Məhkəmə qərarları › İş №2(103)-665/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-665/2023

27.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-665/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X6 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Asimovnanın iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(009)-85/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçılə (bundan sonra “iddiaçı”) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra “cavabdeh” və ya “Şirkət”) arasında xx.xx.2012ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən iddiaçı birinci dərəcəli kran operatoru vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçıya xx.xx.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqəsi tərtib edilmişdir. İddiaçının xəstəliyi davam etdiyi üçün xəstəlik vərəqəsi aşağıdakı müddətlərə uzadılmışdır: xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020- xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020xx.xx.2021; xx.xx.2021-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021.

3. Şirkətin xx.xx.2021-ci il tarixli KS/029/21 nömrəli əmrindən çıxarışa əsasən iddiaçı 01 iyul 2021-ci il tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olması səbəbi) tutduğu kran operatoru vəzifəsindən azad edilmişdir.

4. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli Sosial arayışına əsasən iddiaçıya əlillik qrupunun verilməsindən imtina edilmişdir.

5. Akademik C.Abdullayev adına X1 Konsultativ poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçıya “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” diaqnozu qoyulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi (sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli, N- KS/029/21 saylı əmrin ləğv edilməsi, əvvəlki işə bərpa olunması və məhkəmə qərarı qüvvəyə mindiyi günədək məcburi iş buraxma müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən 150000 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 05 mart 2012-ci il tarixdə Şirkətlə əmək müqaviləsi bağlayaraq, kran-operator (maşinist-mexanik) vəzifəsinə işə qəbul olunmuşdur. Əsas iş yeri dənizdə yerləşən Mərkəzi Azəri platformasıdır. Şirkətdə qəbul edilmiş qaydalara əsasən işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılması məqsədilə iddiaçıya Prime Hospitalda xx.xx.2020-ci il tarixdə tibbi müayinə təyin edilmişdir. Təyin edilmiş tibbi müayinənin xx.xx.2020-ci il tarixli rəyinə əsasən iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP - mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0 ) mitral çatışmazlığı aşkar edilmiş və iddiaçıya təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. xx.xx.2020-ci il tarixdə könüllü tibb sığortası müqaviləsi üzrə Sığorta Şirkəti iddiaçını müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəltmişdir. Sığortanın göndərişi ilə iddiaçı bütün müayinələrdən keçmişdir. Müayinələrin nəticəsində onda mitral çatışmazlıq (+4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş və adına xəstəlik vərəqəsi açılmışdır. Beləliklə, ilkin olaraq iddiaçının adına xx.xx.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqələri tərtib edilmişdir. Xəstəliyi davam etdiyi üçün adına açılmış xəstəlik vərəqəsi aşağıdakı müddətlərə uzadılmışdır: xx.xx.2020xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020- xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020- xx.xx.2021; xx.xx.2021-xx.xx.2021; xx.xx.2021xx.xx.2021; xx.xx.2021-xx.xx.2021. Akademik C.Abdullayev adına X2 xx.xx.2021-ci il tarixli rəyinə əsasən iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə. Lakin 003660 №-li əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə adına açılmış xəstəlik vərəqəsi bağlanmış və iddiaçının işə başlama tarixi kimi xx.xx.2021-ci il qeyd edilmişdir. İddiaçı bu barədə Şirkətə xəbər verərək xəstəlik vərəqəsinin əslini cavabdehə göndərmişdir. Lakin Şirkət heç bir rəsmi əsas olmadan (əmr, qərar və s.) iddiaçını xx.xx.2021-ci il tarixdən işdən kənarlaşdıraraq, ona ödənilməli olan əmək haqqını və digər ödənişlərini həyata keçirtməmişdir. Şirkət xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə) onunla olan əmək müqaviləsinə xitam vermişdir. İddiaçı ilə olan xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi tam olaraq əsassızdır və qanuna ziddir. Çünki adına olmuş xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixdə bağlanmış və iddiaçı bu barədə Şirkətə məlumat vermişdir. Lakin işəgötürən əsassız olaraq iddiaçını işə cəlb etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə. Göründüyü kimi, əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinin əsas şərti müvafiq prosedura riayət etməklə tibb müəssisəsinin rəyinin olmasıdır. İddiaçı isə 21 mart 2021-ci il tarixdən bu günə kimi cavabdehin təşəbüssu ilə təşkil edilmiş hər hansı bir müayinədən keçməmişdir. İşçi icbari tibb müayinədən keçərkən tibb müəssisəsi işçinin həmin vəzifədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə rəy verərsə, işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbirlər görməlidir. Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Həmin Məcəllənin 232-ci maddəsinə görə, işçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır. Əgər işçi işəgötürən tərəfindən təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanları olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən xitam verilə bilər. Bir şərtlə ki, əmək müqaviləsi bağlanarkən tərəflər Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin "b" yarımbəndində nəzərdə tutulmuş əsası əmək müqaviləsinə daxil etmiş olsunlar. Lakin iddiaçının cavabdehlə bağladığı xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin 7.d) bəndində işçinin iş qabiliyyətini itirilməsi ilə əlaqədar öz vəzifələrinin yerinə yetirə bilməməsi halı nəzərdə tutulmuşdur. Göründüyü kimi, Şirkət iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən xitam versə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir. Bundan əlavə, iddiaçının əmək qabiliyyətinin itirilməsi tam deyil və müvəqqəti xarakter daşıyır. Adına tərtib edilmiş sosial arayışdan görünür ki, xx.xx.2020ci il tarixdə 25№-li TSEK tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmin arayış cavabdehə təqdim edilmişdir. 01 iyul 2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, bu günə kimi iddiaçının əmək kitabçası, son haqq-hesabı, işə çıxma əmri ona verilməmişdir. Həmçinin səhhətində olan ciddi problemlər məhz iddiaçının işlədiyi işlə əlaqədardır. xx.xx.2021-ci il tarixli 363/KEŞ saylı ekspert rəyinə əsasən iddiaçıda “Revmatizm (qeyri-fəal gedişli); Mitral qabağın prolapsı, İİ dərəcə; Mitral çatmamazlıq İİİ dərəcə; hipertoniya İİ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edilib. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir və "Revmatizm" xəstəliyi birləşdirici toxumalarının iltihabına səbəb olur və xüsusən ürək qüsurlarına gətirib çıxardan bir patologiyadır. . İddiaçıda qeyd olunan ürək qüsuru qazanılmış mənşəli olub, əlverişsiz (hipotoniya, rütubət, atmosfer təzyiq dəyişilməsi) şəraitlə bağlı streptokok mənşəli infeksiyasından törənmiş xəstəliklərdən (farengit, tonzilit, angina, pnevmoniya və s.) sonra tədricən inkişaf etmiş və ürək qüsurunun sonuncu mərhələsində özünü büruzə vermişdir. Hazırda iddiaçıya tələb olunan əməliyyat təcili və ağır xarakter daşıyır. Lakin həmin əməliyyatı öz hesabına ödəmək iddiaçının imkanları xaricindədir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək, müvafiq köməkliyin göstərilməsini xahiş etsə də, cavabdeh nəinki kömək göstərməyib, həmçinin elə həmin probleminə görə iddiaçını qanunsuz olaraq işdən çıxarmışdır. Cavabdehin bu cür qanunsuz hərəkətləri gündən-günə vəziyyətini ağırlaşdıraraq, iddiaçını sarsıntı içində yaşamağına məcbur edir. Hər dəfə cavabdehin növbəti qanunsuz və ədalətsiz hərəkətindən sonra iddiaçı stress keçirir, onsuz da ağır olan halı kəskin pisləşir və bütün bunlar təcili yardımın çağırılması ilə nəticələnir. Göstərilənlərə əsasən əvvəlki işə bərpa olunması və məhkəmə qərarının qüvvəyə mindiyi günədək məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsi öhdəliyinin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərinə qoyulması və cavabdehdən 150000,00 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) xx.xx.2022ci il tarixli, 2(009)-85/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 iyul 2021-ci il tarixli, KS/029/21 saylı əmri ləğv edilmiş, iddiaçının Filialda «kran operatoru» vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, iddianını təmin edilən hissəsində qətnamənin ləğv, iddianın həmin hissədə də rədd edilməsi barədə qətanamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, gəlinən nəticənin işin hallarına uyğun olmamasına istinad edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2568/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(009)-85/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 iyul 2021-ci il tarixli, KS/029/21 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında “kran operatoru” vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbləri həmin hissədə təmin olunmamışdır.

12. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(103)-2568/2022 saylı qətnaməsinin ləğv edilməsini, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-85/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasınınxx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2568/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, cavabdeh bir tərəfdən iddiaçının daha yüngül işlə təmin edilməsini tibbi rəyin olmaması ilə izah etmiş, digər tərəfdən iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissənin “b” bəndində nəzərdə tutulan əsasla xitam verərkən tibbi rəyin (iddiaçının rəy kimi qəbul etmədiyi sənədin) olmasını göstərməklə ziddiyyətli mövqe nümayiş etdirmiş, apellyasiya instansiyası məhkəməsi isə bu ziddiyyəti aydınlaşdrımamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı verilmiş etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

ç) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə məhkəmə iclasının təxirə salınması barədə ərizə ünvanlayaraq, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi üzrə “Əlavə Maliyyələşdirmə” çərçivəsində keçirilən görüşdə iştirak etməsinin zəruri olduğunu qeyd edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya işə cavabdehin təmsilçisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

17. Maddə 75.1. əmək müqaviləsinin tərəfləri əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

18. Maddə 75.2. əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə.

19. Maddə 300.1. əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfındən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələbləri pozularaq, səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə səhiyyə müəssisəsinin müvafiq rəyinin olmamasına baxmayaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur.

29. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Şirkətdə qəbul edilmiş qaydalara əsasən işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılması məqsədilə, iddiaçıya Prime Hospitalda xx.xx.2020-ci il tarixdə tibbi müayinə təyin edilmiş, tibbi müayinənin xx.xx.2020-ci il tarixli rəyinə əsasən iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP - mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0 ) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. xx.xx.2020-ci il tarixdə könüllü tibb sığortası müqaviləsi üzrə Sığorta Şirkəti iddiaçını müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəltmiş, keçirilmiş müayinələrin nəticəsində onda mitral çatışmazlıq (+4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində onun adına xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqəsi tərtib edilmişdir. İddiaçının xəstəliyi davam etdiyi üçün adına açılmış xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Akademik C.Abdullayev adına X2 xx.xx.2021-ci il tarixli arayışına əsasən ona “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” diaqnozu qoyulmuşdur.

30. Akademik C.Abdullayev adına Elmi X4 xx.xx.2021-ci il tarixli arayışında iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əsas kimi göstərilmiş səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməmişdir.

31. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin 7-ci maddəsinin “d” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi işçinin iş qabiliyyətini itirməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirə bilməməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 75) göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması əsası ilə xitam verilsə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir.

32. İş materiallarında olan Milli Prime Xəstəxanasının tibbi yararlılıq haqqında arayışda İddiaçı müayinədən keçdiyi və yararlı olması qeyd edilmişdir.

33. İş materiallarında olan 25 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli Sosial arayışından görünür ki, İddiaçı əlillik qrupunun verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək qabiliyyətinin itirilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

34. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunauyğun surətdə xitam verilməmişdir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir, məhkəmə qətnaməsi qanuni və əsaslı olmuşdur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(009)- 85/2022 saylı qətnaməsi mübahisələndirilən - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 iyul 2021-ci il tarixli, KS/029/21 saylı əmri ləğv edilməsi, iddiaçının Filialda «kran operatoru» vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar