Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6664/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2155/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 18 900 manat icarə haqqının, 572,84 manat məbləğində müxtəlif kommunal və vergi ödəmələrinin əvəzinin, gecikdirilmiş vaxt üçün hesablanmış 973,64 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 20 476,48 manat məbləğində pulun, mənəvi zərərə görə 20 000 manat məbləğində pulun tutularaq ona ödənilməsi və ona məxsus ümumi dəyəri 10 000 manat məbləğində müxtəlif mebel və aksesuarların (2 ədəd ciralgan, 1 ədəd vitrin oturacağı, 1 ədə maneken, 2 ədəd kamera, 1 ədəd DVR aparatı, 1 ədəd vitrin manekeni, üzərində mağazanın logosu olan çoxsaylı paketlər, çoxsaylı vizit kartları) cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə arasında 10.01.2014cü il tarixdə icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 12 saylı evin 1/2 saylı mənzilini cavabdehə icarəyə vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək icarə müqaviləsinə xitam verilməsini və cavabdehin mənzildən çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin 04.03.2019-cu il tarixli, 2(009)-845/2019 saylı qətnaməsi ilə iddiası təmin olunaraq icarə müqaviləsinə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22.09.2019-cu il tarixli, 2(103)-6446/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti də AR Ali Məhkəməsinin 07.11.2019-cu il tarixli, 2(102)-7148/2019 saylı qərarı ilə təmin edilməmişdir. Bundan sonra Səbail Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(009)-845/2019 saylı qətnaməsi icraya yönəldilmiş, cavabdeh 24.02.2020-ci il tarixdə mənzildən çıxarılmış, bu barədə həmin tarixdə akt tərtib olunaraq imzalanmışdır. Cavabdeh mənzildən çıxarılsa da, bugünədək ödəməli olduğu icarə haqqının məbləğini ödəməmişdir. Belə ki, cavabdehlə aralarında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 900 (doqquz yüz) manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh 2018-ci ilin iyun ayından etibarən icarə haqlarını ödəmədiyi üçün məhkəməyə müraciət edərək cavabdehin mənzildən çıxarılmasını xahiş etmişdir. 2018-ci ilin iyun ayından qətnamənin icra olunduğu 24.02.2020-ci il tarixədək 21 (iyirmi bir) ay müddət ərzində cavabdeh ona məxsus mənzildən istifadə etsə də, heç bir icarə haqqı ödəməmişdir. İcarə haqqının ödənilməsi ilə bağlı cavabdehdə heç bir sübut yoxdur. Beləliklə, 21 (iyirmi bir) ay ərzində cavabdehin icarə haqqı üzrə ödənilməmiş 18 900 (on səkkiz min doqquz yüz) manat məbləğində borcu qalmışdır. Bundan başqa, cavabdehin ona borclu olması, yəni icarə haqqını ödəməməsi cavabdehin ona qarşı qaldırdığı iddiası üzrə məhkəmə qətnamələrindən də aydın olur. Belə ki, cavabdeh ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, guya 2018-ci ilin iyun ayından 2019-cu ilin yanvar ayı daxil olmaqla icarə haqqının əvəzi olaraq 20 000 (iyirmi min) manat məbləğində pul ödəyib və həmin pulun ondan tutularaq ödənilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31.05.2019-cu il tarixli, 2(009)-1436/2019 saylı qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18.09.2019- cu il tarixli, 2(103)-11727/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Beləliklə, sözügedən qətnamələrlə də cavabdehin ona borclu qaldığı sübut olunur. Cavabdehin uzun müddətdir ki, öhdəliklərini icra etməməsi hüquqlarının pozulması ilə yanaşı, mənəvi zərərə də məruz qalmasına səbəb olmuşdur. Həmçinin, cavabdeh ona qarşı əsassız iddia qaldırmaqla da onun mənəvi sarsıntı keçirməyinə də səbəb olmuş və cavabdehin hərəkətləri nəticəsində mənfi psixi reaksiyaya məruz qalmışam. Eyni zamanda, cavabdehin ona qarşı əsassız iddiası onun üçün əlavə vaxt itkisinə də səbəb olmuşdur. Hesab edir ki, qeyd olunanlar cavabdehin ona vurduğu mənəvi zərərin əvəzinin ağlabatan və ədalətli şəkildə ödənilməsi üçün əsasdır. Hesab edir ki, cavabdehin ona vurduğu mənəvi zərərin əvəzi 20 000,00 (iyirmi min) manat məbləğində qiymətləndirilməli və bu məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa, cavabdehin ödəməli olduğu 572,84 manat məbləğində müxtəlif kommunal (telefon üçün abunə haqqı, internet, işıq) və vergi ödəmələri də onun tərəfindən ödənilmiş və həmin məbləğin əvəzi bu günədək ona qaytarılmamışdır. Ödəmələrlə bağlı qəbzlər hazırki iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh ona olan borcunu uzun müddətdir ödəmədiyi üçün həm əmlakından gəlir əldə edə bilməmiş, həm də əldə edə biləcəyi gəliri digər sahələrə yönəldərək daha çox gəlir əldə etmək imkanından məhrum olmuşdur. Belə ki, təkcə əmanət müqaviləsi əsasında pulunu banka yerləşdirməklə illik əlavə gəlir əldə edə bilərdi. Lakin cavabdehin öhdəliklərini vaxtında icra etməməsi onun bu hüquqlardan məhrum olmağına səbəb olmuşdur. Buna görə də cavabdeh gecikdirilmiş vaxt üçün borc məbləğinə əlavə illik beş faiz ödəməlidir. Beləliklə, borclu gecikdirilmiş vaxt üçün ödəməli olduğu 18 900 manat məbləğində icarə haqqının və 572,84 manat məbləğində müxtəlif kommunal (telefon üçün abunə haqqı, internet, isıq) və vergi ödəmələrinin əvəzinin, cəmi 19 472,84 manat borcun beş faizi 973,64 manatı məbləğində əlavə ödəniş etməlidir. Əlavə olaraq, cavabdeh mənzildən çıxarkən içərisində ona məxsus olan ümumi dəyəri 10 000 manat məbləğində müxtəlif mebel və aksesuarları (2 ədəd ciralgan. 1 ədəd vitrin oturacağı, 1 ədəd maneken, 2 ədəd kamera, 1 ədəd DVR aparatı, 1 ədəd vitrin manekeni, üzərində mağazanın logosu olan çoxsaylı paketlər, çoxsaylı vizit kartları) da özü ilə aparmışdır. O, həmin əşyalar üçün əvvəlki icarəçi X1 10 000 manat ödəyərək, əşyaları ondan almışdır. Bu barədə 09.01.2014-cü il tarixdə aralarında akt tərtib olunmuşdur ki, həmin aktın surəti hazırki iddia ərizəsinə əlavə olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2155/2021 saylı, 12 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11220 (on bir min iki yüz iyirmi) manat məbləğində pul vəsaitinin və 06 (altı) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istinad edilmiş qətnamənin iddianın təmin edilməsi hissəsi ilə razı deyi və hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməli, iddianın tam təmin edilməməsi haqda qətnamə çıxarılmalıdır. Məhkəmənin nəticəsi ilə razı deyilş və hesab edir ki, həmin nəticə işin həqiqi halları və qanunvericiliyin tələbləri ilə tam təkzib olunur. Belə ki, hazırki iddia üzrə iddiaçı ona qarşı qaldırdığı iddia ərizəsində ondan icarəyə götürdüyü mənzilə görə 2018-ci ilin iyun ayından etibarən icarə haqqını ödəmədiyini, bununla bağlı qəbul edilmiş qətnamə 24.02.2020-ci il tarixdə icra edilərək icarəyə verdiyi mənzil ona qaytarıldığı günədək, yəni 21 ay üçün onun iddiaçıya 18.900 manat icarə haqqı borcunun olduğuna istinad etmişdir. İlk növbədə məhkəmə iddiaçının iddia tələblərinin AR MPM-nin 82.3-cü naddəsinin tələblərinə zidd olaraq qaldırılmasına əhəmiyyət və düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mübahisə ilə əlaqədar aparılan araşdırmalar zamanı məhkəməyə təqdim etdiyi məhkəmə qətnamələri və qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı icarə haqqının tələbi ilə bağlı ona qarşı 2019-cu ilin yanvar ayında Səbail rayon Məhkəməsində icarə müqaviləsinə xitam verilməsi, 8 ay ərzində ödənilməmiş 7200 manat icarə haqqının ondan tutulması və mənzildən çıxarılmasına” dair iddia qaldırmış, həmin mübahisə ilə bağlı Bakı şəhəri Səbail rayon məhkəməsinin 14.03.2019-cu il tarixli, 2(009)-1436/2019 saylı qətnaməsi ilə iddia qismən təmin idilmiş, iddiaçı ilə aralarında 10.01.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilməsi, ona məxsus Bakı şəhəri Mərdanov qardaşları küçəsi, 12 saylı evin ½ saylı mənzildən çıxarılmağı və ödənilmiş 30 manat dövlət rüsumunun ondn alınaraq iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilmiş, qalan hissədə, yəni icarə haqqının ondan tutulması hissəsində iddia təmin edilməmişdir. İstinad edilmiş qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş, həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli, 2(103)-6446/2019 saylı qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 07.11.2019-cu il tarixlı, 2(102)-7148/19 sayli qərarı ilə təmin edilməmişdir. 07.11.2019-cu il tarixdə qanuni qüvvəsini almış vs 10.01.2020-ci il tarixdə icraya göndərilmiş icra sənədi əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(009)-1436/2019 saylı qətnaməsi 24.02.2020-ci il tarixdə icra edilərək mübahisə edilən mənzil iddiaçıya təhvil verilmişdir. Qeyd edilmiş qanuni qüvvəsi almış məhkəmə qətnamələri və qərarı ilə müəyyən edilmişdir ki ,iddiaçı icarə haqqının ödənilməməsinə dair subutları məhkəməyə təqdim edə bilməmiş və həmin məhkəmə araşdırmaları zaman iddiaya etiraz edərək 2018ci ilin iyun ayından 2019-cu ilin yanvar ayınadək olan müddət ərzində iddiaçının tələbi əsasında ona 2019-2020-ci illər üçün qabaqcadan icraə haqqını ödədiyini bildirs də, bu faktı təstiq edən subutları məhkəməyə təqdim edə bilməmişdir. Bütün bunlara baxmayaraq o mübahisə ilə bağlı qəbul edilən qətnamənin qanuni qüvvəsini alan kimi həmin qətnamə əsasında verilmiş icra sənədinin icra edilməsinə etiraz etmədən icarəyə götürdüyü mənzili boşaldıb iddiaçıya təhvil vermişdir. Bu əsasla da hesab edir ki, məhkəmə iddiaçının iddianın qismən təmin edilməsi haqda nəticəyə gələrkən istinad etdiyi AR MM-nin 705-ci maddəsinin, tələblərini mübahisə ilə bağlı düzgün tətbiq etməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə arasında bağlanan icarə müqaviləsinə məhkəmə qətnaməsi əsasında xitam verilmiş və o həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra qanuni əsaslarla mənzili iddiaçıya təhvil vermişdir. Bu əsasla da hesab edir ki, birinci instansiya məhkəməsinin qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.03.2019-cu tarixli, 2(009)-1436/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi haqda qətnamə elan olunan gündən həmin qətnamənin qanuni qüvvəsini alanadək olan müddət üçün ondan iddiaçının xeyrinə ica haqqının tələbinə dair iddianı təmin edərkən haqlı olmamış, mübahisə ilə bağlı MM-nin 705-ci maddənin tələbləri düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh mübahisələndirmişdir. İddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2155/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, İddiaçı ilə Cavabdeh arasında 10.01.2014cü il tarixdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 12 saylı evin 1/2 saylı mənzilə dair Bakı şəhəri 1 saylı Notariat Kontorunda təsdiq edilməklə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 1.2-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti 10.01.2014-cü il tarixdən 10.01.2015-ci il tarixə qədər 1 il təşkil etmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün 900 manat məbləğində müəyyən olunmuş, 4.3-cü bəndində isə ödəmənin hər ayın 5-dən gec olmayaraq həyata keçirilməli olduğu nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən müqavilə müddəti başa çatdıqda icarəyə verənin tələbi ilə icarəçi 3 gün ərzində müqavilə predmentini təhvil verməyə borcludur. İş materiallarından aydın olur ki, İddiaçı Cavabdeh qarşı “10.01.2014-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, (2018-ci ilin iyun ayından etibarən) 8 ay ödənilməmiş 7200 manat məbləğində icarə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, ona məxsus olan Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 12 saylı evin 1/2 saylı mənzildən cavabdehin çıxarılması” tələbinə dair iddiasına Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 04.03.2019-cu il tarixli 2(009)- 845/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və ödənilmiş 30 manat dövlət rüsumununun 20 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin 22.05.2019-cu il tarixli 2(103)-6446/2019 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.11.2019-cu il tarixli 2(102)-7148/2019 saylı qərarına əsasən). Həmin iş üzrə çıxarılmış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, 10.01.2014-cü il tarixli icarə müqaviləsinin müddəti 10.01.2015-ci il tarixində qurtarmış, lakin müddət qurtardıqdan sonra müqaviləyə xitam vermək və ya onu dəyişdirmək barədə tərəflərin hər hansı ərizəsi olmadığından müqavilə onda nəzərdə tutulmuş eyni şərtlərlə davam etdirilmişdir. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müəyyən olunmuş icarə haqqını 2018-ci ilin iyun ayından etibarən ödəməkdən imtina etmişdir. İş materiallarından həmçinin aydın olur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli 2(009)-845/2019 nömrəli qətnaməsi icraya yönəldilmiş, qətnamə 24.02.2020-ci il tarixdə icra edilərək Cavabdeh özünə məxsus olan bütün mallar, avadanlıqlar və mebel əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılmış, mənzilin açarları İddiaçı təhvil verilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş 31.05.2019-cu il tarixli 2(009)-1436/2019 saylı qətnaməsindən aydın olur ki, həmin qətnaməyə əsasən Cavabdeh İddiaçı qarşı “icarəyə verənin ondan icarə haqqı əvəzinə aldığı 20000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” barədə iddiası təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(103)-11727/2019 saylı qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iddiasında İddiaçı Cavabdeh 2018-ci ilin iyun ayından icarə predmeti olan mənzildən çıxarıldığı 24.02.2020-ci il tarixədək icarə haqqı ödəmədiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürməkdədir. Mülki işin materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdehin arasında icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin əmələ gəldiyi, iddiaçının məhz həmin münasibətlər çərçivəsində mülkiyyətçisi olduğu Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, 12 saylı evin 1/2 saylı mənzili cavabdehin icarəsinə vermiş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Bu mənada məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin hüquq münasibətləri çərçivəsində icarəsinə qəbul etdiyi əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödəmiş olduğunu sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşmüşdür və məhz o, icarə münasibətləri çərçivəsində faktiki sahibliyinə verilmiş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini sübuta yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bununla belə cavabdeh, faktiki istifadəsində olmuş əmlaka görə iddia edilən müddət üçün icarə haqlarını ödədiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən oların həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Bu baxımdan məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı 2019-cu ilin fevralından cavabdehlə arasında olan icarə müqaviləsinə xitam verildiyi 07.11.2019-cu il tarixədək (Ali Məhkəməsinin eyni tarixli qərarının çıxarılması ilə) olan müddət üçün icarə haqqının cavabdehdən tutulması tələbini irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, iddiaçı icarə predmeti olan mənzilin cavabdeh tərəfindən qaytarıldığı (onun mənzildən çıxarıldığı) 24.02.2020-ci il tarixədək olan müddətə görə də icarə haqqı məbləğində kompensasiya tələb etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin “icarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi” başlıqlı 705-ci maddəsinə görə, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Cavabdehdən icarə haqqı kimi tutulmalı olan pul vəsaitinin məbləği ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Belə ki, yuxarıda göstərildiyi kimi, tərəflər arasındakı 10.01.2014-cü il tarixli icarə müqaviləsinin müddətinin cari ilin yanvar ayının 10undan növbəti ilin yanvar ayının 10- unadək olduğu, aylıq icarə haqqının isə 900 manat məbləğində müəyyən olunduğu nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, 2019-cu ilin fevral ayının 10-dan cavabdehin icarə predmeti olan mənzildən çıxarıldığı 2020-ci ilin fevral ayının 10-dək olan 1 illlik müddət üçün cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 10800 manat olmuşdur. Həmin gündən cavabdehin mənzildən çıxarıldığı 24.02.2020-ci il tarixədək ötən 14 günə görə isə icarə haqqının məbləği 420 manat təşkil edir (1 ayın 30 gün olduğu nəzərə alınmaqla). Beləliklə ödənilməmiş icarə haqqının əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 11220 (on bir min iki yüz iyirmi) (10800 + 420) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2155/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2155/2021 saylı, 12 aprel 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6664/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6664/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver