Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6663/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: Pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2227/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:
1. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 nömrəli, 16 fevral 2016-cı il tarixli və 02 nömrəli, 06 yanvar 2017-ci il tarixli müqavilələrə əsasən, İddiaçı tərəfindən Cavabdeh hüquqi xidmət göstərilmiş, sonuncu isə bunun müqabilində 1800 manat məbləğində pul ödəməli öhdəsinə götürmüşdür.
2. Cavabdeh tərəfindən müqavilələrdə göstərilən məbləğlərdən 700 manat ödənilmiş, qalan 1.100 manat isə cavabdeh tərəfindən ödənilməmiş qalmışdır.
3. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 nömrəli, 16 fevral 2016-cı il tarixli müqavilədən görünür ki, iddiçı ATE Hüquq Mərkəzi” MMC cavabdehə hüquqi xidmət göstərməli, cavabdeh isə bunun müqabilində MMC-yə 300 manat məbləğində pul ödəməlidir.
4. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 nömrəli, 06 yanvar 2017-ci il tarixli müqavilədən görünür ki, iddiçı ATE Hüquq Mərkəzi” MMC cavabdehə hüquqi xidmət göstərməli, cavabdeh isə bunun müqabilində MMC-yə 1500 manat məbləğində pul ödəməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ödənilməmiş 1.100 (min yüz) manat məbləğində xidmət haqqının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 fevral 2016-cı il tarixində 05 nömrəli və 06 yanvar 2017-ci il tarixində isə 02 nömrəli müqavilələrlə cavabdehə hüquqi xidmət göstərmişdir. 05 nömrəli müqaviləyə əsasən 300 manat 02 nömrəli müqaviləyə əsasən isə 1.500 manat cavabdeh tərəfindən ödənilməli idi. Cavabdeh tərəfindən müqavilədə göstərilən məbləğlərdən 700 manat ödənilmişdir. Qalan 1.100 manat cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-2227/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva), iddia tələbinin təmin edilməsi, Cavabdeh ödənilməmiş 1.100 (min yüz) manat məbləğində xidmət haqqının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MMC üzərinə düşən öhdəliklərini tam yerinə yetirmiş, buna baxmayaraq Cavabdeh isə öhdəliklərini tam yerinə yetirməyərək, göstərilən xidmət haqqını iddiaçıya tam ödəməmişdir. Odur ki, iddiaçı onun tərəfindən göstərilən xidmətlərin pulunun cavabdehdən tutulması tələbində haqlıdır.
9. Belə ki, 16 fevral 2016-cı il tarixli, 05 nömrəli və 06 yanvar 2017-ci il tarixli, 02 nömrəli müqavilələrdən göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh hüquqi xidmət göstərilmiş, sonuncu isə bunun müqabilində 1.800 manat məbləğində pul ödəməyi ödəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilədə göstərilən məbləğlərdən 700 manat ödənilmiş, qalan 1100 manat isə ödənilməmiş qalmışdır.
10. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ödənilməmiş 1.100 (min yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 21.1, 324.6, 329.3, 385.1, 386.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 445.2, 739.1 və 740-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:
13. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
14. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, o, qarşı tərəfə dəfələrlə pul ödəmişdir. İddiaçı MMC və onun nümayəndəsi Nümayəndə onun hüquqi savadının olmamasından, çətin psixoloji vəziyyətindən (çünkü, nigahı pozulmuşdu, buna görə müəyyən qədər o, depressiyada idi) sui-istifadə edərək müqaviləni bağlayarkən ona faktiki kefiyyətli hüquqi yardım göstərməmişdir. Nümayəndə onu əslində aldadaraq, xeyli pul vəsaiti almışdı. Belə ki, cinayət işinə görə ondan (həmin cinayət işində zərərçəkmiş şəxs idi) 1.500 (bir min beş yüz) manat, 700 (yeddi yüz manat mülki işə görə və həmçinin 1000 (bir min) manat və 100 (bir yüz) ABŞ dolları pul vəsaiti almışdır. Müqavilələr üçün Nümayəndə verdiyi pul vəsaitlərinin hara xərclənməsini bilmir. Proses iştirakçılarının izahatı:
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 21.1: Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2: Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
22. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
23. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 443.1: Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
31. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
32. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
33. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
39. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi X2 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 16 fevral 2016-cı il tarixli, 05 nömrəli və 06 yanvar 2017-ci il tarixli, 02 nömrəli müqavilələrdən göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh hüquqi xidmət göstərilmiş, sonuncu isə bunun müqabilində 1.800 manat məbləğində pul ödəməyi ödəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilədə göstərilən məbləğlərdən 700 manat ödənilmiş, qalan 1100 manat isə ödənilməmiş qalmışdır.
46. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsaslanaraq hesab etmişdir ki, İddiaçı MMC üzərinə düşən öhdəliklərini tam yerinə yetirmiş, buna baxmayaraq Cavabdeh isə öhdəliklərini tam yerinə yetirməyərək, göstərilən xidmət haqqını iddiaçıya tam ödəməmişdir. Odur ki, iddiaçı onun tərəfindən göstərilən xidmətlərin pulunun cavabdehdən tutulması tələbində haqlıdır.
47. Birinci instansiya məhkəməsi işdəki sübutları qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ödənilməmiş 1.100 (min yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
48. Birinci instansiya məhkəməsinin qətnaməsilə razılaşmayan cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı MMC və onun nümayəndəsi Nümayəndə onun hüquqi savadının olmamasından, sui-istifadə edərək müqaviləni bağlayarkən ona kefiyyətli hüquqi yardım göstərməmişdir. Nümayəndə onu əslində aldadaraq, xeyli pul vəsaiti almışdı. Belə ki, cinayət işinə görə ondan 1.500 manat, 700 manat mülki işə görə və həmçinin 1000 manat və 100 ABŞ dolları pul vəsaiti almışdır. Həmçinin apelyasiya şikayətində qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
49. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 nömrəli, 16 fevral 2016-cı il tarixli və 02 nömrəli, 06 yanvar 2017-ci il tarixli müqavilələrə əsasən, “ATE Hüquq Mərkəzi MMC tərəfindən Cavabdeh hüquqi xidmət göstərilmiş, sonuncu isə bunun müqabilində 1800 manat məbləğində pul ödəməli öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələrdə göstərilən məbləğlərdən 700 manat ödənilsə də, qalan 1100 manat cavabdeh tərəfindən ödənilməmiş qalmışdır.
50. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə onun hüquqi savadının olmamasından sui-istifadə edərək müqaviləni bağlayarkən ona faktiki kefiyyətli hüquqi yardım göstərməməsi, İddiaçı MMCyə cinayət işinə görə 1.500 (bir min beş yüz) manat, mülki işə görə 700 (yeddi yüz) manat və həmçinin 1000 (bir min) manat və 100 (bir yüz) ABŞ dolları pul vəsaiti ödəməsi barədə dəlillərini qiymətləndirərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, cavabdeh apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, nümayəndəsi apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətdə göstərdikləri hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər.
51. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
52. Həmçinin, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
53. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
55. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, hazırda İddiaçı MMC-nin mübahisələndirdiyi pul məbləği beş min manatdan az, yəni 1.100 (min yüz) manat təşkil edir.
56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2227/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.