Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6635/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "N.X10" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X6 Əziz qızının katibliyi, İddiaçı və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "N.X10" MMC-nin xx.xx.2009-cu il tarixli, 50 nömrəli əmrinə əsasən, İddiaçı "N.X10" MMC-nin ştat cədvəlinə əsasən 1.0 vahid şərtilə 3 ay sınaq müddəti ilə bağban vəzifəsinə işə qəbul edilmişdir. "N.X10" MMC-nin xx.xx.2019-cu il tarixli 192-K nömrəli əmrinə əsasən, İddiaçı ştat cədvəlinə əsasən 0.5 ştat vahidinə keçirilmişdir. "N.X10" MMCnin xx.xx.2023-cü il tarixli, 227-K nömrəli əmrinə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilməklə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. "N.X10" MMC-nin xx.xx.2023-cü il tarixli, 51 nömrəli əmrinə əsasən, İddiaçı əmək müqaviləsi əsasında Yardımçı bölmədə bağban vəzifəsinə 1.0 ştat vahidi ilə qəbul edilmişdir. "N.X10" MMC-nin xx.xx.2025-ci il tarixli, 28-K nömrəli əmrinə əsasən, "N.X10" MMC Təsərrüfat heyətinin bağbanı İddiaçı ilə bağlanmış xxxxxxx000201 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "N.X10" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N.Tusi adına X2 Cəmiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 28-k nömrəli əmrin ləğv edilməsi, N.X10 MMC-də yardımçı bölmədə 1.0 ştat vahidi ilə bağban vəzifəsinə bərpa olunmağına, əmək kitabçasında aparılan düzəlişin aradan qaldırılmasına, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir müddət öncə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə əlavə iş saatlarına cəlb edilməsi ilə bağlı şikayətlər edilmişdir. Şikayəti əsasında da müvafiq araşdırma başladılmış və onun 13:00-dan 14:00-dək nahar fasiləsi olmaqla iş vaxtının 11:00-dan 16:00-dək 4 saat müəyyən edildiyi halda 6 saat olaraq işlərin yerinə yetirilməsinə cəlb edilməsi, bununla da normal əmək və istirahət rejimimin pozulduğu müəyyən edilmiş, nəticədə cavabdeh müəssisənin direktoru X5 barəsində AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati cərimə haqqında qərar qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırı ki, o, xx.xx.2009-cu il tarixindən cavabdeh müəssisədə bağban vəzifəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində 227-k nömrəli əmr ilə tutduğu vəzifədən azad edilmiş, bir neçə gün sonra isə - xx.xx.2023-cü il tarixində yardımçı bölmədə 1.0 ştat vahidi ilə bağban vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli, 28-K nömrəli əmr ilə işdən azad edilmişdir. Əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işçilərin sayı vəya ştatları ixtisar edildiyinə görə işdən azad edilməsi barədə sözügedən əmr qəbul edilmişdir. Qeyd edir ki, mövcud əmrin qəbul edilməsinə əsasən müəssisə ilə aralarındakı çoxsaylı narazılıqların və haqsızlıqların olması, onun də bütün bunlara göz yummaması olmuşdur ki, bunun da nəticəsində bir növ cəza tədbiri kimi o, işdən kənarlaşdırılmışdır. Göründüyü kimi cavabdeh müəssisə tərəfindən ştatın ixtisarı ilə bağlı əmr qəbul edilsə də bu əmr əsassızdır. Məlumdur ki, bu gün müəssiələrin xüsusilə də tibb müəssisəsinin həyətində daxil və çöl ərazilərində yaşıllıq ərazilər mütləqdir ki, burada da sual yaranır ki, bu ştat ləğv edilərsə o zaman həmin yaşıllıq sahələrinə, bitkilərə və ağaclara kim qulluq edəcək. Göründüyü kimi əmr təmamilə əsassızdır. Ömrünün 20 ilini bağban kimi, o cümlədən müxtəlif dövlət müəssisələrində, dövlətin yaşıllaşdırma və abadlıq sahələrində sərf etmiş, təcrübəli və fədakar bir əməkçidir. Nəsirəddin Tusi adına tibb müəssisəsinin nəzdində bağban vəzifəsində çalışmış, ərazidəki ağaclara, gül kollarına, landşaft zonalarına və ümumiyyətlə yaşıl mühitə qayğı göstərmişdir. Əvvəlki münasibətlərdən sonra cavabdeh cərimə edildiyi üçün işəgötürənin əsl niyyətinin “ixtisar” bəhanəsi altında əmək münasibətlərinə qanunsuz son qoymaq olduğu aşağıdakı arqumentlərlə açıq-aşkar sübuta yetirilir: Əgər doğrudan da bağban ştatı ləğv edilmişdisə, onda müəssisənin ərazisində olan onlarca ağaca, gül kollarına, ot örtüyünə və digər landşaft obyektlərinə kim qulluq edir? Bağ və yaşıllıq ərazisi - öz-özünə qulluq etmir. Belə obyektlərin baxımsız qalması, xüsusilə tibb müəssisəsi kimi ictimai əhəmiyyətli obyekt üçün: • təhlükə yaradır (qurumuş ağac budaqları, alaq, allergenlər və s.), • estetik və sanitar baxımdan problem doğurur, • inzibati məsuliyyətə belə səbəb ola bilər. Əgər həmin işlər başqası tərəfindən həyata keçirilirsə - bu, açıq şəkildə sübut edir ki, əmək funksiyası real olaraq qalıb. Bu isə fəaliyyətin saxlanıldığı, yalnız vəzifə adının kağız üzərində “ləğv edildiyi” deməkdir. Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, vəzifə üzrə əmək funksiyası faktiki saxlanılırsa, ixtisar yalnız formal xarakter daşıyır və belə xitam qanunsuz sayılır. Onun 81 yaşı var. Ölkədə yaşlı nəslin əmək bazarından sıxışdırılması halları təəssüf ki, geniş yayılıb. Bu hal yaş əsaslı ayrı-seçkilik deməkdir və qanunvericiliklə qadağandır. Ümumilikdə 50 illik iş təcrübəsi olan, öz əli ilə saysız-hesabsız ağac əkmiş, o ağacları böyütmüş bir bağbanın bu şəkildə - kağız üzərində ştat “ləğv olundu” deyə işsiz qoyulması, həm də işçi hüququna və ləyaqətinə ziddir. Hazırki halda, ona heç bir alternativ iş təklif edilmədən əmək münasibətlərinə xitam verilib. Bu isə əlavə pozuntu və məsuliyyət yaradır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3756/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia təmin olunmamışdır.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.1, 68.1, 70-ci maddənin b bəndi, 71.1, 71.3, 76.1, 77.1, 77.2, 77.3, 83.1, 84-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə Əmək Məcəlləsinin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Lakin iş materiallarından görünür ki, iddiaçıBədirovGüloğlan Ehtac oğlu X1 üzvü olsa da, onun işdən çıxarılması zamanı qanunvericiliklə müəyyən edilmiş tələblərə və qaydalara riayət edilməmiş, X1 razılığı alınmamışdır. Belə ki, həmin maddədə göstərilir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən vəistərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı(istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. İşçiyə iş axtarılması üçün heç bir şərait yaradılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
10. Cavabdehin nümayəndəsi vəsatət göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatətin əsassız olduğu qənaətinə gələrək və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinə əsasən, Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək. 46.1-ci maddəsinə əsasən, Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 68-ci məddənin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddənin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddənin 1-ci bəndinə əsasən, İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71-ci maddənin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 77.1-ci maddəsinə əsasən, İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. 77.2-ci maddəsinə əsasən, Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3-cü maddəsinə əsasən, Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. 83.1-ci maddəsinə əsasən, Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı işdə iddia təmin olunmadığından və qətnamə apellyasiya qaydasında iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
15. İş materialları ilə müəyyən edilir ki, "N.X10" MMC-nin xx.xx.2009-cu il tarixli, 50 nömrəli əmrinə əsasən, İddiaçı "N.X10" MMC-nin ştat cədvəlinə əsasən 1.0 vahid şərtilə 3 ay sınaq müddəti ilə bağban vəzifəsinə qəbul edilmişdir. "N.X10" MMC-nin xx.xx.2019-cu il tarixli 192-K nömrəli əmrinə əsasən, İddiaçı ştat cədvəlinə əsasən 0.5 ştat vahidinə keçirilmişdir. "N.X10" MMC-nin xx.xx.2023-cü il tarixli, 227-K nömrəli əmrinə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilməklə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. "N.X10" MMCnin xx.xx.2023-cü il tarixli, 51 nömrəli əmrinə əsasən, İddiaçı əmək müqaviləsi əsasında Yardımçı bölmədə bağban vəzifəsinə 1.0 ştat vahidi ilə qəbul edilmişdir. "N.X10" MMC-nin xx.xx.2025-ci il tarixli, 28-K nömrəli əmrinə əsasən, "N.X10" MMC Təsərrüfat heyətinin Bağbanı İddiaçı ilə bağlanmış xxxxxxx000201 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.
16. Hazırda iddiaçı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəöməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinə əməl edilmişdir və müqaviləyə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi işçilərin sayının və ya ştatların ixtisarı göstərilmişdir.
18. İşin hallarından görünür ki, "N.X10" MMC-nin xx.xx.2025-ci il tarixli 02 nömrəli əmrindən görünür ki, N.X8 rentabelliyinin aşağı düşməsi, dövriyyənin azalması və nəticədə maliyyə borclarının yaranması səbəbindən müəssisənin ştat cədvəli və işçilərin aylıq əmək haqları, işçinin gördüyü iş yenidən təhlil olunması, işəgötürən və işçi arasında qarşılıqlı razılaşmaya əsasən müvafiq işçilərin aylıq əmək haqlarına müvəqqəti olaraq dəyişiklik edilməsi, 1.0 ştat vahidi ilə bağban vəzifəsi zəruriyyət olmadığı üçün xx.xx.2025ci il tarixindən ixtisar edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin vəzifəni tutan işçiyə ən azı 9 təqvim həftəsi olmaqla öncədən yazılı xəbərdarlıq elan olunması əmr edilmişdir. İşəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinin tələbi gözlənilərək, işçiyə xx.xx.2025-ci il tarixdə bağban ştatının ixtisar olunacağı barədə 9 təqdim həftəsi öncədən xəbərdarlıq edilmiş, lakin işçi həmin xəbərdarlığı almaqdan imtina etmiş, bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Həmçinin iddiaçı tərəfindən Bakı şəhəri X3 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan da görünür ki, onun ştatın ixtisar olunacağı barədə məlumatı olmuşdur.
19. Bundan başqa iddiaçı bildirmişdir ki, cavabdeh hospitalın rəhbəri onlar barədə şikayət ünvanlayaraq cərimə edilmələrinə səbəb olduğundan ona qarşı qərəzli mövqedə duraraq onun çalışdığı bağban ştat vahidini ixtisar etməklə onu işdən azad etməyə çalışır, bundan başqa 81 yaşı olduğuna görə ona qarşı ayrı-seçkiliyə yol verilərək, onu işdən qanunsuz olaraq çıxarmışlar. Lakin işin hallarından da görünür ki, işçinin işdən azad edilməsinin səbəbi onun əmək pensiyası yaşına çatması deyil, ştat vahidinin ixtisarı ilə bağlı olmuşdur. İddiaçı Bakı şəhəri X3 Xidmətinin İdarəsinə hospitalın direktoru barəsində şikayət ünvanlamamışdan əvvəl ştat vahidinin ixtisar olunacağı barədə xəbərdar olunmuşdur. Göründüyü kimi, iddiaçı işəgötürənin ona qarşı qərəzli olmasına və bu əsasla onu işdən azad etməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmçinin, Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən tərəflər arasında bağlanmış əmək müqaviləsinin xitam edilməsi zamanı Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan əmrin (sərəncamının, qərarının) məzmununda göstərilməli olan məlumatların hər birinə əməl edilmiş, həmçinin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd olunan qanunvericilik normaları müqavilənin ləğv edilməsini işəgötürənin səlahiyyətinə buraxır.
21. Ona görə də Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmr qanunvericiliyin tələblərinə əməl olunaraq verildiyindən iddia təmin edilə bilməz.
22. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunanlar iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunduğu qənaətinə gəlmək üçün birmənalı əsas verir, apellyasiya şikayətində bunun əksini təsdiq edən sübutlar mövcud deyildir və bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
23. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.