Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6676/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək vəzifələrinin pozulması hesab edilən hallar, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı 25 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin (BMİ) X4 Şöbəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur.
2. DİN-in xx.xx.2021-ci il tarixli Ə151-038-21 saylı əmri ilə İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir (“Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”ın tələblərini və əmək müqaviləsinin şərtlərini pozaraq vəzifəsinə aid olmayan danışıqlarda iştirak etməklə vətəndaşa təhrif olunmuş məzmunda arayışın verilməsində vasitəçilik edilməsinə görə).
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2021-ci il tarixli Ə660- 001-21 saylı əmri ilə bir qrup polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir.
4. Həmin əmrin 10-cu bəndində əmr edilmişdir ki, “Polis haqqında” Qanunun 3, 13 və 29-cu, “X5 X2 kodeksi”nin 1, 2, 3, 4, 20 və 22-ci maddələrini, “İntizam nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in xx.xx.2012-ci il tarixli G-14-001-12 nömrəli göstərişinin tələblərini pozaraq “Tik-Tok” sosial şəbəkəsində qeydiyyatdan keçib orada polisə aid və digər müxtəlif məzmunlu foto və videogörüntülər yerləşdirdiklərinə, ayrı-ayrı vaxtlarda “canlı yayım” açdıqlarına, bu hərəkətləri ilə X5 əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiklərinə görə bir neçə şəxs, o cümlədən analoji qəbahətlərə yol verdiyinə görə İddiaçı ilə bağlanmış müqaviləyə əmək qanunvericiliyinə əsasən xitam verilməsi BMİ-nin rəisinə həvalə olunsun.
5. DİN BMİ-nin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlının BMİ-nin xidmət sahələrinin rəislərinə, respublika mühafizə hissələrinin rəhbərlərinə və Alay komandirinə (siyahı üzrə) ünvanlanmış 31 oktyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, əməkdaşların internetdən yalnız xidməti fəaliyyətlə bağlı məsələlərdə və yaradıcılıq məqsədi ilə istifadə etmələri barədə DİN-in və BMİ-nin çoxsaylı əmr və göstərişlərinin olmasına baxmayaraq, son dövrlər bəzi polis əməkdaşlarının, mülki mühafizəçilərin və mülki işçilərin sosial şəbəkələrdə xüsusi geyim formasında, həmçinin tabel silahının, xüsusi texnikanın əksini yerləşdirdikləri, eləcə də Respublika ərazisində hərbi vəziyyət dövründə döyüş bölgəsində aparılan hərbi əməliyyatlarla bağlı paylaşımlar və yersiz müzakirələrdə iştirak etdikləri, bunun nəticəsində X5nın işgüzar nüfuzuna xələl gətirilməsi kimi hallara yol verildiyi müəyyən edilmişdir. Göstərilən nöqsanların aradan qaldırılması məqsədilə tələb olunmuşdur ki, Respublika ərazisində hərbi vəziyyət dövrü nəzərə alınaraq döyüş bölgəsində aparılan hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə paylaşımlar, bəyənmələr və yersiz müzakirələrdə iştirak etmək qadağan olunsun, vaxtaşırı sosial şəbəkələrə baxış keçirməklə adekvat tədbirlərin görülməsi, habelə internetdən yalnız xidməti fəaliyyət istisna olmaqla, başqa məqsədlə istifadələrin tam qarşısı alınsın, hər bir polis əməkdaşının və mülki işçilərin iltizamlarının alınması təmin edilsin, vəzifə təlimatlarının, müvafiq əmr və göstərişlərin tələblərinə, qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərə riayət olunması gündəlik nəzarətdə saxlanılsın, “X5 X2 Kodeksi”nin şəxsi heyət tərəfindən bir daha öyrənilməsi təşkil edilsin.
6. Qeyd olunan məktubdakı göstərişin icrasına şəxsən məsuliyyət daşıdıqları mühafizə hissələri rəislərinin nəzərinə çatdırılmaqla onun tələblərini pozan hər bir əməkdaş və mülki işçinin bu sahəyə cavabdeh olan şəxslərlə birlikdə intizam tənbehlərinə cəlb olunacaqları barədə onlara xəbərdarlıq edilmişdir.
7. Azərbaycan Respublikası DİN BMİ-nin xx.xx.2021-ci il tarixli Ə344-038-21 saylı əmrində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr olunmuş, əmrə əsas kimi DİN-in xx.xx.2021-ci il tarixli əmri göstərilmişdir.
8. Azərbaycan Respublikası DİN BMİ-nin xx.xx.2021-ci il tarixli Ə1736Ş/H-038- 21 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmrə əsas kimi BMİ-nin xx.xx.2021-ci il tarixli Ə344-038-21 saylı əmri göstərilmişdir.
9. Qeyd olunan əmrlərdə istinad edilən DİN-in xx.xx.2012-ci il tarixli G-14-001- 12 nömrəli göstərişində, sosial şəbəkələrdə özləri barədə məlumat yayan, xidməti vəsiqəsini, silahı, xüsusi vasitələri nümayiş etdirən, polis geyimi formasında, iş otaqlarında, auditoriyalarda, təlim meydançalarında və xidməti nəqliyyat vasitələrində çəkilmiş fotoşəkillərini yerləşdirən əməkdaşların, o cümlədən müdavimlərin hərəkətləri polis etikasına yaraşmayan və konfidensiallığı pozan əməllər kimi qiymətləndirilmiş, belə faktlar üzrə xidməti yoxlamalar aparılması və nəticələrinin sıravi və rəis heyəti yığıncaqlarının müzakirəsinə çıxarılması barədə göstəriş verilmişdir.
10. BMİ-nin 19 yanvar 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab verilmişdir ki, o, tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilmişdir.
11. Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsinin 22 iyun 2022-ci il tarixli 023-3649-1222 saylı məktubunda göstərilmişdir ki, DİN rəhbərliyinin göstərişi əsasında 2021-ci ilin oktyabr ayında aparılmış xidməti təhqiqat nəticəsində DİN Baş Mühafizə İdarəsinin X4 Şöbəsinin mühafizəçisi (mülki) İddiaçı Nazirliyin aidiyyəti normativhüquqi aktlarının tələblərini pozub “senan_010” adı ilə “Tik-Tok” sosial şəbəkəsində qeydiyyatdan keçərək orada polisə aid və digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirməsi, həmçinin ayrı-ayrı vaxtlarda “canlı yayım” açması müəyyən olunmuş, qeyd edilən xüsusatları xidməti təhqiqat zamanı İddiaçı öz izahatında təsdiqləmişdir.
12. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı DİN X1 Komitəsinin 10 avqust 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, DİN Baş Mühafizə İdarəsinin X4 Şöbəsinin mühafizəçisi (mülki) İddiaçı işdən azad olunarkən DİN X1 Komitəsi ilə razılaşdırılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. İddiaçı Azərbaycan Respublikası Cavabdehnə (İdarə) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla X4 Şöbəsinin Mülki Mühafizə Xidməti arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, X4 Şöbəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə X4 Şöbəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində daim işini vicdanla və qüsursuz yerinə yetirmiş, buna baxmayaraq ona qarşı qərəzli mövqe tutulmuş, heç bir nöqsanı olmadığı halda qanunsuz şəkildə işdən çıxarılmışdır. Halbuki, əmək funksiyasını pozmamış, işdən çıxarılması Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırılmamış, iclas keçirilməmiş və iclasda iştirak etməmişdir. Cavabdeh təşkilatla arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuş, əmək müqaviləsinə həmin Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmadan xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti ona təqdim edilməmiş, əmək kitabçasını da dəfələrlə tələb etdikdən sonra 2022-ci ilin fevral ayında Baş İdarədən almışdır. Əmək kitabçasını alandan sonra mediasiya şurasına müraciət etmiş, lakin qarşı tərəf mediasiya sessiyasında da iştirak etməmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar mövcud olmuş, işəgötürən əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin aidiyyati normalarının tələblərinə riayət etmiş, Həmkarlar İttifaqı Komitəsinə müraciət etmiş, iddiaçının işdən azad olunması DİN X1 Komitəsi ilə razılaşdırılmışdır.
17. Gəldiyi nəticənin hüquqi əsaslandrması zamanı məhkəmə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” xx.xx.2007-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarına istinad etmişdir.
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, ona istinad olunan pozuntuların mövcudluğuna dair sübutların olmadığını nəzərə almadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
19. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində “senan_010” adı ilə xidmətə başladığı dövrədək qeydiyyatdan keçmiş, xidmətdə olduğu zaman həmin profildən istifadə etməmiş və orada polisə aid, həmçinin digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirməmiş, “canlı yayım” açmamış, Daxili Təhqiqatlar İdarəsində izahatı, “bu məzmunda yaz, səni işdən çıxarmayacağıq” vədi verildiyi üçün yazmış, lakin həmin izahatda da “Tik-Tok” sosial şəbəkəsində özünə aid məlumatlar paylaşmadığını bildirmişdir.
20. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu, iddiaçının yol verdiyi pozuntuların polisin nüfuzuna xələl gətirən pozuntular olmaqla, onun özünün də pountulara yol verdiyini etiraf etdiyini bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
21. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
22. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
23. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.
24. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
25. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
26. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
27. Maddə 186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.
28. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
29. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
X5 X2 Kodeksi
30. Ümumi müddəalar: X5 X2 kodeksi (bundan sonra Davranış kodeksi) əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəviəxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəaları müəyyən edir. Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası X5nın əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik götürməlidirlər.
31. Maddə 8. Xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, xidməti və dövlət sirrinin yayılmasına yol verməməlidir.
32. Maddə 20. Xidməti vəzifələrindən və xidməti mövqeyindən şəxsi məqsədlərlə istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda X5 əməkdaşı olmasını qabartmamalı, xidməti vəsiqəsini yersiz təqdim etməməlidir. Kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu müəyyən edilmiş qaydalara uyğun olaraq xidmət etdiyi qurumun rəisinə (komandirinə) yönəltməlidir. Dövlət orqanının resurslarının təhlükəsizliyini təmin etməli və onlardan xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir. Xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir.
33. Maddə 22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X5 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası X5nın intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X5 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
42. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, sübutları düzgün qiymətləndirməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
43. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli əmr qanunvericiliyin tələbinə uyğun əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır (§ 22). İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır.
44. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının işdən çıxarılmasına əsas təşkil edən halların mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, həmin hallarla bağlı sübutların (İddiaçı xidmətdə olduğu dövrdə “senan_010” adı ilə “Tik-Tok” sosial şəbəkəsində polisə aid, həmçinin digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirməsi, “canlı yayım” açması və s.) məhkəməyə göndərilməsi barədə cavabdeh quruma göndərilmiş sorğuya heç bir cavab verilməmişdir.
45. Qeyd olunmalıdır ki, iddiaçı məhz həmin pozuntulara yol verdiyi göstərilməklə işdən azad edilmişdir və belə olan halda mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – həmin pozuntuların mövcud olub-olmadığı - sübutetmənin predmetidir.
46. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 34-37).
47. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alnmalı olması ilə bağlı qanunvericiliyin tələblərinə də (§ 24, 25) əməl olunmamış, həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edilməyərək, həmin təşkilatın əsaslandırılmış yazılı qərarı alınmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə də, əmrə əsas təşkil edən sənəd kimi həmkarlar ittifaqı təşkilatının qərarı göstərilməmişdir və həmin təşkilatın birinci instansiya məhkəməsinə ünvanladığı məktub müvafiq qərar kimi qəbul oluna bilməz.
48. Beləliklə kollegiyanın qənaətinə görə, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir.
49. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, Azərbaycan Respublikası DİN BMİ-nin xx.xx.2021-ci il tarixli Ə1736Ş/H-038-21 saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X4 Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa olunmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2424/2022 saylı iş üzrə 15 avqust 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli Ə1736Ş/H-038-21 saylı əmri ləğv olunsun və İddiaçı X4 Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilsin. 05 noyabr 2021-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov