Məhkəmə qərarları › İş №2(103)-6640/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6640/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6640/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-110/2020 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 107.832 manat əsas borc, 1.070 manat 67 qəpik faiz, 5.916 manat dəbbə pulu olmaqla, cəmi 114.818 manat 67 qəpik məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 158-ci mənzilinə yönəldilməsi, göstərilən mənzilin açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 109/KTN saylı kredit müqaviləsi üzrə 107.832 manat əsas borc, 16.200 manat 18 qəpik faiz, 20.009 manat dəbbə pulu olmaqla, ümumilikdə 144.041 manat 18 qəpik məbləğində borc, qiymətləndirici şirkətə ödənilən 354 manat məbləğində xərc, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 30 manat məbləğində xərc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2Xasməmməd qızı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 158 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 109/KTN saylı kredit müqaviləsi üzrə 107.832 manat əsas borc, 16.200 manat 18 qəpik faiz, 20.009 manat dəbbə pulu olmaqla, cəmi 144.041 manat 18 qəpik borc və illik 5 % dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 5.000 manat məbləğində borc, qiymətləndirmə şirkətinə ödənilən 354 manat məbləğində xərc, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 30 manat məbləğində xərc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 158 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş N 2(006)-110/20) iddia qismən təmin edilmiş, 101.121 manat 27 qəpik əsas borc, 8.061 manat 61 qəpik faiz, 300 manat dəbbə pulu, 354 manat qiymətləndirmə xərci, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 30 manat məbləğində xərc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 109.896 manat 88 qəpik pul vəsaitinin Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 158 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 230.000 (iki yüz otuz min) manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması, qiymətləndirmə xərci olan 250 manatın Cavabdeh1 tutularaq «xxxxxxxxxxxxxxx» MMC-nin təqdim etdiyi hesab üzrə ödənilməsi, ekspertiza xərci olan 345 manat (200+145) Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Hazırda İddiaçı ASC və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxx 2014-cü il tarixdə 109/KTN saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 7 % olmaqla 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 150.000 manat məbləğində kredit verilmişdir. 109/KTN saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxxx 2014-cü il tarixli 109/KTN saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 158 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdehin müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini əsas gətirən İddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 7 faiz ödəmək şərtilə 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 150000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Bakı şəh, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 158-ci mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 33662 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxx 2014-cü il tarixli 109/KTN saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxx 2018-ci il tarixədək banka olan borcu 101.711 manat 15 qəpik məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2018-ci il tarixə əsas borc üzrə 101.121 manat 27 qəpik, faiz borcu üzrə 589 manat 87 qəpik. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 718 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış sənədləri, maliyyə arayışı və tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 109/KTN saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə xx xxxx 2019-cu il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 109.182 manat 88 qəpik məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 101.121 manat 27 qəpik, faiz üzrə 8.061 manat 61 qəpik. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın təmin edilməyən hissəsində qanunsuzdur. Belə ki, məhkəmə ekspert rəyinə əsasən deyil, öz təşəbbüsü ilə dəbbə pulunu 300 manat, yəni əsas borc üzrə təmin edilən məbləğin 1 faizindən belə aşağı hesablamışdır ki, bu da iddiaçının mənafeyinə ziddir. Həmçinin məhkəmə qətnamə qəbul edərkən iddiaçının tələb etmək hüququ olan illik hesablanmış 5 faiz məbləğində pulun ödənilməsi hissəsində tələbini təmin etməmişdir. İddiaçı qeyd olunanları nəzərə alaraq qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, kredit götürərkən icarəsində 100 ha torpaq sahəsi var idi. 2016-2017-ci il tarixlərdə Respublikada aqroparklar yaradıldı və beləliklə də, istifadəsində olan 100 ha torpaq sahəsini ondan alaraq aqroparklara verdilər. Ona görə də maddi vəziyyəti ağırlaşdı və o, krediti ödəyə bilmədi. Qətnamədə əsas məbləğə münasibətdə faizlər artıq hesablanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən ödənilmiş ilkin aylıq ödənişlərin hamısı faiz məbləğinə silinməli idi. Faiz məbləğinin 8061 manat və dəbbə pulunun 300 manat məbləğində hesablanması düzgün deyil və cavabdehin maraqlarına ziddir. İş üzrə alınmış xx xxxx 2019-cu il tarixli, 33662 saylı və xx xxxx 2020-ci il tarixli ekspert rəyləri də mübahisəlidir. Cavabdeh göstərilənlər nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və faizlərin və digər cərimələrin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi A.Zeynallı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apelyasiya şikayətini qəbul etmədiyini bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 apelyasiya şikayəti vermişlər. Qətnamə digər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı qətnaməni dəbbə pulunun və illik 5 % dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 5.000 manat məbləğində borcun tutulması tələblərinin rədd olunması hissəsində, cavabdeh isə əsas borca hesablanmış faizlərin və dəbbə pulunun tutulması hissəsində mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apelyasiya qaydasında mübahisələndirilən hissədə və həmin apelyasiya şikayətlərinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası qətnamənin hazırkı apelyasiya baxışının predmeti olmayan hissələrinə toxunmur. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətlərinə münasibətdə apelyasiya baxışının predmeti olan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın təmin edilən və apelyasiya qaydasında mübahisələndirilən hissədə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ASC kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini pozmuşdur. Birinci instansiya məhkəməsi iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, 1-ci ekspert rəyilə cavabdehin xx.xx.2018-ci il tarixədək olan borcu, 2-ci rəylə isə xx.xx.2019-cu il tarixədək, yəni müqavilə müddətinin bitdiyi günədək olan borclarının məbləği müəyyən edilmişdir. Məhkəmə həmin ekspert rəylərini mötəbər sübut kimi qəbul edərək və Mülki Məcəllənin 442, 443, 445, 448 və s. maddələrinə istinad edərək iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apelyasiya qaydasında mübahisələndirilən hissələrdə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, apelyasiya şikayətlərində göstərilən hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Cavabdeh1 apelyasiya şikayətində faiz borcunun süni surətdə şişirdilərək yüksək göstərilməsinə istinad etsə də, bunu, eləcə də cərimə məbləğinin çox olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh faiz və cərimə borcu ilə bağlı hissədə ekspert rəyi ilə razılaşmadığını qeyd etsə də, həmin rəyin əsassızlığını şübhə altına alan, orada göstərilənləri təkzib edən hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən və iddiaçı tərəfindən mübahisələndirilən hissədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə müddəti bitdikdən sonra illik 5 % hesablanan məbləğin və əldən çıxdığını iddia etdiyi faydanın ayrı-ayrılıqda nə qədər təşkil etdiyini, həmçinin əldən çıxmış faydanın nədə ifadə olunmasını qeyd etməmiş, əldən çıxmış faydaya dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə, öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən mübahisələndirilən həmin hissələrdə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, tərəflər arasında kredit müqaviləsi 60 ay, yəni 5 il müddətinə bağlanmış, Bank müqavilə müddəti bitməmiş xx.xx.2018-ci il tarixdə iddia qaldırmış və cavabdehdən müqavilə müddəti üçün dəbbə pulu və illik 5 faizlə əldən çıxmış fayda tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyatorlar öz şikayətlərində istinad etdikləri halları sübut edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya qaydasında mübahisələndirilən hissələrdə həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi apelyasiya qaydasında mübahisələndirilən hissələrdə həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar