Məhkəmə qərarları › İş №2(103)-6643/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6643/2022

22.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6643/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə Hüseyn oğlunun və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MƏA-nın rəisinin xx.xx.2022-ci il tarixli 54,63 saylı əmrlərinin ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2814/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onun əvvəlki işinə MAZ 544005 markalı P340QQ nömrə nişanlı, MAZ 630305 markalı P332QQ nömrə nişanlı avtomobillərə sürücü vəzifəsinə bərpa edilməyi, məcburi işəburaxma müddəti üçün əmək haqqı ödənilməsi və dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi MƏA-nın rəisinin 05 mart 2022-ci il tarixli 54 və 63 saylı əmrlərinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-901/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri ayrıayrılıqda izahat verərək apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə araşdırma aparılmış və müəyyən edilmişdir ki, hazırki mülki işlə əlaqədar olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(009)-411/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş, məhkəmənin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki işə birləşdirilsin. Hazırki mülki iş, 2(103)-7261/2022 nömrəli mülki işlə bir icraatda baxacaq məhkəmə tərkibinə təqdim olunması məqsədilə məhkəmənin dəftərxanasına təhvil verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərarddadan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar