış sahəsini itirmək qorxusu ilə üz-üzə qalmamalıdır. Məhkəmə kollegiyası işin hallarını və yuxarıda sadalanan mənzil qanunvericiliyinin normalarını əsas tutaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, işə baxan məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun iki il ərzində saxlanmasına əsasların olub-olmaması ilə bağlı məsələni araşdıraraq düzgün qənaətə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Ona görə də, verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 651/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar