Məhkəmə qərarları › İş №2(103)-6637/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6637/2025

10.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6637/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X5 Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Dövlət Dəmiryolu Hərbiləşdirilmiş Mühafizə Xidmətinin Gəncə yanğından mühafizə komandasına yanğınsöndürən vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə böyük yanğınsöndürən vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə Azərbaycan Dövlət Dəmiryolu Təhlükəsizlik Xidmətinin Gəncə yanğın təhlükəsizliyi komandasının yanğınsöndürəni vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən (hərbi xidmətə buraxıldığı üçün) işdən azad edilmişdir. xx.xx.2005-xx.xx.2007-ci il tarixlərdə hərbi xidmətdə qulluq etmişdir. xx.xx.2007-ci il tarixdə Azərbaycan Dövlət Dəmiryolu Təhlükəsizlik Xidmətinin Gəncə yanğın təhlükəsizliyi komandasının böyük yanğınsöndürəni vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə həmin komandanın qarovul rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə həmin komandanın rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə Gəncə yüklərin və obyektlərin mühafizəsi komandasının rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə Gəncə yanğından mühafizə qatarının rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə Gəncə yanğından mühafizə komandasına komanda rəisi vəzifəsinə keçirilmişdir, xx.xx.2023-cü il tarixdə Gəncə mühafizə bölməsi üzrə bölmə rəisinin müavini vəzifəsinə keçirilmişdir.

2. Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin NH rəisi Kazım Kazımov, TT şöbəsi Səfər Soltanov, İR şöbə rəisi Pərvin Aslanov, MB rəisi Taleh Abdullayev, GMB rəisi Elşad Nəsibov, GMB rəis müavini İddiaçı və GMB növbə rəisi Xosrov Azadi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:15-dən xx.xx.2025-ci il saat 01:00-dək EMB-nin Gəncə stansiyası, Yeni Lokomotiv depo və Qərb vaqon deposunda yaz baxışı ilə əlaqədar baxış keçirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, Gəncə stansiyasında xidmətdə olan mühafizəçilərdən beş nəfərin mülki geyimdə xidmətdə olduqları aşkar edilmişdir. Gəncə stansiyasında xidmətdə olmalı olan səyyar atıcı Tural Əliyevin xidmətdə olmadığı, daha sonra bölmə rəisi E.Nəsibov T.Əliyevin onun arxasınca gəldiyini müəyyən etmişdir. Bölmənin sənədlərinə baxış keçirən zaman bütün postlarda işə davamiyyət kitablarının qaydalara uyğun imzalanmadığı aydın olmuşdur. XU3 forma kitablarının yeni qaydalara uyğun doldurulmadığı məlum olmuşdur. Qərb vaqon deposunda xidmətdə olan baş atıcı Həsənov Samirin üzünün tüklü olduğu aydın olmuşdur.

3. Mühafizə Departamentinin İH şöbəsinin rəisi Pərvin Aslanovun, NH-nin rəisi Kazım Kazımovun, MB-nin rəisi Taleh Abdullayevin, TT şöbəsinin rəisi Səftər Soltanovun və Gəncə MB-nin atıcısı Rasim Alışovun iştirakı ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktda isə 07 aprel 2025-ci il tarixdə saat 18:30-dan 20:00-dək Qızılca qəsəbəsində yerləşən posta baxış keçirildiyi və baxış zamanı ərazidə olan texnika və mal-materialların postun təhvil-təslimi zamanı qeydiyyatının aparılmadığının müəyyən edildiyi qeyd olunmuşdur.

4. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Mühafizə Departamentinin aparıcı mütəxəssisi Ceyhun Məmmədov, mütəxəssis Mehman Əliyev və Gəncə MB-nın bölmə rəisi Elşad Nəsibov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixində və xx.xx.2025-ci il tarixində Gəncə MB-da yaranan xidməti nöqsanla əlaqədar Mühafizə Departamentinin Daxili Araşdırmalar şöbəsinin əməkdaşları Gəncəyə ezam olunmuşlar. Araşdırma prosesində zərurətlə əlaqədar olaraq, Gəncə MBnin rəhbərliyindən yazılı izahat yazmalarını tələb etmişlər, lakin Gəncə MB-nin rəis müavini İddiaçı yazılı izahat yazmaqdan imtina etmişdir.

5. xx.xx.2025-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 26 may 2025-ci il tarixli Z/9-54 saylı arayışından görünür ki, İddiaçı “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən N nömrəli hərbi hissəyə təhvil verilmiş və xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Mühafizə Departamentinin rəisi X2 13-1-18/3- 10-3336/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, işə bərpa olunmağı və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi və mediasiya prosesi zamanı İMS xərci 50 manat və kargüzarlıq xərci üçün 10 manat olmaqla, ümumilikdə ödədiyi 60 manat məbləğin cavabdehdən onun hesabına tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali təhsilli, milli ordunun ehtiyatda olan zabiti (kapitan, bölük komandiri), Vətən müharibəsi iştirakçısıdır. Ümumi iş stajı hərbi xidmət müddəti nəzərə alınmasa, 22 ilə yaxındır. Keçən bu müddət ərzində "xxxx" QSCnin sədrinin 141ş/a nömrəli xx.xx.2016-cı il tarixli əmri ilə həmin təşkilatın ən yüksək mükafatı olan “Fəxri Dəmiryolçu” nişanı ilə təltif olunmuşdur. İşəgötürənin xx.xx.2025-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən əmrdən narazıdır. Əmr rəhbərliyin ona qarşı qanunsuz qərəzinin nəticəsidir. Əmək qanunvericiliyi tənbeh tədbiri verilmiş şəxsin 6 ay ərzində təkrarən həmin əməlləri törətməsi halında bu tənbeh tədbirini keçərli sayır. Bir il iki ay əvvəl “verilmiş” tənbeh tədbirinə istinad edilməsi qanunla uzlaşmır. Üçuncüsü, qeyd edilmiş digər ərazidə olan texnika, avadanlıq və malmateriallar təhvil-təslim olunmaması, mühafizə postunda növbədə olan əməkdaşlar mobil telefon vasitəsi ilə növbə rəisi tərəfindən distant qaydada təlimatlandırılsa da, TNU-19 formalı “Əməyin mühafizəsi üzrə təlimatların qeydiyyat jurnalı”nda keçirilmiş təlimatın qısa məzmunu və s. məlumatlar barədə qeydiyyatın aparılmaması, XU-3 formalı “Mühafizə departamentinin naryadları tərəfindən mühafizə olunan vaqonların stansiyadan getməsi və gəlməsinin uçotu kitabı”nda məlumatların müəyyən sütunlar üzrə doldurulmadığı, “İşçilərin işə gəlib-getmələrinin davamiyyət jurnalı”nda bəzi əməkdaşların imzalarının real işdə olma tarix və vaxtlarını əks etdirmədiyi müəyyən edilmişdir. Həmçinin, son dövrlər üzrə statistik hesabatların göstəricilərinə əsasən Gəncə mühafizə bölməsində nizam-intizamın səviyyəsinin aşağı olması, işdə olmama hallarının artması, yol verdikləri əmək və icra pozuntularına görə əməkdaşlar barəsində görülmüş tədbirlərin xüsusi çəkisinin digər bölmələrə nisbətdə yüksək olması kimi “böyük və bağışlanılmaz” qüsurlara gəlincə isə yenə də yuxarıda qeyd etdiyi kimi məhkəmə iclaslarında araşdırmalar aparılmış və ərazidə olan texnika, avadanlıq və mal-materiallar təhvil-təslim olunmaması məsələsində ümumiyyətlə həmin sözügedən mal-materialın baş idarə tərəfindən təhvil təslim edilərək Gəncə mühafizə bölməsinə verilmədiyi aşkarlamışdır. Mühafizə postunda növbədə olan əməkdaşlar mobil telefon vasitəsi ilə növbə rəisi tərəfindən distant qaydada təlimatlandırılsa da, TNU-19 formalı “Əməyin mühafizəsi üzrə təlimatların qeydiyyat jurnalı”nda keçirilmiş təlimatın qısa məzmunu və s. məlumatlar barədə qeydiyyatın aparılmaması məsələsində məlum olmuşdur ki, vaxt çatışmazlığından bu hal yaranmış, lakin mobil telefon vasitəsi ilə növbə rəisi tərəfindən distant qaydada təlimatlandırılmışdır. Bundan başqa XU-3 formalı “Mühafizə departamentinin naryadları tərəfindən mühafizə olunan vaqonların stansiyadan getməsi və gəlməsinin uçotu kitabı”nda məlumatların müəyyən sütunlar üzrə doldurulmadığı məsələsində də, yəni mövzu sütunların ümumiyyətlə boş olmasından və qeydiyyatın aparılmamamısından deyil, sadəcə səliqəsiz tərtib edilməsindən ibarət olduğu aydınlaşdırılmışdır. Bundan başqa “İşçilərin işə gəlibgetmələrinin davamiyyət jurnalı”nda bəzi əməkdaşların imzalarının real işdə olma tarix və vaxtlarını əks etdirmədiyi məsələsi mühafizəçilərin qatarları müşayət üçün getdikdən və Qazax, Ağstafa kimi stansiyalarda iş vaxtının sona çatdığından geriyə Gəncə şəhərinə qayıtmalarının mümkünsüz olduğu müəyyən edilmişdir. Həmçinin, son dövrlər üzrə statistik hesabatların göstəricilərinə əsasən Gəncə mühafizə bölməsində nizamintizamın səviyyəsinin aşağı olması, işdə olmama hallarının artması, yol verdikləri əmək və icra pozuntularına görə əməkdaşlar barəsində görülmüş tədbirlərin xüsusi çəkisinin digər bölmələrə nisbətdə yüksək olması məsələsinə gəlincə isə Gəncə mühafizə bölməsindəki işçilərin digər bölmələrə nisbətdə daha çox işçisinin olması ilə əlaqədar olması müəyyən edilmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3772/2025 saylı, 12 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Musayeva) iddia rədd olunmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, məhkəmə İddiaçı X4 rəis müavini kimi vəzifə təlimatına üzərinə düşən vəzifələrini və əmək funksiyalarını lazımi qaydada yerinə yetiribyetirməməsinin qiymətləndirilməsini bilavasitə işəgötürənin səlahiyyətində olmasını nəzərə alır. Bununla belə "xxxx" QSC-nin müvafiq bölmələrinin əməkdaşları tərəfindən aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş nöqsanlar mühafizənin təşkilində yol verilmiş boşluqları müəyyən etməyə imkan verir. Üstəlik də həmin anda bölmənin rəisi tərəfindən də yol verilmiş pozuntular səmimi şəkildə etiraf edilmişdir. İddiaçı həmin aşkar edilmiş pozuntuların bölmənin rəisinə, həmin an üçün növbə rəisinə, ümumiyyətlə ondan başqa istənilən digər əməkdaşa aid etməsinə dair mövqeyi də onun bu məsələyə münasibətini qiymətləndirməyə mane olmur. İstər qəfləti yoxlama zamanı mühafizə obyektindən hər hansı bir əşyanın, hazırkı halda bir yanacaq konteynerinin yoxlama əməkdaşları tərəfindən götürülməklə, mühafizəçinin bunu aşkar etməməsi, istərsə də, İddiaçı müvafiq sənədləşmənin, qeydiyyat jurnallarının tələb olunan səviyyədə tərtib etməməsi, ümumiyyətlə mühafizə işinin təşkilinə və əmək və icra intizamına nəzarətin tələb olunan şəkildə icrası işgötürən tərəfindən qiymətləndirilmişdir. İddiaçının onun daha əvvəllər töhmət alması barədə məlumatsız olmasını və hətta belə bir hal olmuş olsa da belə, müddət etibarilə həmin töhmətə istinad edilməsinin əsassız olmasını bildirmişdir. İddiaçının öz işinin peşəkarı olması, illərdir bu sahədə qüsursuz və səmərəli fəaliyyətinə dair dəlilləri baxımından onun daha əvvəl yol verilmiş pozuntulara görə töhmət alması barədə əmrdən məlumatsız olmasına dair dəlili inandırıcı deyildir. Əlbəttə, Əmək qanunvericiliyi intizam tənbehinin qüvvədən düşməsinə dair qaydanı müəyyən etsə də, bu halın işəgötürən tərəfindən işçinin əmək fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınmasını istisna etmir. Həmkarlar ittifaqı üzvü olan işçinin Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad edilməsinə dair həmin ittifaqın razılığının alınması üçün işəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət edilmişdir. Həmkarlar ittifaqının işçi ilə hansı qaydada müzakirələr aparılması isə həmin təşkilatın öz səlahiyyətinə aid olan məsələdir. Hazırki mübahisə çərçivəsində həmkarlar ittifaqının iddiaçının dəlillərindən irəli gələn hərəkətlərinə qiymət verilməsi mümkün deyildir. Digər bir məqam isə ondan ibarətdir ki, X4 rəisi Elşad Nəsibovun özünün işdən çıxma barədə ərizə yazmasına razılığı fonunda, həmin bölmə rəisinin müavininin məlumatlandırılmaması barədə dəlillər ağlabatan deyildir. Hər bir halda İddiaçı özünü hər hansı bir nöqsana görə məsul hesab etmədiyindən onun işdən çıxma barədə ərizə yazması təklifinə müsbət cavab verməməsi aydındır. Nəhayət, məhkəmə işəgötürən tərəfindən əsaslandırılmış əmrin sonradan tərtib edilməsi ilə bağlı dəlilləri ilə bağlı bildirir ki, elektron sənəd dövriyyəsində sənədin sonradan tərtib edilməklə daha əvvəlki tarixlə qeydiyyata alınmasına dair dəlillər hazırki məhkəmə icraatında deyil, artıq başqa hüquqi müstəvidə araşdırılmalı haldır. Hər bir halda işəgötürən tərəfindən məhkəməyə əsaslandırılmış əmr və həmin əmrin qəbul edilməsini şərtləndirilən əsaslar, aparılmış araşdırma materialları təqdim edilmişdir. Ümumiyyətlə iddiaçının 20 ildən artıq hazırki cavabdeh olan işəgötürənlə əmək münasibətlərində olması, fəxri dəmiryolçu adına layiq görülməsi və müharibə iştirakçısı olması fonunda onun yol verdiyi nöqsanlara görə işdən azad edilməsinə işəgötürənin mövqeyi iddiaçıya qərəzli kimi görünsə də, işəgötürən tərəfindən məhz həmin işçiyə qarşı qərəzli münasibət müəyyən edilmir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 84, 189, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının yeganə gəlir yeri işlədiyi yerdir. İşçinin hüquqlarını müdafiə edən həmkarlar ittifaqı belə bu qərəzdə rol oynamış, ona öz xahişilə işdən çıxmağına şərait yaratmasına dair yalan məlumatlar yazmışdır. Məhkəmədə bu halları bildirsə də və hətta sübut etsə də məhkəmə ədalətsiz qərar çıxarmışdır. Cavabdeh əmrin mətn formasını bir aydan da çox keçdikdən sonra mətn formasında rəsmiləşdirərək xx.xx.2025-ci il tarixə yazmaqla həmin sübutu saxtalaşdırmış və bu hal vəsatəti əsasında təhqiq olunaraq sübut edilmişdir. Hakim başqa hüquqi müstəvidə araşdırılma dedikdə hansı hüquqi müstəvini nəzərdə tutur? Əgər Azərbaycan Respublikasının Müki Prosesual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərini nəzərdə tutursa onda niyə prosesual qanunvericiliyin bu imperiativ normasını yerinə yetirməyib? Yox, əgər tam başqa bir halı nəzərdə tutmuşsa onda hara və necə müraciət olunmanın izahını niyə verməyib?

c) Apellyasiya instansiyası məhkəməsindəicraat

Apellyasiyaşikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

16. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin 2 və 3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 80-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. - 80-ci maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. -84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası,həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il,əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. -84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. -189-cu maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. -300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.

21. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

22. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının yoxlama nəticəsində əmək funksiyalarının icrası ilə əlaqədar pozuntulara yol verməsinin müəyyən olunmasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin həmin intizam tənbeh tədbirini tətbiq edərkən özünün Əmək Məcəlləsinin tələblərinə riayət edibetməməsi araşdırılmalıdır.

23. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir.

24. İşəgötürən xx.xx.2025-ci il tarixli əmrdə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi araşdırma materiallarını və Mühafizə departamentinin X3 Komitəsinin xx.xx.2025-ci il tarixli 14 nömrəli protokolundan çıxarışı qeyd etmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin xx.xx.2025-ci il tarixli əmrinin məzmunundan görünür ki, Mühafizə departamenti tərəfindən 07-xx.xx.2025-ci il tarixlərində Gəncə mühafizə bölməsi və postlarında qəfləti yoxlama keçirilmiş və və bu zaman bir sıra nöqsanlara yol verilmişdir. Əmrdə yoxlama zamanı aşkar edilən və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas verə biləcək aşağıdakı nöqsanlar qeyd edilmişdir: 1) ərazidə olan texnika, avadanlıq və mal-materialların təhvil-təslim edilməməsi; 2) mühafizə postunda növbədə olan əməkdaşlar mobil telefon vasitəsilə növbə rəisi tərəfindən distant qaydada təlimatlandırılsa da, TNU-19 formalı “Əməyin mühafizəsi üzrə təlimatların qeydiyyat jurnalı”nda keçirilmiş təlimatın qısa məzmunu və s. məlumatlar barədə qeydiyyatın aparılmaması; 3) XU-3 formalı “Mühafizə departamentinin naryadları tərəfindən mühafizə olunan vaqonların stansiyadan getməsi və gəlməsinin uçotu kitabı”nda məlumatların müəyyən sütunlar üzrə doldurulmaması; 4) “İşçilərin işə gəlib-getmələrinin davamiyyət jurnalı”nda bəzi əməkdaşların imzalarının real işdə olma tarix və vaxtlarını əks etdirməməsi; 5) Mühafizə bölməsində nizam-intizam səviyyəsinin aşağı olması; 6) xx.xx.2024-cü il tarixdə verilmiş intizam tənbehindən (töhmətdən) nəticə çıxarılmaması.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, araşdırma aparılması və son nəticədə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi üçün xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə aparılmış yoxlamanın nəticələri əsas götürülüb. Məhkəmə kollegiyası həmin aktlarda göstərilən nöqsanlarla əmrdə qeyd olunan pozuntuları tutuşdurarkən bir sıra uyğunsuzluqlar müəyyən etdi. Məsələn: - əmrdə ərazidə olan texnika, avadanlıq və mal-materialların təhvil-təslim edilməməsi pozuntu kimi qeyd edilsə də, xx.xx.2025-ci il tarixli aktda texnika, avadanlıq və malmaterialların təhvil-təslim edilməməsi yox, onun qeydiyyatının aparılmadığı nöqsan kimi qeyd edilmişdir. - əmrdə qeyd olunan 2-ci pozuntu, yəni mühafizə postunda növbədə olan əməkdaşlar mobil telefon vasitəsilə növbə rəisi tərəfindən distant qaydada təlimatlandırılsa da, TNU-19 formalı “Əməyin mühafizəsi üzrə təlimatların qeydiyyat jurnalı”nda keçirilmiş təlimatın qısa məzmunu və s. məlumatlar barədə qeydiyyatın aparılmaması isə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli aktlarda ümumiyyətlə nöqsan kimi qeyd edilməmişdir. Sadəcə xx.xx.2025-ci il tarixli aktda təlimat jurnalının qaydasında aparılmadığı qeyd olunmuşdur. - əmrdə göstərilən 3-cü pozuntu, yəni XU-3 formalı “Mühafizə departamentinin naryadları tərəfindən mühafizə olunan vaqonların stansiyadan getməsi və gəlməsinin uçotu kitabı”nda məlumatların müəyyən sütunlar üzrə doldurulmaması da xx.xx.2025-ci il tarixli aktın məzmununa uyğun gəlmir. Belə ki, həmin aktda XU-3 Formalı kitabların sadəcə yeni qaydalara uyğun doldurulmadığı göstərilmişdir. - 4-cü pozuntu, yəni “İşçilərin işə gəlib-getmələrinin davamiyyət jurnalı”nda bəzi əməkdaşların imzalarının real işdə olma tarix və vaxtlarını əks etdirməməsi də xx.xx.2025ci il tarixli aktın məzmununa uyğun gəlmir. Aktda sadəcə olaraq davamiyyət kitablarının qaydalara uyğun imzalanmadığı nöqsan kimi qeyd edilmişdir. - Mühafizə bölməsində nizam-intizam səviyyəsinin aşağı olması ümumi şəkildə pozuntu kimi qeyd edilsə də, buna məsul olan şəxs kimi bölmə rəisinin artıq öz xahişi ilə işdən azad olunduğu nəzərə alınmamışdır. - Bir il əvvəl, yəni xx.xx.2024-cü il tarixdə verilmiş intizam tənbehindən (töhmətdən) nəticə çıxarılmamasına gəldikdə isə, Məhkəmə kollegiyası qeyd edir ki, bu hal iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün nəinki əsas götürülə, heç nəzərə belə alına bilməz. Belə ki, Əmək Məcəlləsinin 190.1-ci maddəsinin tələbinə görə intizam tənbehi verildiyi gündən 6 ay müddətində qüvvədə olur. Bu baxımdan əmək müqaviləsinə xitam verilərkən artıq qüvvədə olmayan intizam tənbehinə istinad olunması qanunun mənasına uyğun gəlmir.

26. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

27. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr düzgün əsaslandırılmamışdır. Əmrdə göstərilənlər yoxlamanın nəticələri üzrə tərtib olunmuş aktların məzmununa uyğun gəlmir. Aktlarda sadalanan nöqsanlara görə isə işəgötürən tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olmasına və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasına dair hər hansı sübut təqdim olunmamışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, əmək hüquq münasibətləri baxımından işçi tərəfindən yol verilmiş əmək hüquq pozuntusuna görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, işçinin əmək fəaliyyəti zamanı ona qarşı ən sərt tənbeh tədbirinin tətbiqinə əsas verən kobud pozuntulara yol verdiyini, aktlarda sadalanan hüquq pozuntuları nəticəsində isə işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirdiyini mötəbər və birmənalı sübutlarla təsdiq etmək yükü işəgötürənin üzərinə düşür. Lakin baxılan iş üzrə cavabdeh tərəfindən belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu halda işəgötürən ən ağır tənbeh növünü tətbiq etməklə ƏM-nin 186-cı naddəsinin 3-cü bəndinin tələblərini pozmuşdur.

29. Qeyd edildiyi kimi, əmək qanunvericiliyi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur.

30. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

31. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən onun bir sıra şəxsi keyfiyyətləri və xidmətləri, o cümlədən Vətən müharibəsi iştirakçısı olması, xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövrdə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirakı nəzərə alınmamışdır.

32. İşdən həmçinin görünür ki, iddiaçı 2001-ci il tarixdən yanğınsöndürən kimi işə qəbul olunmuş, daha sonra həmin idarədə müxtəlif illərdə vəzifədə yüksələrək qarovul rəisi, komanda rəisi, bölmə rəisinin müavini vəzifələrinə keçirilmişdir ki, bu da onun peşəkarlığına və kollektivdəki nüfuzuna olan etimadın nəticəsi kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işdə, işəgötürən tərəfindən intizam tənbehi tətbiq olunarkən iddiaçının peşəkarlıq səviyyəsinin, cavabdehin mənafeyinə hər hansı xələl gəlmədiyinin, yəni, iddiaçının yol verdiyi pozuntunun hər hansı mənfi hal yaratmadığının nəzərə alınmaması, bununla da pozuntunun xarakterinə adekvat olmayan tənbeh tədbirinin tətbiqi Əmək Məcəlləsinin 186cı maddəsinin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin düzgün tətbiq olunmaması deməkdir.

33. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir.

34. İddiaçının peşəkarlıq səviyyəsini, kollektivdəki nüfuzunu, yol verilmiş intizam xətasını iddiaçının ailə vəziyyəti ilə əlaqəli şəkildə nəzərə alaraq işəgötürənin 186-cı maddədə sadalanan intizam tənbeh tədbirlərindən daha yüngül tədbiri tətbiq etmək imkanına malik olduğu halda iddiaçıya məhz ən ağır intizam tənbehi olan əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil.

35. Belə ki, Məhkəmə Kollegiyası hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi iddiaçının yol verdiyi intizam xətasının xarakterinə uyğun olmamışdır. Belə ki, ƏM-nin 186-cı maddəsində yol verilmiş intizam xətasına görə tətbiq edilməli olan tənbeh növləri ağırlıq dərəcəsinə görə azdan çoxa doğru sıralanmışdır. Tənbeh növlərinin bu qaydada müəyyən edilməsində məqsəd intizam xətası törədildikdə işəgötürəni ən ağırını deyil, törədilmiş xətanın xarakterinə azdan çoxa doğru uyğun (adekvat) olan tənbeh növünü seçməyə yönləndirməkdir (məcbur etməkdir).

36. Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarına əsasən işçi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bu barədə əmrin məzmununda müqavilənin ləğv edilməsinin əsası göstərilməli, əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədə istinad edilməlidir. Bu məlumatların göstərilmədiyi əmr məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

37. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.

38. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

39. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məsələyə Həmkarlar İttifaqı Komitəsinin iclasında baxılarkən iddiaçının iştirakı təmin olunmamışdır. İddiaçı həmkarlar ittifaqı təşkilatının iclası barədə məlumatsız olduğunu bildirmiş, cavabdeh isə iddiaçının həqiqətən də həmin iclas barədə məlumatlandırıldığını təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İclasda cəmi 5 nəfər iştirak etmiş, iştirak edən rəyasət heyətinin üzvləri isə aktlarda və eləcə də Mühafizə departamentində xx.xx.2025-ci il tarixdə keçirilmiş müşavirənin protokolunda qeyd olunan nöqsanlara görə deyil, iddiaçının özünün işə davamiyyətinin, nizam-intizamının aşağı səviyyədə olmasını nəzərə alaraq əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini təklif etmişlər (i.v.158). Halbuki, nə adı çəkilən aktlarda, nə də protokolda iddiaçının özünün işə davamiyyətinin, nizam-intizamının aşağı səviyyədə olmasına dair heç bir qeyd olmamışdır.

41. Məhkəmə kollegiyası Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixdə keçirilmiş iclas protokoluna əsasən onu da qeyd edir ki, həmkarlar ittifaqının iclasında müzakirə predmeti iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin müraciəti yox, Mühafizə departamentinin xx.xx.2025-ci il tarixdə keçirilmiş müşavirəsin protokolu olmuşdur. Halbuki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

42. İşdən göründüyü kimi, Həmkarlar İttifaqı Komitəsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxarkən Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin tələbinə düzgün əməl etməmiş, bu barədə işəgötürənin müvafiq əsaslandırılmış təqdimatı olmadan məsələni müzakirə etmiş, hətta vəzifəsi işçinin hüquqlarını müdafiə etmək olsa da, onu nəinki müdafiə etməmiş, əksinə işdən çıxmaq barədə ərizə verməyə məcbur etməyə çalışmışdır. Bir sözlə, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli iclası işəgötürənin müvafiq əsaslandırılmış təqdimatı olmadan formal keçirilmiş, həmin iclasda iddiaçının iştirakı təmin olunmamışdır.

43. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından və qətnamə çıxarılarkən Əmək Məcəlləsinin 70, 71, 80-ci maddələri düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmalı, işəgötürənin iddiaçı barəsində xx.xx.2025-ci il tarixli əmri ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Mühafizə Departamentinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 13-1-18/3- 10-3336/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmri ləğv edilsin, İddiaçı əvvəlki işinə, yəni Mühafizə Departamentinin X4 rəis müavini vəzifəsinə bərpa olunsun və məcburi buraxma müddətinə görə əmək haqqı hesablanaraq ona ödənilsin. 50 manat mediasiya və 10 manat kargüzarlıq xərci olmaqla, cəmi 60 manat vəsait cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar