Məhkəmə qərarları › İş №2(103)-6638/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6638/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6638/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanət məbləğinin qaytarılması" tələbinə dair mülki iş üzrə Açar sözlər: (əmanət məbləğinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)-2191/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.QSC "xxxx" KB ilə əmanətçi İddiaçı arasında xx.xx.2012-ci il tarixli, LD********** saylı “Premier” depozit müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini (15000 ABŞ dolları) Banka illik 10% ödənilməsi şərti ilə yerləşdirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 nömrəli qərarı ilə QSC "xxxx" KB müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. 2.İddiaçı yerləşdirdiyi depozit məbləğinin 30000 manat məbləğinə qədar sığortalandığını bildirərək əmanət məbləğinin qorunan əmanət olduğundan hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanət məbləğinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmış 06 iyun 2012-ci il tarixli müqavilənin tələblərinə əsasən qorunan əmanət olan 25500 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 4.İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmış “Premier” depozit müaviləsi əsasında iddiaçı banka 15000 dollar məbləğində əmanət qoymuşdur. Qoyduğu depozit məbləğinə dair faizlər ödənilmişdir. 2016-cı ildə "xxxx" QSC ləğv edilmiş və iddiaçıya verilməli olan depozit məbləği iddiaçıya ödənilməmişdir. Müqavilənin şərtlərinə əsasən iddiaçının qoyduğu depozit məbləği 30000 manat məbləğinə qədər sığortalanmışdır. Bununla bağlı iddiaçı Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciət etsə də, cavabdeh iddiaçıya növbəlik əsasında ödənişlərin ediləcəyini bildirmişdir. Halbuki, iddiaçının əmanətləri sığortalanmışdır. Bu baxımdan iddiaçıya müqavilədə göstərilən məbləğ ödənilməlidir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, AR “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.3 və 28.4-cü maddələrinin tələblərindən yola çıxaraq, həmin Qanunun 28.3-cü maddəsinə əsasən kompensasiya haqqında bildirişin dərc olunduğu vaxtdan 1 il müddətində iddiaçının bununla bağlı müraciət etmək hüququ vardır. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən bu hüquq 5 il müddətinə saxlanılır. Lakin sığorta hadisəsi baş verdiyi vaxtdan, yəni bankın ləğv olunduğu vaxtan 7 ilə yaxın bir müddət keçmiş və nəticədə bu hüquq itirilmişdir. Bundan əlavə qeyd edilən Qanunun 8.1.20-ci maddəsinə əsasən Maliyyə Bazarlarına Nəzərət edən orqanı ilə razılaşdırılmaqla Himayəçilik Şurasının müəyən etdiyi fazilərdən yuxarı faizlə yerləşdirilmiş əmanətlər sığorta olunmayan əmanələrdir və onlara görə kompensasiya ödənilməsi nəzərdə tutulmur. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə pretenziya qaydasında Fonda müraciət etmişdir. Nəticədə onun müraciəti Əmanətlərin Sığortalanması Fondu tərəfindən qeydiyyata alınmışdır. Bundan başqa iddiaçı tərəfindən Fonda hər-hansı müraciət aşkar olunmamışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 20 iyun 2023-cü il tarixli, 2(006)-2191/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Ramin Xəlilov) iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. 7.İş materiallarında olan QSC "xxxx" Kommersiya Bankı ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, LD********** saylı müddətli depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 15.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 10 % ödəməyi öhdəsinə götürmüşdür. 8.Həmin müqavilənin 8.2-ci bəndinə əsasən fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30.000 manatdan çox olmayaraq kompensasiya ödəyir. 9.İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən X3 nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 nömrəli qərarı ilə QSC "xxxx" KB müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2013-cü il tarixli qərarına əsasən xarici valyutada olan qorunan əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki,“Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.20-ci maddəsinə uyğun olaraq əmanətin cəlb edildiyi günə müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi lə qəbul edilmiş vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmır və kompensasiya ödənişi nəzərdə tutulmur. İddiaçı kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alınmış və ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Hazırda ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələbləri ödənilməkdədir. 10.Məhkəmə müəyyən etmişdir ki,QSC "xxxx" KB ilə əmanətçi İddiaçı arasında xx.xx.2012-ci il tarixli, LD********** saylı “Premier” depozit müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 10% ödənilməsi şərti ilə yerləşdirmişdir. 2016-cı ilin mart ayından xarici valyutada qoyulan əmanətlərin faiz dərəcələri aşağı salınmış, iddiaçı bununla bağlı razılıq və etirazını bildirməmişdir. Buna görə də, sığorta hadisəsi baş verən zaman yeni müqavilə bağlanmadığı üçün qoyulmuş əmanət qorunmayan Əmanət hesab olunmuşdur. 11.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən əmanət yerləşdirilərkən siğortalı əmanət kimi bağlanmış əmanət müqaviləsinin qüvvədə olduğu ərəfədə bank (xx.xx.2016- cı ildə) ləğv edilmişdir. İddiaçı tərəf cavabdehlə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi ilə bağlı hər hansı rəsmi razılığa gəlməmiş və bununla bağlı (müqavilə) heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, sığorta hadisəsi baş verərkən artıq iddiaçı ilə cavabdeh arasında əmanət müqaviləsi sığortalı əmanət olmamışdır. 12.Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddia əsassız olduğundan təmin edilməməli, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin944.1, 947.2, 7.1, 7.2-ci:“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2, 2.1.2.6, 2.1.3, 2.1.11, 8.1.20, 26.1-ci:“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 5.1-ci:Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4, 217.3, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. xx.xx.2016-cı ildə, Bank Standard QSC tərəfindən qoyulmuş depozitə aid hesabda yığılmış faizlərdən yalnız 1.961 dollar 37 sent miqdarında faiz olaraq ona ödənilmişdir. Halbuki, Bank Standard QSC ləğvetmə prosesinə girən ərəfədə iddiaçının hesabında artıq 19.923 ABŞ dolları miqdarında məbləğ mövcud idi. (1375 saylı xx.xx.2016-cı il tarixli Qəbz surəti əlavə edilib) hansı ki, Fond tərəfindən qeydiyyata alınmışdır və iddiaçıya nə əsas vəsait olaraq, nə də faizlər şəklində çoxsaylı müraciətlərinə baxmayaraq geri ödənilməmişdir. Müqavilənin şərtlərinə əsasən onun tərəfdən qoyulmuş depozit məbləği 30.000 (otuz min) manat məbləğinə qədər sığortalanmışdır. Bununla bağlı iddiaçı Əmanətlərin Sığortalanması fonduna dəfələrlə müraciət etsə də, cavabdeh ona növbəlik əsasında ödənişlərin ediləcəyini bildirir. Halbuki, onun əmanətləri sığortalanmışdır. Bu baxımdan müqavilənin 8.2 bəndində göstərilən sığortalanmış əmanət üzrə əmanətin miqdarı məhz 19.923 ABŞdolları məbləğıni təşkil etdiyi əsas götürülməlidir və Fond tərəfindən məhz bu məbləğin qarşılığı olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 (otuz min) manatdan çox olmamaq şərtilə kompensasiya hesablanaraq iddiaçıya ödənilməlidir. 19.923 ABŞ dolları məbləğindəki əmanətin 30.000 (otuz min) manatdan çox olan qismini də cavabdeh ona növbəlik əsasında ödəməlidir. Məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı tərəfindən əmanət yerləşdirilərkən siğortalı əmanət kimi bağlanmış əmanət müqaviləsinin qüvvədə olduğu ərəfədə bank (xx.xx.2016-cı ildə) ləğv edilmişdir. İddiaçı tərəf cavabdehlə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi ilə bağlı hər hansı rəsmi razılığa gəlməmiş və bununla bağlı (müqavilə) heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu isə guya məhkəməyə onu deməyə əsas verir ki, sığorta hadisəsi baş verərkən artıq iddiaçı ilə cavabdeh arasında əmanət müqaviləsi sığortalı əmanət olmamışdır. QSC "xxxx" Kommersiya Bankı ilə əmanətçi olaraq onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli, LD********** saylı müddətli depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən (iddiaçıdan) daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Bu mövzuya aydınlıq gətirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 avqust 2020-ci il qərına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 12ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” AzərbaycanRespublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Yuxarıda bəhs edilən mövzu ilə əlaqədər və AzərbaycanRespublikası Konstitusiya Məhkəməsinin 10 avgust 2020-ci il qərınına əsasən, iddiaçının və QSC "xxxx" tərəfindən 06 iyun 2012-ci il tarixində imzalanan № LD**********-li “PRİMİER” depozit müqaviləsi üzrə iddiaçı tərəfindən yerləşdirilən əmanət Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanət kimi qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, müqavilə bağlanandan sonra faiz dərəcəsinin Himayəçilik Şurasının müəyyən etdiyi faiz dərəcəsinə uyğun bağlanması ilə bağlı müraciəti olmayıb. 18.Məhkəmə kollegiyasının iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçının Apellyasiya şikayətində qeyd etdiyi və apellypsiya şikayətinə əlavə etdiyi xx.xx.2016-cı il tarixli öhdəliklərin reyestrindən çıxarışda 1868 ABŞ dolları kompensasiya məbləğinin xx.xx.2012-ci il tarixli, LD********** saylı “Premier” depozit müqaviləsinə heç bir aidiyyatı yoxdur. Həmin kompensasiya cari hesaba aiddir. Qeyd edilən sənəddən də görünür ki, iddiaçının xx.xx.2012-ci il tarixli, LD********** saylı “Premier” depozit müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan 19923,74 ABŞ dolları əmanət kompensasiya olunmayan məbləğdir. Hesabların nömrələri də fərqlidir. İddiaçıya ödənilməli olan kompensasiya olunmayan 19923,74 ABŞ dolları əmanət kreditor tələbi kimi qeydə alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

21. Maddə 421.1. müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

22. Maddə 421.2. tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

23. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

24. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 25.Maddə 944.1.Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanətlərin sığortalanması haqqında Qanun: 26.Maddə 2.1.2.Qorunan əmanət–sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 27.Maddə 2.1.2.6.Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 28.Maddə 2.1.3.Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. 29.Maddə 2.1.11.Kompensasiya–sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 30.Maddə 8.1.20.Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin tam sığortalanması haqqında Qanun

31. Maddə 4.1. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 34.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin qanuniliyinin və əsaslılığının tamolaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38.Məhkəmə kollegiyası tərəfləri dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətitəmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)-2191/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, İddiaçı QSC "xxxx" KB ilə xx.xx.2012-ci il tarixdə bağladığı LD********** saylı “Premier” depozit müqaviləsinə əsasən Banka 10 faiz olmaqla, 12 ay müddətinə 15000 ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir. Əmanət yerləşdirilərkən qorunan əmanət olmuşdur. Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli qərarlarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% faiz müəyyən edilmişdir. Depozit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə bitdikdən sonra müqavilə şərtlərinə əsasən müqavilə eyni tarixə, eyni şərtlərlə uzadılmış hesab edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bank müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı bankın ləğv olunması anında depozitin götürülməsi ilə bağlı müraciət etdiyini sübuta yetirə bilməmişdir. 40.Əksinə iddiaçının xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, o, 19923,74 ABŞ dolları əmanətinin kreditor tələbi kimi qeydə alınmasını xahiş etmişdir. İddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı xx.xx.2020-ci ildə ərizə ilə müraciət etmişdir. 41.Məhkəmə kollegiyası qeyd edir ki, əmanət yerləşdirildiyi anda qorunan əmanət olmuş, Bankın ləğv edilməsi isə sığorta hadisəsidir. Lakin, sığorta hadisəsi baş verən anda əmanət sığortalı əmanət olmamışdır. 42.Sığorta hadisəsi icbari sığorta qanunlarına vəya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 43.Hazırkı işdə işin mübahisəli halı sığorta hadisəsi baş verən anda iddiaçının depozitinin sığortalı olub-olmaması ilə bağlıdır. 44.Tərəflər arasında bağlanmış depozit müqaviləsinin müddəti uzadılmalar nəzərə alınmaqla, xx.xx.2016-da bitmiş, yenidən xx.xx.2017-yə kimi uzadılmış, iddiaçı tərəfindən uzadılma olarkən illik faiz dərəcəsinin sığortalı əmanətlərin faiz dərəcəsinə (3%) uyğunlaşdırılması barədə müraciət olmamışdır. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bank müflis elan edilmişdir. 45.Sığorta hadisəsi baş verəndə Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilmişdir. Müqavilənin müddəti uzadılarkən qorunan əmanətlər üzrə illik faiz dərəcəsi tətbiq olunmamış və bank bunu birtərəfli qaydada etməyə səlahiyətli deyildi. 46.Depozitin faiz dərəcəsi həmin növ müqavilələr üzrə mühüm şərtdir. Bank müqavilənin mühüm şərtini birtərəfli qaydada dəyişə bilməzdi. Müqavilənin müddəti bitdikdən sonra müqavilə, tərəflərinin qarşılıqlı razılaşması yolu ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilərdi. İddiaçının həmin müddət ərzində banka müraciət etməsi halı müəyyən edilməmişdir. Müqavilənin müddəti depozit müqaviləsinin 2.8 bəndinə əsasən eyni müddətə uzadılmış hesab olunmuşdur. Müqavilə eyni şərtlərlə uzadıldığı üçün artıq depozit məbləği sığortalı məbləğ hesab olunmurdu. Çünki xx.xx.2016-cı il tarixdən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% faiz müəyyən edilmişdir. Nə qədər ki, tərəflər arasındakı depozit müqaviləsi eyni tarixə uzadılmış hesab olunur, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsində nəzərdə tutulan depozitin “cəlb edildiyi gün”müqavilənin eyni tarixə uzadıldığı gün hesab olunur. Əks təqdirdə həmin qanunun 8.1.20-ci maddəsi öz əhəmiyyətini itirmiş olardı. 47.Kollegiya qeyd edir ki, depozit muqaviləsinin müddəti bitəndən sonra, və yaxud vaxtı çatmasa belə müqavilə müddəti ərzində qorunan əmanətin faizləri aşağı salındığı təqdirdə əmanətin tam sığortalı əmanət hesab olunması üçün edilməli olan hərəkətlər qanunla tənzimlənir. 48.Beləki, Əmanətlərin tam sığortalanması haqqında Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. 49.Göründüyü kimi, iddiaçı nə müqavilə müddəti ərzində, və nədə müqavilə müddəti başa çatdıqdan sonra əmanətin qorunan əmanət hesab olunması üçün depozit müqaviləsinə yuxarıda qeyd olunan dəyişikliklər edilməsi barədə müraciət etməmişdir. 50.Kollegiya qeyd edir ki, qorunan əmanət kimi kompensasiya ödənilməsi barədə tələbin fonda qarşı yönəlməsi üçün əmanət qorunan əmanət olmalı və müqavilə müddəti ərzində sığorta hadisəsi baş verməlidir. 51.Buna görə də, kollegiya məhkəmənin sığorta hadisəsi baş verərkən artıq iddiaçı ilə cavabdeh arasında əmanət müqaviləsinə əsasən əmanətin sığortalı əmanət olmaması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. 52.Kollegiya apellyatorun apellyasiya şikayətində qeyd etdiyi dəlili kimi apellyasiya şikayətinə əlavə etdiyi xx.xx.2016-cı il tarixli öhdəliklərin reyestrindən çıxarışına əsasən qeyd edir ki, 1868 ABŞ dolları kompensasiya məbləğinin xx.xx.2012-ci il tarixli, LD********** saylı “Premier” depozit müqaviləsinə hər hansı bir aidiyyətinin olması müəyyən olunmur. Həmin kompensasiya cavabdeh tərəfin qeyd etdiyi cari hesaba aiddir. Qeyd edilən sənəddən də görünür ki, iddiaçının xx.xx.2012-ci il tarixli, LD********** saylı “Premier” depozit müqaviləsinə əsasən ona ödənilməli olan 19923,74 ABŞ dolları əmanət kompensasiya olunmayan məbləğdir. Həmin sənədə əsasən iddiaçının adına iki fərqli hesab mövcuddur. İddiaçıya ödənilməli olan kompensasiya olunmayan 19923,74 ABŞ dolları əmanət kreditor tələbi kimi qeydə alınmışdır. 53.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)-2191/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 54.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 55.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 56.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 57.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 58.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)-2191/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar