Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6650/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“mənzilə köçürülmə”) hakimlər X11 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsi vəkil X12 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3597/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdirlər ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 18, mənzil 13 keçmiş Bakı şəhər Deputatları Sovetinin xx.xx.1975-ci il tarixli, 134778 N-li Orderi ilə bütün ailə üzvləri, o cümlədən iddiaçılar və cavabdeh də nəzərə alınmaqla tərəflərin nənəsi X1 adına ayrılmışdır. Mənzil sonradan iddiaçıların atası X6 adına keçmişdir. İddiaçılar sözügedən mənzildə uşaq vaxtalarından hal-hazıra kimi yaşamış, hazırda da həmin mənzil iddiaçıların daimi yaşayış yeridir. İddiaçılar həmin mənzildə həmçinin pasport qeydiyyatındadırlar. İddiaçıların əşyaları da hazırda həmin mənzildə yerləşir (bununla bağlı video və şəkillər var). Lakin Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 Bəybala qızının mənzildə yaşamalarına imkan vermir, iddiçıalardan icazə almadan, onların razılığı olmadan mənzildə özbaşına təmir işləri aparır, bu üsulla o, iddiaçıları mənzildən çıxarmağa səy göstərmişdir. Lakin onun bu cəhdi baş tutmadığı üçün o, əvvəlcə İddiaçı2 mənzildən məcburən çıxarmış, mənzilə buraxmamış, hazırda da onu mənzilə buraxmamış və bildirmişdir ki, ailə qurmuşdursa, gedib öz ailəsilə yaşasın, anasını görməsin. Halbuki, mənzil İddiaçı2 da yaşayış yeridir, Nigar ailə qursa da daim öz övladı ilə hazırki mənzildə yaşamış, övladı mənzilin yaxınlığında yerləşən 264 saylı məktəbdə təhsil alır, Nigar daim həmin mənzildə yaşayaraq anası X2 baxmışdır. Xanımşah Şahbudaqova xəstədir, onun daimi qulluğa ehtiyacı var. Hazırda Nigar həmin binaya gedir, Bəhman onu mənzilə buraxmır, Nigar məcbur olub anasına mənzilə qalxan pilləkənlərdə baxır, onun təzyiqini ölçür, ona pilləkəndə qulluq göstərir. Bundan bir müddət sonra isə cavabdeh Bəhman İddiaçı1 da hədələyərək mənzildən çıxarmış və bildirmişdir ki, o yatdığı otaqda cavabdehin oğlu yatacaq, bu evdən getməlidir. Hazırda cavabdeh onu da mənzilə buraxmır, halbuki, mənzil Pakizənin uşaqlıqdan hal-hazıra kimi yaşayış yeridir. Cavabdeh hər iki iddiaçını hədələyərək, onlara təzyiq edərək, dolayı və birbaşa təzyiq üsullarından istifadə edərək onları zorla mənzildən çıxarmış, hazırda da mənizlə buraxmır. Mənzil ailənin ümumi yaşayış sahəsidir. Hər bir mənzil sakininin mənzildə gözlənilən mülkiyyət hüququ vardır. ( İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə sonradan məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində mənzilin yerləşdiyi evin nömrəsinin yanlış qeyd olunduğunu bildirmiş, mübahisə predmeti olan mənzilin ev 14, mənzil 13 kimi oxunmasını xahiş etmişdir)
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3597/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 43; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152; əvvəlki mülki məcəllənin 299, mənzil məcəlləsinin 123-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər bacı-qardaşdırlar, mübahisə predmeti olan mənzil tərəflərin nənəsi X4 və onunla birlikdə yaşayan ailə üzvlərinə (Bəybala Şahbudayev, Xanımşah Şahbudaqova, Sevil Şahbudaqova, Pərvanə Şahbudaqova, İddiaçı1, Ramil Şahbudaqov və Bəhmən Şahbudaqov) order əsasında verilmiş, o, 27 iyun 1983-cü il tarixdə vəfat etmiş, vəfatından sonra oğlu X14 həmin mənzilə görə maliyyə-şəxsi hesabın öz adına keçirilməsi barədə ərizə ilə müraciət etmiş və həmin mənzil X8 adına keçirilmişdir. X14 31 iyul 2014- cü il tarixdə vəfat etmişdir. Həmin evdə tərəflər uzun müddət mehriban yaşamışdır. Hazırda iddiaçılar cavabdehin onları mənzilə buraxmadığını iddia edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh iddiaçıların köçürülməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçıların ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin yaşayış sahəsindən istifadə hüquqları mövcud olduğundan, cavabdehin etirazının olmaması da nəzərə alınaraq, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidirlər.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Azərbaycan SSR Bakı şəhər X18 İcraiyyə Komitəsi Yaşayış sahələrinin uçotu və paylanması idarəsi tərəfindən verilmiş 34778 nömrəli 1975-ci il tarixli orderinə əsasən , ünvan 2 ünvanında yerləşən 4 otaqdan ibarət mənzil X4 və onunla birlikdə yaşayan ailə üzvlərinə (Bəybala Şahbudayev, Xanımşah Şahbudaqova, Sevil Şahbudaqova, Pərvanə Şahbudaqova, İddiaçı1, Ramil Şahbudaqov və Bəhmən Şahbudaqov) həmin yaşayış sahəsini almaq üçün verilmişdir; - Şaumyan Rayon X18 İcraiyyə Komitəsi tərəfindən verilmiş 70/3.İ saylı, 09 iyun 1989-cu il tarixli qərara əsasən, N.Tusi küçəsində yerləşən 18 saylı binadakı 13 saylı 4 otaqlı mənzilin kirayəçisi X7 27 iyun 1983-cü il tarixdə vəfat etmiş, onun oğlu X14 həmin mənzilə görə maliyyə-şəxsi hesabın öz adına keçirilməsi barədə ərizə ilə müraciət etmiş və həmin mənzil X8 adına keçirilmişdir; - AЗ seriyalı, 199345 nömrəli nikah haqqında şəhadətnamənin surətinə X14 ilə X3 arasında 2 noyabr 1968-ci il tarixdə nikah bağlanmış və 19 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir; - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 694827 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X14 31 iyul 2014-cü il tarixdə vəfat etmişdir; - DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli arayışa əsasən, Cavabdeh, İddiaçı1 və İddiaçı2 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3597/2025 saylı qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, NəsrəddinTusi küçəsi, 18 saylı evin 13 saylı mənzili 1975-ci ildə Azərbaycan SSR Bakı şəhər X18 İcrayyə Komitəsi tərəfindən order əsasında ata nənəsi X5 verilmişdir. xx.xx.1968-ci il tarixdə valideynləri: atası X15 və anası X3 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 4 qız- Pakizə, Nigar, Pərvanə, Sevil və 2 oğlan: qardaşı Ramil və o anadan olmuşdur. Qardaşı Ramil uşaq vaxtlarında vəfat etmişdir. xx.xx.1983-cü il tarixdə nənəsi vəfat etdikdən sonra həmin mənzilə maliyyə-şəxsi hesab atası X9 adına açılmışdır. xx.xx.2014-cü il tarixdə atası vəfat etmişdir. Halhazırda sözügedən mənzildə o anası Şahbudayeva (Məmmədrzayeva) Xanımşah Şahbala qızı ilə, bacısı Sevil ilə, həyat yoldaşı ilə və 2 azyaşlı övladıyla birlikdə yaşayır və son zamanlar mənzil tərəfindən əsaslı təmir edilmişdir. Bacıları- Pakizə, Nigar və Pərvanə ailə həyatı quraraq 20-30 il bundan əvvəl yaşadığları mənzili tərk etmişlər və ailə üzvləri (həyat yoldaşları, uşqaları) ilə birlikdə özlərinə məxsus evlərdə yaşayırlar. İddiaçılarla onun ailə üzvlərinin münasibətləri çox gərgindir. Hətta bir dəfə bacısı onlara gələrək qızını təhqir edərək döymüşdür. O və ailə üzvləri abırını gözləyərək polisə müraciət etmədi. Qeyd etdiyi kimi, onlardan ayrı yaşayan bacılarının hamısının evləri vardır. Onların məqsədi ailədə dava-dalaş salmaq, normal həyatlarına maneələr yaratmaqdır. Məhkəmə hesab etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən “yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ” arasında olan fərq nəzərə alınmalıdır. Çox maraqlıdır! Ondan başqa mənzildə digər ailə üzvləri yaşayır. Niyə görə məhz iddiaçılar onu tək cavabdeh qismində mülki işə cəlb etmişlər. Əslində, onunla birgə yaşayan digər şəxslər də bacılarının sözügedən mənzilə köçmələrinə razı deyillər. Belə ki, yaşlı analarına özləri baxır. Bacılarının məqsədi analarına qulluq etmək deyil, evdə söz-söhbət yaratmaq, normal yaşayışlarına maneə yaratmaqdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə ilə razı deyil. Göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsaslandırılmayan, qanunsuz qətnamə qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bəybala qızı Bakı şəhəri,Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 18 saylı evin 13 saylı mənzilinə köçürülmələrinə dair iddiaları əsassızdır və bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ləğv edilməlidir. Qeyd etmək istəyir ki, bacıları:Pərvanə 20 il, Pakizə 30 il, Nigar isə 22 il bundan əvvəlailə həyatı quraraq yaşadığları evi tərk etmişlər. Heç kim bacılarını yaşadıqları mənzildən məhrum etməmişdir. Onlar öz istəklərinə uyğun hərəkət etmişlər.
5. İddiaçılar apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, həmin mənzilin order əsasında iddiaçıların və cavabdehin atasının adına olduğunu hər iki tərəfin mənnzil üzərində bərabər hüquqları olduğunu, lakin cavabdehin iddiaçıların hüquqlarını pozaraq onlara mənzildən istifadə etməyə imkan vermədiyini, onları mənzilə buraxmadığını, qeyri-hüquqi hərəkətlərə yol verdiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi vəkil X19 apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçıların həmin mənzilə qeydiyyat hüquqlarının olduğunu, iddiaçılardan Pakizə xanımın ümumiyyətlə evlənmədiyini və fasiləsiz olaraq illərdir həmin evdə yaşadığını, Nigar xanımın isə evləndiyini, lakin sonradan həyat yoldaşı ilə aralarında yaranan problemlərə görə illər öncə ər evini tərk etdiyini və övladı ilə birgə hazırkı mübahisəli mənzilə köçərək yaşadığını, hətta Nigar xanımın övladının cavabdehin övladı ilə birgə evin yaxınlığındakı məktəbdə təhsil aldıqlarını, digər tərəfdən iddiaçıları həmin mənzilə yaşamamış olsalar belə həm evin özəlləşdirilməyə gedən ev olduğunu, həm də vərəsəlik qaydasında həmin mənzilə köçürülmə hüquqlarının olduğunu, cavabdehin sərəncamın öz adına dəyişməsi barədə müraciət etmədiyini, hazırkı mübahisə yekunlaşdıqdan sonra mənzilin özəlləşdirilməsi ilə bağlı müraciət etmək niyyətlərinin olduğunu qeyd etmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini əsassız hesab etdiyini, yaşlı analarının mübahisəli mənzildə yaşadığını və xüsusi qayğıya ehtiyacının olduğunu, lakin cavabdeh tərəfindən mənzilə buraxılmamaları səbəbindən analarını görə bilmədiklərini və onun qayğısına qala bilmədiklərini qeyd etmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
8. Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələblərinə əsasən: İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139- 1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;139-1.1.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);139-1.1.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 39-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139- 1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə , tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr;139-1.1.13. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 12.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 13.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən: 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər;8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları;8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları;8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə;8.0.5. mənzil-tikinti kooperativində üzvlük;8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.16. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. 14.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən: 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
15. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ özözlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008-ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. Qərarlarında da ifadə edilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir.
16. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
17. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir .77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbələrinə uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, mübahisə mənzilə dair hazırkı vəziyyətdə nə iddiaçıların, nə də cavabdehin mülkiyyət hüququ mövcud deyildir. Onların yalnız müvafiq icra hakimiyyətinin mərhum atalarına verdiyi sərəncam əsasında mənzildən istifadə hüququ (mülkiyyət hüququ üzrə gözləntiləri) vardır. Belə olduğu təqdirdə hər iki tərəf mübahisəli mənzilə dair bərabər hüquqlara malikdirlər.
19. Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3597/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.