Məhkəmə qərarları › İş №2(103)-6651/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6651/2022

07.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6651/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Humanitar Kollecinə qarşı iş üzrə (Açar sözlər: 01 oktyabr 2019-cu il tarixli 131 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, onun laborant vəzifəsinə bərpa edilməsi və laborant vəzifəsinə görə ödənilməyən əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Humanitar Kollecinə qarşı “01 oktyabr 2019-cu il tarixli 131 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, onun laborant vəzifəsinə bərpa edilməsi və laborant vəzifəsinə görə ödənilməyən əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(001)-5305/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 dekabr 2022ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 15 may 2008-ci il tarixli əmək müqaviləsinə əsasən Bakı Humanitar Kollecində (əvvəlki adı: Bakı Məktəbəqədər Pedaqoji Texnikumu) Qiyabi şöbədə katibə vəzifəsinə qəbul edilmiş, 20 may 2008-ci il tarixli ərizəsi əsasında 22 may 2008-ci il tarixli əmrlə tədris işləri üzrə katibə vəzifəsinə təyin edilmişdir.

2. 03 sentyabr 2008-ci il tarixli ərizəsi əsasında İddiaçı işəgötürənin 08 sentyabr 2008-ci il tarixli, 98 saylı əmri ilə tədris işləri üzrə katibə kimi bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmiş və sosial məzuniyyətdə olan Reyhan Nuriyevanın yerinə “Biologiya” kabinetinə laborant vəzifəsinə təyin edilmişdir.

3. Bakı Humanitar Kollecinin 01 oktyabr 2019-cu il tarixli, 131 saylı əmri ilə İddiaçı ilə laborant kimi bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən (öz ərizəsi ilə) həmin tarixdən xitam verilmiş və xadimə vəzifəsinə təyin edilmişdir. Əmrə əlavə edilmiş 01 oktyabr 2019-cu il tarixli ərizələrdən görünür ki, iddiaçı bir ərizə ilə laborant vəzifəsindən azad edilməsini, digəri ilə isə texniki işçi kimi işə qəbul edilməsini xahiş etmişdir.

4. İşəgötürən tərəfindən İddiaçı ilə bağlanmış 15 may 2008-ci il tarixli əmək müqaviləsində “qiyabi şöbədə katibə” ifadələrindən sonra defis işarəsi qoyularaq qarşısına “xadimə” sözü yazılmış və müqavilənin sonunda “Dəyişiklik edilib: 01 oktyabr 2019” qeydi edilmişdir.

5. Kollecin inzibati-təsərrüfat işləri üzrə direktor müavini, Həmkarlar İttifaqının sədri, komendant və xadimələr tərəfindən tərtib edilmiş 01 iyun 2021-ci il və 18 iyun 2021-ci il tarixli “əmək funksiyasından imtina” barədə aktlarda iddiaçının xadimə vəzifəsi üzrə əmək funksiyasını yerinə yetirməkdən imtina etdiyi, iş vaxtında Mədəni-maarif şöbəsində oturaraq şöbənin iş prosesinə maneçilik törətdiyi və bununla bağlı izahat yazmaqdan imtina etdiyi qeyd olunmuşdur.

6. Kollecin inzibati-təsərrüfat işləri üzrə direktor müavini 22 iyun 2021-ci il tarixdə kollecin direktoruna təqdimat verərək, xadimə vəzifəsində çalışan İddiaçı may ayının son günlərindən başlayaraq bir dəfə də olsa öz vəzifə borclarını yerinə yetirmədiyini, dəfələrlə şifahi xəbərdarlıq edilsə də, nizam-intizam qaydalarına riayət etmədiyini və izahat yazmaqdan boyun qaçırdığını göstərmişdir.

7. İcazə.e-gov.az saytından çıxarışa əsasən İddiaçı iş yeri Bakı Humanitar Kollec, vəzifəsi isə xadimədir.

8. Mygov.az portalından əldə edilmiş çıxarışlara əsasən: İddiaçı əsas iş yeri: Bakı Sosial Pedoqoji Kolleci, müqavilənin tarixi 15 may 2008 - 30 mart 2018-ci il olmaqla vəzifəsi laborant (fizikimexaniki sınaqlar üzrə), xitam tarixi: 09 mart 2018, xitam səbəbi: dövlət orqanı ləğv edildikdə, əmək haqqı 119 manatdır.

9. İddiaçı əsas iş yeri: Bakı Humanitar Kolleci, müqavilənin tarixi 09 mart 2018 - 26 yanvar 2019-cu il olmaqla vəzifəsi laborant, əmək haqqı 152 manatdır.

10. İddiaçı əsas iş yeri: Bakı Humanitar Kolleci, müqavilənin tarixi 09 mart 2018 - 12 may 2019-cu il olmaqla vəzifəsi laborant, 155 manatdır.

11. İddiaçı əsas iş yeri: Bakı Humanitar Kolleci, müqavilənin tarixi 09 mart 2018 - 12 dekabr 2019-cu il olmaqla vəzifəsi laborant, 211 manatdır.

12. İddiaçı əsas iş yeri: Bakı Humanitar Kolleci, müqavilənin tarixi 09 mart 2018 - 26 mart 2020-ci il olmaqla vəzifəsi laborant, 260 manatdır.

13. İddiaçı əsas iş yeri: Bakı Humanitar Kolleci, müqavilənin tarixi 01 oktyabr 2019-cu il olmaqla vəzifəsi xadimə, əmək haqqı 260 manatdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 oktyabr 2019-cu il tarixli, 131 nömrəli əmrinin ona dair hissədə ləğv edilməsi, laborant vəzifəsinə bərpa edilməsi və laborant vəzifəsinə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2008-ci ildə keçmiş adı Bakı Məktəbəqədər Texnikumu, hazırkı adı Bakı Humanitar Kollec olan müəssisəyə laborant vəzifəsinə işə qəbul olunmuşdur. 2010-cu ildən indiyədək Kollecin “Tələbə Məzun” sistemində operator işləyir. Eyni zamanda Təhsil Nazirliyində DTS-də diplomlar üzrə kollecin məsul şəxsi təyin edilmişdir. 30 iyul 2019-cu il tarixdən isə Kollecdə yaranmış Tələbə şöbəsində ictimai əsaslarla işləmişdir. 2019-cu ilin sentyabr ayında Kollecin keçmiş direktoru V.Əmiraslanov ondan yerinə başqa şəxsi təyin etmək üçün işdən çıxmaq barədə ərizə yazmasını tələb etmiş, o isə bununla razılaşmayaraq işinə davam etmişdir. Lakin 08 iyun 2021-ci il tarixdə məlum olmuşdur ki, 01 oktyabr 2019-cu il tarixli əmrlə xadimə vəzifəsinə keçirilmişdir. Halbuki, o, faktiki olaraq başqa işləri yerinə yetirmiş, heç vaxt xadimə kimi işləməmişdir.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(001)-5305/2021 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia təmin olunmuş, Bakı Humanitar Kolleci tərəfindən verilmiş 01 oktyabr 2019-cu il tarixli, 131 nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Bakı Humanitar Kollecində “laborant” vəzifəsinə işə bərpa edilməsi, Bakı Humanitar Kolleci tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı iş buraxma müddəti üçün əmək haqqı ödənilərkən 01 oktyabr 2019-cu il tarixdən “xadimə” vəzifəsi üzrə ona ödənilmiş əmək haqlarının məbləğlərinin nəzərə alınması qət edilmişdir.

17. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, 01 oktyabr 2019-cu il tarixli əmrlə iddiaçı ilə laborant kimi əmək münasibətlərinə xitam verilərək onun başqa vəzifəyə (xadimə) təyin edilməsi təsbit olunsa da, mahiyyət etibarı ilə həmin əmr iddiaçının başqa işə keçirilməsi (ona başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsinin həvalə edilməsi) barədədir. Bu zaman, işəgötürən tərəfindən iddiaçıya münasibətdə Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi və ya xadimə vəzifəsi üzrə onunla yeni əmək müqaviləsinin bağlanılması, o cümlədən məhz xadimə vəzifəsinə təyin edilməsinə dair razılığının mövcudluğu müəyyən olunmur. Bu isə, onun laborant vəzifəsindən xadimə vəzifəsinə keçirilməsini istisna edir. Bu mənada əmək müqaviləsi bildirişinin mövcudluğu da fərqli qənaətə gəlməyə əsas vermir. Çünki Məcəllənin verdiyi anlayışa görə, əmək müqaviləsi bildirişi – əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin hallarından və tərəflərin izahatlarından da göründüyü kimi, iddiaçı heç vaxt xadimə vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirməmişdir. Bunu cavabdeh qurumun nümayəndəsi tərəfindən təqdim edilən aktlar və təqdimat da təsdiq etməkdədir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçının laborant vəzifəsindən xadimə vəzifəsinə keçirilməsinin qanunsuzluğu onunla cavabdeh arasında laborant vəzifəsi üzrə yaranmış əmək münasibətlərinin xitamını da istisna edir. Hətta 01 oktyabr 2019-cu il tarixli, 131 saylı əmrin iddiaçıya aid hissələrinin biri digərindən müstəqil olduğu irəli sürülərək fərziyyə olaraq qəbul edilsə belə, yenə də onunla laborant vəzifəsi üzrə yaranmış əmək münasibətlərinin qanunvericiliyin tələblərinə müvafiq olaraq xitam olunduğu qənaətinə gəlmək mümkün olmayacaqdır. Çünki həmin əmr iddiaçı ilə laborant kimi bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinə (öz ərizəsi ilə) əsasən xitam verilməsi hissəsində də qanunun tələblərinə müvafiq verilməmişdir. Belə ki, iddiaçının ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi gün göstərilməmiş, bununla belə o, məhz elə ərizənin verildiyi tarixdə işdən azad edilmişdir (hərçənd iddiaçı tarix yazısının özünə aid olmadığını da bildirir).

20. Məhkəmə mövqeyini, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsi, 3-cü maddəsi, 9-cu maddəsinin “a” bəndi, 59, 68, 69, 300-cü maddələri ilə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri

21. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. İddiaçı xadimə vəzifəsini icra etmiş, vəzifəsindən və vəzifəsindən irəli gələn öhdəliklərindən xəbəri olmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli 2(103)- 10006/2021 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021ci il tarixli, 2(001)- 5305/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir.

c)Kassasiya instansiya məhkəməsində birinci icraat

26. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli 2(102)-3834/2022 saylı qərarı ilə (hakim E.Y.Şamayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.R.Vəliyeva və A.Ə.Abbasovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2021-ci il i tarixli, 2(103)-10006/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

28. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Məhkəmə kollegiyası razılaşır ki, mübahisələndirilən əmrdə iddiaçı və cavabdeh arasında “laborant” vəzifəsinə dair bağlanmış əmək müqaviləsinə xitam verilsə və sonradan iddiaçı “xadimə” vəzifəsinə təyin edilsə də, həmin əmr mahiyyət etibarı ilə işçinin başqa işə keçirilməsi barədədir. Məhkəmələrin bu halla gəldiyi nəticə Əmək Məcəlləsinin 59-cu maddəsinin dispozisiya şərtlərinə uyğundur. Lakin bu zaman nəzərə almaq lazımdır ki, iddiaçının xadimə vəzifəsinə təyin edilməsinə razılığı iş materiallarından müəyyən edilməsə də, onun əvvəlki vəzifədən azad edilməsinə və yeni vəzifəyə (texniki işçi vəzifəsinə) təyin edilməsinə dair razılığı (ərizələri) olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə “texniki işçi” vəzifəsinin ayrıca ştat kimi mövcud olub-olmamasını, olmadığı halda, həmin ifadə ilə hansı vəzifələrinin nəzərdə tutulduğunu araşdırmadan, iddiaçını işdən azad olunmasına razılığı müəyyən olunan laborant vəzifəsinə bərpa etmiş və həmin vəzifə üzrə işburaxma müddəti üçün əmək haqqının tutulmasını qət etmişdir. Halbuki, iddiaçı özü də izahatında göstərmişdir ki, ərizə yazdıqdan sonra texniki işçi kimi tədris işləri üzrə katibə vəzifəsinə təyin edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmənin mübahisəli əmr qəbul edilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin birinci hissəsinin tələblərinin pozulmasından ibarət mövqeyi də əsaslı olmamışdır. Hazırki mübahisə üzrə tərəflər arasında əmək münasibətlərinə xitam verilməmiş, işçi başqa işə köçürülmüşdür. Belə olan halda, Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş müddətin gözlənilməsinə zərurət aradan qalxır. Belə ki, hər iki tərəfin razılığı ilə işçi bir işdən başqa işə keçirilirsə, onun 1 ay xəbərdarlıq müddətinin gözlənilməsinin məntiqi yoxdur və Məcəllənin 59-cu maddəsində bununla bağlı göstəriş yoxdur. Məhz bu kontekstdən baxaraq Məcəllənin 69-cu maddəsinin 5-ci maddəsində “əmək münasibətlərini dayandırmaq” ifadəsindən istifadə olunmuşdur ki, hazırki iş üzrə iddiaçı tərəfindən ərizə yazıldıqdan sonra tərəflər arasında əmək münasibətlərin dayandırılması halı müəyyən olunmur. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçı işdən azad olunması barədə ərizə yazarkən həqiqi niyyətini müəyyən etməli, onun işə keçirilməsi xahiş olunan “texniki işçi” vəzifəsinin mövcud olub-olmaması, həmin ifadə ilə hansı vəzifələrin nəzərdə tutulması, əmr verildiyi tarixdən sonrakı müddətdə iddiaçının faktiki hansı vəzifələri icra etməsi araşdırmalı, iddiaçının xadimə vəzifəsinə keçirilməsi qanunsuz olduğu müəyyən edildiyi halda, bərpa ediləcək vəzifə müəyyən edilməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.”

Proses iştirakçılarının izahatı

29. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

30. İddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

32. Maddə 59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

39. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

41. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı laborant vəzifəsində işləmiş, 01 oktyabr 2019-cu il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsi əsasən (öz ərizəsi ilə) xitam verilmiş və həmin əmrlə də o, xadimə vəzifəsinə təyin edilmişdir.

42. Kollegiyanın sorğusuna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, AA 078437 nömrəli subbakalavr diplomunun, BB-İİ 012088 və BB-İİ 036179 nömrəli mütəxəssis diplomarının ləğvi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yoxdur. Sözügedən kollecdən təqdim edilmiş məlumata əsasən kollecdə diplomlar üzrə məsul şəxs X1r. Cəfərova Hicra Koba qızı adıçəkilən kollecdə diplomlar üzrə məsul şəxs deyildir.

43. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, kollecdə xx.xx.2021-ci il tarixdə hər hansı akt tərtib edilməmişdir. xx.xx.2019-cu il tarixdən xadimə vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixədək (yeni direktor təyin edilənədək) hansı işlə məşğul olması məlum deyildir. Yeni direktor təyin olunduqdan sonra isə İddiaçı xadimə vəzifəsi üzrə əmək funksiyalarının icrasından imtina etmiş və bununla bağlı dəfələrlə təsərrüfat işləri üzrə direktor müavini tərəfindən aktlar tərtib edilmişdir.

44. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, kollec direktorunun 11 sentyabr 2020-ci il tarixli 59 saylı əmri olmayıb. 2020-ci ilə dair 59 saylı əmr aşkar olunub, lakin həmin əmr 07 sentyabr 2020-ci il tarixlidir və X2 ilə bağlıdır. Bundan başqa kollec direktorunun 29 aprel 2019-cu il tarixli əmri və əmək məzuniyyətinin verilməsi haqqında 30 iyul 2020-ci il tarixli əmrlərin təsdiq edilmiş surətləri göndərilmişdir.

45. xx.xx.2019-cu il tarixli 47 nömrəli əmrdə göstərilmişdir ki, Cəfərova Hicra Koba qızı xx.xx.2019-cu il tarixdən Kollecdə təhsil sənədləri üzrə sistemi işləyəcək məsul şəxs təyin edilsin.

46. Məktubda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə iddiaçı laborant idi, xx.xx.2020-ci il tarixdə əmək məzuniyyətində olanda isə xadimə idi və bunu bilirdi. Əmrə diqqət yetirilsə xadimələrə 27 gün, laborantlara isə 30 gün məzuniyyət verilib. Eyni zamanda göstərilmişdir ki, diplom verilməsi, elektron sistemə daxil etmək məqsədi ilə qeydiyyat aparılması üçün təyin edilmiş məsul şəxsin orta ixtisas və ya ali təhsilli olması, yüksək vəzifə tutan şəxs olması deyə imperativ tələb yoxdur.

47. xx.xx.2019-cu il tarixli ərizələrdən görünür ki, iddiaçı bir ərizə ilə laborant vəzifəsindən azad edilməsini, digəri ilə isə texniki işçi kimi işə qəbul edilməsini xahiş etmişdir.

48. İddiaçı texniki işçi təsnifatı üzrə xadimə vəzifəsinə qəbul edildiyini bilmiş, lakin faktiki olaraq xadimə vəzifəsini deyil, diplomlar üzrə mütəxəssis vəzifəsini icra etmiş, bununla bağlı hər hansı etirazı olmamışdır.

49. Mübahisələndirilən əmrdə iddiaçı və cavabdeh arasında “laborant” vəzifəsinə dair bağlanmış əmək müqaviləsinə xitam verilsə və sonradan iddiaçı “xadimə” vəzifəsinə təyin edilsə də, həmin əmr mahiyyət etibarı ilə işçinin başqa işə keçirilməsi barədədir. Məhkəmənin bu halla bağlı gəldiyi nəticə Əmək Məcəlləsinin 59-cu maddəsinin dispozisiya şərtlərinə uyğundur. Lakin bu zaman nəzərə almaq lazımdır ki, iddiaçının xadimə vəzifəsinə təyin edilməsinə razılığı iş materiallarından müəyyən edilməsə də, onun əvvəlki vəzifədən azad edilməsinə və yeni vəzifəyə (texniki işçi vəzifəsinə) təyin edilməsinə dair razılığı (ərizələri) olmuşdur.

50. “Texniki işçi” vəzifəsinin ayrıca ştat kimi mövcud olub-olmaması ilə bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019-cu ildə Kollecin ştat cədvəli «Rəhbər və inzibati-idarə heyəti», «Tədris-köməkçi heyəti» və «Köməkçi və s. heyət» üzrə təsnifləşdirilmiş, xadimə vəzifəsi sonuncu heyətə daxil edlilmişdir. Ştat cədvəlində “Texniki işçi” adı altında heyət (ştat vahidi) mövcud olmamışdır.

51. Beləliklə Kollegiya qeyd edir ki, iddiaçı faktiki hansı vəzifəni icra etməsindən asılı olmayaraq, xadimə işinə keçirildiyini bilmiş və bununla razılaşaraq, məhz xadimə üçün nəzərdə tutulmuş əmək haqqı almış və digər sosial imtiyazlardan həmin vəzifə üzrə istifadə etmişdir.

52. Ona görə də həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur.

53. Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir.

54. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin ərizəsinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak etmiş və qanunvericiliyin tələbinə uyğun olaraq bu barədə ərizə təqdim etməmişdir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5305/2021 saylı iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı Humanitar Kollecinə qarşı “01 oktyabr 2019-cu il tarixli 131 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, onun laborant vəzifəsinə bərpa edilməsi və laborant vəzifəsinə görə ödənilməyən əmək haqqının ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar