Məhkəmə qərarları › İş №2(103)-6672/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6672/2024

09.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6672/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6062/2024 nömrəli 30 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6062/2024 nömrəli 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci intansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, iddia tələbi əmək mübahisəsi olduğundan iddiaçı cavabdehə “qanunsuz işdən çıxarılma (maddələrin dəyişdirilməsi)” ilə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Əmək Məcəlləsində xeyli maddə var, cavabdeh olaraq mediasiyaya konkret hansı maddə üzrə çağırıldıqlarını bilmirlər. Təkilif göndərənin imzası yerində müəyyən olunur ki, iddiaçı özü deyil Mehtiyev M.K. adlı şəxs imzalamışdır. Bundan sonra o, mediasiya prosesinin keçirilməsi üçün Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Göründüyü kimi mediasiya tətbiqi barədə təklifi başqa şəxs imzalamışdır və mediasiya prosesində olan tələb ilə məhkəməyə verilmiş iddia tələbləri fərqlidir. Hesab edir ki, belə olan halda hazırkı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə isə bu əsasla, mediasiya arayışı nöqsanlı olduğundan iddia ərizəsinin baxılmamış saxlanılması qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Göründüyü kimi iddiaçı qanunsuz olaraq işdən çıxarılması ilə bağlı mediasiyaya müraciət etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda “qanunsuz işdən çıxarılma (maddələrin dəyişdirilməsi)” qeyd edilməsi iddianın mahiyyətini dəyişmir və bu əsasla iddia ərizəsinin baxılmamış saxlanılması düzgün olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, mediasiyanın məqsədi tərəfləri barışdırmaqdır, iddiaçı da məhz işdən çıxarılması ilə razılaşmadığı üçün mediasiyaya müraciət etmişdir. İddiaçının məqsədi işə bərpa olunmaqdır, mediasiya arayışında müraciətin məhz “qanunsuz işdən çıxarlıma” ilə bağlı olduğu açıq göstərilmişdir. Mediasiyaya dəvət alan cavabdeh də bundan məlumatlı olmuş, lakin mediasiya sesiyasında iştirak etməmişdir. Arayışda “maddələrin dəyişdirilməsi” barədə əlavə qeydin olması əsası ilə ərizənin baxılmamış saxlanılması son dərəcə formal xarakter daşıyır. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hal nəzərə alınmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6062/2024 nömrəli 30 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar