Məhkəmə qərarları › İş №2(103)-666/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-666/2020

09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-666/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4030/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11347 manat əsas borc, 567,35 manat məbləğində mülki dövriyyə şəraitində əldən çıxmış fayda və məhkəmə üçün ödənilmiş 30 manat dövlət rüsumu ilə birgə, cəmi 11944,35 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)- 4030/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 10450 manat, əldən çıxmış faydaya görə 279,18 manat, ümumilikdə 10729,18 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 %-i, yəni 3 manatın iddiaçıya aid edilməsi, qalan 90%-i, yəni 27 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Həmçinin onunla İddiaçı MMC arasında borc öhdəliyinə dair hər hansı müqavilə olmamasına baxmayaraq o, İddiaçı MMC-yə 8000 manat əsas borcu ödəməyə razıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən alıcı Cavabdeh satıcı İddiaçı MMC-dən ümumi dəyəri 16300 manat təşkil edən təmir-tikinti aksesuarlarını almışdır. Müqavilələrə əsasən son ödəmə tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 4000 manat və xx.xx.2019-cu il tarixdə 1000 manat, ümumilikdə 5000 manat məbləğində pul ödənilmiş və qalıq borcu 11300 manat təşkil etmişdir. İddiaçı bildirir ki, sonuncu ödənişdən sonra cavabdeh heç bir ödəniş etməmiş, bununla əlaqədar olaraq dəfələrlə danışıqlar aparılmış, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək ödənişdən yayınmışdır. Cavabdeh tərəfindən öhdəliklər icra olunmadığına görə xx.xx.2019-cu il tarixdə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edilmiş, cavabdehin şikayət üzrə izahatı alınmış və o, həqiqətən İddiaçı MMC-yə borcu olduğunu etiraf edərək qısa zamanda ödəyəcəyinə dair söz vermişdir. Lakin hazıra kimi heç bir ödəniş etməmişdir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqısatqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin, yəni 11300 manatın ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin tələb qismən təmin edilmiş (10450 manat həddində), lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Belə olan halda isə qətnamənin əsaslığı yalnız həmin tələblərin qismən təmin edilmiş hissəsində yoxlanılır və həmin tələblərin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmetinə aid deyildir. Ona görə də kollegiya hesab edir ki, əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması hissəsində iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını təsdiq edən sübutları təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, məhkəmə bildirişləri cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin bildiriş ünvan tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığına görə bildirişi təqdim etmək mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 147-ci maddəsində isə təsbit olunmuşdur ki, cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bundan başqa kollegiya qeyd edir ki, tərəflər arasında borc müqaviləsi deyil, nisyə alqısatqı müqaviləsi bağlanılmış və cavabdehin pul öhdəliyi də həmin müqavilədən əmələ gəlmişdir. Tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması, satılan malların ümumi dəyərinin 16300 manat təşkil etməsi, cavabdeh tərəfindən cəmi 5000 manat ödənilməsi və ödənilməyən məbləğin 11300 manat təşkil etməsi isə iş materiallarında olan xx.xx.2019-cu il tarixli 002869 saylı və xx.xx.2019-cu il tarixli 002925 saylı mədaxil qəbzlərinin surətləri, həmçinin cavabdeh tərəfindən Nəsimi RPİ-nin 20-ci Polis Bölməsində verdiyi izahatla təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əldən çıxmış faydanın tutulması hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməməli, qətnamənin digər mübahisələndirilən hissəsi isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4030/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni Cavabdeh əldən çıxmış faydaya görə 279,18 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar