Məhkəmə qərarları › İş №2(103)-6676/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6676/2025

04.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6676/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 2668/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşlar. Sonradan nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-699/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur.

2. X6 və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 4-6, mənzil 66 sonuncunun mülkiyyətinə verilmişdir. Mənzil daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində yerləşən 4-6 saylı evin 66 saylı mənzilə (Yeni Qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev M 11, M1) dair istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ilə xx.xx.2018-ci il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirməklə ailə qurmuşdur. Ailə qurandan sonra cavabdeh, atası X4 məxsus mənzilə qeydiyyata alınmışdır. Sonradan həmin mənzil xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən öz adına rəsmiləşdirilmiş və DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı Çıxarış verilmişdir. Lakin ailə qurandan bir müddət sonra xasiyyət uyğun olmaması müəyyən edilmiş ailə münasibətlərinə faktiki xitam verilmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-699/2021 saylı qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah ləğv edilmişdir. Onda olan məlumata görə cavabdeh başqa bir şəxslə ailə qurmuşdur. Nikah 4 ildir ki pozulsa da, cavabdeh bu günə qədər ona məxsus mənzildə qeydiyyatdadır və bu hal mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə hüquqlarını məhdudlaşdırır və bir çox maneələr yaradır. Hesab edir ki, Azərbaycan Respublikasının qanunvericilik aktlarından irəli gələn hüquq normaları nəzərə alınaraq cavabdehin evdən istifadə hüquqlarına xitam verilməlidir. Qanunvericiliyin də tələbindən göründüyü kimi, cavabdeh illər əvvəl yaşayış sahəsinə ehtiyacı aradan qalxmış, yəni cavabdeh ailəsi ilə birgə atası tərəfindən alınmış mənzilə köçmüşdür və bu günə qədər mülkiyyətində olan mənzildə yaşayır.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 2668/2025 nömrəli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddia təmin edilməmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, tərəflərin ailə münasibətləri 2018-ci il tarixindən başlamış, iddiaçının mübahisə obyekti olan mənzilə mülkiyyət hüququ bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixindən yaranmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasındakı mübahisə 2009cu il oktyabrın 1-dən sonra yarandığından, mübahisə həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır. Hazırki iddia tələbinə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edildiyi nəzərə alınarsa, cavabdehin qeyd olunan mənzilə istifadə hüququ mövcud deyildir.

8. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmalarına baxmayaraq, onlar arasında olan rəsmi nikah münasibətləri xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Yəni hazırda tərəflər arasında ailə münasibətləri yoxdur, cavabdeh hazırda qeyd olunan mənzildə yaşamır.

9. Hazırki iş üzrə cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi ev 4-6 saylı mənzil 66 (ünvan 1 üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququnun qeydiyyatının olması müəyyən olunmamışdır.

10. Sadalanan qanunvericilik normalarını, işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, cavabdehin istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, habelə tərəflər arasında olan nikah pozulduğundan – ailə münasibətlərinə xitam verildiyindən hazırkı iş üzrə cavabdehin İddiaçı məxsus mübahisəli mənzilə istifadə hüququ yoxdur. Mövcud olmayan istifadə hüququ isə itirilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilə bilməz.

11. Bununla bərabər məhkəmə qeyd etmişdir ki, iddia tələbinin rədd edilməsi Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi ev 4-6, mənzil 66 (ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır.

12. Hazırkı qətnamə ilə iddia rədd olunsa da, qətnamənin əsaslandırıcı hissəsində cavabdehin mənzildən istifadə hüququnun olmaması müəyyən edilmişdir və buna görə də iddia rədd olunur. Bu qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmə qeyd etmişdir ki, qətnamədə bu ifadənin yazılması qeydiyyat məsələsi ilə məşğul olan müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 146.1, 152.1, 152.3, 152.5, 228.1, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2016-cı il Qərarına, Azərbaycan Respublikasının 2009-cu il oktyabrın 1-də qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 25 dekabr 2009-cu il tarixli Qərarına, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, cavabdehin ona məxsus mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı: -Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

26. İş materialları ilə müəyyən edilir ki, tərəflər xx.xx.2018-ci il tarixində nikaha daxil olmuşlar, onlar həmin vaxt iddiaçının atasının mülkiyyətində olmuş mənzildə yaşamağa başlamış, daha sonra mənzil xx.xx.2019-cu il tarixdə bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir.

27. Mənzil qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, mənzil iddiaçıya bağışlandıqdan sonra cavabdeh həmin mənzildə iddiaçının ailə üzvü kimi yaşamaqla mənzildən iddiaçı ilə bərabər istifadə etmək hüququ əldə etmişdir. Lakin tərəflər arasında nikah pozulduqdan sonra cavabdehin həmin mənzildən istifadə hüququ saxlanmamışdır.

29. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının xahişi mahiyyət etibarı ilə cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsinin təsbit edilməsinə yönəlmişdir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 2668/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi 4-6 saylı evin 66 saylı mənzilindən (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi 4, ev M11, M1) istifadə hüququna xitam verilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar