Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6668/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı iş üzrə (Açar sözlər): overdraft nəticəsində yaranmış borcun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə və nümayəndəsi X1, cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı texniki overdraft nəticəsində yaranmış borcun silinməsi tələbinə dair e-2(006)-3066/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh "Bank VTB (Azərbaycan)" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli CP_BMR-281470-02_RUB nömrəli “Multivalyuta kart hesabı” müqaviləsinə əsasən Bank müqaviləyə uyğun olaraq müştəriyə multivalyuta kart məhsulunu açmaq, açılmış hesablara pul vəsaitini daxil etmək və hesablar üzrə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirmək, həmçinin Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada pul vəsaitini müştəriyə qaytarmaq öhdəliyini, müştəri isə banka tariflərdə qeyd olunmuş komisyon haqlarını ödəmək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, kart hesabından fərqli olan valyutada aparılan əməliyyatlar üçün Bankın xidmətlərinin əməliyyat aparıldığı ana qüvvədə olan tariflər tətbiq edilir. Eyni müqavilənin 2.7-ci bəndinə əsasən, Bank müştəriyə RUB, USD, EUR, AZN valyutalarda kart hesabları açır, xidmətlərini və şərtlərini Bankın əməliyyat aparıldığı ana qüvvədə olan tariflərinə uyğun olaraq həyata keçirir. Müqavilənin 4.4.2-ci bəndinə görə müştərinin Kart hesabı üzrə ödəniş limiti (kartın əməliyyat anına olan aktiv balansı) çərçivəsində Kart əməliyyatları aparmaq və Kart hesabı üzrə texniki kart overdraftının yaranmasına yol verməmək vəzifələri nəzərdə tutulmuşdur. İstinad olunan bəndin müddəasında həmçinin texniki overdraftın yaranacağı təqdirdə, müştəri tərəfindən texniki overdraftın yarandığı andan etibarən Banka olan borcunu ödəmək vəzifəsi, əks halda isə, Bank tərəfindən müştəriyə Bankın tarifləri ilə nəzərdə tutulan miqdarda dəbbə pulunun tətbiqi müəyyən edilmişdir.
2. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Bankın müştərisi X1 adına xx.xx.2007-ci il tarixində açılmış AZ041BAZ******************** saylı hesaba bağlı olan 4127****2229 saylı karta 24 fevral 2022-ci il tarixində 14925 manat məbləğində vəsait daxil olmuşdur.
3. "Bank VTB (Azərbaycan)" ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 28 fevral 2022-ci il tarixli “texniki overdraft müqaviləsi” üzrə 22 iyun 2022-ci il tarixə 188399,41 RUB əsas borcu, 29832,50 RUB faiz borcu, cəmi 218231,91 RUB borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli CP_BMR -281470-02_RUB nömrəli “Multivalyuta kart hesabı” müqaviləsi üzrə texniki overdraft nəticəsində yaranmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 yanvar 2020-ci il tarixində iddiaçı ilə Cavabdeh ASC arasında CP_BMR -281470-02_RUB nömrəli “Multivalyuta kart hesabı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Bank müqaviləyə uyğun olaraq müştəriyə multivalyuta kart məhsulunu açmaq, açılmış hesablara pul vəsaitini daxil etmək və hesablar üzrə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirmək, həmçinin Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada pul vəsaitini müştəriyə qaytarmaq öhdəliyini, müştəri isə banka tariflərdə qeyd olunmuş komisyon haqlarını ödəmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən, kart hesabından fərqli olan valyutada aparılan əməliyyatlar üçün Bankın xidmətlərinin əməliyyat aparıldığı ana qüvvədə olan tariflər tətbiq edilir. Müqavilənin 2.7-ci bəndinə əsasən, Bank müştəriyə RUB,USD,EUR, AZN valyutalarda kart hesabları açır, xidmətlərini və şərtlərini Bankın əməliyyat aparıldığı ana qüvvədə olan tariflərinə uyğun olaraq həyata keçirir. 24 fevral 2022-ci il tarixdə saat 16:09 radələrində sözügedən kartdan əvvəlcə 22 manat (qalıq 771906,68 rubl), saat 22:08 radələrində 15000 manat (qalıq 6678,25 rubl) və 70 manat (qalıq 3054,90 rubl) məxaric edilmişdir. Hər üç əməliyyat uğurla nəticələnmiş və bununla bağlı mobil nömrəyə “sms bildiriş” daxil olmuşdur. Sonradan 09 mart 2022-ci il tarixdə saat 15:57 radələrində iddiaçının mobil nömrəsinə “sms-xəbərdarlıq” daxil olmuşdur. Həmin “sms-xəbərdarlıq”da kart üzrə sonuncu əməliyyatlarda texniki “overdraft” səbəbindən borcun olduğu və yaranan borcun ödənilməsi xahiş olunmuşdur. İddiaçı sözügedən məsələ ilə bağlı 11 mart 2022-ci il tarixində banka müraciət ünvanlamış, müraciətinə cavab olaraq Cavabdeh ASC tərəfindən 18 mart 2022-ci il tarixində cavab məktubu verilmişdir. Cavab məktubunda qeyd edilmişdir ki, onunla bank arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli CP_BMR-281470-02_RUB saylı “Multivalyuta kart hesabı müqaviləsi”nin 2.10-cu bəndinə əsasən ödənişin silinmə növbəliliyi ilə: 1-ci aktiv hesab RUB valyutası ilə, 2-ci USD hesab valyutası ilə, 3-cü EUR hesab valyutası ilə, 4-cü AZN hesab valyutası ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 28 fevral 2022-ci il tarixində müqavilə üzrə 188456,05 RUB məbləğində texniki overdraft yaranmışdır. Həmin borc üzrə gündəlik 188456,05 x 50% / 360 = 261,7445 prinsipi ilə faiz hesablanması nəzərdə tutulduğundan 28 fevral 2022-ci il tarixindən 14 mart 2022-ci il tarixinədək 4187,91 RUB məbləğində faiz hesablanmış və beləliklə 14 mart 2022-ci il tarixinə ümumi borcu 192643,98 RUB təşkil edir. Tərəfindən 24 fevral 2022-ci il tarixində 15000 manat məbləğində köçürmə əməliyyatı həyata keçirilmiş və həmin tarixdə məbləğin rus rublu ekvivalenti 765228,43 RUB təşkil edərək, həmin məbləğ hesabda bloklaşdırılmışdır. Banklararası aparılan nağdsız hesablaşma sisteminə əsasən qeyd edilən əməliyyatın uçotu 28 fevral 2022-ci il tarixində aparılmış və həmin tarixdə məbləğin rus rublu ekvivalenti 955413,78 RUB təşkil edərək hesabdan silinmişdir. Bu isə texniki overdraftın yaranmasına səbəb olmuşdur. Həyata keçirilmiş əməliyyat müxtəlif prosessinq mərkəzləri arasında icra olunması səbəbindən silinmə əməliyyatı köçürmənin həyata keçirildiyi gündə baş vermir. Həmçinin, müqavilənin 4.4.2-ci bəndinə əsasən texniki overdraftın yarandığı andan banka olan borc icra edilməmişdir. Lakin bank hər zaman müştərilərə dəstək verməyə hazırdır və bununla bağlı bank tərəfindən yaranmış overdraft aşkarlanaraq 09 mart 2022-ci il tarixində məlumat yönləndirilmişdir.” İddiaçının kart sahibi olaraq yaranmış borcun onunla heç bir əlaqəsi yoxdur. Bankla iddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ona məxsus kart hesabına istədiyi zaman mədaxil edə, eləcə də kartdan istədiyi zaman məxaric edə bilər. Baxmayaraq ki, kart hesabı RUB (Rusiya rublu) valyutasıyla 24 fevral 2022-ci il tarixində iddiaçı tərəfindən kart hesabından “card to card” əməliyyatı vasitəsi ilə 15000 manat məxaric edilmişdir. Məxaric olunan məbləğ uğurla yekunlaşmış, mobil telefona bununla bağlı “sms-bildiriş” göndərilmişdir. Həmin tarixdə bank tərəfindən 15000 manatın rus rubluna konvertasiyası aparıldıqdan sonra “smsbildiriş”də hesabda qalıq olaraq 6678,25 rublun qaldığı qeyd edilmişdir. Lakin əməliyyat 24 fevral 2022-ci il tarixində aparılsa da, nədənsə həmin əməliyyat bank sistemində 28 fevral 2022-ci il tarixində əks olunmuşdur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3066/2022 saylı mülki iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli CP_BMR -281470-02_RUB nömrəli “Multivalyuta kart hesabı” müqaviləsi üzrə yaranmış borcun silinməsi qət edilmişdir. (hakim Rəşid Səmədov)
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, overdraft anlayışı əksər hallarda kredit kartlarına şamil edilir. İddiaçı isə Bankdan debit kartı əldə edib. Beynəlxalq təcrübəyə əsasən, debit kartları üzrə overdraftın yaranması şübhəli və mübahisəli məsələdir. Debit kartı üzrə texniki overdraft faktiki olaraq müştərinin balansında mövcud olmayan maliyyə vəsaitinin Bank tərəfindən silinməsi deməkdir. Müştəri ilə imzalanan müqavilənin debit yox, standart kredit müqaviləsi olması yuxarıda qeyd olunan problemin əmələ gəlməsinə və nəticədə müştəriyə əsassız borcun yaranmasına səbəb olmuşdur. Müqavilənin standart kredit müqaviləsi olmasını həmin müqavilənin 5-ci maddəsinin 5.2-ci bəndi və Müqavilənin 1 nömrəli Əlavəsi (Yaddaş Kitabçası) sübut edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən Bank müştərinin faktiki sahibliyində olmasından asılı olmayaraq, 3D-Secure və PİN-koddan istifadənin nəticələrinə görə kart hesabı üzrə əməliyyatlara görə (o cümlədən, kredit kartı ilə bağlı fırıldaqçılığa görə) məsuliyyət daşımır. Əlavə 1 (Yaddaş Kitabçası) 18-ci qeydinə əsasən ödəniş kartından istifadə zamanı kartın kredit limiti üstələndikdə Sizin kart hesabı müqaviləsinə uyğun olaraq təkrar limit məbləğinə cərimə faizləri hesablanacaq. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ona məxsus debit kartı üzrə əməliyyata görə aktiv balansı kifayət etmədiyi təqdirdə Bank tərəfindən ona hər hansı bir kreditin verilməsi ilə bağlı heç bir öhdəlik götürülməmişdir. Bununla bağlı müqavilədə heç bir maddə, bənd mövcud deyildir. Belə olduğu təqdirdə 24 fevral 2022-ci il tarixində İddiaçı tərəfindən edilən əməliyyat üzrə Bank tərəfindən 188456,05 rubl məbləğində vəsaitin ona kredit olaraq verilməsi və sonradan onu müştəriyə “borc” kimi təqdim etməsi və əlavə olaraq üzərinə dəbbə pulunun hesablanması ədalətsizdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə “Bankın Tarifləri” anlayışı mövcuddur ki, müqavilənin heç bir bəndində bu anlayışın açıqlaması verilməmiş və bu anlayışın hansı mənada ifadə olunduğu müəyyən edilməmişdir. Bu halda “Bankın Tarifləri” anlayışı müştəri tərəfindən valyuta məzənnəsi ilə bağlı olan tariflər (yəni valyuta mübadiləsi üzrə olan kurs) kimi başa düşülə bilər. Belə olduğu halda isə müqavilənin 2.3-cü və 2.5-ci bəndləri müştərinin (iddiaçının) mövqeyinin haqlı olduğunu sübut edir. Bundan əlavə, tərəflər arasında bağlanmış Müqavilənin 4.4.2-ci bəndi məzmununa görə qüsurlu olmaqla onun tələblərinin müştəri (iddiaçı) tərəfindən real olaraq icrası mümkün deyildir. Belə ki, müştərinin hər hansı bir konkret vaxt kəsiyində icra etdiyi kart əməliyyatı (məsələn, pul köçürmə) üzrə hesablaşmanın bir neçə gün sonra həyata keçirilməsi və hesablaşmanın aparıldığı anda valyutanın (hazırki halda rus rublu) kursunun dəyişməsini müştəri olaraq iddiaçı qabaqcadan görə (bilə) bilməzdi ki, həmin “texniki kart overdraftı”nın yaranmasına yol verməmək imkanına malik olsun. Buna görə də iddiaçının bu cür şərtin olduğu müqavilə ilə razılaşaraq imzalamasına baxmayaraq, onun tərəfindən real olaraq həmin öhdəliyin yerinə yetirilməsi mümkün deyildir. Başqa sözlə, müqavilənin heç bir bəndində “Kart hesabı üzrə texniki kart overdraftının yaranmasına yol verməmək” anlayışının icra mexanizmi müəyyən edilməmişdir. Yəni müştərinin bu cür halın baş veribverməməsinə hər hansı bir müdaxilə edə bilməsi və bunu öncədən əlaqələndirməsi və ya proqnoz etməsi mümkünsüzdür.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı, 6.2-ci, 328.1-ci, 385.1-ci, 390-cı, 425.1-ci, 442-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 76.1-ci, 76.2-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 24 fevral 2022-ci il tarixdə müştəri tərəfindən X2 Rusiya rublu valyutası ilə 15000 manat məxaric edilmişdir. 15000 manat məbləğində köçürmə əməliyyatı həyata keçirilmiş və həmin tarixdə məbləğin Rusiya rublu ekvivalenti 765228,43 rubl təşkil edərək, həmin məbləğ hesabda bloklaşdırılmışdır. Həyata keçirilmiş əməliyyat müxtəlif prosessinq mərkəzləri arasında icra olunması səbəbindən silinmə əməliyyatı köçürmənin həyata keçirildiyi gündən baş vermədiyindən banklararası aparılan nağdsız hesablaşma sisteminə əsasən qeyd edilən əməliyyatın uçotu 28 fevral 2022-ci il tarixdə aparılmışdır və həmin tarixdə məbləğin rus rublu ekvivalenti 955413,78 rubl təşkil edərək hesabdan silinmişdir. Bu isə texniki overdraftın yaranmasına səbəb olmuşdur. Beləliklə, 28 fevral 2022-ci il tarixdə müqavilə üzrə 188456,05 rubl (5683 manat) məbləğində texniki overdraft yaranmışdır. Həmin borc üzrə gündəlik 188.456,05 x 50% / 360 = 261, 7445 prinsipi ilə faiz hesablanması nəzərdə tutulduğundan 28 fevral 2022-ci il tarixindən 14 mart 2022-ci il tarixinədək 4187,91 rubl məbləğində faiz hesablanmış və beləliklə 14 mart 2022-ci il tarixinə ümumi borcu 192643,98 rubl təşkil edir. “Multivalyuta kart hesabı” müqaviləsinin 4.4.2-ci bəndinə görə müştərinin kart hesabı üzrə ödəniş limiti (kartın əməliyyat anına olan aktiv balansı) çərçivəsində kart əməliyyatları aparmaq və kart hesabı üzrə texniki kart overdraftının yaranmasına yol verməmək vəzifələri nəzərdə tutulmuşdur. İstinad olunan bəndin müddəasında həmçinin texniki overdraftın yaranacağı təqdirdə, müştəri tərəfindən texniki overdraftın yarandığı andan etibarən Banka olan borcunu ödəmək vəzifəsi, əks halda isə, Bank tərəfindən müştəriyə Bankın tarifləri ilə nəzərdə tutulan miqdarda dəbbə pulunun tətbiqi müəyyən edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsinə əsasən, banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Bundan əlavə, Banklararası kart mərkəzi üzərindən əməliyyatların aparılmasına dair kollektiv sazişin 3-cü bəndində (əməliyyatların aparılması) əməliyyatların aparılmasının ardıcıllığı müəyyən olunmuşdur. Məhkəmə qərar qəbul edərkən qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə və nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Cavabdeh bankın nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
15. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
16. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır (MMnin 328.2-ci maddəsi).
17. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı andan bağlanmış sayılır.
20. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına əsas yoxdur.
27. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı Bankdan debit kartı əldə etmişdir. Debit kartı üzrə texniki overdraft faktiki olaraq müştərinin balansında mövcud olmayan maliyyə vəsaitinin Bank tərəfindən silinməsi deməkdir. Overdraft --- müştəri-borcalanın hesablaşma hesabında vəsait çatmadıqda və ya olmadıqda onun tərəfindən hesablaşma sənədlərinin ödənilməsi üçün müştərinin hesablaşma hesabının bank tərəfindən kreditləşdirilməsidir. Bu zaman bank müştərinin hesabından vəsaiti tam həcmdə çıxarır, yəni avtomatik olaraq müştəriyə vəsait qalığından artıq məbləğdə kredit verir. Texniki overdraft müştərinin maliyyə vəziyyəti nəzərə alınmadan, borcalanın hesabına verilmiş hesaba zəmanətli qəbzlər (Birjada valyuta satışı/alınması, müddətli depozit qaytarılana qədər və s.) müqabilində verilir.
28. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən Bank müştərinin faktiki sahibliyində olmasından asılı olmayaraq, 3D-Secure və PİN-koddan istifadənin nəticələrinə görə kart hesabı üzrə əməliyyatlara görə (o cümlədən, kredit kartı ilə bağlı fırıldaqçılığa görə) məsuliyyət daşımır. Əlavə 1 (Yaddaş Kitabçası) 18-ci qeydinə əsasən ödəniş kartından istifadə zamanı kartın kredit limiti üstələndikdə kart hesabı müqaviləsinə uyğun olaraq təkrar limit məbləğinə cərimə faizləri hesablanacaq.
29. Birinci instansiya məhkəməsində işə baxılarkən həmçinin müəyyən edilmişdir ki, İddiaçı ona məxsus debit kartı üzrə əməliyyata görə aktiv balansı kifayət etmədiyi təqdirdə Bank tərəfindən ona hər hansı bir kreditin verilməsi ilə bağlı heç bir öhdəlik götürməmişdir. Bununla bağlı müqavilədə heç bir maddə, bənd mövcud deyildir. Belə olduğu təqdirdə 24 fevral 2022-ci il tarixində İddiaçı tərəfindən edilən əməliyyat üzrə Bank tərəfindən 188456,05 rubl məbləğində vəsaitin ona kredit olaraq verilməsi və sonradan onu müştəriyə “borc” kimi təqdim etməsi və əlavə olaraq üzərinə dəbbə pulunun hesablanması ədalətsizdir.
30. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə “Bankın Tarifləri” anlayışı mövcuddur ki, müqavilənin heç bir bəndində bu anlayışın açıqlaması verilməmiş və bu anlayışın hansı mənada ifadə olunduğu müəyyən edilməmişdir. Bu halda “Bankın Tarifləri” anlayışı müştəri tərəfindən valyuta məzənnəsi ilə bağlı olan tariflər (yəni valyuta mübadiləsi üzrə olan kurs) kimi başa düşülə bilər. Belə olduğu halda isə müqavilənin 2.3cü və 2.5-ci bəndləri müştərinin (iddiaçının) mövqeyinin haqlı olduğunu sübut edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilənin 4.4.2-ci bəndi məzmununa görə qüsurlu olmaqla onun tələblərinin müştəri (iddiaçı) tərəfindən real olaraq icrası mümkün deyildir. Belə ki, müştərinin hər hansı bir konkret vaxt kəsiyində icra etdiyi kart əməliyyatı (məsələn, pul köçürmə) üzrə hesablaşmanın bir neçə gün sonra həyata keçirilməsi və hesablaşmanın aparıldığı anda valyutanın (hazırki halda rus rublu) kursunun dəyişməsini müştəri olaraq iddiaçı qabaqcadan görə (bilə) bilməzdi ki, həmin “texniki kart overdraftı”nın yaranmasına yol verməmək imkanına malik olsun. Buna görə də iddiaçının bu cür şərtin olduğu müqavilə ilə razılaşaraq imzalamasına baxmayaraq, onun tərəfindən real olaraq həmin öhdəliyin yerinə yetirilməsi mümkün deyildir. Başqa sözlə, müqavilənin heç bir bəndində “Kart hesabı üzrə texniki kart overdraftının yaranmasına yol verməmək” anlayışının icra mexanizmi müəyyən edilməmişdir. Yəni, müştərinin bu cür halın baş veribverməməsinə hər hansı bir müdaxilə edə bilməsi və bunu öncədən əlaqələndirməsi və ya proqnoz etməsi mümkünsüzdür.
31. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur.
32. Belə ki, cavabdeh apellyasiya şikayətində 24 fevral 2022-ci il tarixində müştəri tərəfindən həmin X2 Rusiya rublu valyutası ilə 15000 manat məxaric edilməsini, 15000 manat məbləğində köçürmə əməliyyatının həyata keçirilməsini və həmin tarixdə məbləğin Rusiya rublu ekvivalentinin 765228,43 rubl təşkil edərək, həmin məbləğin hesabda bloklaşdırılmasını qeyd etsə də, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ona məxsus debit kartı üzrə əməliyyata görə aktiv balansı kifayət etmədiyi təqdirdə Bank tərəfindən ona hər hansı bir kreditin verilməsi ilə bağlı heç bir öhdəlik götürülməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən edilən əməliyyat üzrə Bank tərəfindən 188456,05 rubl məbləğində vəsaitin ona kredit olaraq verilməsi və sonradan onu müştəriyə “borc” kimi təqdim etməsi və əlavə olaraq üzərinə dəbbə pulunun hesablanması əsassız olmuşdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, 24 fevral 2022-ci il tarixində İddiaçı tərəfindən aparılmış başqa karta pul köçürmə əməliyyatı uğurla başa çatdığından, silinmə əməliyyatının köçürmənin həyata keçirildiyi gündən baş verməməsi nəticəsində yaranmış məzənnə fərqinə və bankın ziyana düşməsinə görə müştəri hər hansı məsuliyyət daşıya bilməz. Pul köçürmə əməliyyatının həyata keçirildiyi gündən silinmə əməliyyatının həyata keçirildiyi günədək Rusiya rublunun məzənnəsinin aşağı düşməsi müştərinin (iddiaçının) təqsiri üzündən baş vermiş texniki overdraft kimi qiymətləndirilə bilməz. Müqayisə üçün qeyd etmək olar ki, müştəri İddiaçı kart hesabında olan pulu 24 fevral 2022-ci il tarixində POS-terminal vasitəsilə çıxarıb başqa karta köçürə bilərdi.
34. Bundan əlavə, İddiaçı 24 fevral 2022-ci il tarixində həyata keçirdiyi pul köçürmə əməliyyatı üzrə silinmə əməliyyatının 28 fevral 2022-ci il tarixində başa çatacağını, həmin dövrdə Rusiya rublunun məzənnəsinin aşağı düşməsi nəticəsində texniki overdraft baş verməsini qabaqcadan görə bilməzdi.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (218231,91 RUB=6110 manat) 5000 manatdan çox olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilər.
37. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3066/2022 saylı mülki iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.