Məhkəmə qərarları › İş №2(103)-6641/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6641/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6641/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kirayə müqaviləsi, öhdəliyin icra olunmması, borcun etirafı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil xx.xx.2010-cu il tarixdə, 42 saylı mənzil isə xx.xx.2010-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

2. ünvan 1 ünvanında yerləşən 41 və 42 saylı mənzillər xx.xx.2017-ci il tarixli “Mənzil kirayəsi müqaviləsi” əsasında İddiaçı tərəfindən "xxxx" MMC-nin drektoru Cavabdeh2 xx.xx.2018-ci il tarixədək kirayəyə verilmişdir.

3. “Mənzil kirayəsi ilə əlaqədar qalıq borca” dair xx.xx.2018-ci il tarixli akta görə, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 41 və 42 saylı mənzilləri İddiaçı təhvil vermişlər, kirayəçilərin 2017-ci il sentyabr ayı üzrə 100 manat, 2018-ci il yanvar, fevral və mart ayı üzrə hər üç ay 600 manat, 2018-ci il aprel ayı üzrə 400 manat və 2018-ci il may ayı üzrə 200 manat olmaqla, 2500 manat məbləğində ödənilməmiş borcu qalmış və onlar həmin məbləği xx.xx.2018-ci il tarixinədək ödəyəcəklərini öhdələrinə götürmüşlər.

4. 1186 nömrəli qəbzdən görünür ki, xx.xx.2019-cu il tarixində İddiaçı 400 manat ödəniş edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. Hüseynzadə X1 Etibar Şirəli oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2431 (iki min dörd yüz otuz bir) manat məbləğində zərərin əvəzinin və 44 (qırx dörd) manat dövlət rüsumunun, yəni cəmi 2475 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2017-ci ilin may ayında ona məxsus ünvan 1 ünvanında yerləşən 41 və 42 saylı mənzilləri Cavabdeh2 və Cavabdeh1 kirayəyə vermiş, həmin ilin sentyabr ayından başlayaraq cavabdehlər kirayə haqqı ödənişlərini gecikdirməyə və natamam şəkildə ödəməyə başlamışlar. Bu səbəblə xx.xx.2018-ci il tarixdə onunla cavabdehlər arasında “Mənzil kirayəsi ilə əlaqədar qalıq borca dair Akt” imzalanmış, akta əsasən cavabdehlər 2500 (iki min beş yüz) manat məbləğində ödənilməmiş borcları qaldığını təsdiq etmiş və həmin məbləği xx.xx.2018-ci il tarixinədək ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin cavabdehlər bundan sonra yalnız bir dəfə - xx.xx.2019-cu il tarixində - borcun 400 (dörd yüz) manat hissəsini “e- Manat” ödəniş sistemi vasitəsilə ödəmiş, 2100 (iki min yüz) manat isə ödənilməmiş qalmışdır. Cavabdehlərlə dəfələrlə əlaqə yaradıb onlardan ödənişin həyata keçirilməsini tələb etsə də, cəhdləri nəticəsiz qalmışdır. Sonuncu dəfə 2021-ci ilin sentyabr ayında cavabdehlərlə əlaqə saxlayıb öhdəliklərini yerinə yetirmələrini tələb etmiş, lakin cavabdehlər müxtəlif bəhanələr gətirərək borclarını qaytarmaqdan ötrü ondan əlavə möhlət istəmişlər. Cavabdeh2 ilə həmçinin "Whatsapp” mobil tətbiqi vasitəsilə yazışmalar aparmışdır. Hesab edir ki, cavabdehlər öz öhdəliklərini yerinə yetirməməklə ona vurduqları zərərin əvəzinin ödənilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada mülki məsuliyyətə cəlb olunmalıdırlar. Həmçinin, ölkədə istehlak qiymətlərində müşahidə olunan inflyasiya həddi nəzərə alınaraq cavabdehlər tərəfindən ödənilməli məbləğə 2019, 2020 və 2021-ci illər üzrə azı 5% miqdarında faiz əlavə olunaraq ümumilikdə 2431 manat zərərin əvəzi onlardan tutulmalıdır.

7. Cavabdeh1 iddiaya qarşı yazılı etirazını məhkəməyə göndərmiş, etirazında göstərmişdir ki, iddiaçı Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələbələrini pozaraq iddia ərizəsinə iddiasının əsası kimi tələb olunan sənədləri bilərəkdən əlavə etməmişdir. İddiaya əlavə etdiyi akt daşınmaz əmlakın kirayəyə verilməsi üçün tələb olunan sənəd deyildir, tərəflərin hüquq və öhdəlikləri müəyyən olmadığı üçün qanunsuz sənəddir. Aktın əsasını müqavilə təşkil edir. Buna görə də məhkəmə tərəfindən sübut mənbəyi kimi qəbul edilə bilməz. Akt sənədinə əsasən belə başa düşmək olar ki, kirayə münasibətlərini tənzimləyən hansısa sənəd olmuş və bu sənəd əsasında ödənişlər olmuşdur. İddiaçı hansı səbəblərdənsə bu sənədləri məhkəməyə təqdim etməmişdir. Kirayə münasibətləri xx.xx.2017-ci il tarixli mənzil- kirayə müqaviləsi əsasında onunla deyil, bir tərəfdən kirayə verən İddiaçı, digər tərəfdən kirayəçi qismində hüquqi şəxs olan "ŞAHLAR 1983” MMC arasında bağlanmışdır. Hansı ki, onun MMC-yə heç bir aidiyyəti yoxdur və oranın işçisi də olmamışdır. Cavabdeh1 və Cavabdeh2 arasında ödəniş haqqında şifahi razılaşma olub. Kirayə verən İddiaçı ilə danışıqlar aparmamışdır (həmçinin ödənişlər barədə). Ödəmələri Cavabdeh2 aparıb və hal-hazırda onun ona xeyli pul borcu var. Müqavilənin bağlandığı andan artıq 4 il 7 ay keçmişdir. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə müqavilə üzrə iddia müddəti üç il müəyyən olunmuşdur. İddiaçı müəyyən olunmuş iddia müddətini də ötürmüşdür. Həmçnin, İddiaçı ilə onun arasında heç bir anlaşma və danışıqlar olmayıb. Bundan başqa həmin ofisdə olduqları dövrdə ondan əlavə bir sıra insanlar da olub. Onlar haqqında heç bir məlumat da verilmir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 2100 manat kirayə haqqı, əldən çıxmış fayda qismində 315 manat və dövlət rüsumuna görə ödənilmiş 44,00 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 2459 manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

10.1. xx.xx.2017-ci il tarixli “Mənzil kirayəsi müqaviləsi” əsasında ünvan 1 ünvanında yerləşən 41 və 42 saylı mənzillər İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il tarixədək kirayə verilmiş, cavabdehlər kirayə haqqı ödənişlərini gecikdirməyə və natamam şəkildə ödəməyə başlamışlar. xx.xx.2018-ci il tarixində İddiaçı ilə cavabdehlər arasında “Mənzil kirayəsi ilə əlaqədar qalıq borca” dair akt imzalanmış, akta əsasən, kirayəçilərin 2017-ci il sentyabr ayı üzrə 100 manat, 2018-ci il yanvar, fevral və mart ayı üzrə hər üç ay 600 manat, 2018-ci il aprel ayı üzrə 400 manat və 2018-ci il may ayı üzrə 200 manat olmaqla 2500 (iki min beş yüz) manat məbləğində ödənilməmiş borcunun qaldığı təsbit olunmuş, onlar həmin məbləği xx.xx.2018-ci il tarixinədək ödəyəcəklərini öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixində borcun 400 manat hissəsi iddiaçıya ödənilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 Cavabdeh2 ilə bərabər borclarını ödəmədiklərini etiraf etmiş və ödəməkdən yayınmadığını, sadəcə pandemiyaya görə çətinlik olduğunu, özünə aid 800 manat borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. 10.2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə iddiaçıya həmin vəsaitin məbləğindən faizlər ödəməlidirlər. Faiz ildə azı beş faiz miqdarında hesablanmaqla 3 il üzrə 315 (2100*5%=105*3) manat təşkil edir. 10.3. Cavabdeh1 mübahisə üzrə 3 illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, cavabdehlərlə iddiaçı arasında borcun etirafına dair akt xx.xx.2018-ci il tarixdə bağlanılmış, xx.xx.2019-cu il tarixdə borc məbləğindən ödəniş edilmiş, iddiaçı tərəfindın xx.xx.2021-ci il tarixdə məhkəmədə iddia qaldırılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən iddia müddəti ötürülməmişdir.

10. Gəldiyi nəticənin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21-ci, 373.2ci, 380.1-ci, 439.3-cü, 443.1-ci, 443.3-cü, 448.1-ci, 448.2-ci, 449.1-ci, 449.2-ci, 551.2.1-ci, Mülki Prosessual Məcəllənin 191.3-cü maddələrinə istinad etmişdir.

11. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və işin aidiyyati üzrə birinci instansya məhkəməsinə göndərilməsini xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığı, iddiaçının mənzilləri onlara deyil, "xxxx" MMC-nə kirayəyə verdiyini, beləliklə iddia üzrə cavabdehliyi həmin hüquqi şəxsin daşıdığını, onun ünvanının isə Xəzər rayonunda yerləşdiyini, eləcə də iddiaçının iddia müddətini ötürmüş olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, digər cavabdeh də şikayətlə razılaşdığını göstərmiş, iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

17. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

18. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

22. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

23. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

24. Maddə 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır.

25. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

26. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

27. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin olunması ilə bağlı hissəsinin (iddianın qismən təmin olunan hissəsi) qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmiş, Cavabdeh1 isə qətnamənin iddianın təmin olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

37. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

38. Kirayə müqaviləsinin "xxxx" MMC ilə bağlandığı və buna görə də həmin hüquqi şəxsin cavabdehlik daşıdığı arqumentinə münasibətdə kollegiya qeyd edir ki, kirayə müqaviləsi adı çəkilən MMC ilə bağlanmış olsa da, sonradan cavabdehlər yaranmış kirayə borcunun ödənilməsini öhdələrinə götürmüş və bununla bağlı iddiaçı ilə borcun etirafı mahiyyətində olan müqavilə bağlamışlar. Tərəflər arasında həmin müqavilənin (aktın) bağlanmasına səbəb olan şərait və tərəflərin münasibətinin mahiyyəti isə hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir.

39. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-314/2022 saylı iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar