Məhkəmə qərarları › İş №2(103)-6637/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6637/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6637/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 6661/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz hesablanmış 3996 m3 qaz itkisinin dəyəri - 399.60 manat və sayğacın dəyəri həcmində hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu Bakıxanov qəs.R.Qəmbərov küç.22, m. 45 ünvanda yerləşən ona məxsus mənzilin qaz sayğacında problem yarandığından ARDNŞ Cavabdeh İstehsalat Birliyi əməkdaşları yaşadığı evə quraşdırlmış qaz sayğacını sökmüş və yerinə yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixində akt tərtib edilmişdir. xx.xx.2019-cu il tarixində ARDNŞ Cavabdeh İB tərəfindən akt tərtib edilmiş və qeyd edilmişdir ki, yoxlama nəticəsində sayğac yararsız hesab olunur. Həmin aktın 11-ci bəndində qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomb yuvalarının ətrafı kənar təsir nəticəsində deşilib. xx.xx.2019-cu il tarixində Cavabdeh İB tərəfindən saxta akt tərtib edilmiş və qeyd edilmişdir ki, onun mənzilində güya üç ədəd qaz cihazı, o cümlədən dəmir qaz sobası var. Elə həmin gün, Cavabdeh İB tərəfindən dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək 3996 m3 qaz itkisi hesablanmışdır. xx.xx.2019-cu il tarixində yuxarıda qeyd edilən saxta akt əsasında barəmdə İXM-nin 282.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. xx.xx.2019-cu il tarixində Cavabdeh İB-nin BRQSD-nin rəisinə ərizə ilə müraciət etmişəm və xx.xx.2019-cu il tarixində cavab almışam ki, verilən rəyə əsasən dəymiş ziyan və sayğacın dəyəri tərəfindən ödənilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 6661/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-6661/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdəndə itirilmiş qazın dəyərinə görə 399,60 manat abonentdən tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydalarf'mn təsdiq edilməsi haqqında qanunun 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarda vətəndaşın laboratoriyada keçirilən yoxlamada iştirakının Birlik tərəfindən təmin olunması qeyd olunmamışdır. Abonent öz vəsaiti hesabınada yoxlamanı keçirdə bilər. Məhkəməyə təqdim olunmuş laboratoriyanın rəyindədə aydın görünürki sayğaclar yoxlamaya gedərəkən kütləvi şəkildə və yalnız sayğacın nömrəsi qeyd olunur orada vətəndaş və onun ünvanı barədə məlumat olmur. Bununlada yoxlamanın nə qədər şəffaf keçirildiyi öz təsdi qini tapır. Dövlət təşkilatı kimi Cavabdeh İstehsalat Birliyinin məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Sayğaca müdaxilə rəydə aşkar göründüyü halada məhkəmə bunu ağlabatan saymır. Bu qərarla hər kəs sayğaca müdaxilə edər və ödəniş etmədən təbii qazdan istifadə edər və dövlət əmlakını yararsız hala salar. Məhkəmə qeyd edirki, sayğaca cavabdeh qazpaylayıcıdır. Bəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nm 4.9-cu maddəsinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Lakin burada sayğacın dəyişdirilməsi, təmiri və yoxlamaya göndərilməsi göstərilir. Vətəndaş tərəfindən sayğacın yararsız hala salınması heç vaxt dövlət təşkilatının hesabına dəyişdirilə bilməz. Bu kimi hallar mövcud iqtisadi vəziyyətdə Birliyin vəziyyətini ağırlaşdırar və istehlakçılar arasında intizamsızlıq yaradar. 1 fər kəs sayğaca müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədər. Bu da öz növbəsində dövlətə maliyə cəhətdən zərər vurar. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 201 1-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nm 4.9-cu maddəsində göstərilir ki, vətəndaşın təqsiri olmasa sayğaca cavabdeh qazpaylayıcıdır. Məhkəməyə təqdim olumuş olunmuş laboratoriyanın rəyində qeyd olunurki sayğaca müdaxilə halı var lakin məhkəmə bu işə laqeyd yanaşaraq vətəndaşın təqsiri məsələsini araşdırmaq yerinə sayğacın dəyərini qazpaylayıcının hesabına ödənilməsini qət etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş ******* saylı, 31.01,2019-ciu il aktın1’ surətindən görünür ki, abonent kodu **********00450 saylı olan Sabunçu rayonu, ünvan 2 ünvanda sayğacın hesablama mexanizmi qoruyucu örtüyünün üzərindəki plomb yuvalarının ətrafı kənar təsir nəticəsində deşilmişdir. İşdə olan dəymiş ziyanın bərpası barədə hesabatdan görünür ki, Sabunçu rayonu, ünvan 2 ünvanda itirilmiş qazın bərpası üçün İddiaçı cəmi 3996 m3 qaz sərfiyyatı hesablanmışdır. İşdə olan Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Sabunçu rayonu, ünvan 2 ünvanda təbii qazdan istifadəyə görə 399.60 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalın alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, “Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar”. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, “İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki məişət hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X5 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının ' hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən,f borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə sübutların məcmusunu qiymətləndirərək və yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi hüquqi şəxs, yəni iş üzrə Cavabdeh daşıdığından, sözü gedən ünvanda quraşdırılmış qaz sayğacının zədələnməsində istehlakçı kimi İddiaçı təqsiri müəyyən edilmədiyindən iddia təmin edilməli Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 399.60 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(008)- 6661/2019 nömrəli qətnaməsi Cavabdehnə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar