Məhkəmə qərarları › İş №2(103)-6643/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6643/2023

15.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6643/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “işə bərpa tələbi və iddia müddətinin tətbiqi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3265/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə cavabdeh şirkət arasında 07 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdeh "xxxx" MMC şirkətində “mütəxəssis” vəzifəsində çalışmışdır.

2. "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış məktuba əsasən iddiaçı xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək rəsmi olaraq heç bir üzrlü səbəb göstərmədən işə gəlməmişdir. Elə həmin gün xx.xx.2022-ci il tarixdə şirkət tərəfindən iddiaçının ünvanına heç bir üzrlü səbəb olmadan işə gəlməməyi ilə bağlı rəsmi məktub göndərilmişdir. Məktuba cavab olaraq xx.xx.2022-ci il tarixində iddiaçının xalası Sevda xanım iddiaçının hamilə olduğu barədə (hamiləliklə bağlı arayış “whatsapp” proqramı vasitəsilə şirkətin baş mühasibinə göndərilmişdir) və həkimin iddiaçıya yataq rejimi təyin etdiyi barədə şifahi olaraq məlumat vermişdir. Həmçinin, məktubda qeyd edilmişdir ki, iddiaçının hamilə olmazdan öncəki tarixlərdə işə davamlı olaraq gecikməsi, iş yerində mobil telefonla uzun müddət danışmaqla rəhbərliyin xəbərdarlıqlarına məhəl qoymayıb yenidən şəxsi istifadə və vəzifə hüquqlarından sui-istifadə etməklə mobil telefonla danışaraq daxili intizam qaydalarını pozması, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həkimin yataq rejimi ilə bağlı diaqnoz qoyması haqqında müvafiq arayışı və digər hüquqverici sənədləri rəsmi qaydada təqdim etməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması olmaqla iddiaçı ilə cavabdeh arasında 07 sentyabr 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi il xitam verilməsi üçün əsas olmuşdur. Lakin rəhbərlik həmin maddə ilə müqaviləyə xitam verilməsinin iddiaçının karyerasına və əmək kitabçasına zərər vuracağını düşünərəkdən 10 avqust 2022-ci il tarixdə 10 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam vermişdir.

3. 10 avqust 2022-ci il tarixli əmrlə əlaqədar 25 avqust 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinə müraciət etmiş, xidmətin 30 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq, iddiaçının ərizəsi olmadan xitam verildiyindən "PAY Group” MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 28 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda Əmək Müfəttişliyi Xidmətinin tərəfindən əmək müqaviləsinin xitam verilməsinə dair 10 saylı əmrin ləğv edilərək iddiaçının əvvəlki iş yerinə qayıtması ilə əlaqədar "PAY Group” MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub da ünvanlanmışdır. Lakin bundan sonra da cavabdeh işdən çıxma ilə bağlı həmin əmri ləğv etməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh "PAY Group” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2022-ci il tarixli 10 nömrəli əmrin ləğv edilərək, işə bərpa olunmaqla məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdeh "PAY Group” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 07 sentyabr 2021-ci il tarixdən müddətli əmək müqaviləsi əsasında "PAY Group” MMC-də "informasiya üzrə mütəxəssis” vəzifəsində işləmişdir. Müəssisədə işlədiyi müddətdə ailə qurmuş, bundan sonra da müəssisədə işləməyə davam etmişdir. 10 avqust 2022-ci il tarixdə 10 nömrəli əmrlə cavabdeh "PAY Group” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin a bəndinə əsasən 07 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. 10 avqust 2022-ci il tarixli əmr tamamilə qanunsuzdur. Həmin vaxt iddiaçı hamilə olmuş, 03 avqust 2022-ci il tarixdə özünü pis hiss etdiyi üçün ona təcili yardım çağırılmış və o, işə gedə bilməmişdir. Buna görə o, üzrlü səbəbdən işdə olmamışdır. İşdən çıxarıldıqdan sonra iddiaçı əmək qanunvericiliyinin pozulmasına görə əmək müfəttişliyinə müraciət etmiş, X4 Xidmətinin 10 noyabr 2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, "PAY Group” MMC-nin rəhbərliyi tərəfindən Bakı şəhər İdarəsinə ünvanlanmış məktubdan və sənədlərdən iddiaçı ilə müəssisə arasında bağlanmış 07 sentyabr 2021-ci il tarixli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən 10 avqust 2022-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq, iddiaçının ərizəsi olmadan xitam verildiyindən "xxxx" MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 28 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda Əmək Müfəttişliyi Xidmətinin məktubunda qeyd edilmişdir ki, əmək müqaviləsinin xitam verilməsinə dair cəmiyyətin 10 saylı əmri ləğv edilərək iddiaçının əvvəlki iş yerinə qayıtması ilə əlaqədar "xxxx" MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub da göndərilmişdir. Lakin bundan sonra da cavabdeh işdən çıxma ilə bağlı həmin əmri ləğv etməmişdir.

6. Cavabdeh iddia müddətinin ötürülməsi barədə ərizə təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(011)- 3265/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 10 avqust 2022-ci il tarixli əmrin etibarsız hesab edilməsi və İddiaçı cavabdeh "PAY Group” MMC-də tutduğu vəzifəsinə bərpa edilməsi, cavabdeh "PAY Group” MMC tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsinin hesablanıb İddiaçı ödənilməsi, cavabdeh "PAY Group” MMC-dən 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X3)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, əmr qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Burada tərəflər dedikdə işçi ilə işəgötürən nəzərdə tutulur. Əmək müqaviləsinin işçinin təşəbbüsü ilə ləğv edilməsi üçün işçinin bu barədə ərizəsi olmalıdır ki hazırkı işdə belə bir ərizə mövcud deyildir. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində öz əksini tapmışdır. İşəgötürən tərəfindən işçiyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, işçinin iş yerində yol verdiyi nöqsanlar onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən xitam verilməsi üçün əsasdır. Beləliklə, iş materiallarında müəyyən olunur ki, işəgötürən istinad olunan əsasla tərəflə arasında olan müqaviləyə xitam vermişdir. Halbuki Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşəgötürən tərəfindən iddiaçıya ünvanlanan məktubun mətnindən də görünür ki, işəgötürən işçinin hamilə olması ilə bağlı məlumatlı olmuşdur. Beləliklə, istinad olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, 10 avqust 2022-ci il tarixli əmr qanunsuz olduğundan etibarsız hesab edilməlidir. İşəgötürən qeyd etsə belə ki, işçinin hamilə olması ilə bağlı müvafiq sənədlər onlara təqdim edilməyib, istinad olunan məktubun məzmunundan görünür ki, işçinin yaxınları onun hamiləliyi ilə bağlı arayışın şəklini telefon vasitəsilə şirkətin mühasibinə göndərmiş və həkim məsləhətinə əsasən işçinin bir müddət istirahət etməli olduğu barədə məlumat vermişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin verdiyi vəsatətə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə istinad olunan müddət tətbiq edilə bilməz. Belə ki, 10 avqust 2022-ci il tarixli əmr özlüyüdə etibarsız əmrdir. Yuxarıda istinad olunanlara əsasən, məhkəmə qeyd edir ki, nə qədər ki, işçinin işdən çıxarılması zamanı qanunsuzluğa yol verilmişdir, o, işə bərpa olunmalı və ona məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci, 70-ci, 79-cu, 83-cü, 87ci, 154-cü, 158-ci, 172-ci maddələrinə, “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasına, Mülki Prosessual Məcəllənin 119.1-ci, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh "PAY Group” MMC tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsi (fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) ilə nəzərdə tutulan iddia müddəti tələbinə müvafiq ərizə verilməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alnmamışdır. Məhkəmə iddia müddətinin tətbiqinə dair verilmiş ərizəyə münasibətdə qeyd etmişdir ki, 10 avqust 2022-ci il tarixli əmr özlüyündə etibarsız əmr olduğuna görə iddia müddəti tətbiq edilməməlidir. Halbuki, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə işdən azad edilmişdir. Cavabdeh sözügedən əmri, əmək kitabçasını və xx.xx.2022-ci il tarixli müşayiət məktubu iddiaçının ünvanına göndərmiş və iddiaçı xx.xx.2022-ci il tarixdə sənədləri qəbul etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında əmri həmin tarixdə aldıqlarını təsdiq etmiş və sözügedən əmr ilə razı olmadıqlarına görə əmək müfəttişliyinə şikayət ünvanlandığına dair sənədlərdə iş materiallarında mövcuddur. Göründüyü kimi, iddiaçı işdən çıxarılmasına dair sənədləri xx.xx.2022-ci il tarixində qəbul etdiyinə görə güman edilən hüquq pozuntusu barədə məlumatı da həmin tarixdə almışdır. Həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq, iddiaçı yalnız xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmiş və bununla da Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə nəzərdə tutulan iddia müddətini ötürmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

16. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında müəyyən olunur ki, işəgötürən Əmək Məcəlləsinin 72-ci maddəsi iilə iddiaçı arasında olan müqaviləyə xitam vermişdir. Halbuki Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşəgötürən tərəfindən iddiaçıya ünvanlanan məktubun mətnindən də görünür ki, işəgötürən işçinin hamilə olması ilə bağlı məlumatlı olmuşdur. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrin etibarsız hesab edilməsində haqlıdır.

23. Lakin işin hallarına əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Apellyasiya şikayətinin dəlilləri iddia müddətinin tətbiqi ilə bağlıdır və məhkəmə kollegiyası razılaşır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hüquq normaları pozulmuşdur. Belə ki, cavabdeh birinci instansiyası məhkəməsində ərizə verərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş etmişdir.

24. İddia müddətinin tətbiqindən imtina edən birinci instansiya məhkəməsi məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı mübahisəyə müddət tətbiq edilə bilməz. Belə ki, 10 avqust 2022-ci il tarixli əmr özlüyüdə etibarsız əmrdir. Halbuki, əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmaması, həmin mübahisəyə iddia müddətinin tətbiq edilməməsi üçün əsas ola bilməz. Belə ki, məhz qanunla müəyyən edilmiş müddət çərçivəsində həmin əmr mübahisələndirilməlidir. Qanunverici bu hüquqqun həyata keçirilməsini müddətlə sərhədləndirmişdir. Birinci instansiya məhkəməsi hazırki halda Əmək Məcəlləsinin 296-cı maddəsini düzgün tətbiq etməmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).

26. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı).

27. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

28. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

29. Hazırki halda, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2022ci il tarixli əmri ilə işdən azad edilmişdir. Cavabdeh sözügedən əmri, əmək kitabçasını və xx.xx.2022-ci il tarixli müşayiət məktubu iddiaçının ünvanına göndərmiş və iddiaçı xx.xx.2022-ci il tarixdə sənədləri qəbul etmişdir. Həmin tarixdən də iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulmasından məlumatlı olmuşdur. İddiaçı isə mediasiya təşkilatına 2022-ci ilin 12 dekabrında müraciət etmiş və ilkin mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2022-ci ildə göndərilmiş, ilkin müdiasiya təklifindən sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı isə xx.xx.2023-cü il tarixdə əldə etmişdir. “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın verilməsi ilə bərpa olunmuş hesab olunur. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış isə 20 fevral 2023-cü il tarixində verilmiş, lakin iddiaçı yalnız 30 mart 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsini göndərmişdir. Qeyd edilməlidir ki, əmrin surətini avqust ayının 15-də aldığı gündən qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulmasından məlumatlı olmuş və müddətin axımı başlamışdır. Lakin iddiaçı yalnız bundan 4 ay sonra ilk dəfə ilkin mediasiya prosesinin tətbiqi barədə müraciət etmişdir.

30. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olsa da, bu hal isə məhz qanunla nəzərdə tutulan 1 aylıq müddət çərçivəsində mediasiya prosesinin tətbiqi barədə müraciət edildiyi zaman tətbiq edilə bilər. Halbuki, hazırki iş üzrə iddiaçı 1 aylıq müddət çərçivəsində bunu etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətinin axımı məhz 15 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə olan halda iddiaçı tərəf keçən bu müddətin hər hansı üzrlü səbəbdən baş verməsini də sübuta yetirə bilməmiş, məhkəmə kollegiyasının iclasında bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etməsi, eləcə də aralarında razılığa gələ biləcəklərinin mümkünlüyü səbəbindən (belə bir halda təsdiqini tapmır) edildiyi bildirilmişdir.

31. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X4 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X4 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.

32. Eyni zamanda kollegiya əlavə olaraq qeyd edir ki, hətta iddiaçının ilkin müdiasiya təklifindən sonra prosesin davam etdirilə bilməməsi barədə arayış əsas götürülsəydi belə, həmin arayış xx.xx.2023-cü ildə tarixdə verilmişdir ki, iddiaçı bundan sonra da məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, poçt vasitəsilə ünvanlamışdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürdüyü təsdiq edildiyindən, bununla da birinci instansiyası məhkəməsi iddia müddətinin axımının hesablanması ilə bağlı hüquq normalarını pozulmasına yol verdiyindən qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3265/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar