Məhkəmə qərarları › İş №2(103)-6635/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6635/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6635/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı "mənzildən istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-956/2021 saylı mülki iş üzrə 19.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 52 saylı notariat ofisinin notariusu X4 tərəfindən daşınmaz əmlakın alqısatqısına dair 07 avqust 2020-ci il tarixində bağlanmış AN-1№0861331 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək), İddiaçı, X5 və X7 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23a, mənzil 85-dən istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: X.E.Abdullayev və Cavabdeh arasında bağlanmış, 07.08.2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, satıcı İddiaçı (mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 282 nömrəli reyestr kitabının 27048 nömrəli vərəqində qeydiyyata alınmış) Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23a, 85 saylı mənzilini alıcı Cavabdeh mülkiyyətinə verir, Müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, həmin müqavilənin 11 -ci bəndinə əsasən mənzili alıcının faktiki sahibliyinə verməyi, həmin müqavilənin 13-cü maddəsinə əsasən, satıcı 07.10.2020-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür (səh.7,53); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 3721745№-li arayışa əsasən, X5, X11, X6 və X8 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23a, 85 saylı mənzildə qeydiyyatdadırlar (səh.45); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli 17.08.2020-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23a, 85 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur (səh.46); 07.08.2020-ci il tarixli, satıcı X.E.Abdullayev və alıcı Cavabdeh tərəfindən Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu X2 ünvanlanmış ərizənin surətinə əsasən, tərəflər Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23a, 85 saylı mənzilin satılması, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsi və bununla əlaqədar bank xərclərinin ödənilməsinin “alıcı”nın üzərinə qoyulması barədə razılığa gəlmişlər (səh.64); Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23a, 85 saylı mənzilində qeydiyyatda olan X11 tərəfindən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoruna ünvanlanmış ərizəsinə əsasən, R.S.Əliyev qeydiyyatda olduğu Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23a, 85 saylı mənzilin istənilən vaxt özgəninkiləşdirilməsinə, satılmasına, ipotekaya (girov) qoyulmasına, bağışlanmasına və ya dəyişdirilməsinə etiraz etmir (səh.60,63); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-956/2021 saylı mülki iş üzrə 19.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı, X3 və X7 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23a, 85 saylı mənzilə istifadə hüququna xitam verilsin və onlar həmin mənzildən çıxarılması, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 10 (on) manat İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119, 217, 218-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157, 178, 354, 421, 423-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisəli mənzil alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində Cavabdeh adına mülkiyyət hüququ ilə qeydə alınmışdır, iş üzrə tərəf olan İlham Abdullayev həmin mənzildə qeydiyyatdadır və hazırda da orada yaşayır, Ramin Əliyev mənzilə qeydiyyatı olsa da orada yaşamır və qeydiyyat formal xarakterlidir, İddiaçı mənzilin əvvəlki mülkiyyətçisidir, qeyd edilənlər işin mübahisəsiz halları kimi müəyyən olunur, mübahisəli mənzilin alqısatqısı etibarnamə əsasında İddiaçı adından onun oğlu İlham Abdullayev tərəfindən həyata keçirilmişdir. Bununla belə, mübahisəli mənzilin alqı-satqısı barədə müqavilənin etibarsızlığına əsas verən hallar, həmçinin İddiaçı, İ.Abdullayev və R.Əliyevin həmin mənzilə istifadə hüququnun itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə "alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə” iddia tələbinə münasibətdə hesab edir ki, bu tələbin əsaslandırıldığı hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır, iddiaçı öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıdığı halda, onun tərəfindən mübahisələndirilən əqdin etibarsızlığına əsas verən, o cümlədən əqdin bağlanılmasına məcburetmə halları, yaxud vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmasına əsas verən, həmçinin müqavilənin forma tələbləri ilə bağlı tərəflər arasında başqa razılaşmanın olması halları barədə mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsaslı hesab edilə bilməz. Mülki qanunvericiliyə əsasən, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər, maraqlı şəxs tərəfindən əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə, Cavabdeh qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, mübahisəli mənzil Cavabdeh adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alındığından və həmin mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətini verərək, Xətai rayonu Məhkəməsinin 2(011)-956/2021 saylı 19 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 29; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390, 567-ci maddələrinə istnadən qeyd edilmişdir ki, onunla cavabdeh arasında 07 avqust 2020-ci il tarixində daşınmaz əmlakın alqı-satqısına dair AN-1N20861331 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlananda notariat kontorunda onu etibarnamə üzrə oğlu Abdullayev İlham təmsil edirdi. Alqı-satqı olan zaman onun bir mülkiyyətçi kimi iradəsi nəzərə alınmamışdır və nəticə olaraq mülkiyyətində olan əmlak dəyərsizləşdirilərək daha ucuz qiymətə satılmışdır. Bunu bildiyindən dərhal sonra etirazını bildirib məhkəməyə müraciət edib, lakin təssüflər olsunki birinci instansiya məhkəməsi tərəfindən onun bir mülkiyyətçi kimi hüquqları və iradları nəzərə alınmamışdır. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Gördüyünüz kimi alqı-satqı müqaviləsinin şərtləri onu bir mülkiyyətçi kimi qanə etməmiş, əqd isə iradəsinə zidd bağlanmışdır. O üzdəndə yuxanda bəhs etdiyi alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, alqı-satqının iddiaçının razılığı ilə həyata keçdiyini, mənzilin oğlu tərəfindən satılmasından xəbərdar olduğunu və şikayətin yalnız vaxtı uzatmaq məqsədi ilə verildiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X5, X12 və Bakı şəhəri 52 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337-354, 228, 388-390, 560; Mənzil Məcəlləsinin 30, 34, 35, 60; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin iddianın mahiyyətinə aiddiyyəti olmayan (yalnız şəxsi mülahizələrdən ibarət olan) və sübutedici əsasları olmayan dəlilləri birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, ilk iddia üzrə iddiaçı apellyasiya şikayətində yalnız iddiasında mübahisələndirdiyi və təmin edilməyən alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsindən dəlillər irəli sürmüş, istifadə hüququ və çıxarılma üzrə təmin edilən qarşlıqlı iddiaya dair təkzibedici dəlillər irəli sürməmişdir. İlk olaraq qeyd edilməlidir ki, tələb iki əsasla –müqavilənin etibarsızlığı və onun ləğvi əsası ilə - irəli sürülmüş və bu zaman ilk iddia üzrə iddiaçının iradə ifadəsinin nəzərə alınmadığı və mənzilin dəyərindən ucuz qiymətə satılması dəlilləri qeyd edilmişdir. Bu dəlillərin əsasını ilk iddia üzrə iddiaçının oğluna vermiş olduğu etibarnamə təşkil edir ki, bu etibarnamənin qanunsuz olması və ya etibarsızlığı, etibarnamə üzrə hərəkət edən şəxsin verilmiş səlahiyyətlərdən kənar çıxması, habelə aldadılma barədə sübutlar birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmiş və belə xüsusatlar apellyasiya şikayəti üzrə müzakirə predmeti olmadığından tələbin əsaslı olması müəyyən edilmir. Mənzil qiymətlərinə gəldikdə isə, bu iki tərəfin razılaşması ilə həll edilən məsələdir və mənzilin ucuz qiymətə satılması bu alqı-satqının etibarsızlığına dəlalət etmir və ya müqavilənin ləğvi üçün əsas ola bilməz. Halbuki mənzilin ucuz qiymətə satılması belə sübuta yetirilməmişdir. Mübahisələndirilməsədə qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü dəlilləri istisna edən hallar müəyyən edilməmiş və alqı-satqı üzrə mənzilin yüklü olmadan təhvil verilməsi öhdəlikləri yerinə yetirilməyərək mənzildən çıxma məsələləri həll edilməmişdir. Şəxsin mənzildə qeydiyyatda olaraq yaşaması və ya mənzilin mülkiyyətçisi olması onun bu mənzilə olan yaşayış sahəsinə istifadə hüquqlarının mövcudluğu müəyyən edir (iş üzrə bunu inkar edən dəlillər və notariat qaydasında aparılan alqı-satqı üzrə cavabdehlərin etirazları müəyyən edilməmişdir). Qarşılıqlı tələb üzrə iddiaçıya münasibətdə cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqları yaranmasada daşınmaz əmlakı satana münasibətdə bu hüquqların mövcudluğu ehtimal edilir və mənzilin hazırki mülkiyyətçisi onların bu hüquqlarının mövcudluğunu istisna etmir. Beləliklə də, qarşılıqlı iddia üzrə cavabdehlərin mənzildən istifadə hüquqlarının qarşılıqlı iddia üzrə iddiaçıya (yeni mülkiyyətçiyə) münasibətdə yaranmadığından obyektiv mənada bu hüquqların saxlanılması üçün əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-956/2021 saylı mülki iş üzrə 19.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar