Məhkəmə qərarları › İş №2(103)-6649/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6649/2024

18.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6649/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı,iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1808/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşəgötürən fərdi sahibkar İddiaçı ilə işçi Cavabdeh arasında bağlanmış 10 aprel 2023-cü il tarixli 202 №-li Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Əmək Məcəlləsinin 199-cu, 200-cü və bu qəbildən olan digər maddələrinə uyğun olaraq işəgötürən və işçi arasında bağlanmaqla, işçinin işəgötürən qarşısında yalnız orta aylıq əmək haqqı məbləğində məsuliyyət daşımasını istisna edir və onun işəgötürən qarşısında tam maddi məsuliyyət daşımasına hüquqi əsas verir.

2. İddiaçı-“Sifarişçi”, Cavabdeh -“İştirakçı” və X6 –“Təlimçi” olmaqla aralarında bağlanmış 10 aprel 2023-cü il tarixli 203 №-li xidmətlərin göstərilməsinə dair Müqavilədən görünür ki, bu müqaviləyə görə X3 sifarişi əsasında Müqavilənin 1.1.1-ci yarımbəndində təsvir edilən cild baxımı prosedurları mövzusu(çistka, dermapen, peeling, lazer epilyasiyası və sairə bunlar kimi əlavə tibbi kimlik tələb etməyən prosedurlar) çərçivəsində həm nəzəri, həm də praktiki təlim keçməyi, Sifarişçi isə xidmətləri qəbul edib əvəzində bu Müqavilə ilə müəyyənləşdirilmiş məbləği Təlimçiyə ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə xidmət haqqı aylıq olaraq 1500(min beş yüz) manat təşkil edir. Xidmət ödənişi təlimin sonunda ödənilir.Həmin Müqavilənin 2.11-ci bəndinə əsasən, dəstəklənən təlimdən uğurla keçdikdən sonra (və ya təlim bitdikdən və ya digər qaydada təlim müqaviləsinə xitam verildikdən sonra) 3 il ərzində işdən ayrılmaq üçün müraciət edərsə və yaxud AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə onun əmək müqaviləsinə xitam verilərsə, təlim üçün Sponsor tərəfindən ödənilmiş maddi dəyər də daxil olmaqla, hərəkət(hərəkətsizlik) nəticəsində Sponsora dəymiş zərər Dəsətəklənən tərəfindən Sponsora geri qaytarılmalıdır.

3. 06 iyun 2023-cü il tarixli 003 №-li “İşçiyə intizam tənbehi verilməsi barədə” Əmrdən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsi üzrə “çistiçkacı” peşəsində çalışan Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, pozuntunun törədildiyi gündən 6 ay ərzində pozuntuya yol verərsə əmək müqaviləsinə həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə uyğun olaraq, 70-ci maddənin “ç” bəndində nəzərdə tutulan əsasla xitam veriləcəyi və pozuntunun törədildiyi gündən 3 ay ərzində pozuntuya yol verməzsə hazırki intizam tənbehinin işəgötürən tərəfindən ləğv ediləcəyi əmr edilmişdir.

4. Kosmetoloq(çistkaçı) vəzifəsində işləyən işçi Cavabdeh işə gəlməməsi barədə direktor İddiaçı, işçilər-X10, X9, X7,X2 və X8 tərəfindən tərtib edilmiş 20 avqust 2023-cü il tarixli 002 №-li Aktdan görünür ki, müəssisədə kosmetoloq(çistkaçı) vəzifəsində işləyən işçi Cavabdeh 13 avqust 2023-cü il tarixdən bu akt tərtib edildiyi vaxtadək işə gəlməmişdir, akta imza edənlərdən heç biri bu müddət ərzində onu işdə görməmişdir. Həmçinin işçi- Cavabdeh imza edənlərdən heç birinə işə gəlməmə səbəbi barədə məlumat verməmişdir.

5. İş materiallarında olan İşəgötürən İddiaçı tərəfindən işçi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 010 №-li bildirişdən görünür ki, Cavabdeh 13 avqust 2023-cü il tarixindən hal-hazıradək (26 avqust 2023-cü il) heç bir üzrlü səbəb göstərmədən, işəgötürənə heç bir məlumat vermədən və müvafiq sənəd təqdim etmədən 13 (on üç) gündən artıq müddətdir ki, işə gəlməməklə əmək müqaviləsi üzrə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, bildirişin çatdığı gündən 3(üç) iş günü ərzində tərəfindən işəgötürənə yazılı izahat verilmədiyi və ya əsaslı səbəb (müvafiq təsdiqedici sənədlə) göstərilmədiyi halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş hal əsas götürülməklə, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi barədə xəbərdarlıq edilməmişdir.

6. İş materiallarında olan İşəgötürən İddiaçı tərəfindən işçi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 011 №-li bildirişdən görünür ki, Cavabdeh 13 avqust 2023-cü il tarixindən hal-hazıradək (06 sentyabr 2023-cü il)heç bir üzrlü səbəb göstərmədən, işəgötürənə heç bir məlumat vermədən və müvafiq sənəd təqdim etmədən 24 (iyirmi dörd) gündən artıq müddətdir ki, işə gəlməməklə əmək müqaviləsi üzrə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, bildirişin çatdığı gündən 3(üç) iş günü ərzində tərəfindən işəgötürənə yazılı izahat verilmədiyi və ya əsaslı səbəb (müvafiq təsdiqedici sənədlə) göstərilmədiyi halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş hal əsas götürülməklə, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi barədə xəbərdarlıq edilməmişdir.

7. Kosmetoloq(çistkaçı) vəzifəsində işləyən işçi Cavabdeh işə gəlməməsi barədə direktor İddiaçı, işçilər-X10, X9, X7,X2 və X11 tərəfindən tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli 004 №-li Aktdan görünür ki, müəssisədə kosmetoloq(çistkaçı) vəzifəsində işləyən işçi Cavabdeh 13 avqust 2023-cü il tarixdən bu akt tərtib edildiyi vaxtadək işə gəlməmişdir, akta imza edənlərdən heç biri bu müddət ərzində onu işdə görməmişdir. Həmçinin işçi- Cavabdeh imza edənlərdən heç birinə işə gəlməmə səbəbi barədə məlumat verməmişdir. Cavabdeh işəgötürənə, o cümlədən imza edənlərə məlum olan yeganə mobil telefon nömrəsinə (+**********37) imza edənlərin hüzurundə mərkəzin direktoru İddiaçı tərəfindən üç dəfə zəng edilsə də, telefon nömrəsinə cavab verilmədi.

8. İşəgötürən İddiaçı tərəfindən işçi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 13 avqust 2023-cü il tarixindən hal-hazıradək (21 sentyabr 2023-cü il)heç bir üzrlü səbəb göstərmədən, işəgötürənə heç bir məlumat vermədən və müvafiq sənəd təqdim etmədən 39 (otuz doqquz) gündən artıq müddətdir ki, işə gəlməməklə əmək müqaviləsi üzrə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, bildirişin çatdığı gündən 3(üç) iş günü ərzində tərəfindən işəgötürənə yazılı izahat verilmədiyi və ya əsaslı səbəb (müvafiq təsdiqedici sənədlə) göstərilmədiyi halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş hal əsas götürülməklə, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi barədə xəbərdarlıq edilməmişdir.

9. Tərəflər arasında 10 aprel 2023-cü il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh “çistiçkacı” vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra isə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 203 №-li xidmətlərin göstərilməsinə dair və həmin tarixli Sponsorluq müqaviləsinə əsasən iddiaçının maliyyə vəsaiti hesabına cavabdeh 1 ay müddətinə nəzəri və praktiki qaydada cild(dəri) baxımı prosedurları(çistka, dermapen, peeling, lazer epilyasiyası və s.) təlimi keçirilmiş və bununla əlaqədar iddiaçı tərəfindən xidmət göstərilən şəxsə 1500 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən cavabdeh işdən azad edilmişdir. Hal-hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış Sponsorluq müqaviləsinun şərtlərinə əsasən ödəmiş olduğu 1500 manatı cavabdehdən tələb edir.

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində 1500 (bir min beş yüz) manat, həmçinin mediasiya üçün ödənilmiş 50 (əlli) manat və mediasiyada hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat və məhkəmədə təmsil üçün vəkilə ödənilmiş 400 (dörd yüz) manat olmaqla, cəmi 2250 (iki min iki yüz əlli) manat məbləğində vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş yeri üzrə “çistiçkaçı” vəzifəsinə işə qəbul edilmişdir. 10 aprel 2023-cü il tarixində isə o və cavabdeh arasında 202 saylı Tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Elə həmin tarixdə, yəni 10 aprel 2023- cü il tarixində o və cavabdeh arasında 204 saylı “Sponsorluq” müqaviləsi bağlanmışdır. Həmin müqavilə hər iki tərəfin ortaq maraqları əsasında cavabdehin əlavə xərc çəkmədən peşə biliklərinə yiyələnməsi, bütün ömrü boyu tətbiq edə bilməsi və onun əlavə xərc çəkməklə öz fəaliyyəti üçün kadr yetişdirməsi məqsədi ilə bağlanmışdır. Müqaviləyə əsasən o, nəzərdə tutulan təlimin həyata keçirilməsi üçün maliyyə vəsaiti təmin edir və həmin vəsait onun tərəfindən təlimverənə ödənilir. Cavabdeh isə bunun qarşılığında təlimdə yiyələndiyi peşə biliklərini əmək funksiyasını həyata keçirən zaman müqavilənin qüvvədə olduğu müddət ərzində işdə tətbiq etməyi öhdəsinə götürür. Müqavilənin 2.6-cı, 4.1-ci və 4.2-ci bəndlərinə əsasən cavabdehin əmək hüquqları məhdudlaşdırılmır, onun əmək müqaviləsinə Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada xitam verməsinə qadağa qoyulmur, lakin bu onun çəkdiyi xərcləri tələb etməsini və cavabdehin tam maddi məsuliyyətini istisna etmir. Bu müqavilənin məqsədinin həyata keçirilməsi üçün 10 aprel 2023-cü il tarixində o, cavabdeh və fərdi sahibkar (təlimçi) X8 (VÖEN: **********) arasında “Xidmətlərin göstərilməsinə dair” 203 saylı, üçtərəfli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən təlimçi onun sifarişi əsasında cavabdehə “cild baxımı prosedurları mövzusu (çistka, dermapen, peeling, lazer epilyasiyası və sairə bunlar kimi əlavə tibbi bilik tələb etməyən prosedurlar) çərçivəsində həm nəzəri, həm də praktiki təlimlər keçməyi, cavabdeh bu təlimlərdə iştirak etməyi, o, isə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən məbləğ 1 (bir) ay üçün 1500 manat təşkil etmişdir. 10 may 2023-cü il tarixli, o, cavabdeh və təlimçi tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən nəzəri və praktiki qaydada cild (dəri) baxımı prosedurları (təlimləri) keçirilmişdir. 10 may 2023-cü il tarixli kassa mədaxil orderi ilə onun tərəfindən 1500 (bir min beş yüz) manat vəsait təlimçi-fərdi sahibkar X4 ödənilmişdir. Daha sonra Cavabdeh əmək qanunvericiliyi və tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən müqavilədə göstərilən müddətlərdə iş yerində olmaq (yalnız həftənin üçüncü günü istirahət günü kimi müəyyən edilmişdir) və əmək funksiyasını icra etməklə bağlı öhdəliyini icra etməməklə müqavilənin mühüm şərtini pozmuş, işçinin 01 iyun tarixindən 03 iyun 2023-cü il tarixədək işdə olmaması ilə bağlı 03 may 2023-cü il tarixli, 13 avqust 2023-cü il tarixdən 26 avqust 2023- cü il tarixədək işdə olmaması ilə bağlı 26 avqust 2023-cü il tarixli, 13 avqust 2023-cü il tarixindən 06 sentyabr 2023-cü il tarixədək işdə olmaması ilə bağlı 06 sentyabr 2023-cü il tarixli, 13 avqust 2023-cü il tarixindən 21 sentyabr 2023-cü il tarixədək işdə olmaması ilə bağlı 21 sentyabr 2023-cü il tarixdə (qəbul edilməsini təsdiq edən qəbzlərin surəti qoşmaya əlavə edilmişdir) tərəfindən ona bildiriş ünvanlanaraq öz öhdəliyini icra etməməsi ilə bağlı yazılı izahat verməsi və ya əsaslı səbəb (müvafiq təsdiqedici sənədlə) göstərilmədiyi halda əmək müqaviləsinin 72 maddəsinin “a” bəndində nəzərdə tutulmuş hal əsas götürülməklə, həmin Məcəllənin “ç” bəndi ilə xitam veriləcəyi bildirilmişdir. Həmçinin işə gəlməməsi ilə bağlı Cavabdeh barəsində 20 avqust 2023-cü il tarixli 002 nömrəli, 01 sentyabr 2023-cü il 003 nömrəli, 15 sentyabr 2023-cü il tarixli, 004 nömrəli aktlar tərtib olunmuşdur. Belə ki, 06 iyun 2023-cü il tarixli Əmr əsasında sonuncu barəsində əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozduğuna görə Əmək müqaviləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əssaən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, pozuntunun törədildiyi gündən 06 (altı) ay ərzində pozuntuya yol verərsə, əmək müqaviləsinə həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə uyğun olaraq 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla xitam veriləcəyi bildirilmişdir. Nəticədə, 28 sentyabr 2023-cü il tarixdə 07 nömrəli Əmr əsasında işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli 204 nömrəli Sponsorluq müqaviləsinin 2.11-ci bəndinə əsasən, Dəstəklənən təlimdən uğurla keçdikdən sonra (və ya təlim bitdikdən) 3 (üç) il ərzində işdən ayrılmaq üçün müraciət edərsə və yaxud AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə onun əmək müqaviləsinə xitam verilərsə təlim üçün Sponsor tərəfindən ödənilmiş maddi dəyər daxil olmaqla hərəkət (hərəkətsizlik) nəticəsində Sponsora dəymiş zərər Dəstəklənən tərəfindən Sponsora geri ödənilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixli 204 nömrəli Sponsorluq müqaviləsinin tələblərindən irəli gələn öhdəliklərini yerinə yerinə yetirməməsi nəticəsində onun müqavilə ilə nəzərdə tutduğu məqsədə nail olmasının qarşısını almaqla onun zərərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisənin danışıqlar yolu ilə həll edilməsi üçün edilən bütün cəhdlərin heç bir nəticəsi olmadığından qanuni maraqlarının müdafiəsi baxımından mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mediasiya haqqında Qanunun 3.2-ci maddəsinin tələbinə uyğun olaraq, tərəfindən Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlanmışdır. Lakin tərəf həmin təklifə də münasibət bildirmədiyindən tərəfindən mediasiyaya müraciət edilmiş və qarşı tərəf təyin edilmiş mediasiya sessiyasında iştirak etmədiyindən Bakı 20 Saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixində MŞB/20/2023-00047 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış təqdim olunmuşdur.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1808/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia qismən təmin edilmiş, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində maddi ziyan, 50 (əlli) manat məbləğində ödənilmiş mediasiya xərci və 696 (altı yüz doxsan altı) manat məbləğində hüquqi xidmət haqqının alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.1, 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1, 119.1, 121.1, 216-220, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2023-ci ilin yay aylarında işsiz olduğu üçün “İnstaqram” sosial şəbəkəsində elan edilmiş kosmetoloq vakansiyası ilə bağlı 28 may Jalə Plaza (1-ci mərtəbə)ünvanında fəaliyyət göstərən “Çistika”, “Nərgiz” Baku estetik mərkəzinə yaxınlaşmışdır. İşlə bağlı onu mərkəzin direktoru İddiaçı qarşılamış və görəcəyi işlə bağlı ona qısa məlumat verərək hər gün qanuna uyğun olaraq 8 saat işləyəcəyini bildirmişdir. İşə başladıqdan bir müddət sonra ona məlum olmuşdur ki, oranın iş rejimi heç də İddiaçı dediyi kimi 8 saat deyildir. Demək olar ki, hər gün axşam saat 21:22-00-a kimi onu işdə saxlayıb işlədirlər. Təxminən 3-4 aydan sonra belə qərara gəlmişdir ki, iş yükünün ağır, iş saatının çox, əmək haqqının isə az olması onu qane etmir. Buna görə də rəhbərliyə məlumat vermişdir ki, bu iş rejimi onu qane etmədiyi üçün işdən çıxmaq istəyir. İddiaçı R. Əkbərov isə ona bildirmişdir ki, o, sənədə qol çəkmiş ən azı 3 il il orada “Çistika”,“Nərgiz” Baku estetik mərkəzində işləməlidir. “Əgər işdən tez ayrılıb getmək istəsə onu 1500 (bir min beş yüz) manat cərimə edəcəklər”, deyərək onu təhdid etdi. O, isə bildirmişdir ki, “o, nə sənədə qol çəkmişdir ki, ya 3 il qalıb burda işləməlidir, ya da 1500 manat cərimə verməlidir”. O, isə riyakarcasına üzünə durmuşdur ki, ona 1500 manat pul vermişdir. O, isə bildirmişdir ki, “ondan nə vaxt pul istəmişdir ki, o, da pul versin” ? O, isə soyuqqanlı şəkildə bildirmişdir ki, o, 1500 manatı ondan necə alacağını bilir və alacaq da. Lakin yenə də o, həmin vaxt ona bildirmədi ki, onu aldadaraq saxta müqaviləyə imza etdirib. Bundan sonra iddiaçının onu könüllü şəkildə işdən çıxmağına imkan verməyəcəyini başa düşərək, ona işdən çıxaçağını deyərək bir daha kosmetoloji mərkəzə işə gəlməmişdir. Bir müddət sonra İddiaçı bir neçə dəfə ona və anasına zəng edib təhdid edərək onlardan pul tələb etmişdir. Onlar isə sənə heç bir borcları yoxdur deyərək hər dəfə ona cavab vermişlər. Bundan bir nəticə çıxmadıqda isə iddiaçı “sizə vaxt qoyuram əgər deyilən vaxt pulumu çatdırmasaz görün başınıza nə oyun açacam” deyərək (ədəbsiz ifadələrlə) onları təhdid etdi. Məsələ ilə bağlı o, Əmək Müfəttişliyinə və Respublika prokuroru Kamran Əliyevə müraciət edərək əmək hüququnun pozulmasını, təhdid olunduğunu, hüquqlarının və təhlükəsizliyinin qorunmasını və eləcə də İddiaçı haqsız və qanunsuz pul tələbindən onları qurtarmasını xahiş etmişlər. 2024-ci il avqust ayında Binəqədi rayonu İcra şöbəsinin məmuru kimi özünü təqdim edən Bəxtiyar adlı şəxs ona zəng edərək icra şöbəsinə dəvət edib bütün olan bu hadisələri danışdıqdan sonra ona məlum olmuşdur ki, İddiaçı onu məhəkəməyə verib, onun iştirakı olmadan məhkəmə olub, əsassız, haqsız və ədalətsiz olaraq onun mənafeyinə zidd olaraq qətnamə çıxarılmışdır. İcra məmurunun danışığından başa düşmüşdür ki, guya ki, o, İddiaçı adlı şəxsdən 1500 manat pul götürmüş və onun pulunu qaytarmır. O, isə icra məmuruna bildirmişdir ki, o, heç kimdən o,cümlədən İddiaçı adlı şəxsdən nə bir borc götürmüş, nə də ki, ona hər hansı bir məbləğdə borcu yoxdur. İcra məmuru isə bildirmişdir ki, o, İddiaçı “Çistika”, “Nərgiz” kosmetoloji mərkəzində işə qəbul olarkən təlim almağı üçün guya ki, ona sponsorluq edərək ona görə hansısa təlim kursuna 1500 manat vəsait ödəyib. Bununla bağlı da onunla müqavilə bağlamışdır ki, ən azı 3 il bu şirkətdə çalışmalıdır, əgər işdən tez gedərsə həmin 1500 manat məbləğində vəsaiti İddiaçı qaytarmalıdır. O, İddiaçı adlı şəxslə belə bir müqavilə bağlamamış və onunla bu cür müqavilənin olmasından belə xəbəri yoxdur. Eyni zamanda o, “Çistika” kosmetoloji mərkəzdə işə başlayarkən ona hər hansı bir təlim keçirilməmişdir. Bu kosmetoloji mərkəzdə işə başlamazdan öncə də o, bu sahə üzrə başqa iş yerlərində çalışmış və bu işi əvvəlcədən öyrənmişdir. Ancaq o, işə qəbul olarkən “Çistika”, “Nərgiz” mərkəzinin rəhbəri İddiaçı qabaqcadan tərtib edilib içi doldurulmamış boş xanalardan ibarət olan sənəd adlandırdığı bir topa A4 kağız formatında olan blankları qarşısına qoyaraq işə qəbul olunmağı üçün bu sənədləri imzalamağını tələb etmişdir. İmza etdiyi həmin boş blankların nədən ötrü olması ilə bağlı ona sual verdikdə isə, oxuyub tanış olmağa belə imkan verməyərək, “narahat olma elə bir şey deyil işə qəbul sənədlərdir” deyərək ona bildirmişdir. Görünən odur ki, İddiaçı sübut kimi istinad edib məhkəməyə təqdim etdiyi saxta dəlil-sübutlar həmin elə həmin sənədlərdir ki, işə qəbul olduğu gün işə qəbul adıyla onu aldadaraq imza etdirmişdir. İddaçı İddiaçı sponsorluq edib təlim keçiriləcəyi ilə bağlı onunla müqavilə bağlamaq haqqında danışıqlar aparmamış, bununla bağlı hər hansı bir məlumat verməmiş və razılığını almamışdır. Eyni zamanda ona hər hansı bir təlim də keçirilməmişdir. Görünən odur ki, İddiaçı etibarından və işsizliyindən suiistifadə edərək onu aldadaraq saxtakarlıq edib işə qəbu lsənədi adıyla onu özünə sərf edəcək sözügedən müqaviləyə və digər sənədlərə imza etdirmişdir. İddiaçı R. Əkbərovun saxtakarlıq yolu ilə tərtib edib aldatma yolu ilə ona imza etdirdiyi müqavilə və bunun əsasında birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ona mənəvi cəhətdən iztirab, psixoloji cəhətdən sarsıntı, maddi cəhətdən isə zərər vuraraq onu əlverişsiz hala gətirmişdir. Hal-hazırda özü işləmir, kollecdə təhsil alır, maddi vəziyyəti acınacaqlı haldadır. Məhkəmə işə baxarkən işin faktiki hallarına düzgün qiymət verməmiş sübutları obyektiv qiymətləndirməmişdir. Məhkəmədə iştirakının təmin olunmaması, məhkəmə bildirişinin ünvanına çatdırılmaması, məhkəmə iclasında izahat verməməyi, məhkəmənin çəkişmə prinsipi əsasında keçirilməməsi, sözügedən müqavilələrin həqiqətən onun razılığı əsasında imzalanması yoxlanılmaması, ona təlim keçirilməsinin sübutunun olmaması və s. buna əyani sübutlardır. Yuxarıda qeyd etdiyi faktiki hallara və maddi hüquq normalarına əsasən hesab edir ki, məhkəmə qətnaməsi iş materiallarına əsaslanmamış, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədən çıxarılmış qanuni və əsaslı deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə Cavabdeh olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

24. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

25. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

27. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

33. Maddi 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Hazırki halda cavabdeh qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etsə də, iddia təmin edilməyən hissədə mübahisələndirilmədiyindən, qətnamə yalnız apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1808/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

42. İş materiallarına əsasən, tərəflər arasında 10 aprel 2023-cü il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh “çistiçkacı” vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra isə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 203 №-li xidmətlərin göstərilməsinə dair və həmin tarixli Sponsorluq müqaviləsinə əsasən iddiaçının maliyyə vəsaiti hesabına cavabdeh 1 ay müddətinə nəzəri və praktiki qaydada cild(dəri) baxımı prosedurları(çistka, dermapen, peeling, lazer epilyasiyası və s.) təlimi keçirilmiş və bununla əlaqədar iddiaçı tərəfindən xidmət göstərilən şəxsə 1500 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən cavabdeh işdən azad edilmişdir. Hal-hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış Sponsorluq müqaviləsinun şərtlərinə əsasən ödəmiş olduğu 1500 manatı cavabdehdən tələb etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin pul məbləğinin və 50 (əlli) manat məbləğində ödənilmiş mediasiya xərcinin və 696 (altı yüz doxsan altı) manat məbləğində hüquqi xidmət haqqının alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

43. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli sponsorluq müqaviləsinə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi icra edərək, cavabdehin peşəsi ilə əlaqədar təlimin həyata keçirilməsi üçün vəsaiti təmin etmiş, lakin cavabdeh müqavilənin şərtlərinə pozaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli sponsorluq müqaviləsinin şərtlərinə əsasən isə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə cavabdehin əmək müqaviləsinə xitam verilərsə, iddiaçı tərəfindən ödənilmiş maddi dəyər də daxil olmaqla, hərəkət(hərəkətsizlik) nəticəsində iddiaçıya dəymiş zərər cavabdeh tərəfindən ona geri qaytarılmalıdır.

44. Belə ki, İddiaçı-“Sifarişçi”, Cavabdeh -“İştirakçı” və X6 –“Təlimçi” olmaqla aralarında bağlanmış 10 aprel 2023-cü il tarixli 203 №-li xidmətlərin göstərilməsinə dair Müqavilədən irəli gələrək cavabdeh təlim bitdikdən 3 il ərzində işdən ayrılmaq üçün müraciət etdiyindən və AR Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən azad olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş maddi dəyər də daxil olmaqla, hərəkət(hərəkətsizlik) nəticəsində iddiaçıya dəymiş zərər cavabdeh tərəfindən ona geri qaytarılmalıdır.

45. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

46. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

47. AR MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tələbinin əsasını sübut edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində onun İddiaçı saxtakarlıqla tərtib etdiyi sənədləri aldadılaraq imza etdiyini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin hüquqi əsası yoxdur. Cavabdeh öz laqeydliyi səbəbindən ona təqdim olunan sənədləri oxumadan imza etmişdir.Appelyasiya şikayətində irəli sürdüyü ’’saxtakarlıqla tərtib olunan müqavilə’’, yəni “müqavilənin etibarsızlığı” məsələsi isə iddianın predmeti olmadığından apellyasiya icraatı çərçivəsində hüquqi qiymət verilə bilməz.

49. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və birinci instansiya məhkəməsənin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin.

53. Beləliklə, kollegiya bildirir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1808/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələndirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPMin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1808/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar