Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6651/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rəfael qızının katibliyi, İddiaçı nümayəndəsi X2, nümayəndəsi və vəkilləri Vəkil1 və X3, Cavabdeh Azərbaycan Respublikası Filialınin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Filialına qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-641/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası Filialına qarşı “işə bərpa” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Filialına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş k-143 saylı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunmasına və məcburi iş buraxılmasına görə orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2001-ci ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2016-cı il tarixdən Cavabdeh şirkətində Quyu tamamlanması üzrə texniki məsləhətçi vəzifəsinə təyin edilmiş və xx.xx.2017-ci il tarixdən həmin şirkətdə Baş icraçı nümayəndə, biznes inkşafı vəzifəsinə keçrilmişdir. Cavabdeh şirkətinin xx.xx.2019-cu il tarixli, k-143 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunması barədə əmr onunla əsaslandırılmışdır ki, 2017-ci il sentyabr ayında başlanan və 2019-cu il noyabr ayında yekunlaşan “Total” layihəsinə təhkim olunan İddiaçı baş icraçı Nümayəndə, Biznes İnkişafı (R505-ESG) əmək müqaviləsinə xx xxxxxx 2019-cu tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin bəndinə (işçilərin sayı ixtisar edildikdə) əsasən xitam olunmuşdur. Bundan başqa, işdən azad olunma barədə əmrin verilməsi üçün kifayət qədər heç bir əsaslar mövcud olmamışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixli əmrin verilməsi belə əsaslandırılmamışdır. İşçinin heç bir müraciəti olmadığı halda, əmrdə onun işdən azad olması barədə ərizəsinin mövcud olması öz əksini tapmışdır. Həmçinin xx.xx.2019-cu il tarixli əmrin məzmunu belə düzgün tərtib edilməmişdir. Belə olan halda həmin əmrin etibarsız hesab edilməsi üçün əsasdır. İddiaçı çalışdığı sahə üzrə 13 illik iş təcrübəsi olmaqla, tamamlama işləri üzrə texniki mütəxəssisindən əlavə Neft mühəndisliyi ixtisası üzrə magistr təhsili almışdır. İddiaçı 2 azyaşlı uşaq anası olmaqla xx xxxxxxx 2009-cu il doğumlu X5 və xx xxxxxx 2014-cü il doğumlu X4 onun himayəsindədir. Bundan başqa, İddiaçı ixtisar edilərək vəzifəsindən azad olunan zaman Cavabdeh şirkəti bir neçə şəxsi işə qəbul etmə prosesi aparmışdır. Şirkət tərəfindən bu barədə məlumatlar internet portallarında yerləşdirilmişdir. Belə olan halda, iddiaçı ixtisar edilərək vəzifədən azad olunması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Cavabdeh şirkəti yerli mütəxəsislər olduğu halda, xarici mütəxəssisləri işə cəlb edərək iddiaçını qanunsuz olaraq ixtisara salmışlar. Həmin şirkət yalnız hüquqlarını müdafiə etdiyim şəxsi ixtisar edərək əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə də təqdim edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş k-143 saylı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsinə, İddiaçı işə bərpa olunmasına və məcburi iş buraxılmasına görə orta aylıq əmək haqqının hesablanmaqla, kompensasiya ödənilməklə cavabdeh təşkilatdan mənəvi ziyana görə iddiaçının xeyrinə 50000 (əlli min) manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Kollegiya) apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə müvafiq qətnamə qəbul edilməsini, eləcə də saxtakarlığa yol vermiş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixdən Cavabdeh şirkətində Quyu tamamlanması üzrə texniki məsləhətçi vəzifəsinə təyin edilmişdir. Əmək münasibətlərində olduğu müddətdə yalnız bir dəfə əmək müqaviləsinə əlavə olunmuş, lakin heç bir halda onun vəzifəsi dəyişdirilməmişdir. Onunla əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli, k-143 saylı əmrdə isə “baş icraçı nümayəndə, biznes inkişafı (R505-ESG) vəzifəsi üzrə əmək müqavləsinə xitam verildiyi göstərilmişdir. Yəni, o, əmək müqaviləsində olmayan vəzifəsi üzrə əmək müqaviləsi ləğv edilmişdir. Bundan başqa, işçilərin sayı azadılarkən və ya ştatların sayı ixtisar edilərkən cavabdeh şirkət Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən müvafiq tədbirlər görməmiş, bu sahədə onu digər uyğun işlə təmin etməmişdir. Bundan başqa, əmr Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələblərinə uyğun verilməmiş, hansı ştatların ixtisar olunacağı göstərilməmişdir. Bundan başqa, əmrin verilməsinə əsas kimi əmrdə İddiaçı ərizəsinin olması göstərilmişdir. Halbuki, belə bir ərizə olmamışdır. Məhkəmə bu halı texniki səhv kimi qiymətləndirərək həmin qanunsuzluğu belə əsaslandırmışdır ki, elektron portalda əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi göstərilmişdir. Hakimin “texniki səhv” kimi qiymətləndirdiyi nəticəsi səhv olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70 və 84-cü maddələrinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması əsas və yeganə sənəd bu barədə verilmiş əmrdir. Elektron portal isə işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etmir və ya bərpa etmir, bu portal sadəcə olaraq işə qəbul və ya əmək müqaviləsinin xitamını dövlət qeydiyyatına alır. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, əmr qanunsuz olmaqla, Əmək Məcəlləsinin 59, 43.3, 43.4, 70, 73 və 84-cü maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsi barədə əmri elektron portalda qeydiyyatdan keçirən, 2017-ci ildən keçirən, 2017-ci ildən cavabdeh müəssisədə işləməyən, həmin tarixdən Bakı və Azərbaycanda yaşamayan və heç bir səlahiyyəti olmayan Randall Gilchristin tərəfindən qanunsuz olaraq həyata keçirilmişdir. Bu hal isə şirkətin rəhbəri barədə xüsusi qərardad çıxarılması üçün əsasdır. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat göndərilmiş üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə iş üzrə əsaslandırılmış yeni qətnamə qəbul edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan: 0755 nömrəli, xx xxxxxxx 2016-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh şirkətində “Quyu tamamlanması üzrə texniki məsləhətçi” vəzifəsinə qəbul edilmişdir. Cavabdeh şirkətinin xx.xx.2019-cu il tarixli N K-128/2 nömrəli əmrinin surətindən görünür ki, 2017-ci ilin sentyabr ayında başlayan “Total” layihəsinin yekunlaşması ilə əlaqədar olaraq və sözügedən layihədə iştirak edən işçilərin xərclərin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədi ilə, həmçinin əmək istehsalında effektivliyin yaxşılaşdırılması məqsədi ilə İddiaçı baş icraçı nümayəndə vəzifəsindən ixtisar edilmişdir. Cavabdeh şirkətinin xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanlanmış xəbərdarlıqdan görünür ki, o tutduğu vəzifə ixtisar olunduğu üçün bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam veriləcəyi barədə xəbərdarlıq verilmişdir. xx.xx.2019-cu il tarixli K-143 nömrəli əmrdən görünür ki, 2017-ci il sentyabr ayında başlanan və 2019-cu il noyabr ayında yekunlaşan “Total” layihəsinə təhkim olunan İddiaçı baş icraçı Nümayəndə, Biznes İnkişafı (R505-ESG) əmək müqaviləsinə xx xxxxxx 2019-cu tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə (işçilərin sayı ixtisar edildikdə) əsasən xitam olunmuşdur. Əmrin verilməsinə əsas kimi həmçinin işçi İddiaçı ərizəsi də göstərilmişdir. Cavabdeh şirkətinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il tarixindən qeyd olunan ştat vahidlərindən biri (İddiaçı tutduğu ştat) ixtisar edilmişdir. İddiaçı HALLİBÖRTON şirkətinin TOTAL şirkəti üçün icra etdiyi layihəyə cəlb edilmişdir. Layihə 2019-cu il dekabr ayında tamamlanmışdır. Bununla əlaqədar həmin layihədə çalışan İddiaçı vəzifəsi ixtisar edilmişdir. Həmçinin bu layihə üzrə İddiaçı ilə birgə çalışan əcnəbi vətəndaş X10 HALLİBÖRTON şirkətinin Azərbaycan filialını tərk etmişdir. İddiaçı şirkətin struktur sistemində birbaşa olaraq Teyrun Qəhrəmanova tabe idi. Teyrun Qəhrəmanov 2008-ci il avqust ayından HALLİBÖRTON şirkətinin əməkdaşıdır. 0195 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, X1 xx.xx.2008-ci il tarixdə Cavabdeh “Quyu tamamlanması üzrə kiçik texniki işçi” vəzifəsinə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli əmr Əmək Məcəlləsinin tələblərinə uyğun olmuşdur və iddiaçının həmin əmrin ləğv edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün, digər tələblər – onun əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər barədə tələbləri də əsassızdır və təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və işin faktiki hallarına uyğun hesab etmir və qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə gəldiyi nəticə onun müəyyən etdiyi faktiki hallara uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Beləliklə, xx.xx.2019-cu il tarixli K-143 nömrəli əmrdən göründüyü kimi həmin əmrdə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi göstərilsə də, əmrin verilməsinə digər əsas kimi isə əmrdə İddiaçı özünün ərizəsinin olması göstərilmişdir. Cavabdeh şirkət və məhkəmə həmin halı texniki səhv kimi qiymətləndirsələr də, bu hal əmrin mahiyyətində ziddiyyət yaratmaqla texniki səhv kimi qiymətləndirilə bilməzdi. Yəni, əmrdə göstərilən və Əmək Məcəlləsinin 84-ci maddəsinin 1-ci bəndinə əsasən tələb olunan məlumatlar bir-birinə uyğun olmamaqla ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilməlidir: əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bundan başqa, 0755 nömrəli, xx xxxxxxx 2016-cu il tarixli əmək müqaviləsinin surətindən göründüyü kimi İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh şirkətində “Quyu tamamlanması üzrə texniki məsləhətçi” vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə müddətsiz bağlanılmışdır.İddiaçı xx.xx.2017-ci il tarixdən həmin şirkətdə “Baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsinə keçirilməsi barədə hər hansı əmək müqaviləsi və ya onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik və ya əlavə mövcüd deyildir. İddiaçı iş materiallarına əlavə olunmuş əmək kitabçasında onun “Baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsinə keçirilməsi ilə əlaqədar 755 №-li əmək müqaviləsinə əlavənin olması qeyd edilsə də, belə bir əlavə təqdim edilməmişdir. Bu hal özü-özlüyündə əmək qanunvericliyinin 81 və 82-ci maddələrinin yuxarıda qeyd edilən tələblərinin pozulması olmaqla qanunsuzdur. Buradan belə nəticə hasil olunur ki, İddiaçı 0755 nömrəli, xx.xx.2016-cı il tarixli əmək müqaviləsi üzrə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyində “Quyu tamamlanması üzrə texniki məsləhətçi” vəzifəsinə qəbul edilmiş, lakin mübahisələndirilən əmrlə xx.xx.2019-cu il tarixli K-143 nömrəli əmrlə “Baş icraçı nümayəndə, biznes inkişafı” vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilmişdir. Yəni, cavabdeh şirkət İddiaçı ilə bağlamadığı əmək müqaviləsinə xitam vermişdir. İddiaçı Quyu tamamlanması üzrə texniki məsləhətçi” vəzifəsində işləməsinə dəlalət edən bir hal da odur ki, İddiaçı struktur sistemində birbaşa olaraq Teyrun Qəhrəmanov adlı əməkdaşa tabe olmuşdur və Teyrun Qəhrəmanov da Cavabdeh şirkətində xx.xx.2008-ci il tarixdə “Quyu tamamlanması üzrə kiçik texniki işçi” vəzifəsinə qəbul edilmişdir. İşin mübahisəsiz hallarından həmçinin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyində İddiaçı əmək müqaviləsi üzrə təyin olunduğu “Quyu tamamlanması üzrə texniki məsləhətçi” vəzifəsi ixtisar olunmamışdır. Göründüyü kimi, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli K-143 nömrəli əmr tamamilə qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Əmək Məcəlləsinin 81-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. İddiaçı iddia tələblərində mənəvi zərər də tələb etsə də, iş materiallarına əsasən onun mənəvi iztirab və ya sarsıntı keçirməsi sübut olunmamaqla iddia tələbləri həmin hissədə əsassızdır və təmin olunmamalıdır. Kollegiya həmçinin cavabdeh şirkətin rəhbərliyinin barəsində xüsusi qərardad çıxarılması ilə bağlı qeyd edir ki, bu məsələ məhkəmənin müstəsna səlahiyyəti olmaqla iddia tələblərinə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən prosessual hüquq normalarının tələbindən çıxış edən Kollegiya, yuxarıda qeyd edilənləri nəzərə alaraq və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti qismən ştəmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)- 641/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialının (nümayəndələyinin) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair K-143 nömrəli, xx xxxxxx 2019-cu il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialında (nümayəndələyində) iş yerinə (vəzifəsinə) bərpa edilsin və məcburi iş buraxma müddəti üçün ona işə bərpa olunduğu günə qədər əmək haqqı ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Tanrıverdiyev Anar
Məhkəmə qərarları › İş №2(103)-6651/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6651/2020
22.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver