Məhkəmə qərarları › İş №2(103)-6641/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6641/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6641/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 Şəmsəddin oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2286/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşı “ezamiyyə xərci tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 238.680 (iki yüz otuz səkkiz min altı yüz səksən) manatın (36 ay=108 0gün x 130 $ = 140.400 (bir yüz qırx min dörd yüz) ABŞ dolları) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsi, İddiaçı2 xeyrinə 298.350 (iki yüz doxsan səkkiz min üç yüz əlli) manatın (45 ay = 1350 gün x 1305 = 175.500 (bir yüz yetmiş beş min beş yüz) ABŞ dolları) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 (11.02.2010-31.08.2016-cı illər) və İddiaçı2 (03.10.200910.01.2017-ci illər) cavabdeh X1 "xxxx" ASC-də armaturçu vəzifəsini icra etmişdir. Vəzifələrini icra etdikləri illərdə şirkət tərəfindən 2011-ci ildən 2016cı ilin iyun ayına qədər uzunmüddətli ezamiyyətə göndərilmişlər. İddiaçılar ezamiyyətə göndərilsə də, şirkət tərəfindən qanunun tələbinə uyğun olaraq nəzərdə tutulan ezamiyyət haqları ödənilməmişdir. İddiaçılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müffəttişliyi Xidmətinə müraciət etmiş, cavabdeh X1 "xxxx" ASC tərəfindən törədilmiş qanun pozuntusunun araşdırılması müraciəti X4 Xidməti tərəfindən cavabdeh X1 "xxxx" ASC-nin iddiaçılar İddiaçı1 (11.02.2010-31.08.2016-cı illər) və İddiaçı2 (03.10.200910.01.2017-ci illər) qarşı ezamiyyət haqqlarının ödənilməməsi faktı təsdiqlənmiş, lakin İXM-nin tələbinə uyğun olaraq müddət ötürülməsi faktına görə şirkət cərimə ödəməkdən azad edilmişdir. Ümumilikdə İddiaçı1 3 (üç) il, İddiaçı2 isə 3 (üç) il 9 (doqquz) ay müddətinə cavabdeh X1 "xxxx" ASC tərəfindən ezamiyyətə cəlb edilmişdir. Lakin, bu illər ərzində şirkət tərəfindən əmək haqqı xaric heç bir ezamiyyə haqları ödənilməmiş, qanunsuz şəkildə iddiaçıların hüquqları pozulmuşdur. Şirkət tərəfindən hər iki iddiaçıya bütün bu dövrlər ərzində yalnız əmək haqqı ödənilmiş, ezamiyyə haqları şirkət tərəfindən mənimsənilmiş, ödənilməkdən boyun qaçırılmışdır. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən iddianın tam təmin edilməsi, cavabdeh X1 "xxxx" ASC-dən 238.680 (iki yüz otuz səkkiz min altı yüz səksən) manatın (36ay=1080gün x 130$=140.400 (bir yüz qırx min dörd yüz) ABŞ dolları) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı1 ödəniməsi və cavabdeh X1 "xxxx" ASC-dən 298.350 (iki yüz doxsan səkkiz min üç yüz əlli) manatın (45ay=1350gün x 1305=175500 (bir yüz yetmiş beş min beş yüz) ABŞ dolları) tutularaq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2286/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iddia müddətini əsas gətirməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaya dair prosessual müddət iddiaçılar tərəfindən buraxılmamışdır. Çünki iddiaçılar sözügedən qanun pozuntusu və cavabdehin onların hüquqlarına qarşı etdiyi qanuna zidd hərəkətlərlə bağlı şikayəti 2016-2020-ci illərə qədər aidiyyatı üzrə hüquq mühafizə orqanına ünvanlanmış, lakin orqanlar tərəfindən cavabdehin sənədləri təqdim etmədiyi səbəbi ilə və digər əsaslara görə araşdırılmanın aparılması uzanmış və həmin ərəfələrdə iddiaya dair prosessual müddət axını kəsilməsi baş vermişdir. Məhkəmə bu hissələrə hüquqi qiymət vermədən və araşdırmadan iddia müddətini ötürülmüş hesab edərək qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş və məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2286/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 Şəmsəddin oğlu iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2286/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir və gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296 və Mülki Məcəlləsinin 375.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı1 məxsus ******* nömrəli əmək kitabçasının məzmunundan və surətindən görünür ki, İddiaçı1 iq-31 nömrəli, 11 fevral 2010-cu il tarixli əmrlə "xxxx" ASC-də 4-cü dərəcəli armaturçu peşəsinə işə qəbul edilmişdir. 31.08.2016cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan İddiaçı2 məxsus ******* nömrəli əmək kitabçasının məzmunundan və surətindən görünür ki, İddiaçı2 iq-184 nömrəli, 03 oktyabr 2009-cu il tarixli əmrlə "xxxx" ASC-də 4-cü dərəcəli armaturçu peşəsinə işə qəbul edilmişdir. 10.01.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından görünür ki, İddiaçı1 “X1 "xxxx" ASC-nin X6 M.İ.Şirinova ərizə ünvanlayaraq, onunla bağlanmış əmək müqaviləsinə 31.08.2016-cı il tarixdən xitam verilməsini xahiş etmişdir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı2 “X1 "xxxx" ASC-nin X6 M.İ.Şirinova ərizə ünvanlayaraq, onunla bağlanmış əmək müqaviləsinə 10.01.2017-cı il tarixdən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvanladığı cavab məktubunda qeyd edilir ki, araşdırma zamanı “X2 "xxxx" ASC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı1la cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə 31.08.2016-cü il tarixdə və İddiaçı2la isə 10.01.2017-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişləri ilə xitam verildiyi məlum olmuşdur. Əmək müqavilələrinə xitam verilərkən İddiaçı1 son haqq-hesabları 09.09.2016-cı ildə İddiaçı2 isə 08.02.2017-ci ildə ödənildiyi və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən üç ay keçənədək verilə biləcəyini nəzərə alaraq və baş vermiş inzibatı xətanın işəgötürən tərəfindən törədildiyi son gün 09.09.2016-ci il və 08.02.2017-ci il tarixlərə təsədüf etdiyindən, “X2 "xxxx" ASC-nin rəhbəri barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tərkibi olmasına baxmayaraq inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Eyni zamanda “AvroX5 "xxxx" ASC-nin rəhbərliyi Bakı şəhər İdarəsinə ünvanladığı məktubunda onlarla müxtəlif vaxtlarda Qazaxstan Respublikasının Şimkənd, Almata və Qızılorda şəhərlərinə ezam olunduqlarını və ezamiyyə ödənişlərini vaxtlı-vaxtında onların əmək haqqı hesablarına köçürüldüyünü, o cümlədən ezamiyyə sənədləri xeyli vaxt əvvələ aid olduğundan həmin sənədlər hal-hazırda cəmiyyətin arxivində olmadığından təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan “X2 "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanlanmış 07 avqust 2020-ci il tarixli 1019/20 nömrəli cavab məktubunda qeyd edilir ki, İddiaçı1 11.02.2010-cu ildən 31.08.2016-cı ilədək, İddiaçı2 isə 03.10.2009-cu ildən 10.01.2017-ci ilədək sözügedən şirkətdə çalışmış və öz təşəbbüsləri ilə işdən azad olunmuşdurlar. İddiaçı2 və İddiaçı1 müxtəlif vaxtlarda Qazaxıstan Respublikasının Şimkənd, Almata və Qızılorda şəhərlərinə ezam olunmuşdurlar. Qeyd olunan şəxslərin əmək haqları və ezamiyyə ödənişləri vaxtlıvaxtında ödənilmiş, bununla bağlı sabiq işçilərin işlədikləri dövrdə şirkətə qarşı heç bir şikayətləri olmamışdır. İş materiallarına əlavə edilən cavabdeh “X1 "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 Şəmsəddin oğlunun məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, iddiaçıların mövcud iddia ərizəsi 02.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımının iddiaçıların öz xahişləri ilə işdən azad olunmaları tarixdən (iddiaçıların əmək müqaviləsi üzrə öz hüquqlarının pozulmasının aşkar edildiyi gün ən azı həmin tarix hesab edilir), yəni müvafiq olaraq 31.08.2016-cı il tarixdən və 10.01.2017-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər. Göründüyü kimi, iddiaçılar ezamiyyət haqlarının ödənilməməsini həmin vaxt deyil, bundan yalnız 4 ildən çox müddət keçdikdən sonra, 02.03.2021-ci il tarixdə, yəni hazırki iddianı qaldırdığı vaxt mübahisələndirmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələblərinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarət 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, iddiaçılar tərəfindən qanunla müəyyən olunmuş 1 illik iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür (buraxılmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli barədə iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətində iddia müddətininin ötürülmədiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddia müddətini tətbiq edilməsi barədə ərizəsini nəzərə almaqla tələb üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2286/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2286/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar