Məhkəmə qərarları › İş №2(103)-6636/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6636/2025

12.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6636/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Cavabdeh1 qarşı mülki iş (Açar sözlər: «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4531/2025 saylı, 02 oktyabr 2025ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: xx.xx.1995-ci il tarixdə 262 nömrəli əmrlə, Bakı şəhəri Əzizbəyov rayonu 243 nömrəli orta məktəbin direktoru Namazov tərəfindən İddiaçı Əzizbəyov rayonu 243 nömrəli orta məktəbin rus dili müəlliməsi vəzifəsinə təyin edilib.

2. Bakı şəhəri 243 nömrəli tam ümumtəhsil məktəbinin direktoru Mehparə Mansurovanın əmək müqaviləsinin ləğv edilməsi barədə OU**********/e nömrəli 30 iyun 2025-ci il tarixli əmrinə əsasən 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3- 29-69/3-2-29F/2025 nömrəli əmri əsas götürülərək, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən Bakı şəhəri 243 nömrəli tam orta ümumtəhsil məktəbinin rus dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir.

3. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/18/2025-00530 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışda göstərilib ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak etməmiş, lakin iddiaçı və Cavabdeh1in direktoru X2 xx.xx.2025-ci il tarixdə saat 14:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, amma prosesin davam etdirilməsi mümkün olmamışdır.

4. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron bildiriş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin 243 N-li məktəbinin xx.xx.2025-ci il tarixli məktubu, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3 sertifikatlaşdırmadan keçməyən təhsilverənlər barədə xx.xx.2025-ci il tarixli əmri, Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı test imtahanın keçirilmə tarixlərinin cədvəli və iddiaçının xəstəlik vərəqəsi əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Cavabdeh1 qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

6. İddiada göstərilib ki, İddiaçı 30 ildən artıqdır ki, müəllimlik fəaliyyəti ilə məşğuldur. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair OU**********/e nömrəli xx.xx.2025-ci il tarixli əmr qəbul edilib. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

7. Daha sonra iddiaçı iddia ərizəsində əlavə və dəqiqləşdirmə aparılmasına dair ərizəsində qeyd edib ki, o, üzürlü səbəbdən, yəni səhhətində olan problemlərlə əlaqdar olaraq təkrar sertikasiyada iştriak edə bilmədiyini, İakin buna baxamayaraq, bu hal cavabdeh tərəfindən nəzərə alınmadığını, iddiaçı ilk dəfə sertfikasiyaya cəlb edildiyi zaman ona verilmiş sualların tədris bölməsinə uyğun olmadığını, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edildiyini və Bakı şəhər 243 nörməli tam orta məktəbin direktoru tərəfindən xitam verildiyini bildirərək, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsini, iddiaçının işə bərpa edilməsini və məcburi işə buraxmağa görə ödənilməyən bütün ödənişlərin ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4531/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülşən Fərəcova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı işdən azad etmənin qanunsuz olmasını üç halla əsaslandırır:

1. İddiaçı təkrar sertifikatlaşma zamanı bülletendə olub;

2. Əmr səlahiyyəti olmayan şəxs tərəfindən, yəni məktəb direktoru tərəfindən verilib;

3. İddiaçı ilk dəfə sertifikatlaşmaya cəlb edildiyi zaman ona verilmiş suallar tədris bölməsinə uyğun olmamışdır. İddiaçının təkrar sertifikatlaşma zamanı bülletendə olması halına münasibətdə məhkəmə qeyd edib ki, bu hal, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuzluğu üçün əsas hesab edilə bilməz. Belə ki, yuxarıda məzmunu qeyd olunan, istər “Təhsil haqqında” qanunda, istərsə də sertifikatlaşmanın keçirilmə qaydalarında qeyd olunur ki, “üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar”.Normanın məzmunundan aydın olur ki, qanunverici şəxsə ilkin sertifikatlaşmada üzrlü səbəbdən iştirak etmədikdə və ya keçmədikdə təkrar sertifikatlaşmada iştirak imkanı yaradır. İlkin sertifikatlaşmada iştirak etməməyin üzrlü səbəbdən olması təhsilverənə hüquq verir ki, o təkrar sertifikatlaşmada iştirak etsin. Birinci halda, qanunverici “üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən” ifadəsini işlətməklə üzrlü və üzrsüz səbəbləri fərqləndirərək, ilkin seritifikatlaşmada iştirakın mümkünsüzlüyünün üzrlü olduğu halda tərəfə təkrar sertifikatlaşma iştirak hüquq verir. Lakin təkrar sertifikatlaşmada isə fərqli tənzimləmə olduğu normanın məzmunundan aydın şəkildə görünür. Belə ki, “təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar” normasının dispozisiya şərtlərindən aydın olur ki, qanunverici təkrar sertifikatlaşmada iştirak etməmə səbəbini üzrlü və üzrsüz olaraq fərqləndirmir, yəni sertifikatlaşmada iştirak etməmək şəxsin sertifikatlaşmadan keçməmiş hesab olunması üçün kifayət hesab olunur. Daha dəqiq desək, qanunvericiliklə müəyyən edilmişdir ki, sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşə hazırlığı səviyyəsini, bilik, bacarıq və pedaqoji fəaliyyətə yararlılıq dərəcəsini qiymətləndirmək, təhsildə keyfiyyətin yüksəldilməsini təmin etmək, eləcə də zəif nəticə göstərən və tədris prosesinin keyfiyyətinə mənfi təsir göstərən şəxslərin aşkar olunaraq sistemdən kənarlaşdırılmasıdır. Sertifikatlaşdırma təhsilverənin peşə fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müntəzəm və məcburi prosesdir. Qanunverici bu mexanizmi müəyyən etməklə, dövlətin təhsil siyasətində əsas istiqamət olan təhsilin keyfiyyətinin artırılmasını və təhsilalanların hüquqlarının qorunmasını təmin etməyə yönəlmişdir. Təhsilverənin təkrar sertifikatlaşdırmada iştirak etməməsi, istənilən səbəbdən olmasından asılı olmayaraq, hüquqi nəticə etibarilə sertifikatlaşdırmadan keçməməsi kimi qiymətləndirilir. Müvafiq qaydaların heç birində, təkrar sertifikatlaşmada qanunverici “üzrlü” və “üzrsüz” səbəb anlayışları üzrə fərq qoymamış, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxsi sertifikatlaşdırmadan keçməmiş hesab etmişdir. Bu isə öz növbəsində həmin şəxsin pedaqoji fəaliyyətini davam etdirməsinə hüquqi əsasın qalmadığını göstərir. Bununla yanaşı, qeyd edilməlidir ki, təhsilverənin üzrlü halı (məsələn, xəstəlik, bülletendə olması və s.) onun əmək hüquqlarına münasibətdə müəyyən sosial təminat yarada bilər, lakin bu hal sertifikatlaşdırma nəticəsinin hüquqi qüvvəsinə təsir etmir. Sertifikatlaşdırma təhsilin keyfiyyətinə birbaşa təsir göstərən dövlət nəzarət tədbiri olduğundan, burada əsas meyar tədris fəaliyyətinin nəticəsi və bilik səviyyəsidir. Əgər bilik səviyyəsi aşağı olan və sertifikatlaşdırmadan keçməmiş şəxs uzunmüddətli olaraq pedaqoji fəaliyyəti davam etdirərsə, bu hal bir tərəfdən təhsilalanların konstitusion hüquqlarını – keyfiyyətli təhsil almaq hüququnu pozur, digər tərəfdən dövlətin təhsil siyasətinin məqsədlərinə zidd olur. Burada artıq iki münasibət arasında müqayisə aparmaq zərurəti meydana gəlir. Nəzərə alsaq ki, bir müəllim tədris ilində ən azı 20-30 şagirdə təhsil verir, belə olan halda, çoxsaylı təhsilalaların marağı və hüquqları, bir şəxsin əmək münasibətləri ilə müqayisədə üstün tutulmalıdır, çünki təhsil sahəsində başlıca məqsəd təhsilalanların inkişafıdır. Beləliklə, qanunvericinin iradəsi aydındır: təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxs bilavasitə “sertifikatlaşdırmadan keçməmiş” hesab edilir. Təhsilalanların bilik səviyyəsinin və təhsilin ümumi keyfiyyətinin qorunması məqsədilə belə şəxslərin pedaqoji fəaliyyətini davam etdirməsi qanunvericiliklə yolverilməz sayılır. Bu mövqe dövlətin təhsil siyasətinin keyfiyyət yönümlü məqsədlərinə tam uyğundur. Digər tərəfdən, sertifikatlaşmadan keçmədiyinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslər öz bilik və peşə səviyyələrini artırmaqla, gələcəkdə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edib yenidən pedaqoji fəaliyyətə başlaya bilərlər. Bu, onların konstitusion əmək hüququnu məhdudlaşdırmır, əksinə, qanunvericinin müəyyən etdiyi bərabər imkanlar çərçivəsində öz bilik səviyyəsini artırmaq və yenidən təhsil sisteminə qayıtmaq üçün qanuni imkan yaradır. Əks halda, yəni təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslərin bülletendə olması və s. səbəblərlə məhkəmə qaydasında yenidən işə bərpa edilməsi presedent halına çevrilsə, bu, qanunun məqsədinə və məntiqinə zidd olaraq həmin şəxslərə qanunla nəzərdə tutulmamış “üçüncü”, “dördüncü” və s. dəfə sertifikatlaşdırma imkanı yaradar. Bu isə sertifikatlaşdırma institutunun mahiyyətini pozar, onun tətbiqində qeyri-bərabərlik və düzgün olmayan təcrübə formalaşdırar. Əmrin qanunsuz olması ilə bağlı iddiaçının digər arqumenti isə əmrin səlahiyyəti olmayan şəxs tərəfindən verilməsidir.Yəni,iddiaçının iddiasına görə məktəb direktorlarının belə bir səlahiyyəti yoxdur və onlara belə bir səlahiyyət verilməsini təsdiq edən sənəd yoxdur. Digər tərəfdən, məktəblər hüquqi şəxs kimi qeydiyyatdan keçmədikləri üçün onlar müstəqil hüquqi şəxs deyillər. Qeyd olunan əsasa münasibətdə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən(səh 47) və əmək müqaviləsinin(səh 35) surətindən görünür ki, şəxslə əmək müqaviləsini işəgötürən kimi bağlayan məktəb direktoru olmuşdur. Əgər məktəb direktorunun əmək münasibətlərinə xitam vermək səlahiyyəti mövcud olmasaydı, onun əmək müqaviləsi bağlamaq səlahiyyəti də hüquqi qüvvəyə malik olmazdı. Belə olan halda iddiaçının özü ilə məktəb arasında bağlanmış əmək müqaviləsi də etibarsız sayılmalı idi və iddiaçı ümumiyyətlə, həmin müəssisədə əmək münasibətlərinin subyekti kimi tanına bilməzdi. Bu isə faktiki vəziyyətlə və mövcud hüquqi tənzimləmə ilə ziddiyyət təşkil edir. Digər tərəfdən, xx.xx.2025-ci il tarixli Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsi üzrə Dövlət Agentliyinin əmrinin(səh.27) məzmunundan görünür ki, Agentlik Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini tapşırmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan əmrə əsasən, Agentlik, müəllimlərin müvafiq əsasla işdən azad edilməsini bilavasitə ümumtəhsil müəssisələrinə və Təhsil İdarəsinə həvalə etməklə, səlahiyyətlərini artıq ötürmüş olur. İddiaçı, həmçinin, keçirilmiş sertifikatlaşdırma zamanı ona təqdim edilən sualların tədris etdiyi fənn üzrə uyğun olmadığını bildirərək, bu əsasla əmək münasibətlərinə xitam verilməsinin qanunsuz olduğunu iddia etmişdir. Lakin bu arqument də hüquqi baxımdan əsassızdır. Belə ki, sertifikatlaşdırma prosesi təhsil sistemində inzibati xarakterli tədbir olub, inzibati orqan tərəfindən həyata keçirilir. Sertifikatlaşdırmanın keçirilməsi, qaydaları, sualların forması və nəticələrin qiymətləndirilməsi inzibati orqan tərəfindən müəyyən olunur və bu fəaliyyətin qanuniliyinin yoxlanılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Ümumi məhkəmə yalnız işəgötürən tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi əmri ilə bağlı əmək qanunvericiliyinə riayət olunub-olunmamasını qiymətləndirir. Yəni, ümumi məhkəmə sertifikatlaşdırmanın keçirilməsi qaydalarını və ya nəticələrinin düzgünlüyünü yoxlamır, yalnız sertifikatlaşma nəticəsində əmək münasibətlərinə xitam verilməsinin qanuna uyğun olub-olmamasına baxır. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən sertifikatlaşdırmanın nəticələri müəyyən edilən qaydada və müddətdə mübahisələndirilməmiş, nəticə qüvvədə qalmışdır. Deməli, həmin nəticə hüquqi cəhətdən etibarlıdır. Nəticəsi qüvvədə olan inzibati akt əsasında verilmiş əmək münasibətlərinə xitam əmri isə hüquqi cəhətdən əsaslı hesab edilir. Bu baxımdan, ümumi məhkəmənin sertifikatlaşdırmanın mahiyyətini və nəticələrinin düzgünlüyünü qiymətləndirməsi onun səlahiyyətlərinə aid deyil. Məhkəmə yalnız bu inzibati nəticənin mövcudluğuna və qüvvədə olmasına əsaslanaraq, işəgötürənin əmri ilə əmək münasibətlərinə xitam verilməsinin əmək qanunvericiliyinə uyğun olub-olmadığını müəyyən edə bilər. Beləliklə, sertifikatlaşdırma nəticələri qüvvədə qaldığı və qanuni qaydada mübahisələndirilmədiyi halda, məhkəmə həmin nəticəyə əsasən əmək münasibətlərinə xitam verilməsi barədə əmri qanunsuz hesab edə bilməz. Məhkəmə həmcinin qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı onun sağlamlıq vəziyyəti ilə əlaqədar müvəqqəti əmək qabiliyyətini itirməsi barədə müddəa – yəni əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hallar – hazırkı mübahisə predmeti olan vəziyyətə şamil edilə bilməz. Belə ki, həmin norma yalnız işçinin xəstəlik və ya xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdiyi hallarda, onunla əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsini qadağan edir. Bu qadağanın məqsədi işçinin müvəqqəti səhhət vəziyyəti ilə əlaqədar əmək münasibətlərindən məhrum edilməsinin qarşısını almaqdır. Halbuki, hazırkı iş üzrə vəziyyət tamamilə fərqlidir. İddiaçı tədris fəaliyyəti ilə bağlı keçməli olduğu sertifikatlaşdırmadan bir dəfə iştirak etmiş, lakin keçə bilməmiş və bu nəticə qüvvədə qalmaqda davam etmişdir. Qanunvericiliyə əsasən, ona təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı verildiyi halda, iddiaçı həmin imkandan istifadə etməmişdir. Nəticədə o, müəyyən olunmuş qaydalara əsasən sertifikatlaşdırmadan keçməmiş şəxs hesab olunur və əmək fəaliyyətinə bərpa olunduqdan sonra təkrar sertifikatlaşmadan keçmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda işəgötürənin onunla əmək müqaviləsinə xitam verməsi əmək Məcəlləsinin 70-ci maddəsinin müvafiq bəndinə əsasən qanuni və əsaslı sayılır. Bu vəziyyət işçinin səhhətinə görə əmək qabiliyyətini müvəqqəti itirməsi halına aid olmadığından, əmək Məcəlləsinin 79cu maddəsində nəzərdə tutulan müdafiə tədbiri bu münasibətə tətbiq edilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, əmək qanunvericiliyi işçilərə təmin olunan hüquqların minimum səviyyəsini müəyyən edir və işçinin vəziyyətini yaxşılaşdıran, lakin qanunda birbaşa nəzərdə tutulmayan halların tətbiqinə yol verir. İddiaçı Bakı şəhəri 243 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan bölməsində rus dili müəllimi kimi 30 ildən artıq əmək stajına və pedaqoji təcrübəyə malikdir. O, sonuncu iş yerində 30 il fasiləsiz olaraq müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Təkrar sertifikatlaşdırmanın 20 iyun 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı xx.xx.2025–xx.xx.2025 tarixləri arasında müvəqqəti əmək qabiliyyətini itirmişdir. Bu səbəbdən iddiaçı X5 ambulator qeydiyyatda olmaqla, müvafiq elektron xəstəlik vərəqəsi (bülleten) ilə təmin edilmişdir. Həmin elektron bülleten barədə cavabdeh həm Əmək və X10 (MAS) portalı vasitəsilə, həm də iddiaçı tərəfindən birbaşa məlumatlandırılmışdır. Buna baxmayaraq, cavabdeh bu halı nəzərə almamışdır. Nəticədə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Bakı şəhəri 243 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorunun xx.xx.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması Qaydası”nın 5.2-ci bəndinə əsasən, sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərə bir il müddətində, üzrlü səbəblər olduqda isə iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilir. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər isə sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Məhkəmə öz mövqeyini həmin Qaydaların heç birində “üzrlü” və “üzrsüz” səbəblər arasında fərq qoyulmaması ilə əsaslandırmış və bu əsasla təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxsin sertifikatlaşdırmadan keçməmiş sayıldığını qəbul etmişdir. Bu yanaşma isə işçinin qanuni mənafelərinə zidd nəticəyə gətirib çıxarmışdır. Lakin bu mövqe Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin tələblərinə ziddir. Qaydalarda “üzrlü” və “üzrsüz” səbəblər arasında fərqin göstərilməməsi bu normanın işçinin mənafeyinə zidd şəkildə şərh edilməsinə hüquqi əsas vermir. Çünki əmək qanunvericiliyinin əsas məqsədi işçinin sosial müdafiəsinin təmin edilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir və bu Məcəllənin 2-ci maddəsinə əsasən əmək münasibətlərində tərəflərin hüquq bərabərliyi, mənafelərin ədalətli qorunması, işçinin maddi və sosial tələbatlarının təmin edilməsi, eləcə də əmək münasibətlərinin yalnız əmək müqaviləsi əsasında tənzimlənməsi prinsipləri əsas götürülür. Konstitusiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli Plenum qərarında isə göstərilmişdir ki, əmək münasibətlərində tərəflər formal olaraq bərabər hüquqlara malik olsalar da, faktiki olaraq işçi və işəgötürən arasında sosial-iqtisadi qeyri-bərabərlik mövcuddur. Bu səbəbdən işçi daha zəif tərəf kimi xüsusi hüquqi müdafiəyə ehtiyac duyur. Bu baxımdan, müvəqqəti əmək qabiliyyətsizliyi kimi üzrlü səbəblər işçinin təkrar sertifikatlaşdırmada iştirak etməməsinin hüquqi əsaslı səbəbi kimi nəzərə alınmalı və əmək münasibətlərinin davamlılığı təmin edilməlidir. Məhkəmə isə bu prinsipləri nəzərə almadan, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda, iddianın əsaslandırıldığı mühüm hallardan biri də iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Cavabdeh1 direktoru tərəfindən xitam verilməsidir. Halbuki həmin direktorun belə bir əmr qəbul etmək üçün səlahiyyətinin olub-olmaması hüquqi baxımdan mübahisəlidir. Beləliklə, əmək müqaviləsinə səlahiyyəti olmayan şəxs tərəfindən xitam verilməsi ehtimalı mövcuddur ki, bu da xitamın hüquqi qüvvəsini şübhə altına alır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması

1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.

3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ............... c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ............... Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu:

Maddə 1.0.6-1. Sertifikatlaşdırma – dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru; Maddə 33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək; Maddə 36-2.1. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Maddə 36-2.2. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Maddə 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

16. 30 aprel 2020-ci il tarixli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarı:

Bənd 5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

25. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

27. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

28. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətində də göstərilən dəlillər üzrə kifayət qədər əsaslı və qanunauyğun hüquqi dəyərləndirmələr aparılmaqla iş üzrə düzgün nəticəyə gəlinib. Ancaq iddiaçı bununla razılaşmır və yenə də eyni dəlillərdən istifadə edir, düşünür ki, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib. Lakin məhkəmə tərkibi də birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə tam razılaşır. Ona görə də iddiaçının 30 ildən artıq əmək stajına və pedoqoji təcrübəyə malik olması, həmçinin fasiləsiz olaraq müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərməsinin arzu etdiyi nəticəyə müsbət təsiri ola bilməz. Çünki təkrar sertifikatlaşdırmanın 20 iyun 2025-ci il tarixində keçirilməsinin nəzərdə tutulduğunu bilirdi.

29. Düzdü iddiaçının xx.xx.2025–xx.xx.2025 tarixləri arasında müvəqqəti əmək qabiliyyətini itirməsinin həqiqiliyi və qanuniliyinin yoxlanılması bilavasitə hazırkı iddianın və icraatın predmeti olmasa da, əmək qabiliyyətini itirməsinin təkrar sertifikatlaşdırmada iştirak etməyini mümkünsüz etdiyi hallara dair də məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Başqa sözlə, iddiaçı istəsə idi təkrar sertifikatlaşdırmada iştirak edə bilərdi, ancaq etməyib yaxud etmək istəməyib.

30. Göründüyü kimi, iddiaçı dövlət ümumi təhsil müəssisəsində işləyən təhsilverən kimi peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilib. Yəni, sertifikatlaşdırma qeyd olunan müəssisələrdə pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olduğundan iddiaçının bundan keçməsi qanunvericiliyin impertaiv tələbi olub. Bu mənada Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsi də sertifikatlaşdırmanın, o cümlədən təkrar sertifikatlaşdırmanın “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirildiyini və sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas olduğunu təsbit edib.

31. Burada iddiaçı şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması Qaydası”nın 5.2-ci bəndinin məzmununu yanlış təfsir etməyinə baxmayaraq, həmin bəndin məzmunu ilə “Təhsil haqqında” Qanunun 36-2.5-ci maddəsinin məzmunu tam eynilik təşkil edir. Belə ki, hər iki normada qeyd olunub ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, həm Qanunun normasında, həm də Qaydada üzrlü səbəb yalnız ilk dəfə sertifikatlaşdırmada iştirak etməyən şəxslərə aid edilib. İddiaçı isə ilkin sertifikatlaşdırmada iştirak edib və keçmədiyi üçün onun 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olub. Lakin təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Bu nəticə isə Əmək Məcəlləsinin 2-ci maddəsinin tələblərinə zidd ola bilməz və məhkəmə də o normaları səhv təfsir etməyib. Çünki iddiaçının əmək və sosial təminat hüquqları çoxsaylı təhsilalanların hüquqlarının pozulması hesabına təmin edilə bilməz.

32. Apellyasiya şikayətinin növbəti dəlili olan əmək müqaviləsinə səlahiyyəti olmayan şəxs tərəfindən xitam verilməsi dəlili bağlı da məhkəmə tərkibi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı ilə əmək müqaviləsini işəgötürən kimi məktəb direktoru imzalayıb. Demək ki, məktəbin adından direktorun əmək müqaviləsi bağlamaq səlahiyyəti olmasa idi, əmək müqaviləsini ləğv etmək səlahiyyəti də ola bilməzdi. Bununla yanaşı, xx.xx.2025-ci il tarixli Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsi üzrə Dövlət Agentliyi əmrində göstərib ki, Agentlik Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülməsini təmin etsin. Demək ki, bu hal da şikayətin bu dəlilinin əsassız olduğunu bilavasitə təsdiq edir.

33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4531/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4531/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar