Məhkəmə qərarları › İş №2(103)-6650/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6650/2022

26.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6650/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və nəqliyyat vasitəsinin ipotekadan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏTNAMƏSİ (Açar sözlər: əsas öhdəlik üzrə iddia müddəti keçdikdən sonra girov (ipoteka) predmetinin yüklülükdən azad edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və avtonəqliyyat vasitəsinin ipotekadan çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7190/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 31 iyul 2015-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən İddiaçı 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 4000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq, həmin tarixli ipoteka müqaviləsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan “Mitsubishi Pajero” markalı, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Bank qarşında ipoteka ilə yüklü edilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, e2(004)- 4290/2020 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan "xxxx" ASCnin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı ilə Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər bağlanmış 31 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus ipoteka predmeti olan avtonəqliyyat vasitəsinin ipotekadan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, məhkəmə aktları ilə bankın iddiaçıya qarşı iddia tələbləri rədd olunsa da, iddiaçının mülkiyyətində olan avtomobil ipotekadan azad edilməmişdir. İddiaçı 12 iyul 2021-ci il tarixdə Fonda müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, ipoteka predmetinin ipotekadan çıxarılmasını xahiş etmişdir. Lakin Fond əmlakın ipotekadan çıxarılmasından imtina etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(006)- 7190/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsi üzrə və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 saylı ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, İddiaçı məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 31 iyul 2015-ci il tarixli 2074 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152, 311.1, 311.3, 385.1, 390.1, 527.1, 527.2-ci, Mülki Prosessual Məcəlləsinin 82.3-cü, “İpoteka haqqında” Qanununun 48.1.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh tərəfindən 31 iyul 2015-ci il tarixli 2074 nömrəli kredit müqaviləsi üzrə iddia müddəti ötürüldüyündən, Fondun borcalana qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası təmin edilmədiyindən və həmin qətnamə qanuni qüvvəyə mindiyindən Bank ilə borcalan arasında bağlanmış 31 iyul 2015-ci il tarixli 2074 nömrəli kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməli, iddiaçının mülkiyyətində olan ipoteka predmeti 31 iyul 2015-cu il tarixli 2074 nömrəli kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilməlidir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(006)-7190/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellayasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən, əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı iddia tələbi üzrə kredit öhdəliklərinə xitam verilmişdir və belə olan halda isə həmin öhdəliyi təmin etmiş ipoteka öhdəliyinə də xitam verilmişdir. Lakin ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı iddia tələbi Yasamal Rayon Məhkəməsinin 2(004)-4290/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi iddia müddətinin tətbiq olunması əsası ilə rədd edilsin. Belə ki, qətnamə üzrə əsas öhdəliyə və təminat öhdəliyinə xitam verilməsi barədə heç bir məlumat qeyd edilməmiş və cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim olunduğuna görə Yasamal Rayon Məhkəməsi iddia müddətini tətbiq edərək iddia tələbini rədd etmişdir. Bu isə o deməkdir ki, iddiaçı Bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsi üzrə borc tələbi məhkəmə qaydasında tələb oluna bilməz. Amma borcun məhkəmə qaydasında tələb oluna bilinməməsi öhdəliyə xitam verilməsi üçün əsas deyil. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Qeyd olunanlardan bu qənaətə gəlmək mümkündür ki, İddiaçı ilə Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsi üzrə borc tələbi məhkəmə qaydasında tələb oluna bilməsə də, faktiki olaraq borc öhdəliyi mövcud olduğuna görə ipoteka müqaviləsi üzrə öhdəliklərə də xitam verilə bilməz.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)-2622/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər N.A.İmanovdan və R.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(006)- 7190/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin pozulduğu halda, kreditor ipoteka qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka bir tələbin yerinə yetirilməsini tələb edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, əlavə bir haqdır. İpoteka tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də, pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. İşin hallarından müəyyən olunur ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası iddia müddəti ötürülməsi əsası ilə təmin edilməmiş və iddianın rədd edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Yəni, hazırki iş üzrə cavabdeh kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə tələb hüququnu itirmişdir. Belə olan halda ipoteka müqaviləsi üzrə yüklülüyün qalması iddiaçının hüquqlarının pozulmasına şərait yaratmış olar. Bu baxımdan məhkəmə hesab etmişdir ki, apellyatorun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 554.3-cü maddəsinə istinad etməsi ədalət mühakiməsinin prinsiplərinə uyğun hesab edilə bilməz.

c) Kassasiya instansiya məhkəməsindəki icraat

13. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(103)-2622/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3932/2022 saylı 25 iyul 2022-ci il tarixli qərarı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)-2622/2022 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

15. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin əsasında bu hal qoyulmuşdur ki, bankın hazırki iddia üzrə iddiaçıya qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi məhkəmə tərəfindən rədd olunmuş və həmin qətnamə qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bankın iddiası rədd olunduğundan, iddiaçının banka ödənilməmiş öhdəliyi qalmamış və hər iki tələb təmin olunmalıdır. Apellyasiya məhkəməsi isə həmin mövqe ilə razılaşmışdır. Gəlinən nəticə ilə razılaşmayaraq, məhkəmə kollegiyası qeyd etmişdir ki, aşağı instansiyası məhkəmələri bankın iddiasının rədd olunması əsasını nəzərə almamışlar. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia borcalanın bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddia verməsi əsası ilə rədd olunmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia müddəti tətbiq edilərək, iddia rədd olunduqda borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, öhdəliyə xitam verilməsi əsasları Azərbaycan Respublikası MM-in 527.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Həmin maddədə isə iddia müddətinin keçməsi və ya qeyd olunan əsasla iddianın rədd edilməsi öhdəliyə xitam verilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. ... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Göründüyü kimi, qanunvericilik iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini kredit müqaviləsinin və əsas öhdəliyinin təminatının xitam verilməsi üçün əsas kimi nəzərdə tutmamışdır.

d) Təkrar apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətində əsaslarının izahatı kimi qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında bildirdi ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ona qarşı olan kredit borcunun tutulması tələbi rədd edilmişdir. Belə olan halda həmin kredit müqaviləsinə görə ipotekaya qoyulmuş əmlak da ipotekadan azad edilməlidir, bunun əksi isə onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəkdir.

Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

19. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

20. Həmin Məcəllənin 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir.

21. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir

Apelyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.

27. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.

28. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

30. Göründüyü kimi əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

31. Hazırki iş üzrə də işin faktiki halları ilə müəyyən edilmişdir ki, əsas tələb - iddia müddətinin bitməsi əsası ilə rədd edilmişdir.

32. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti ipoteka yüklülükdən azad oluna bilməzdi.

33. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

34. Hazırki işdə isə öhdəliyə xitam verilməsi üçün istinad edilən normada sadalanan hallardan hər hansı biri mövcud olmamışdır.

35. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

37. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

41. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7190/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “Ləğv prosesində olan "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi və ona məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ipotekadan çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar