Məhkəmə qərarları › İş №2(103)-6636/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6636/2024

05.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6636/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(005)-2357/2024 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2357/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən xx.xx.2024-cü il tarixdə İddiaçı apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5768/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı yenidən məhkəməyə apellyasiya şikayəti təqdim etmiş, eyni zamanda ərizə ilə müraciət edərək, mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2357/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(005)- 2357/2024 saylı qərardadından verilmiş şikayət, həmin məhkəmənin 05 noyabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixədək həmin tarixdə daxil olmaqla məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmiş, bununla da apellyasiya şikayəti verilməsi müddətini üzürsüz səbəbdən ötürməsini əsas gətirərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qeyrimümkün hesab edilməsi və mülki iş apellyasiya şikayətinin geri qaytarılması barədə 2(103)- 5768/2024 saylı xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə Nərimanov rayon məhkəməsinə ərizə vermiş, həmin ərizədə qətnamənin xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya Sistemində yerləşdirilməsi barədə məlumatsız olduğunu bildirərək 1 gün ötürməklə xx.xx.2024-cü tarixdə apellyasiya şikayətinin Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirdiyini bildirmişdir. Nərimanov rayon Məhkəməsi (hakim Ramin Quliyev) 2(005)-2357/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardad qəbul edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti üzürlü hesab etmişdir.Həmçinin, Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buruaxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olması haqqında sübutlar göstərilməlidir. MPM-in 133-cü maddəsini tətbiq edərkən üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümükün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etməsini zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s aid edilə bilər. Lakin Qətnamənin hansı tarixdə elektron məhkəmə informasiya sisteminə nəvax vurulmasını bilməmək üzürlü hesab edilə bilməz. Yuxarıda qeyd olunlara baxmayaraq Nərimanov rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(005)-2357/2024 saylı qərardad qəbul edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti üzürlü hesab edərək müddəti bərpa etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(005)- 2357/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-2357/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə “AZEMİS” Elektron məhkəmə sisteminə, xx.xx.2024-cü il tarixdə isə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfinən birinci dəfə apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Qətnamə iddiaçının elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirildiyindən, iddiaçı üçün apellyasiya şikayətinin verilməsi müddətinin axımı həmin tarixdən hesablanır. Göründüyü kimi, apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə, yəni şikayət etmə müddətinin son günündə verilmişdir. Apellyasiya instansiyası məhkəmə tərəfindən isə apellyasiya şikayəti qeyrimümkün hesab edilərkən, şikayət vermə müddətinin qətnamənin “AZEMİS” Elektron məhkəmə sisteminə yerləşdirildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmış və şikayət vermə müddəti 1 gün keçməsi səbəbindən qeyri-mümküm hesab edilmişdir. Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Hüseynovun şikayəti üzrə xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericlik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (X2rşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı,§ 51). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə həmin müddətin qısa olmasını, insan hüquq və azadlıqlarının müdafiəsi baxımından məhkəmələrə əlçatanlığı təmin etməyin vacibliyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab edilməli, onun qətnamədən apellyasiya şikayəti vermək hüququ məhdudlaşdırılmamalı, buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(005)-2357/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassaiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar