Məhkəmə qərarları › İş №2(103)-6645/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6645/2025

18.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6645/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair; Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Abşeron rayon 2 saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma; müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı, Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, Cavabdeh3, X3, Cavabdeh2 cəlb olunmaqla) “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair; birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İddiaçı, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Abşeron rayon 2 saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-2408/2025 nömrəli qətnaməsindən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə Cavabdeh3 2010-cu ilin dekabr ayında rəsmi nikaha daxil olmuşlar. Nikahları Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-150/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Abşeron Rayon İcra Hakimiyyətinə məxsus) xx.xx.2005ci il tarixli 262 nömrəli icarə müqaviləsi və xx.xx.2022-ci il tarixli, 3M-1393 reyestr nömrəli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh3 xeyrinə icarə hüququnun alqı-satqısı ilə yüklü edilmişdir.

3. xx.xx.2024-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi əsasında satıcı Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli **********16 reyestr nömrəli çıxarışa əsasən özünün icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsini torpağın icarə hüquqlarını alıcı Cavabdeh2 5.000 manata satmışdır.

4. xx.xx.2024-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi əsasında satıcı Cavabdeh2 (əvəzinə etibarnamə üzrə səlahiyyətli olan X3 imza etməklə) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli **********16 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsini torpağın icarə hüquqlarını alıcı İddiaçı 5.000 manata satmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların yüklənməsi (icarə hüququnun alqı-satqısı) haqqında xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair məhkəmə mübahisəsinin olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1948/2024 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən iddiaçı Cavabdeh1, azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadə etmələri üçün yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4987/2024 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-87/2025 nömrəli qərarı ilə təmin edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən ona məxsus Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması və onun torpaq sahəsindən və qanunsuz tikilidən çıxarılması, torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinə torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən onun adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Abşeron rayon 2 saylı notariat ofisində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli **********16 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsini torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən 5.000 manata almışdır. Qeyd edilən torpaq sahəsini təsərrüfat yaratmaq məqsədi ilə almışdır. Həmin torpaq sahəsinə baxarkən torpaq sahəsini ona satan şəxs bildirmişdir ki, bu tikili qanunsuz özbaşına tikilidir və ona məxsusdur. Bundan sonra o, torpaq sahəsinə çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin qurumun xx.xx.2025-ci il tarixli məktubu ilə ona çıxarış verməkdən imtina olunaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair məhkəmə mübahisəsi olduğu üçün çıxarış verilə bilməz. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair torpağı ona satmış Cavabdeh2 adına verilmiş arayışdan görünür ki, arayışda qeyd edilən torpaq sahəsi torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən ona satılarkən torpaq barədə məhdudiyyətin (yüklülüyün) olduğu göstərilməmişdir. Buna görə də, torpaq haqqında məhkəmə mübahisəsinin olduğunu bilməmiş və belə mübahisənin olduğunu bilsə idi, alqısatqı müqaviləsi bağlamazdı. Bu arayışın verilməsi ilə ona çıxarışın verilməsindən imtina edilməsi barədə verilən cavab məktubu arasında 28 gün müddət keçmişdir. Arayışın etibarlılıq müddəti isə 1 ay göstərilmişdir. Ərizə ilə 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2024-cü ildə müraciət etmişdir. İddiaçı səlahiyyətli dövlət orqanı olaraq 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən həmin arayışa inanaraq alqı-satqı müqaviləsi bağlamış və torpaq sahəsinin mübahisəli olduğunu bilə bilməzdi. Alqı-satqı müqaviləsi bağlandıqdan və ona çıxarış verilməsindən imtina olunduqdan sonra ona məlum olmuşdur ki, torpaq sahəsi əvvəllər ər-arvadın birgə nikah dövründə əldə olunmuş əmlak olmuş, həmin torpaq sahəsi üçüncü şəxsə satılmış və həmin şəxs, yəni alqı-satqı müqaviləsini onunla bağlayan Cavabdeh2 isə həmin torpaq sahəsini torpağın icarə hüquqlarının alqısatqısı müqaviləsinə əsasən ona satmışdır. Bundan başqa, notariat ofisinə təqdim etmək üçün Abşeron Rayon İcra Hakimiyyətinin Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2 verdiyi xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, qeyd edilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu üçün bu torpaq sahəsini torpaqdan təyinatına uyğun istifadə edəcəyi təqdirdə İddiaçı satılmasına etiraz etmirlər.

9. Məhkəmə tərəfindən Cavabdeh3, X3 və Cavabdeh2 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

10. Daha sonra iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 2 saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli 3M-2306 reyestr nömrəli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli torpağın icarə hüquqlarına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2, İddiaçı və Cavabdeh3 müştərək qaydada tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh1 iddiasını belə əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh3 ilə xx.xx.2009-cu ildə faktiki olaraq el adəti ilə toy edib evlənmişlər. 2010-cu ilin dekabr ayında isə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2010-cu ildə Nərmin və xx.xx.2017-ci ildə Yusif adlı uşaqları doğulmuşdur. Aralarında olan ailə münasibətləri əvvəlcədən normal olmamış, mütəmadi olaraq küsüb-barışmışlar. Sonuncu dəfə 2023-cü ilin iyun ayında cavabdeh heç bir əsaslı səbəb olmadan onu azyaşlı uşaqları ilə birlikdə yaşadıqları evdən qovmuşdur. Cavabdehin bu cür hərəkətlərinə tez-tez məruz qalmışlar. Hazırda cavabdehlə aralarında olan nikah pozulmuşdur. Cavabdehlə birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2014-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən 1.500 kv.m torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikdirmişlər. Evin tikintisi başa çatdıqdan sonra 2017-ci ilin oktyabr ayında həmin evə köçərək orada yaşamağa başlamışlar. Ev işıq, su və qaz təchizatı ilə təmin edilmişdir. Torpağa və evə dair əmlak vergilərini Cavabdeh3 adından ödəmişlər. Cavabdeh3 onların evdə yaşamaqlarına müxtəlif maneələr törətmişdir. Onun Cavabdeh3 qarşı evdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(062)-2027/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4987/2024 saylı qətnaməsi təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-87/2025 saylı qərarı ilə təmin edilməmişdir. Hazırda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(062)- 2027/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Daha sonra Cavabdeh3 qanunsuz olaraq alqı-satqı etmiş və evin yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh2 adına Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi bağlamış və Cavabdeh2 adına xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra Cavabdeh2 onun azyaşlı uşaqları ilə birlikdə evdə yaşadığını gördükdə torpağa dair İddiaçı ilə xx.xx.2024-cü il tarixli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi bağlamışdır. Göründüyü kimi, aralarında məhkəmə mübahisəsi gedən ərəfədə cavabdehlər qanunsuz hərəkətlər etmiş və məhkəmə qətnamələri ilə onun istifadə hüququnun olduğu təsdiq edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yüklü olduğu halda, qanunsuz olaraq Cavabdeh2 adına çıxarış verilmişdir. Evə dair mülkiyyət hüququ barədə sənəd olmasa da, evin yerləşdiyi torpaq sahəsini birgə nikahda olduqları dövrdə almışlar və birgə nikahda olduqları dövrdə tikdirərək həmin evə köçmüşlər. İşin bu halları məhkəmə prosesi zamanı Cavabdeh3 tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, evə dair mülkiyyət sənədlərinin olmaması onun azyaşlı uşaqları ilə birlikdə həmin evdən istifadə etməsini istisna etmir. Hesab edir ki, evin yerləşdiyi torpaq sahəsini və evin özünü birgə nikah dövrində əldə etdikləri üçün onun həmin evdən azyaşlı uşaqlarıyda birlikdə manəsiz istifadə etmək hüququ var. Həmçinin, onun bu hüququ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(062)-2027/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə tanınmışdır. Cavabdehlər ona azyaşlı uşaqları ilə birlikdə evdən istədiyi kimi istifadə etməyinə maneçilik yaradır. Hazırda Cavabdeh2 onları evdən çıxarmaqla hədələyir. Cavabdehlərdən dəfələrlə qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2958/2025 nömrəli qərardadı ilə həmin mülki işin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan e-2(008)-2408/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

13. Cavabdeh3 məhkəmədə izahat verərək bildirmişdir ki, İddiaçı ilə onun heç bir əlaqəsi, şəxsi tanışlığı olmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən 1500 kv.m torpaq sahəsini 2017-ci ildə X1 almışdır. O, torpaq sahəsini alarkən onun üzərində ev olmamışdır. Evi Cavabdeh1 ilə birgə nikahda olduqları dövrdə inşa etmişdir.

14. Məhkəmə iclasında X3 bildirmişdir ki, Cavabdeh3 2017-ci ildə ondan həmn torpaq sahəsini almış, sonra orada ev tikərək ailəvi yaşamışlar. Ötən il Cavabdeh3 evi satacağını bildirmiş və evi Cavabdeh2 satmışdır. Daha sonra Cavabdeh2 ona etibarnamə vermiş, o da Abşeronda 2 saylı notariat ofisinə getmiş, İddiaçıla alqı-satqı edərək evi ona satmışdır. Cavabdeh2 tanımır, Cavabdeh3 vasitəsilə ona etibarnamə verilmişdir. Əvvəllər vasitəçi kimi daşınmaz əmlak alqı-satqısı ilə məşğul olsa da, hazırda məşğul olmur. İddiaçı tanımır. Evi həmin şəxsə satanda onun evin mübahisəli olması barədə heç bir məlumatı olmamışdır.

15. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 2408/2025 nömrəli qərardadı ilə Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinə torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən İddiaçı adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində iş üzrə icraata xitam verilmişdir.

16. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 2408/2025 nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 iddiası rədd edilmiş, birinci iş üzrə İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh1 tərəfindən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına törədilən maneələrin aradan qaldırılması, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsi və üzərində inşa edilmiş qanunsuz tikilidən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh1 iddiaçının xeyrinə tutulması qət edilmişdir.

17. Məhkəmə Cavabdeh1 iddiasına münasibətdə qeyd etmişdir ki, məhkəmə sorğusuna əsasən, Dövlət Notariat Arxivindən əldə edilmiş notariat işindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hüquqları yüklü edilməklə, həmin torpaq sahəsi xx.xx.2005-ci il tarixli 262 nömrəli icarə müqaviləsi və xx.xx.2022-ci il tarixli, 3M-1393 reyestr nömrəli Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü ildə Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır. Yəni, Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və keçmiş əri Cavabdeh3 mülkiyyətində olmamışdır, onlar torpağın icarə hüquqların alqı-satqısı müqaviləsinə əsasən, həmin torpaq sahəsinə sahiblik və ondan istifadə etmişlər. Hətta qanunazidd olaraq, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişlər.

18. Məhkəmə hazırkı iş üzrə İddiaçı vicdanlı əldə edən kimi yanaşır. Belə ki, onun Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair icarə hüquqlarının Cavabdeh3 tərəfindən birgə nikah dövründə əldə edildiyini bilməsinə, sonuncunun icarə hüquqlarını keçmiş arvadının razılığı olmadan satmasına, həmin əmlakın keçmiş ər-arvad arasında mübahisəli əmlak olduğunu əvvəlcədən bilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh1 Cavabdeh2 və İddiaçı evi ələ keçirməsi üçün Cavabdeh3 ilə əlbir olduqlarını, İddiaçı bundan xəbəri olduğunu bildirsə də, bu halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə olaraq, o, özü məhkəməyə verdiyi izahatında İddiaçı yaşadığı evə gələrək həmin evi 20.000 manata aldığını, bu məqsədlə Cavabdeh3 200 manat “makler” pulu verdiyini dediyini bildirmişdir. Bu nüansın özü İddiaçı Cavabdeh3 Cavabdeh1 keçmiş əri olduğundan xəbərsiz olması, həmin şəxsi vasitəçi kimi tanıması, beləliklə də, onun vicdanlı olması nəticəsinə gəlmək üçün əsasdır.

19. Qeyd olunan səbəblərdən, məhkəmə Cavabdeh1 iddiasını qanunsuz və əsassız, İddiaçı iddiasını isə qismən əsaslı hesab etmişdir. Belə ki, Həsənov X10 rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinin icarə hüquqlarının vicdanlı alıcısı olduğundan, onun həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmək hüququ təmin edilməlidir. Cavabdeh1 isə, həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikilidə yaşadığından, İddiaçı qeyd olunan torpaq sahəsindən sahiblik və istifadə hüququnu reallaşdıra bilmir. Bu səbəbdən də, iddia həmin hissədə təmin edilərək, Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin icarə hüquqlarının həyata keçirilməsinə münasibətdə sahiblik və istifadə hüquqlarına maneələr aradan qaldırılmalı və o, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılmalıdır.

20. Bununla belə, məhkəmə qeyd etmişdir ki, İddiaçı qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi olmadığından, torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1, 148.2, 180.1, 180.2, 182.1, 225.6-cı, Torpaq Məcəlləsinin 84.1, 111.1-ci maddələrinə, “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli Qərarının 7.8, 7.9-cu bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

22. Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, birləşdirilmiş iş üzrə iddianın təmin edilməsi və İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti Cavabdeh1 iddia tələbinə uyğun olmaqla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh2 onun azyaşlı uşaqları ilə birlikdə evdə yaşadığını gördükdə onun ordan çıxmağını tələb etdi. Ona etiraz etdikdə aralarında mübahisə yarandı və Cavabdeh2 mənzilin işıq və qaz kartlarını zorla aldı. Bununla bağlı polisə məlumat verdi və şikayəti Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırıldı və mənzilin işıq və qaz kartları geri qaytarıldı. Bir müddət sonra Cavabdeh2 torpağa dair İddiaçıilə xx.xx.2024-cü il tarixli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi bağlamışdır. Göründüyü kimi, evlə bağlı məhkəmə mübahisəsi gedən ərəfədə cavabdehlər qanunsuz hərəkətlər etmiş və məhkəmə qətnamələri ilə onun istifadə hüququnun olduğu təsdiq edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yüklü olduğu halda, qanunsuz olaraq Cavabdeh2 adına çıxarış verilmişdir. Evə dair mülkiyyət hüququ barədə sənəd olmasa da, evin yerləşdiyi torpaq sahəsini birgə nikahda olduqları dövrdə almışlar və birgə nikahda olan dövrdə tikdirərək həmin evə köçmüşlər. İşin bu halları məhkəmə prosesi zamanı Cavabdeh3 tərəfindən qəbul edilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı evə gələrək ondan evdən çıxmasını tələb etmişdir. Həmin vaxt İddiaçı telefon nömrəsini götürmüş, sonra onunla telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı İddiaçı dedi ki, Cavabdeh3 ona makler olduğunu, həmin evin Cavabdeh2 evi olduğunu, həmin şəxsin rayonda olduğunu, evi satıb pulu ona göndərməli olduğunu bildirmişdir. O da Cavabdeh3 24.000 manat evə görə, 200 manat isə “makler” pulu kimi vermişdir. Ancaq onun dedikləri həqiqəti əks etdirmir. Əmindir ki, Cavabdeh2 və İddiaçı evi ələ keçirməsi üçün Cavabdeh3 ilə əlbir olmuşlar, İddiaçı əvvəldən məsələdən xəbəri olmuşdur. Belə olmasa idi, İddiaçı ona qarşı iddia qaldırıb onun evdən çıxarılmasını tələb etmək əvəzinə, yüklü olan evi satdıqlarına görə Cavabdeh2 və İddiaçı qarşı məhkəmədə iddia qaldırardı. Birinci instansiya məhkəməsi işin həqiqi hallarını ətraflı araşdırmamış və işə birbaşa qarşı tərəfin mövqeyindən yanaşmışdır. Hesab edir ki, İddiaçı məhkəmə iclasında qeyd etdikləri həqiqəti əks etdirmir. O, məhkəmə iclasında torpaq sahəsini guya təsərrüfat yaratmaq məqsədi ilə aldığını qeyd edir. Ancaq reallıq ondan ibarətdir ki, torpaq sahəsinin ölçü heç də təsərrüfat yaratmaq üçün yararlı deyil. Üzərində tikili ev var. Qısa zaman ərzində etibarnamə əsasından addan ada keçirilməsi sənədlərdən aydın şəkildə görsənir. Yəni İddiaçı vicdanlı əldə edən deyil.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli protokol-qərardadı ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin prosessual hüquq varisi olaraq əvəz edilmişdir.

26. Məhkəmə iclaslarında iştirak edən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

27. Məhkəmə iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, onun bu işdən heç bir xəbəri olmayıb. O, Əlini tanımışdır. Əli ona bildirmişdir ki, ora qohumunun evidir. Oranı Qurbandan almış, Əli “makler” kimi iştirak etmişdir. Əlini taksi sürücüsü kimi tanımışdır. Həmin vaxt öz evini satmışdı, ucuz bir ev axtarırdı. 5.000 manat verib torpağı almış, 7.000 manat da tikiliyə görə vermişdir. Orada yaşayış olmamışdır. Ev üstü bağlanmış tikili idi, içinə də baxmışdır. Pərişan xanımla danışmış, etibarnamə ilə notariat ofisində alqı-satqı etmişlər. Pulunu qaytarsalar, oranı istəmir. Əliyə ümumilikdə 12.000 manat pul ödəmişdir.

28. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

29. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X3 bildirmişdir ki, Əli uzaq qohumudur. Əli ilə Günel gözəl ailə idi. Günel ev satılanda rayona getdi, ev boş idi. Anası zəng elədi ki, bunlar yola getmirlər. O da dedi ki, qız gəlsin, aralarında razılaşsınlar. Gəldi, Əliyə razılığını verdi, ev satıldı. Evi alan şəxs də gəldi evi təmir etdirdi, Günelin da xəbəri var idi. Günelə də ev tapdılar. Nə oldusa, heç bir ay keçmədi, dedi ki, evin hamısı mənimdir, özü də uşaqlarını götürdü, rayona getdi. Sonradan dava ilə Əlidən pulu aldı. Qurbanı ancaq bir dəfə etibarnaməni verəndə görüb.

30. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, o, torpağın üstündəki evi almışdır. Nə Günel xanımı, nə Pərişan xanımı görmüşdür, nə də ki Babəki tanıyır. Bir neçə dəfə ora getmiş, Günel xanım onu görməyib. Sonradan gedəndə xanımı gördü, hətta xanım onları xoş qarşıladı. Elə vaxt gəldi ki, onu 2 gündən bir polisə çağırdılar. Bacısı vəfat etdi, başı qarışdı. Əlinin qohumu deyil, salam-sağolu var. O evdə yaşayış görməmişdir, o evə gedəndə heç o xanım da onu görməyib. Boş ev idi. O da 5.000 manat pul ödəmişdir. Bu məsələ aşkar olandan sonra Günel xanıma yaxınlaşdı. Xanım dedi ki, pulu kimə vermisən, get ondan tələb et, bu evdən çıxan deyiləm. Əli də dedi ki, etibarnaməni ver, pulun qaytarılacaq, sən narahat olma.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 651. Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.

32. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı: Bənd 7.6. Ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. Bənd 7.7. Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3 və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur.

33. X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı: Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı işdə birinci tələb qismən təmin edildiyindən, birləşdirilmiş iddia tələbi isə təmin olunmadığından və cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni öz iddiasının təmin olunmayan və İddiaçı iddiasının təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamələrin əsaslılığı yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, birinci iş üzrə iddia tələbi təmin edilməməli, birləşdirilmiş iş üzrə Cavabdeh1 iddia tələbi isə təmin edilməlidir.

38. Məhkəmə kollegiyası hazırki iş üzrə ilk növbədə birləşdirilmiş iş üzrə Cavabdeh1 iddia tələbinin əsaslığına qiymət verilməsini məqsədəmüvafiq hesab edir.

39. İşdən müəyyən olunur ki, Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh3 icarə hüququ xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə edilmişdir. Həmin vaxt o, Cavabdeh1 ilə nikahda olmuşdur.

40. Beləliklə, həmin hüquq onların ümumi əmlakına daxil olmuşdur.

41. Ali Məhkəmə Plenumunun yuxarıda istinad olunan qərarına əsasən ər-arvadın ümumi əmlakına daxil olan hüquq üzərində sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3 və Mülki Məcəllənin 222.3-cü maddələri).

42. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Cavabdeh2 və İddiaçı sözügedən torpaq sahəsi üzərində alqı-satqı müqavilələrinə əsasən icarə hüquqlarını əldə edərkən vicdanlı olmamışlar.

43. Belə ki, torpaq sahəsinin ölçüsü cəmi 1500 kv.metrdir və üzərində fərdi yaşayış evi mövcuddur. Birinci iş üzrə İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, Cavabdeh3 tanımış, Əli ona bildirmişdir ki, ev onun qohumuna məxsusdur.

44. Belə olan halda, onun həmin evdə yaşayışın olub-olmaması, Cavabdeh3 bildirdiyi qohumu ilə əlaqə saxlanılaraq evin həqiqətən həmin qohuma məxsusluğunun dəqiqləşdirilməsi imkanı mövcud olmuşdur.

45. O da nəzərə alınmalıdır ki, Cavabdeh1 azyaşlı övladları ilə birlikdə həmin evdən istifadə etmələri üçün yaradılan maneələrin Cavabdeh3 tərəfindən aradan qaldırılması barədə qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Belə olan halda, həmin evdə yaşayışın mövcud olmasından Cavabdeh2 və İddiaçı məlumatlı olmaması, bunu vizual olaraq müşahidə etməmələri ağlabatan görünmür.

46. Bundan başqa, həmin torpaq sahəsinə icarə hüququnu İddiaçı əvvəl əldə etmiş Cavabdeh2 qısa müddət sonra öz hüququnu İddiaçı özgəninkiləşdirmiş, onun adından isə müqaviləni Cavabdeh3 qohumu X3 imzalamışdır.

47. Halbuki, P.Məmmədova evin Cavabdeh3 məxsus olduğundan, Cavabdeh1 ilə birgə nikah dövründə inşa edildiyindən, həmin evdə Cavabdeh1 övladları ilə yaşadığından məlumatlı idi.

48. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 3M-2306 reyestr nömrəli “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” etibarsız hesab edilməli, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, həmçinin Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 3M- 2599 reyestr nömrəli “Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi” etibarsız hesab edilməlidir.

49. Müqavilələr etibarsız hesab edildiyindən, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə müvafiq olaraq restitusiya qaydasında 5.000 manat məbləğində vəsait Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, 5.000 manat məbləğində vəsait isə Cavabdeh3 tutularaq Cavabdeh2 ödənilməlidir.

50. Məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş iş üzrə iddia tələbi təmin edilərək torpağın icarə hüquqlarının alqı-satqısına dair müqavilələr etibarsız hesab edildiyindən, birinci iş üzrə İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma tələbi təmin edilə bilməz.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 2408/2025 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs, Cavabdeh3 və X3 cəlb edilməklə) “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və Abşeron Rayon 2 saylı Notariat Ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 3M-2306 reyestr nömrəli “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 3M-2599 reyestr nömrəli “Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi” etibarsız hesab edilsin. 5.000 manat məbləğində vəsait Cavabdeh2 tutularaq İddiaçı ödənilsin, 5.000 manat məbləğində vəsait isə Cavabdeh3 tutularaq Cavabdeh2 ödənilsin. Birləşdirilmiş tələb üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat, apellyasiya şikayətinin verilməsi üçün isə 50 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar