Məhkəmə qərarları › İş №2(103)-6637/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6637/2021

23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6637/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” ilk iddiasına, habelə cavabdehin iddiaçıya qarşı “alimentin məbləğinin müəyyən edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2021-ci il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış nikahdan doğulmuş 2 uşağın – 27.09.2018-ci il təvəllüdlü Ayan və 24.04.2020-ci il təvəllüdlü Aylanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə, hər ay, hər uşağa görə 175 manat, uşaqlar 3 yaşlarına çatana kimi isə əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia əsasında Rayon Məhkəməsində hazırki mülki işin icraatı başlanılmışdır. Öz növbəsində cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, hər 2 uşağın iddiaçı tərəfindən yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin onun (cavabdehin) qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında müəyyən edilməsi və iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən icraata götürülərək ilk iddia ilə birlikdə baxılmışdır. İlk iddia üzrə iddiaçının iddia tələbi və qarşılıqlı iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 21.06.2016-cı il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 2 övladları var. Nikahdan uşaqların olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaqlar hazırda iddiaçının yanında yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. İddiaçı cavabdehdən aliment ödənilməsini xahiş etsə də, cavabdeh bundan yayınır. Buna görə də, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə, hər ay, hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaqlar körpə olduğundan cavabdehdən iddiaçının xeyrinə uşaqlar 3 yaşlarına çatana kimi əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qarşılıqlı iddia isə əsassız hesab edilməlidir, çünki cavabdehin təklif etdiyi alimentin məbləği uşaqların saxlanılması üçün kifayətli deyil. İlk iddia üzrə cavabdehin qarşılıqlı iddia tələbi və ilk iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də nəzarətçi işləyir və bütün tutmalar çıxdıqdan sonra 400 manat məbləğində əmək haqqı alır. Birgə nikah dövründə o, ailənin ehtiyacları üçün Bankdan kredit almış və bu səbəbdən hər ay 130 manat məbləğində pulu Banka ödəyir. Belə olan təqdirdə ondan iddiaçının xeyrinə iddia ərizəsində qeyd edildiyi məbləğində alimentin tutulması qeyri-mümkündür. Buna görə də, o hesab edir ki, uşaqlara görə ondan iddiaçının xeyrinə tutulmalı olan aliment onun qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında müəyyən edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.04.2021-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, ilk iddia üzrə cavabdehdən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat, uşaqların 3 yaşına çatana kimi isə əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin alınaraq ilk iddia üzrə iddiaçıya verilməsini, alimentin 19.03.2021-ci il tarixdən tutulmasını, ilk iddianın qalan hissəsinin, qarşılıqlı iddianın isə tam təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və 2 uşağa görə ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin onun qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları qarşılıqlı iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi alimentin məbləğini müəyyən edən zaman cavabdehin maddi vəziyyətini nəzərə almamışdır. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmiş, nümayəndələr vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilsə də, ilki iddia üzrə iddiaçı iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdehin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh də ilk iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Göstərilənləri nəzərə alan Məhkəmə, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə şifahi və yazılı qaydada bildirdiklərindən görünür ki, iddiaçı ilə cavabdeh 21.06.2016-cı il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan onların 2 övladları var: 27.09.2018-ci il təvəllüdlü Ayan və 24.04.2020-ci il təvəllüdlü Ayla. Nikahdan uşaqların olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaqlar hazırda iddiaçının yanında yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi yardım göstərmir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, ilk iddia üzrə cavabdehdən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq ilk iddia üzrə iddiaçıya verilməsini qət etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlil ondan ibarətdir ki, o, 400 manat məbləğində əmək haqqı alır və ailənin ehtiyacları üçün Bankdan aldığı kreditə görə hər ay 130 manat məbləğində pulu Banka ödəyir. Buna görə də o, Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş məbləğdə olan alimenti ödəyə bilməyəcək. Bunu nəzərə alan məhkəmə hesab edir ki, aliment cavabdehin əmək haqqısının və başqa gəlirinin müəyyən hissəsi kimi tutula bilməz. Çünki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə almaqla, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, cavabdehdən hər uşağa görə iddiaçının xeyrinə hər ay sabit pul məbləğində 175 manat alimentin tutulmasını qət edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir, çünki cavabdehin maliyyə vəziyyətinin ağır olması cavabdehi uşaqlarını saxlamaqdan azad etmir, bu onun, bir valideyn kimi borcudur. Həmçinin, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə uşaqların 3 yaşı tamam olanadək uşaqlara qulluğa görə iddiaçının özü üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini qət etmişdir. Rayon Məhkəməsinin bu nəticəsinə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlili baxımından yanaşdıqda müəyyən edilir Rayon Məhkəməsinin bu nəticəsi də əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinin mənasına görə, ümumi uşaqların valideynləri bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və valideynlər arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində uşaqların anası buna zəruri vəsaitə malik olan uşaqların atasından aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2021-ci il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar